Ana səhifə BAŞ YAZI Nizami Aydın (film-poema)

Nizami Aydın (film-poema)

Müəllif: Bizim Yazı
59 baxış

Vahid ASLAN

Şəhid şair Nizami Aydına ithaf olunur

Azərbaycanın şəhid şairi Nizami Aydın 31 yaşında Qarabağın müdafiəsi uğrunda yağı düşmənlə döyüşərkən, “Tərlan”adı verdiyi tankında  yanıb kül olmaq bahasına 40 nəfərə yaxın əsgəri düşmən əsirliyindən xilas edə bildi… Nizami Aydının vurğunu olduğu nakam İspan şairi Q. Lorka da 31 yaşında heç bir günahı olmasa belə kürəyindən aldığı güllə yarasından sevməkdən doymayan gözlərini əbədi olaraq yummuşdu…

 

I

(Gəncə. “İlham” ədəbi birliyi. Yanvar 1992)
Bu gün kefi kökdü Qərib Mehdinin,
Bir şair gözəl bir şeir oxuyub,
Bu şeir boranlı bir qış günündə,
Bahar çiçəyi tək ətir qoxuyub;

Bu şeir haqqında danışır hamı,
Bir şair başını aşağı dikib,
Bu şair tərk edir durub “İlham”ı,
Bu qədər tərifdən yəqin bezikib…

Hamı arxasınca baxır şairin,
Baxır Qərib müəllim, baxır sakitcə,
Sonra pıçıldayır özü-özünə:
-Necə qəribədi bu şair, necə?!.

…Hələ qurtarmayıb şeir məclisi,
Heç kim cürət etmir şeir oxusun;
Yenə də yüksəlir ustadın səsi:
-Sözdən uca olan şair var olsun!

II

(Gəncə. “Qələbə” parkı. Çayxana. Mart 1992)
Gəlir ağacların arasından o,
Səlis addımı var, sərt yerişi var.
Qara, gur saçıyla, enli alnıyla
Oğuz bəylərinə bənzəyişi var.

Arxaya daranan qalın saçını,
Arabir dolayır barmaqlarına,
Arada nədənsə çatır qaşını,
Bir kövrəklik qonur dodaqlarına;

…Bu gün bir yaz günü – bir novruz günü,
Xoş gəlir Gəncənin təmiz havası;
Bu gün gözəl sanır dünya özünü,
Bu gün… sevdalıdı şairin başı…

Oturub dostların arasında o,
Nədənsə yenə də tənha görünür,
Hamı anlayır ki, fikri uzaqda,
Arabir üz-gözü qəmə bürünür…

Çayı soyusa da baxışı qaynar,
Yaşıl ağaclara bənd olub, qalıb:
-Hələ o pöhrənin çox arzusu var,
-o uca palıdsa bir az qocalıb…

Düşünür beləcə Nizami Aydın,
Sıyrılıb dostların gülüşlərindən,
Anlaya bilməyir özü-özünü,
Labirint kimidi şairlər bəzən…

Diqqəti ondadı Musa Sadiqin,
Yenə təzələyir onun çayını,
-Vətən müqəddəsdi, qorumaq gərək!
Bölüşür dostlarla fikir payını…

Kimsə razılaşmır onunla burda,
Vətən mənim üçün nə edib deyir,
Bölünür, satılır – vətən – qumarda,
Vətənə nə lazım şair ya şeir…

Çırpır yumruğunu, çırpır masaya,
Bağırır qəzəblə Nizami Aydın,
-Vətən anamızdı, qeyrətimizdi,
Bəs onu haraya qoydun, haraya…

-Yadlar parçalayıb yüz illər boyu,
Yenə Azərbaycan yaşayır bu gün!
Rusu, Ermənisi, Farsı, Monqolu,..
Azmı sinəmizə çəkib dağ-düyün…

Bu gün Qarabağda döyüşür vətən,
Döyüşür üçbaşlı əjdaha ilə,
Bizə bir daş atır hər yoldan ötən,
Oturub burada biz də ki, belə…

Masa arxasından durur bir nəfər,
Sakitcə, sivişib aradan çıxır,
Rəşid Həsənzadə və Lətif Zərgər
Bir anda yerindən ayağa qalxır;

Yenə Nizaminin səsi yüksəlir:
-Dəyməyin, qoy özü rədd olub getsin,
O, rusun köləsi olub yetmiş il,
Beyni manqurdlaşıb, axı,.. nə etsin…

-O, hələ inanır Qorbaçovlara,
Hələ dostu sanır erməniləri,
Onların bu yurda vurduğu yara,
Sağalmır gör neçə illərdən bəri…

Susur, uzaqlara dikib gözünü;
Özüylə çarpışır o, elə bil ki,
İlham Məmmədliyə tutur üzünü:
-Dur gedək, çayxana vaxtı deyil ki…

