Ana səhifə BAŞ YAZI Müstəqillik dövrü Azərbaycan hekayəsi (2007-ci il)

Müstəqillik dövrü Azərbaycan hekayəsi (2007-ci il)

Müəllif: Bizim Yazı
1. 017 baxış

Dr. Xanverdi TURABOĞLUXANVERDI
AYB-nin üzvü, AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun böyük elmi işçisi

Öncəki illərdə olduğu kimi, ilin ədəbi prosesində hekayə janrı yenə də öz mövzuları, obrazlar aləmi ideya-bədii xüsusiyyətləri, romandan, povestdən fərqli olaraq məsələnin, problemin, ideyanın qoyuluşu və həllində çevik düşüncə tərzi nümayiş etdirməsi ilə diqqəti çəkir. Yenə də yaşlı və orta nəsl nümayəndələrindən – Qılman İlkin “Atalı yetim” (“Ədəbiyyat qəzeti”, 3 avqust), “Xof” (“Ədəbiyyat qəzeti”, 22 iyun), “Nurlan” (“Ədəbiyyat qəzeti”, 26 oktyabr), Fikrət Qoca “Mədət, toyun mübarək” (“Ədəbiyyat qəzeti”, 23 noyabr), Yusif Həsənbəy “Təkan” (“Ədəbiyyat qəzeti”, 20 dekabr), Nahid Hacızadə “Yaşa, ey haqq” (“Ulduz” N4), Qərib Mehdi “Ah torpaq… torpaq” (“Azərbaycan”, N8), 

Qumral Sadıqzadə “Deyingən” (“Ədəbiyyat qəzeti”, 8 iyun), Gülxani Pənah “Arsız” (“Ədəbiyyat qəzeti”, 20 iyul), Bahar Bədəli “Təbiətin göz yaşları” (“Ədəbiyyat qəzeti”, 11 may), Firuz Mustafa “Küt balta” (“Ədəbiyyat qəzeti”, 21 sentyabr), “Çiçək”, “Okean”, “Şən məclis” (“Azərbaycan”, N11) maraqlı hekayələri ilə mətbuatda çıxış edir, ədəbi mühitin canlanmasına zəmin yaradır. İlin ədəbi prosesində digər müəlliflər vardır ki, onlar da hekayə yaradıcılığında özünə-məxsus bədii düşüncə tərzi və ya yazı manerası ilə seçilərək maraqlı obrazlar aləminin yara-dılmasına nail olur. Belələrinə misal olaraq Kamil Əfsəroğlu “Yarasalar”, “Yel” (“Azər¬baycan” N1), “Kamikadze” (“Ulduz” N4), Aslan Quliyev “Ciddi söhbət” (“Azərbaycan” N2), “Marmavi səma və ağappaq buludlar” (“Ulduz” N9), Orxan Fikrətoğlu “İtki”, “Arxestomatik əhvalat”, “Neft Dadaş” (“Azərbaycan” N3), Fəxri Uğurlu “İsgəndərin qanunu”, “Peyğəmbər”, “Məryəmin oğlu” (“Azərbaycan” N10), Şükufə Babayeva “Qapı açılmadı” (“Azərbaycan” N4), “Kəndimizdən keçən qatar” (“Ulduz” N4), Nüşabə Məmmədli “Qırılan könüllər və yaxud qarıyan gözəllər”, “Bu, bir oyundur” (“Ulduz” N1), Ağalar İdrisoğlu “Göndərim, göndərməyim” (“Ulduz” N4), Əjdər Ol “Börüsoy”, “Ölümlə zarafat”, “Usta Yusifin kamançası”, “Fa”, “Qatillə görüş”, “Şər Nizi” (“Ölümlə zarafat”. Bakı. Adiloğlu. 2007.), Qəşəm Nəcəfzadə “Gülümsəyən ağac”, “Ay ürək”, “Oyuncaq maşın ”, “Bənövşə”, “Qulu”, “Yanıq Kərəmi” (“Ulduz” N2), Mübariz Cəfərli “İç qorxusu” (“Ədəbiyyat qəzeti” 9 fevral), “Ağır səfər” (“Ədəbiyyat qəzeti” 15 iyun), “Yaxınlaşma” (“Ədəbiyyat qəzeti” 12 oktyabr), Aydın Tağıyev “Ayaq üstə”, “Bəlkə gəldi, yenə o yaz” (“Ulduz” N10) hekayələri sözügedən ilin ədəbi həyatında özünəxas cəhətləri ilə diqqəti çəkir, ədəbi prosesin inkişafına və formalaşmasına öz müsbət təsirini göstərir.
