Ana səhifə YAZILAR Mendelin birinci qanunu (öykü)

Mendelin birinci qanunu (öykü)

Müəllif: Bizim Yazı
169 baxış

İlham İSMİXANOĞLU

Gözlərini üç yaşlı sarışın uşağa zilləyib fikrə getmişdi. Qaşları çatılmış, alnı düyün bağlamış, hiddətlə qaynayan gözləri bir qədər irəli çıxmışdı. Özü ilə danışırmış kimi, dodaqları aram-aram tərpənir, hərdən də çənəsi titrəyirdi. Nə uşağın qığıltı qarışıq hay-küyünü, hərdən şirin dili ilə “ata, ata” deməsini eşidir, nə də ona tərəf pərvazlanan əllərini görürdü. Eləcə, uşağı başdan ayağa süzür, hərdən də ilk dəfə gördüyü adam kimi, güzgüdəki əksinə – qaşına, gözünə, ağzına, burnuna baxırdı.
…Əllərini dizlərinə dayayıb, ayağa qalxdı. Gözünü açandan evlərində gördüyü qatlama bıçağı cibindən çıxarıb, evə tərəf addımlamaq istəyirdi ki, həyət qapısının taqqıltısına diksindi…

***
Evlənəndən sonra, on iki il Şamilə ata olmaq nəsib olmamışdı. Elə sağlamlıq mərkəzləri, adlı-sanlı klinikalar, tanınmış həkimlər qalmamışdı ki, qapısını döyməmiş olsunlar. Ancaq onlara, doğulacaq bir uşağın, sevinc gətirəcək bir körpənin sorağını verən olmamışdı. Sonuncu dəfə proffessor hər ikisini yoxladıqdan sonra, təəssüflə başını bulamış, – tibb elmi bu dərdin qarşısında acizdir – demişdi. Gülnazın, ərinə baxıb kövrəldiyini görəndə isə, təsəlli vermək istəmiş,– baş-başa verib ömrünüzü yaşayın, qızım, Allahın işini də bilmək olmaz – demişdi. Professorun bu cavabından sonra, daha həkimlərdən də ayaqlarını kəsmiş, mehribanlıqla baş-başa verib ömür sürməyə qərarlı olmuşdular.
Bir axşam anası, Gülnazın arxa otaqda olduğunu bilmədən, ağlaya-ağlaya, bir az da ehtiyyatla demişdi:
– Ay bala, bir-birinizin oduna düşüb, özünüzü bədbəxt eləməyin. Bəlkə, Allah ayrı-ayrılıqda hər ikinizin payını…
– Ana! – arvadın sözünü ağzında qoymuşdu – Gülnazdan ötəri nə əzablar çəkmişəm, bilirsən. Indi “bir parça ət”dən ötrü… – kövrəlmiş, sözünü tamamlaya bilməmiş, qalxıb öz otaqlarına keçmişdi. Gülnazın göz yaşını silib, onu sinəsinə sıxmışdı…
Sonralar, gecələrin birində Gülnaz utancaq bir ifadə ilə pıçıldamışdı:
–Şamil, bəlkə bir Güllü arvadın da yanına gedək?
–Qız Güllü? – köksünü ötürmüşdü – o boyda professorlar, o boyda tibb elmi…
– Yox, Şamil, elə demə, tibb elmində hər kəşf bir başın məhsuludur, amma yüz illərin sınağı…
Şamil türkəçarə müalicəyə inanmırdı. Ancaq Gülnazın qəlbinə dəymək, arzusuna qarşı çıxmaq istəməmiş, səhəri gün onu da götürüb Qız Güllügilə getmişdi.