III

(Gəncə.Nizami Aydının evi. Aprel 1992)
Oturub masanın arxasında o,
Yenə də bənd olub söz tilsiminə;
Məst olub şeriyyət dünyasında o,
Qumru çay gətirir Nizamisinə;

Baxır pəncərədən ayın işığı,
İlahi, orada nələr yazılıb:
Ayın işığıyla üz-üzə qalan
Divardan, Lorkanın şəkli asılıb;

Bitirmək üzrədi Nizami Aydın,
Lorkadan yeni bir tərcüməsini,
Hər dəfə Lorkanı düşündükcə o,
Eşidir qışqıran güllə səsini;

Eşidir Lorkanın misralarının
Bir durna qatarı çığırtısını,
Şairin yarımçıq qalan nəğməsi
Bir güllə səsində əriyir, sınır…

Əriyir, təzədən işığa dönür,
31 yaşında bir şair ömrü,
Mənim də 31 yaşım var – deyir:
Diksinir bu səsdən vəfalı Qumru;

Təzədən boylanır ay işığına,
O işıq Lorkanın ruhudur – sanır:
31 yaşımda ölsəm,.. düşünür
Yox, bu ki, qorxulu yuxudur – sanır:

Yox, əsla ölümdən qorxmur Nizami,
Bəs onda Qumrusu neyləyər axı,
Doğulacaq oğlu, körpəcə qızı,
Odu balaların ümid çırağı;

Neyləyər anası, xəstə atası,
Vətən də bir yandan oğul istəyir,
Vətən də bir yandan yağı əlində
Çırpınır, nə vaxtdı kömək gözləyir…

Köksünü vətənin dərdi göynədir,
Qəlbini Lorkanın acı taleyi;
Acılar içində yaşamaq nədir,
Nəyi gözləyirəm, axı mən nəyi?!.

Nakam şair ömrü, vətən acısı,
Deyəsən yamanca gözünə durub;
Onu rahat qoymur güllə səsləri,
Bu səslər haradan otağa dolub…

…Başını qaldırır, yenə nə yaxşı
Baxır pəncərədən ayın işığı,
Düşünür, boğardı zülmətlər məni,
Yaxşı ki, bu işıq qəlbimə axır…

IV

(Gəncə. 18 saylı məktəb. May 1992)
“9a” sinfinin riyaziyyat dərsi
Boş keçir, müəllim dərsə gəlməyib,
Yenə direktorun qaynayır hirsi:
-Bu şair, lap bizi girinc eyləyib;

Qumru müəlliməni çağırın bura
Deyib də, direktor otağa girir;
Qumru müəllimə də gəlməyib dərsə:
-Katibə tələsik xəbər gətirir;

Direktor əlini masaya çırpır,
Onsuz da şairdən yanıqlıdır o,
Sonra müavininə tutur üzünü:
-Dərsə gəlməməkdə de, haqlıdır, o?..

-Son vaxtlar fikirli görünür yaman,
Bəlkə nəsə olub deyir, müavin:
-Onun tərəfini çox saxlayırsan,..
Direktor qaldırır yenə, səsini:

-O, həm də şairdi,..
-Xeyr, məktəbdə yalnız müəllimdi,
Bunu unutma!
Onun tərəfini saxlamağınla
Məktəbi bu qədər sən ucuz tutma!..

Direktorla müavin çəkişir yenə,
Bir müəllim-bir şair qınaq yeridi,
Müavin dillənir: – onu sevdirən
Özünə bənzəyən şeirləridi:

Direktor səsini qaldırır yenə:
-Mənim şairlərdən heç xoşum gəlmir…
Bu ara katibə gəlib, bildirir:
-Könüllü döyüşə yollanıb şair…

…Dili topuq çalır, axı, nə desin,..
Peşiman-peşiman baxır direktor;
Otağı titrədir müavinin səsi:
-Şairə daş atmaq böyük günahdır…

V

(Ağdam. Uzundərə. 8 iyun 1992)
-İrəli!
Əmr edir tank komandiri:
Irəli atılır igid oğullar!
Daha bir mövqeni azad edirlər,
Hələ yad əlində neçə mövqe var.

Üç gündür amansız döyüşlər gedir,
Düşmən amansızdı quduz it kimi,
Düşmən neçə-neçə kəndlərimiz tək
Yandırmaq istəyir Uzundərəni;

Yandırmaq istəyir yurdu büsbütün,
Sonra əsir almaq qızı, gəlini,
Nizami əmr edir: – ancaq irəli!
Toplayıb sonuncu qüvvələrini…

Düşmənin əsgəri, topu, tankı çox,
Bir yandan qırılır, çoxalır yenə;
Hardandı bu qədər erməni axı,
Nizami düşünür, özü-özünə:

Düşünür, bu haqda çox eşitmişdi:
İndi gözləriylə görür hər şeyi,
Görür hiylələrlə üz-üzə durub
Türkün məğrurluğu, əyilməzliyi!