İlin mətbuat səhifələrində maraqlı hekayə nümunələri ilə çıxış edən digər nasirlər arasında Ramiz Əkbər “Sehrli dua” (“Ədəbiyyat qəzeti”23 fevral), Meyxoş Abdullah “Mininci qadın” (“Azərbaycan” N9), Zenfira Vəliyeva “Şikəstə nisgili” (“Azərbaycan” N9), Hafiz Mirzə “Bayramdan sonra bayram” (“Ədəbiyyat qəzeti”13 iyul), Böyükxan Bağırlı “Cəhənnəmi görənlər” (“Ədəbiyyat qəzeti”30 noyabr), Vaqif Əjdər oğlu “Bayram axşamı” (“Ədəbiyyat qəzeti”16 noyabr), Sahilə “Varlı kişinin portmantı”, “Zırrama” (“Ulduz” N10), Əlisəfa “Məni xilas edin” (“Ulduz” N10), Hüseyn Şahbəndəyev “Qanlı kaha” (“Ulduz” N10), Bilal Alarlı “Xalturaçı” (“Ulduz” N4),Şəlalə Əbil “Və beləliklə ay-hay” (“Ulduz” N1), Qərib Arif “Bəxt və təsadüf”, “Qəbirstanlıq” (“Azərbaycan” N5) hekayələri də diqqətdən yayınmır, bu və ya digər cəhətdən mühitin, cəmiyyətin problemlərini qaldırır, onun həlli yollarını araşdırır, oxucu qavrayışı və duyumunda əsərdən alınan təəssürat əsasında müəyyən fikrin, ideyanın formalaşmasına təkan verir.
Əvvəlki illərdə olduğu kimi, sözügedən ilin hekayə yaradıcılığında yenə də problemlərlə dolu yaşayış tərzi və təbii ki, Qarabağ mövzusu və ya azad, müstəqil dövlət quruculuğunda hansı amillərə önəm verilməsi bədii düşüncəni narahat edən əsas məqamlardandır. Ancaq problemin həlli nəzərdən keçirilən ilin ədəbi məhsulunda nə dərəcədə mükəmməlliyi illə diqqəti çəkir. Bu günün adamını düşündürən hansı problemlər mövcuddur. Məsələn, tanınmış yazıçı Nahid Hacızadə “Yaşa, ey haqq” sənədli nəsrində yuxarıda qeyd olunan cəhətlərə yön alır. M.Ə.Rəsulzadə, N.Nərimanovun dövlətçiliyimizin qorunması istiqamətində apardığı gərgin mübarizəsinin bədii ifadəsini verməyə çalışsa da, təsvirlərində onun konkret detallığı ilə işıqlandırılmaması gözlənilən yüksək estetik təəssüratı doğrulda bilmir. Fəxri Uğurlu məsələnin tamam başqa yöndən, məhz tarixi aspektdən bədii təhlilə çəkir. “İsgəndərin qanunu” hekayəsində yazıçı ümumilikdə cəmiyyətin problemlərini qaldırır.