***
Qız Güllü kənddən xeyli aralıda, qəbiristanlıqla qarşı-qarşıya olan dağın ətəyindəki Tək Çinar bulağının yanında tikilmiş birotaqlı evdə tək yaşayırdı. Çiy kərpicdən tikilmiş bu birotaqlı evin özü boyda da kiçik, darısqal həyəti vardı. Həyətin qapısı birbaşa bulağın üstünə açılırdı. Dağın döşündən qaynayan bulağın sağ tərəfində nəhəng bir çinar ucalmışdı. Qız Güllü ilə görüşmək istəyənlər, onu çox vaxt bu çinarın dibində, bulağın başındakı, bəlkə də dünya yaranandan burada bitmiş, yaranmış iri qaya parçasının üstündə oturmuş görərdilər.
Hələ on yeddi yaşındaykən Güllü elə bu çinarın dibində, bu bulağın başında Səfər adlı bir cavanla könül alıb-könül vermiş, əhd-peyman bağlamışdı. Bura illərlə görüş yeri olmuşdu Güllünün. Səfərin elçiləri Güllünün atasının üstünə minnətə gətirmədiyi adam qalmamışdı. Kişi isə dediyini tutub durmuş – mən qızımı qardaşım oğluna göbəkkəsdi eləmişəm, yeganə övladımı Səfərə verib, malımı-mülkümü yadlara yem eləyə bilmərəm – demişdi. Səfər ata-anasının təkidinə baxmayıb, səkkiz il gözləsə də, atasının öldüyü, anasının yataq xəstəsi olduğu üçün, qohumları onu evləndirməyə müvəffəq olmuşdular. Evlənəndən üç il sonra dünyasını dəyişmiş, iki övladı yetim qalmışdı. Güllü isə əmisi oğluna getməmiş, atası öləndən sonra bütün mirasını yoxsul ailələrə paylayıb, ikimərtəbəli, bağlı-bağatlı, yaraşıqlı evini isə boş qoyub bura gəlmişdi. Güllü bu yeri, o zamankı kolxoz sədrindən xahiş edib almışdı. Panbıq tarlalarında işləyə-işləyə, min bir əzabla da bu evi burada tikmişdi. “Bura mənim müqəddəs yerimdir, məhəbbət nişanəmdir” deyirmiş.
…Qız Güllü səhərdən axşama kimi burada oturar, bu qoca çinara doymadan baxar, baxardı. Şər qarışanda da tez-tez dönüb, bir an əvvəl oturduğu yerə boylana-boylana daxmasına çəkilərdi. Həm də elə boylanardı ki, sanki, Səfəri gəncliyi – on yeddi yaşı ilə bərabər “səfər”indən qayıdıb, o böyük qaya parçasının üsündə oturacaqdı. Qız Güllü elə bu Çinara bənzəyirdi: nə çoxdan quruyub, ömrünü Güllüyə tapşırmış Çinarda bir ümidlik yarpaq, nə də ömrünü-gününü bu Çinara tapşırmış Qız Güllüdə bir yarpaq ümid vardı.
“Əllərində şəfa var Qız Güllünün” deyərdilər. Yaşı səksəni keçsə də, ərə getməmişdi deyə, ona “Qız Güllü” deyirdilər. Kəndin orta yaşlı adamları “Güllü nənə”, “Güllü xala” deməyə arlanar, onu “Güllü bajı” çağırardılar:
– Ay Güllü bajı, bu kəndin yarısı elə sənin balandı. Çoxumuzun bu işıqlı dünyaya göz açmağımızda dədəmizdən-nənəmizdən çox sənin əməyin var…

***
Şamillə Gülnaz Tək Çinar bulağına yaxınlaşanda Qız Güllü onların qarşısına çıxmış, xüsusi bir hörmətlə qarşılamış, hətta, onları görəndə nədənsə kövrəlmişdi də. Bəlkə öz məhəbbətini xatırlamışdı, kim bilir… Onları ənənəvi üsulla müayinə etmiş, sonra müxtəlif bitkilərdən hazırladığı, yüz illərin sınağından keçmiş dərmanlarla müalicə etmişdi…

***
Gülnaz hamilə olduğunu bildirəndə Şamil nə hisslər yaşamışdı, İlahi! Onu ifadə etməyə söz necə aciz qalmasın!? Dinməmişdi. Gözləri böyümüşdü. Bir an donub qalmışdı. Sonra gözləri gülmüş, ancaq gözlərini qırpdıqca qıraqlarından damla-damla su tökülmüşdü. Gözlərindən su axa-axa da qollarını qaldırmış, musiqisiz-filansız, evin içində o başa-bu başa, başına hava gəlmiş adam kimi, əl-qolunu yelləyə-yelləyə oynamış, oynadıqca da evdə nə vardısa hamısı– servantdakı qab-qacaq, pəncərə şüşələri, hətta, tavandakı çilçıraq da ona əl çalmışdı. Bircə Gülnaz əl çalmamış, durub mattım-mattım baxmış, ağlamış, ağlaya-ağlaya da düşünmüşdü: “Bunu oynadan nə havadır, İlahi! Sevincin havasıdırmı, dərdin havasıdırmı, başının havasıdırmı!? Amma nə havadırsa, yaman sümüyünə düşür.”
…Şamil yorulub əldən düşənə qədər oynamışdı. Bayaqdan göylərə sevinc paylayan qolları dayansa da, gözlərindən süzülən su hələ dayanmamışdı. Sonra Gülnaza yaxınlaşmış, üzünü hələ yenicə sorağını eşitdiyi körpənin üstünə söykəmişdi. Elə bil bu təzə pöhrə tez böyüsün deyə, gözünün suyu ilə sulamaq istəmişdi.