Döyüşə gəlməmiş çox eşitmişdi,
Guya ki, kəndləri qoyub qaçırıq,
İndi gözləriylə görür hər şeyi,
-Hara çəkilirik Farsın hiyləsi,
Rusun silahıyla qarşılaşırıq.

Verib imperiya öz silahını,
Türkə qan-qan deyən ermənilərə,
Görür, haqq səsini eşidən yoxdu,
Dünya göz yumubdu hiyləyə, şərə…

Köhnə siyasətdi bu günkü oyun,
Türkü zəiflətmək, Türkü təkləmək;
Canavara dönüb dünənki qoyun,
Nökər olduğunu unudub, demək…

Ədalətli olub Türkün savaşı,
Uşağı yandırmaz, qadına dəyməz,
Düşünür bir şair – tank komandiri:
-Necə olmalıdı müharibə bəs?

Yenə alt-üst olur düşüncələri,
Hər atəş açanda qaralır qanı;
Hər dəfə gəldikcə güllə səsləri,
Düşünür Lorkanı, nakam Lorkanı…

Lənət gülləyə də tanka topa da,
Bir yanda şairlik,.. bir yanda ölüm…
Düşünür Nizami – tank komandiri:
-Lənət, öldürməyə gəlməyir əlim…

Yox, anam!
Şairlik meydanı deyil,
Əgər öldürməsəm, öldürəcəklər,
-Çəkil şair ruhum, tankıma yol ver!
Dayansam vətəni yandıracaqlar;

Qərarı qətidir şairin, qəti:
-Döyüşmək lazımdır son ana kimi!
-Qələmim süngümdü, özüm əsgərəm!
Torpaqlarım azad olana kimi!!!

VI

(Ağdərə. Papravənd. 12 iyun 1992)
…Bu günkü döyüş də uğurlu oldu,
Düşmən qüvvələri geri çəkildi,
Düşmənin bir döyüş tankı vuruldu,
Daha bir kəndimiz azad edildi;

…Düşmənin canına vəlvələ düşüb,
Silah-sursatını qoyub da qaçır;
Nizami qabaqda “Tərlan”ı ilə,
Düşmənin başına od-alov saçır;

Onun tankını da tanıyır düşmən,
Onu məhv etməyə bir fürsət gəzir,
Nizami razıdı yanıb kül olsun
Ancaq ki, düşmənə düşməsin əsir…

Ondan geri qalmır döyüş dostları,
Şair komandirim var olsun! – deyir:
Qanımız, canımız dərmanı olsun,
Vətənin yarası sağalsın! – deyir!

İndi Sırxavəndə çatıbdı onlar,
Qovurlar hələ də qaçan düşməni;
Köməyə bir qədər gecikib Ruslar,
Qaçır, tülkü kimi qaçır erməni;

Bu ara, əlini göyə qaldırıb
Qaçır bir erməni onlara tərəf,
Bağırır donuz tək yerə yıxılıb,
Erməni gülləyə olunca hədəf;

Qolundan vurulub quduz erməni,
Mən sizə könüllü əsirəm – deyir:
Geri qaytarmayın, öldürün məni:
O, imdad diləyir, o, inildəyir;

Bu an avtomatı qaldırır Nofəl,
Bağırır: – yalvarma, yaramaz heyvan!
Əlini tətiyə aparır, di gəl,
Komandir əmr edir: – öldürmə, dayan!

O ki, özü qaçıb bizə sığınıb,
O ki, yaralıdı, – deyir – komandir:
Nofəl komandirə etiraz edir:
-Bu müharibədi hörmətli şair!

Yaxşı öldürmərəm, yandıracağam,
Nofəl, komandirdən cavab gözləyir:
Mənəm əmr eyləyən neçə ki, sağam,
Səsini bir qədər ucaldır, şair!

Qafası qarışıb,..
Susur, komandir;
Ən doğru qərarı necə verməli…
Bəlkə şairliyi güc gəlir ona,
Öldürmək istəyir,.. qalxmır əli;

…Nofəl qəzəbindən dayana bilmir:
-Komandir, vaxt gedir, qərarını ver!
Əsir erməniyə baxır, Nizami:
-O da bir insandı, öldürmə! – deyir…

VII

(Ağdərə. Sırxavənd. 15 iyun 1992)
…Dünənki döyüşdə sarsılmışdılar,
Əldən vermişdilər neçə mövqeni,
Qırılıb yamanca azalmışdılar,
Üz tutub qaçırdı qorxaq erməni;

Gecəykən köməyə gəlibmiş Ruslar,
Silah-sursatıyla, tankı-topuyla;
Burda da bir oyun quracaq onlar,
Sonra deyəcəklər, uduzduq guya…

Sırxavənd dönəcək şər meydanına,
Ədalətsiz döyüş olacaq yenə,
İgidlik çıxınca şərin sonuna,
Şeytan qarşısına çıxacaq yenə…

…Bunlardan xəbəri yoxdu onların,
Qələbə əzmi var hər bir əsgərin,
İnanır əsgəri Azərbaycanın,
Sonuna çıxacaq hiylənin, şərin;

İnanır özünə tank komandiri,
Haqq yoluna çıxan qalib olmalı!
Bayrağa dönüb də ən gözəl şeiri,
Şuşa qalasında dalğalanmalı!