Hekayədən bəlli olur ki, İsgəndərin ölkələri və həmçinin dünyanı idarə etmək ¬yetkisi əldə etməyə çalışsa da, işlətdiyi ədalətsiz əməllərinin, görülən işgəncəli “tədbir”lərin sayəsində özünə gərək olan dərəcədə böyük uğurlara nail olsa da, onu daxilən incidən, əzən hansısa iztirabdan qaçıb qurtula bilmir. Ona görə ki, o, insan toplumun idarə olunmasında şəxsi mənafeyi ictimai mənafedən üstün tutmuşdur. O, insanların, işğal etdiyi ölkələrin, cəmiyyətin idarə edilməsində özünün yaratdığı, yalnız özünə, öz əməllərinə haqq qazandıran qanunların icrasında maraqlıdır. Buna baxmayaraq İsgəndərin maraq dairəsindən kənar qanunlar da mövcuddur. O qanunlar İsgəndərin qanunlarından fərqli olaraq cəmiyyət daxilində azad həyat, azad düşüncə, ədalətli iş, əməllərin tərəfdarıdır. Əgər İsgəndər ədalətli qanunlarla yaşayıb icra etməyi bacarırsa, onu içəridən didib dağıdan ağır, üzüntülü, iztirablı düşüncələrin nədən və necə və haradan kök atıb rişələndiyini anlayar. Bunu üçün o, indiyə qədər icrasına çalışdığı və yaratdığı ədalətsiz qanunları dəyişdirib cəmiyyəti öz axarına salan qanunlarla işləməyi bacararsa, cəmiyyət özü İsgəndərin xeyirxah əməllərinin icrasını öz üzərində mahiyyəti ilə hiss edib yaşayacaqsa, cəmiyyət özü İsgəndərin qanunlarını o halda dəstəkləyə bilər. Əks halda İsgəndər ona əzab verən üzüntülü tənhalığın burulğanında iztiraba düçar ola bilər və buna görə ona indiki anda heç nə kömək etməyəcək.
Ağalar İdrisoğlunun “Göndərim, göndərməyim” hekayəsi Fəxri Uğurlunun hekayəsindən fərqli olaraq bizi bugünümüzə qaytarır. Əsər ümumilikdə cəmiyyətin problemləri üzərində qurularaq köklənir. Bu problem nədən ibarətdir? Elmlər doktoru Şahin Alovlu əvvəllər olkə və dünya miqyasında tanınan nüfuzlu, hörmətli və varlı şəxs kimi yaşayırdısa, bütün bunlara baxmayaraq dövr, zaman, mühit dəyişildiyindən indilikdə adi gündəlik məişət qayğılarının ağırlığına tab gətirə bilmir. Elmlər doktoru kimi işlədiyi idarədə aldığı maaşla ailəsini təmin edə bilmir. Ev, ailə mühitində maddi durumun ağırlığı o həddə çatır ki, hətta ailənin kiçikyaşlı qızı Qumral istər evlərində, istərsə də məktəb yoldaşlarının ailələrində baş verən ağır iqtisadi durumla bağlı problemlərin çözələnməsi və həlli üçün yuxarılara məktub yazmağa məcbur olur. Balaca Qumralın məktubunu oxuyan dünyaşöhrətli tanınmış alim atası Şahin Alovlu artıq son anda iki fikir arasında qalır: “Deyirəm, bir dəli şeytan deyir, göndər uşağın bu məktubunu kişinin özünə… Ancaq vallah qorxuram. Qorxuram ki, bu məktub heç gedib onun özünə çatmasın. Bilirəm ki, qulbeçələri verməyəcək.. Göndərəcək bizim müdirimizə. O da bu məktubu oxuyan kimi mənim mitilimi atacaq bayıra. İndi heç olmasa, işim var. Maaşım az da olsa, birtəhər başımı girələyirəm. Siz bilən, indi mən neyləyim. Göndərim bu məktubu kişinin özünə, göndərməyim? Əgər göndərməsəm?.. Əgər göndərsəm?.. Nə bilim,vallah…. Bu suallar da deyəsən məni infarkt edəcək”.
Göründüyü kimi, qəhrəman iç aləmində mürəkkəb, ziddiyyətli, gərgin daxili an yaşayaraq son anda şəxsi ev, ailə mühitində yaranan arzuolunmayan, xoşagəlməz problemlərdən qurtulmaq yolunda onun konkret olaraq həllini tapa bilmir. Eyni zamanda müəllif özü də qəhrəmanın probleminə qoşulub ümumilikdə onun simasında gerçəklənən toplumun yaşanılan prob¬lemlərindən çıxış yolu aramasına çalışmır və heç cəhd də göstərmir. Niyə? Bəlkə qəhrəmanı bürüyən bədbinlik əhvalı, ovqatı müəllifə də sirayət etmiş. Hər halda hekayədə alınan təəssürat və qənaət bunu təqdir edir. Hekayənin qəhrəmanı kimi müəllif də problemlər qarşısında daha çox passivlik göstərir.