***
Artıq, uşağın üç yaşı vardı. Böyüyürdü. Böyüdükcə, Şamilin dərdini də özü ilə bərabər böyüdürdü. Şamilin dərdi uşaqdan bir yaş kiçik idi, ancaq bu dərd son günlər elə böyümüşdü ki, uşaqla yanaşı duranda ata-bala kimi görünürdülər. Həm də uşaq bu dərdə elə oxşayırdı ki, elə bil bu dərdin oğlu idi, Şamillə Gülnazın yox. Şamillə Gülnaza heç qaynasa da qarışmazdı…
…Uşağın heç kəsə – ata-anasına, əmisinə, dayısına – doğmalarına bənzəməməsi Şamili elə çuğlatmışdı ki, son günlər nə hərəkətini, nə də danışığını bilirdi. Qarşısına keçəni yerli-yersiz acılayırdı. Heç kimlə bölüşməməsi bu dərdi günbəgün daha da böyüdürdü. Bölünəsi dərd idimi, İlahi! Kimə deyəydi ki, bu uşaq bizə zərrə qədər də oxşamır, bu uşaq mənim deyil!? Ölərdi, amma bu kəlməni özünə sığışdırmazdı. Heç Gülnaza da deyə bilməzdi. Həm kişilik qürurunu sındırmaz, həm də Gülnazın məhəbbətlə baxan həyalı gözlərindən utanardı. Hələ bu dərd təzə “doğulanda”, uşağın bir yaşındaykən, zarafat edirmiş kimi demişdi:
– Ay Gülnaz, bu uşaq sap-sarıdır ki. Heç bizə oxşamır – gözlərini Gülnaza zilləmişdi. Gülnaz soyuqqanlılıqla, əlini işindən ayırmadan – yəqin Qız Güllünün çiçəklərinin rəngidir, hopub uşağa – deyib gülmüşdü. Sonra Şamilə yaxınlaşmış, qollarını boynuna dolamışdı:
– Rəngini neynirsən, Şamil, bu günümüzə şükür! İllərlə həsrətində olduğumuz arzumuza çatmışıq, yetər. Həm də, hələ körpədir axı, yəqin böyüdükcə kiməsə bənzəyəcək – demişdi.
İndi uşaq yetərincə böyümüşdü. Ancaq, nə atasına, nə anasına, nə də başqa doğmalarına bənzəyirdi. Şamil Allahdan diləmişdi ki, bu uşaq azacıq da olsa kiməsə bənzəsin, onu bu üfunətli şübhələrdən qurtarsın. Ancaq bənzəməmişdi ki bənzəməmişdi. Son iki gündə heç özündə deyildi. Artıq qətiləşdirmişdi ki, uşaq onun deyil və onu da qətiləşdirmişdi ki bu tari-mar olmuş həyatını yerli-dibli tari-mar eləyəcək. Dəfələrlə Gülnazın üstünə yerimiş, bütün iztirablarına son qoymaq istəmişdi. Ona çatanda, onun məhəbbətlə baxan gözlərini görəndə isə, özünü itirmiş, əlini ətəyindən yuxarı qaldıra bilməmiş, papiros yandırıb, bir bəhanə ilə çölə çıxmışdı.

***
Tək çinar var gücü ilə qışqırırdı:
– Ay Güllü! Ay Güllü, haradasan? Qoyma! Qoyma, budağımı qoparırlar. Güllü hey!..
Tək çinar qışqırdıqca səsi dağlara, dərələrə yayılırdı. Yer titrəyirdi. Tək çinar durmadan qışqırırdı. Bu dəfə yeri elə silkələdi ki, qəbirlərdən birinin böyrü çatladı. Deyəsən Səfərin qəbri idi…
Qız Güllü dik atıldı. Yuxulu-yuxulu ətrafına baxdı. Çölə çıxdı. Ayaqyalın-başaçıq özünü Tək Çinara yetirdi. Heç kim yox idi. Əlini dizinə qoyub nəfəsini dərdi. Gözlərinin suyu sinəsinə dolanda bildi ki, ağlayırmış.

