Ana səhifə YAZILAR Mahir QABİLOĞLUndan bir öykü

Mahir QABİLOĞLUndan bir öykü

Müəllif: Bizim Yazı
460 baxış

HƏRF-HƏRF DOĞULAN SÖYÜŞ

Qardaşbala məhləmizin fəxri idi. Nə qədər ki, o var idi biz nə polisə, nə də hər hansı bir başqa “qoruma”ya ehtiyac duyurduq. Sadə adamlarım “uçastkovı” dediyi, bir yazar dostumun “alan baxıcısı” dediyi sahə müvəkkilimiz də əmin-arxayın idi buralardan… Hamı ondan qorxurdu – Qardaşbaladan. Kimin haqqı nə idi ki, biz tərəfə əyri-əyri baxa..? – Qardaşbala doğulduğuna peşman edərdi onu.
Məhlədəki tində dayanardı Qardaşbala. Tin uşaqları da ətrafına toplaşardı. İmam övladı deyildi – çəkirdi də, içirdi də, dalaşırdı da. Hələ, desən, bir-iki dəfə türməyə də düşmüşdü. Amma tindən əksi çəkilmirdi. Bilməlilər bilirdilər ki, məhləyə qıyğacı baxsalar, Qardaşbala türmədən qayıdıb onlara divan tuta bilər. Təkcə qıraqdakılar yox, biz də yaman qorxurduq ondan. Hünərin var yanından “salam”sız keç. – Şapalaqlayırdı.
Məhlənin qızları da yanıqlıydılar onun əlindən. Qardaşbalanın qorxusundan bir oğlan da onlara yaxın gələ bilmirdi. Qeyrət, namus mücəssəməsiydi bizim Qardaşbala. Ölərdi, türməyə düşərdi, amma qoymazdı ki, məhlənin adına xələl gələ. Heç kim onu vəkil eləməmişdi. Sadəcə boynuna düşmüşdü. Balaqardaşdan miras qalmışdı ona.
Bir anasıydı, bir də özü. 40 yaşına çatmışdı. Amma evlənməmişdi. Daha doğrusu, qız verən yox idi ona. Bilirdilər ki, Qardaşbalaya qız ver, ya da uşağı türməyə göndər, eyni şeydir.
Hər şey yaxşı gedirdi. Sakit idi həyatımız. Mən bais oldum. Məhv etdim Qardaşbalanı. Mən yox! “Topaz”. Yoxsa ki, mən nə bilirdim mərc nədir? Məhlə uşaqlarıyla bütün günü mərc qoşurduq. Uduzurduq. Tələbə ada¬mıy¬dıq. Evdən bir manat dilənməkdən yorulmuşduq – dönər adıyla. Hərdən bir “pivə də içirdik, yanında noxudu”. Amma ağzımızdan iy gəlmirdi. Görüşə ge-dirdik. Qayıdanda məyus gəlirdik. Üstümüzdən Qardaşbalanın ağzı ilə desəm, “duxi” iyi yox, tütün iyi gəlirdi. Nəşə çəkmirdik, gözlərimiz qızarırdı – internetdə futbol oyunlarını izləməkdən. Udmurduq, əksinə itirirdik. Təki itirəydim. Çünki itirdiyimiz təkcə pul olacaqdı. Qardaşbala..!
Günlərin bir günü mərcdə uddum. Udmadım, e… “Topaz”ı məhv etdim. 117 min manat! Məhlədə həmən sayğım artmadımı?!. Qardaşbala arxa plana keçdi. Məhlə uşaqları mənim başıma toplaşmağa başladılar. Ağzımızdan pivə yox, araq iyi gəlməyə başladı. Üstümüzdən “duxi” qoxusu əskik olmur-du. Bütün günü orda-burda veyllənirdik. Qardaşbala isə həmin yerindəydi – tində, məhləmizin keşiyində. Evə qayıdanda özümüzü yığışdırırdıq. Yanından keçəndə yenə qorxa-qorxa keçirdik. Üzümüzə heyrətlə baxırdı. Bəlkə də bu rişxənd idi. Məhlə uşaqları da artıq namus-qeyrətin keşiyində olan Qardaş¬balanı yox, pulu olan məni seçmişdilər. Amma o bizə qoşulmurdu. Beləcə öz yazısız – bəgəsiz missiyasını həyata keçirirdi.