Nüşabə Məmmədlinin “Qırılan könüllər və yaxud qarıyan gözəllər” hekayəsində isə arzuolunan ailə sevincini öz fərdi həyatında yaşaya bilməyən qəhrəmanın öz uğursuz taleyi ilə barışmağından danışılır. Ancaq bununla bərabər fərdin uğursuz taleyi hekayə boyu ümumilikdə ictimai kəsimdə yox, təkcə şəxsi tale kimi yaşanılır. Yazıçının digər “Bu, bir oyundur” hekayəsində fərdin daxili , şəxsi yaşantısını ictimai yaşantıya çevirə bilir. Bu ictimai yaşantı əsir düşmüş ana ilə onun kiçikyaşlı qızının simasında qabardılaraq gerçəkləşə bilir. Ana ilə balanın dialoqunda hekayə boyu onları alçaldan, təhqir edən tərəflər daim diqqət mərkəzində saxlanılıb inadla təhlilə çəkilir. Bi dialoqda əks qütblü tərəfin son anda ədalətsiz əməllərinə və “oyunlarına” görə cəza alacaqları barədə daxili inam və ya hökm var.
Ana ilə qızın dialoqu nağılvarı olsa da, hekayənin maraqla oxunmasına zəmin yaratsa da, ümumilikdə hekayənin ruhuna passivlik ovqatı aşılayır: “Nə qədər əziyyət çəkmişiksə onun əvəzini çıxajaxlar. Həsrət qaldığımız ən ləziz yeməkləri verəjəklər. Bu bulka yeyib uduzanları və uduzub bulka yeyənləri də sıra ilə yığıb bizə deyəjəklər: “tüpürüm, onların üzünə! Bir də onların üzünə tüpürəndən sonra oyunda iştirak edən bütün “gəlmələri” çağırıb xahiş edəcəyik ki, “uduzmağımıza baxmayın, siz də tüpürün”. Onlar da ürəklərini boşaldajaxlar. Bu oyun dünyəvi oyundur. Ona görə də həmin gün, qələbə günü elan olunajax.Öz əziyyətləri ilə qələbə qazananlar bütün dünyada tamahını saxlaya bilməyib, bulka yeyib uduzanları lənətləyəcək və bir dəfəlik oyundan çıxarajaxlar. Hətta bu gündən sonra bulkaya meyllənənləri də …”.
Sahilənin “Varlı kişinin portmantı” hekayəsində həyatda taleyi üzünə gülməyən qadının daxili sıxıntılarını daha qabarıq şəkildə təsvirinə cəhd edilir.Əsərdən aydın olur ki, hekayənin qəhrəmanı olan bu qadın özünün və iki uşağının maddi ehtiyacını ödəmək üçün müxtəlif çətinliklərlə üz-üzə qalır. Az-çox qazanacağı pulla uşaqlarını adi şirniyyatlarla sevindirmək arzusu ilə daim vurnuxur. Amma bu dəfə müştəri axtaran zamanda ayağına ilişən qara rəngli portmanatın gecə qaranlığında əlvan işıqların altında parıldadığını görür. Bu portmanatdakı pullar isə onun üçün rahatlıq, gələcəyi olan yaxşı həyat demək idi. Ancaq hekayənin qəhrəmanı tapdığı puldan bəhrələnə bilmir. Ona görə ki, Allah qorxusu, cəhənnəm xofu heç vaxt onu tərk etmir. Digər tərəfdən uşaqlarına doyunca yemək verə bilmədiyi də onu daxilən sarsıdır. Buna baxmayaraq pulu qaytarmağa üstünlük verir. Düşünür ki, bəlkə də pul sahibi ona yaşamaq üçün kömək edə bildi və heç olmasa pulu qaytardığı üçün yüz dollar ala bilər və s.
Ancaq yazıçının təsvirlərində olduğu kimi qadının bütün xülyaları puça dönür.Pulu qaytardığı adam yüksək işdə, vəzifədə və külli miqdarda pulu olmasına baxmayaraq, humanistlik edib təşəkkür üçün qadına quruca şirin söz deməyi belə fikrindən keçirmir. Müəllifin bədii şərhinə görə, qeyri-humanist hərəkət, davranış, laqeyd münasibət əslində pul sahibinin valideynlərindən ona miras qalan qabarıq cəhətlərdir.