***
Şamil həyətdə, ağacın dibində uşaqla qarşı-qarşıya oturmuşdu. Bir əlində güzgü vardı. O biri əlində papiros tüstülənirdi. Halqaşəkilli tüstü dizindən yuxarı qalxdıqca böyüyürdü. Başına çatanda ağırlaşır, elə bil onun şübhələrini özü ilə aparmaq istəyir, ancaq bu ağırlıqda şübhəyə tab gətirə bilməyib dağılrdı. O, aram-aram dodaqlarını tərpədirdi. Düşünürdü. Düşünürdü: “Ah! Gülnaz! Gülnaz! Bu böyüklükdə məhəbbət! Bu böyüklükdə məhəbbətin qarşısında bu böyüklükdə xəyanət! Axı niyə? Axı nədən? Axı səni buna vadar edən nə oldu? Kim oldu?”
Sönən papirosunun közü ilə yenisini yandırdı. Heç bunun da tüstüsü bu ağırlıqda şübhəni apara bilmədi, parçalanıb, ətrafa yayıldı.
“Ah! Gülnaz! Gülnaz! Bəlkə… Bəlkə “bir parça ət”dən ötrü səndən ayrılacağımdan qorxdun, Gülnaz! Axı biz… axı biz övladsız da yaşaya bilərdik, Gülnaz! İlahi, necə də xoşbəxt idik!”
Ayağa qalxıb, içəriyə boylandı. Evə göz gəzdirib oturdu. Gülnazın yuxuya getməyini gözləyirdi.
“…Yat, Gülnaz, yat! Sənin bu xəyanətinin qarşısında, sənin gözlərinə baxa-baxa sənə əl qaldıra bilmirəm. İlahi, mən necə də axmağam. Ah! Gülnaz! Bu da hər şeyin sonu. Bizim məhəbbətimiz də, ömrümüz də buraya qədərmiş.”
…Son dəfə diqqətlə uşağı süzdü, sonra güzgüdəki əksinə – qaşına, gözünə, ağzına, burnuna baxdı. Çox çalışdı ki, uşağın tək bircə yerini də olsa, özünə oxşada bilsin. Bacarmadı. Əllərini dizlərinə dayayıb, ayağa qalxdı. Gözünü açandan evlərində gördüyü qatlama bıçağı cibindən çıxarıb, evə tərəf addımlamaq istəyirdi ki,həyət qapısının taqqıltısına diksindi. Qapınin səsinə ayılan Gülnaz eyvana çıxdı, ardınca da Şamilin anası:
– Xoş gəldin, ay Güllü bajı! Həmişə sən gələsən – onu qapının ağzında qarşıladılar.
– Xoş gününüz olsun – əlini qapıya söykəyib dincini aldı – balaca nə təhərdi, doğulanda gördüyümdü?
Uşaq doğulanda, Şamil Qız Güllünün ocağında – Tək çinarın dibində qurban kəsmişdi. Hər vaxt kənda-kəsəyə düşməyən Güllü uşağı orada görmüşdü.
– Allah ömrünü uzun eləsin, ay Güllü bajı, axşam-səhər oturub-durub sənə dua eləyirik. Gəl! Gəl bəri – qolundan tutub, onu evə tərəf çəkdi. Qız Güllü ağacın dibinə çatanda uşağı gördü, görən kimi də hönkürüb ağlamağa başladı.
Kənddə indiyədək Qız Güllünün ağladığını görən olmamışdı. Yas məclislərinə də kişi kimi gedib, kişi kimi gələrdi. Danışırdılar ki, ağlayıb dərdini göstərmək istəmir. Ürəyi dolanda da özünü təkliyə verir. Ancaq indi Qız Güllü elə bil həmin Güllü deyildi. Hönkür-hönkür ağlayırdı. Ağladıqca da gözlərinin suyu axıb sinəsinə dolurdu. İlahi, elə də ağlamaq olardımı!? Elə bil Qız Güllü əriyib göz yaşına dönəcək, yox olacaqdı. Nə isə demək istəyirdi, sözünü gətirə bilmirdi. Gülnazgil mat-mat baxırdılar. Şamilin anası dilləndi:
– Sənə qurban olum, ay Güllü bajı, nə oldu sənə? Niyə birdən-birə elə ağladın?
Qız Güllü handan-hana özünə gəldi. Şamilin qolundan tutub, ayağa qalxdı. əlini uşağa uzadıb boğuq, titrək səslə – adam-adama nə qədər oxşayar, a bala, elə bil Səfərin özüdür – hönkürdü, üzünü Şamilə çevirdi – Səfər babanla elə bil bir almadı, yarı bölmüsən. Zamanın üzü qara olsun, barı bir şəkli də qalmadı – dedi.
Şamil yerindəcə quruyub qaldı. İstədi nə isə desin, dili söz tutmadı. Birdən Qız Güllünü qucaqlayıb, uşaq kimi ağlamağa başladı. Gülnaz gözüyaşlı gülümsünürdü. Düşünürdü ki, Şamilin məhəbbəti böyükdür deyə, Qız Güllünün dərdinə ağlayır… Şamilsə başını Qız Güllünün çiyninə dayayıb, ağlaya-ağlaya, orta məktəbdə oxuduğu “Mendelin birinci qanunu”nu xatırlayırdı.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.