Pulum azala-azala gedirdi. Amma yemək-içməyimdən də qalmırdım. Günlərin bir günü yenə yaxşıca yedik-içdik. “Topaz” mənə div qüvvəti bəxş etmişdi. Yeni mərclərə ruhlandırmışdı. Pul məni o qədər qudurtmuşdu ki, özümü böyük sayırdım. Amma… amma yenə də qarşımda Qardaşbala vardı. Hamıdan güclü idim məhlədə, bir ondan başqa – bu xüsus heç beynimdən çxımırdı…
Günlərin bir günü məhlə uşaqlarıyla o qədər yedim-içdim ki, sərxoş oldum. Özüm də bilmədən mərc qoşdum onlarla. Yox, yox, futbol mərci deyildi bu. O mərci udmuşdum zatən. Qardaşbalanı udmalıydım. Ona “oğraş” deməliydim. Məhləmizin namus-qeyrətini qoruyan bir insana. Şərəfsiz bir mərc idi. Geriyə yol yox idi. Mərc artıq kəsilmişdi. Bir ay vaxtım vardı. Özü də bu sözü bütün məhlənin qabağında deməliydim. Allahu Əkbər- özümü işə salmadımmı!?.
Səhər dərsə gedəndə gəldim dayandım Qardaşbalanın qabağında. “O” dedim. Dərsdən qayıdanda da “O” dedim. Beləcə bir həftə. Qardaşbala üzümə qəribə-qəribə baxırdı. Başa düşmürdü ki, bu “o” nə “o”-dur. “O”nun arxasından xəbəri yox idi. İkinci həftə “O”nun yanına “ğ” da yapışdırdım. Bir həftə də “oğ”, “oğ” dedim Qardaşbalanın üzünə. Yazıq elə üzümə baxırdı. Sadə adam idi. Heç ağlına gətirmirdi ki, bu “oğ” nədir, nəyin önüdür… Üçüncü həftə isə hər gün “oğr”, “oğr”… Sanki Qardaşbalanın beynini deşirdim. Vərdiş etmişdi mənim sözlərimə. “Oğr” dedikcə xoşhallanırdı. Ləzzət edirdi ona. Arxasınca nə gələcəkdi, sanki Anadolulular demiş, mərak edirdi. Su damcıları daşın üzərini ova-ova gedirdi. Dörcüncü həftə “oğra” ilə davam etdi… Nəhayət 30-cu gün..! Pah atonnan! Bütün məhlə uşaqları mənə baxırdı. Mənim gözlərimsə Qardaşbalaya. O da mənə intizarla. Sonuncu hərfi gözləyirdi. Gözümü yumdum. O sözü dedim: “Oğraşşşş”. Gözümü açmırdım. Üzümdə şapalaqları, qarnımda dəlik açan bıçaq izlərini hiss edirdim sanki. Amma sadəcə hiss edirdim. Heç nə yox idi, heç nə..! Heyrətamiz idi! Gözlərimi açdım. Qardaşbala qarşımdaydı. Məhlə uşaqları ətrafımda. Üzümə gülümsə¬yirdi Qardaşbala. Vərdiş etmişdi bu sözə. Mən isə mərci udmuşdum. Qar¬daşbalanın, məhləmizin namus qeyrətini isə uduzmuşdum.
Artıq pulum da qurtarmışdı. Oynayırdım udmurdum. Yenə ümid bağlayırdım. “Topaz”da bəlkə nə vaxtsa udacaqdım. Uduzduğum pulları nəvaxtsa geri qaytaracaqdım. Amma Qardaşbala simvolunu həmişəlik uduzmuşdum.
Allah kəssin belə udub-uduzmağı!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.