Gənc yazıçı bu hekayəsində daim maddi ehtiyac içində vurnuxan və buna görə də ağır mənəvi sarsıntılara məruz qalan insanla tam əks qütbdə dayanan güclü maliyyə ehtiyatına malik böyük vəzifə sahibi arasında onları birləşdirən yaranmış vəziyyətlə bağlı gəhətdə tarazlığın olmadığına bədii işarə verirsə, onları yetişdirən mühitin dərinliyinə varıb istimai-sosial bəlaların köklərini araşdıran konkret bir bədii detal və təhlili görünmür. Biz hekayədən öyrənə bilmirik ki, dünyasını çoxdan dəyişmiş ərindən sonra qadın necə oldu ki, gecə qaranlığında soyuqdan donaraq otel qarşısında “müştəri gözləyərək” iki uşağını və özünü dolandırmaq naminə qeyri-əxlaqi hərəkələr yolu ilə pul qazanır. Necə oldu ki, hekayənin qəhrəmanı məhz o yolu seçdi?! Bu cəhət hekayə boyu çoxsaylı suallar doğurur. Və əgər hansısa ehtiyacdan yaranırsa, bu seçimə qarşı mütləq ictimai qınaq üsulu qarşıya məqsəd qoyulmalı idi.
Sahilənin digər əsəri olan “Zırrama” hekayəsinin mövzusu, ideyası, qoyulan problem yeni olmasa da, hər zaman və ya hər dövrdə toxunulan məsələ yeniliyi ilə seçilə bilər. Məsələn, hekayənin qəhrəmanları əvvəldən axıra kimi, yəni əsər boyu obrazın ifadəsi ilə deyilirsə,”plastin sayağı” hərəkəı, davranışları, münasibətləri ilə istənilən yerdə, istənilən vəziyyətdən qurtula bilir, hətta belə olan halda yüksək vəzifələrə də qalxa bilir. Bu mövzu tamamilə olmasa da XX əsrin əvvəlləri üçün, eləcə də Azərbaycan mühitinin hər dövrdəki mənfi cəhəti kimi hər vaxt diqqəti çəkir. Bu baxımdan gənc nasir Sahilənin mövzu ilə bağlı qaldırdığı problem qeyd etdiyimiz kimi hər dövrdə, həmişə və hər vaxt Azərbaycan cəmiyyətinin arzuolunmayan ən yaralı yeri kimi kəskin tənqidlə, ən yaxşı halda ictimai qınaqla qarşılanır.
Kamil Əfsəroğlu yenə də əvvəlki illərdə olduğu kimi, həmişəki özünəxas mövzuları olan insandakı xüsusi fərdi keyfiyyətlərin qabardılmasına diqqəti çəkir. “Kamikadze” hekayəsində Fətəli və Ağababa kimi obrazların hərəkət, davranışlarında, münasibətlərində daha qabarıq görünən cəhətlər xüsusilə önə çəkilir.Qəşəm Nəcəfzadə hekayələrinin təsvir və təhkiyəsində, təqdim olunan hadisə, əhvalat, obrazlar aləmi, süjet, kompozisiya, dil-üslub baxımından bəzən mükəmməlliyi ilə seçilir. Hekayədə tələb olunan qısa, yığcam süjet xətti, hadisə, vəziyyətin və ya obrazlar aləminin incəliyinə qədər aydın, dəqiq və konkret bədii-psixoloji portretinin yaradılmasını əsas məqsəd kimi qarşıya qoyulur. Bunun üçün hekayənin təsvir və təhkiyəsində bədiilik və obrazlılıq yerində və ya məqamında olursa, onda alınan bədii qənaət yüksək estetik təəssüratı doğrulda bilir. Bu cəhətdən Qəşəm Nəcəfzadənin hekayələri (“Gülümsəyən ağac”, “Bənövşə”, “Ay ürək”, “Oyuncaq maşını”, “Qulu”, “Yanıq Kərəmi”) yuxarıda qeyd olunan bədii-estetik keyfiyyətlərə cavab verə bilər.