Yurdun hər qarışı canından əziz,
Verməz yağılara bir qarışı da;
Azad Azərbaycan çiçəklənəcək,
Hələ gözəl günlər durur qarşıda!

Mənim şair canım qurbanı olsun!
Təki Azərbaycan yaşasın deyir;
Qızıma arxadaş oğlum doğulsun,
Adımı fərəhlə daşısın deyir;

…Qərq olub yenə də düşüncələrə,
Deyəsən şairlik güc gəlir ona;
Tək göylər eşidir pıçıltısını –
Nəsə pıçıldayır öz Qumrusuna:

Sanki ürəyinə damıbdı onun,
Bu gün – son döyüşü olacaq bəlkə;
-“Kişnəyəcək atlar,
Tərpənən otlar”
Qaçıb gözlərinə dolacaq bəlkə;

Bəlkə gözlərini qapamağa da
Kimsəsi yanında olmayacaqdı,
Bu şeiri haçansa yazmışdı axı –
Təzədən şeirindən doğulacaqdı…

Düşünür komandir – Nizami Aydın,
İstəmir görsünlər əsgərlər onu;
İstəmir bilsinlər röyalarında
Şəhid tək təzədən doğulduğunu…

Taq, taq, taq…
Pozulur bir anda sükut:
-Komandir, düşmənlər hücuma keçib!
Çökür gözlərinə bir qara bulud:

-İrəli!
Göyləri titrədir səsi…

İrəli!
Bağırır bir də komandir:
-Bəsdi od içində yandı bu torpaq!
Sırxavənd bizimçün dönüş nöqtəsi,
Sırxavənd yeni bir tarix olacaq!

Komandir öndədi “Tərlan”ı ilə,
Onlar qırx nəfərdi qanlı döyüşdə;
Onlar xəbərsizdi hər şeydən hələ,
Bilmir ki, keçibdi daha iş-işdən…

Bilmir ki, düşmənin sayı yüzlərlə,
Tankı da, topu da on dəfə çoxdu;
Yenə ermənilər qurdular tələ,
Ruslar da, Farslar da,.. burnunu soxdu.

…Onlar mərd oğludu azərbaycanın,
Son damla qanadək döyüşəcəklər!
…Bu dəm tankı yanan Nizami Aydın,
Görür, məhv olacaq bütün əsgərlər…

Görür qalacaqlar mühasirədə,
Sürür düşmən üstə yanan tankını,
Düşmənin canına vəlvələ düşüb,
Ancaq, tank içində bir şair yanır…

O, bilir yanıb da külə dönəcək,
Barı düşməni də yandırıb-yaxsın;
Fırladır tankını, əzir düşməni,
Barı əsgərləri aradan çıxsın;

Onun yanındadı Kərimlə Nofəl,
Baxır ki, onlar da külə dönəcək;
Əmr edir: –  tez olun, tərk edin tankı,
Onlar yerlərində donub heykəl tək…

Bir də əmr eyləyir tank komandiri:
-Tərk edin deyirəm,
Mane olmayın!
Mən indi onlara divan tutacam
Barı, heç olmasa
Siz qırılmayın!!!

Onlar tərk edirlər tankı, bu zaman
Nofəl boğazını tutub, bağırır:
Yanır neçə-neçə erməni quzğun,
Kərim sürünərək aradan çıxır;

Torpaqda onlarla düşmən cəsədi,
Nizami fırladır yanan tankını,
-Nə yaxşı, əsgərlər əsir düşmədi:
Bu bəlkə də onun son sevinc anı…

…Bir şair qeyb olur külünə kimi,
“Tərlan” üsyan edir göylərə bəlkə,
Onun sol cibində yanır kül olur
Lorkanın kitabı, onunla birgə…

Bu kitab Lorkanın ruhudu elə,
Alovlar içində ruhlar birləşir;
…Tanrının özü də heyrətə gəlib,
Görəsən, bu anda nə fikirləşir…

SON

Qeyb olub ümid var bir də doğulsun,
Qəbri qazılmayan Nizami Aydın!
Qardaş! Balalara and yeri olsun,
Sənin şəhid adın!
Aydın soyadın!!!

                        Bakı, 14 avqust 2012

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.