Yazıçının “Gülümsəyən ağac” hekayəsində hadisə, vəziyyət, obrazlar aləmi inandırıcılığı, təbiiliyi, canlılığı ilə yadda qalır. Hekayənin qəhrəmanları olub keçmiş arxada qalan ömür yolunun yorğunluğunu çiynində və ya bütünlüklə varlığında köklənərək yaşanılmış və ya yaşayan insanlardır. Ömrünün ağrı-acısını yaşamış, artıq yaşa dolmuş Əliş kişi indilikdə ölüm ayağında ömür-gün yoldaşına son diləyini anladır. Birlikdə böyütdüyü oğlunu “bu payız prokurorluğa” qoymağı tapşırır. Bu son dilək Əliş kişinin birgə ömür sürdüyü arvadının xatirəsində, sonradan həyətində, lap “pəncərənin ağzında” gözlənilmədən bitən körpə ağac şitillərində məhz onun xatirəsini əbədiləşdirən “gülümsər ağac” simvoluna çevrilir.
Digər tərəfdən, yazıçının hekayəsində təsvir və təhkiyə yüksək bədiiliyi və obrazlılığı ilə seçilir. Məsələn, “Elə bil Əliş bir udum işığı torpaq altına aparmaq istəmədi.”, “Əliş dünyanın bir tərəfi kimi böyrü üstə yıxılmışdı. Canından həyat küsmüşdü. Ölüm yeriyirdi canının üstüynən”, “Əliş canını yer üzündən çəkib apardı”, “Elə bil Əlişin qəbri hamilə qalmışdı. Torpağın qarnı başından aşırdı. Sanki qəbir Əlişi doğacaqdı”.
Hekayədə həmçinin insanın torpaqla yaxın ünsiyyəti olduğu kimi, ağacın insanla sıx təması da yazıçı təhkiyəsində yüksək bədiiliyi və obrazlılığı ilə təhlilə çəkilir bə bədii-psixoloji portretinin yaradılmasına nail olunur. Məsələn: “Balaca şitil beton qatını yarıb boy atırdı. Şitil gülümsəyirdi, su istəyirdi. Telli onun yanlarını təmizlədi. Su tökdü. Ağac evə girib-çıxmağa mane olurdu. Gündən-günə böyüyürdü. Ağacın yanından keçəndə Tellinin ürəyi sancırdı. Gecələr elə bil ağac içəri girir, yarpaqlarını Tellinin üzünə qoyurdu. Gündüzlər Tellinin dalınca düşürdü, Tellini çağırırdı. Bir gün səhər Telli çolə çıxanda gördü ki, ağac gülümsəyir, lap insana oxşayır, ağacdan elə bil səs gəlirdi… Telli yüyürüb ağacın boynundan qucaqlayıb hönkür-hönkür ağladı.”
Gülxani Pənahın “Arsız” hekayəsində “Gülümsəyən ağac”da (Qəşəm Nəcəfzadə) olduğu kimi, ər itkisi yox, oğul itkisi ilə üz-üzə qalan ana fəryadından danışılır. Baxmayaraq, bu fəryad səssiz, lal sükutla ananın daxili-ruhi aləmində dərinliyinə qədər köklənib rişələnir və daim məqamını gözləyir ki, vulkan kimi püskürüb üzə çıxsın. İndilikdə isə o, hələlik zahirən lal sükuta qərq olmuş və ya indilikdə oğul itkisini varlığında bütün ağrı-acıları ilə yaşayan ananın bu dərdə uzun müddət tab gətirə bilmədiyi üçün əzablı yaşantıları ilə dolu son ana qədər kədərə bürünmüş ölümünü gözləyir. Ondan ötrü ki, hərbi xidmətdə vəzifə borcunu yerinə yetirərkən əsir düşərək həlak olan və canından artıq istədiyi oğulun gözlənilməz ölümü baş verdiyinə görə ananın ürəyində bəslədiyi oğul üçün o xoş arzularını həyata keçirməyə vaxt, imkan olmadı. Ana vaxtın, imkanın verdiyi səlahiyyət dairəsində oğlunun gələcək gözlənilən xoşbəxt günlərinə qoşulub yaşamaq və doyunca sevinmək arzusunda idi. Fəqət bu, ananın imkanı xaricində idi. Indi isə o, özünü bilərəkdən “cismən” əridir, oğlunun ruhu ilə qovuşmağa can ataraq tələsir. Amma bir məsələ var ki, hekayədə təqdim olunan ana obrazı əhatə olunan adamlar arasında oğlunun itkisinə , ölümünə biganə, arsız qadın kimi müşahidə olunan və ya gündən-günə ərimək əvəzinə kökələn ana daim el qınağı ilə üz-üzə qalır. Lakin sonucda ana canına qəsd ediləcək, həmişə soyuq, nəmli, rütubətli yerdə otura-otura sağalmaz xəstəliyə düçar olaraq yaxınlaşan ölümünü daha da tezləşdirir və bununla da el qınağı sona yetir. Demək,Arsız kimi tanınan anaya əksinə olaraq el-oba sonradan-sonraya onu “başa düşərək” dərdinə şərik olmağa çalışır. Bu nə deməkdir!?. Yəni, sonradan-sonraya və ya uzaqdan-uzaq məsafədə müşahidə etmək yolu ilə insana qiymət vermək, insanı başa düşməklə iş hələ bitmir.Ən başlıcası insanı yaxından tanımaq üçün onunla sıx ünsiyyətə, təmasa daxil olmaq gərək idi.
Qılman İlkinin “Xof” hekayəsi isə “Arsız” (Gülxani Pənah) əsərindəki kimi, yaxınlaşan ölümünü tezləşdirmək cəhdi yox, məhz ölümqabağı xof, qorxu hissi qəhrəmanı hər an təqib edir. Nədən yaranır ölümqabağı xof? Hekayədən aydın olur ki, çoxsaylı “ərizə yazmağı” ilə iş yoldaşları haqda hansısa məlumatları ötürərək onların bundan sonrakı həyatını məhv etmək istəyən adamın soucda özü-özünün yaşam tərzini qeyri-iradi acı zəhərə çevirir. Gördüyü pis əməllərin müqabilində daxili xof, qorxu hissi onu hər an, hər yerdə amansızcasına izləyərək bir andaca onun məhvinə yönəldilir.
Mübariz Cəfərlinin hekayəsində də ölüm hadisəsi ilə bağlı hadisə, vəziyyət başqa tərəfləri ilə bədii təhlildən keçirilir. Yazıçının hekayələrinin mətnində bədii fakta yanaşmada həddən artıq fikir, düşüncə əməliyyatına daha çox üstünlük verilir. “İç qorxusu”, “Yaxınlaşma” hekayələrində olduğu kimi, hadisələrə yön alma xətti gərgin fikir, düşüncə əməliyyatının müqabilində hissə-hissə çözələnib aydınlayır.
Aydın Tağıyev problemə başqa yöndən yanaşır. Yazıçının “Ayaq üstə” hekayəsi məhz “ayaq üstə” fəhlə əməyi ilə özünə şərait quran adamın, hətta avtobusda və ya metroda da imkan tapıb oturacaqlarda yer tapa bilmədiyinə görə ayaq üstəcə işə yollanır. Sıx sərnişinlər arasında ayaq üstə güclə dayanan həmin fəhlə ilə yanaşı adamların problemlərlə dolu daha çox qayğılı söhbətlərin əhatəsində anoloji olaraq fikrində, düşüncəsində digər hadisələr silsiləsini xatırlamalı olur və xatırlama anında özlüyündə belə bir fikir, qənaət formalaşdırır ki, ayaq üstə dayanan insanlar bəlkə ağır ömür yolunun yorğunluğunda qalaraq elə ayaq üstə can verməli olur.
Bəzən müəllif mətni əsərdə iştirak edən obrazların dialekt və şivələri ilə üs-üstə düşür. Ayırd etmək olmur: obrazların nitqini oxuyursan, yoxsa müəllif mətnini. Məsələn, Aydın Ağayevin “Bəlkə gəldi yenə o yaz” hekayəsi adından göründüyü kimi, lirik-romantik üsluba yönəlikli mövzu üzərində köklənir. Hekayə boyu müəllif mətni təsvirə çəkilən obrazlar barədə bədii şərhlər verir. Ancaq bəzən elə düşünmək olar ki, müəllif şərhi obrazların dialoq və monoloqunu xatırladır…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.