Ana səhifə YAZILAR Fəxri MÜLÜMdən üç ithaf şeiri

Fəxri MÜLÜMdən üç ithaf şeiri

Müəllif: Bizim Yazı
554 baxış

Aşıq ƏLİ ÜRFANa

Aşiq Əli, yaman yatdı sinəmə,
Qayıt kökə, “Dilqəmi”ni bir də çal.
Könül verdim bir nazənin sənəmə,
Yaddaşımı örkən elə, hör də, çal.

Səmasından baxışlarım iz tutar,
Qürubundan içim-çölüm köz tutar,
Daş abidə, daş qəbirdən söz tutar,
Dərvişsayaq irfaniyə gir də, çal.

Varmaq olmur uzağımdan, yaxından,
Qaçmaq olmur axarımdan, axından,
Gözənmədi yaralarım oxundan,
“Ruhani”ni can verdiyim yerdə çal.

Həsrətə bax, mücrüsündə yaz ağlar,
Yöndəmsizə, ya arsıza az  ağlar,
Nəm tutubdu, köynəyində saz ağlar,
Beçə simin güllərini dər də, çal.

Ömür-gün də dənələndi dən oldu,
Havaya bax, çisəkləyib  çən oldu,
Köç üstdəki barxanama yön oldu,
Qat kəsməmiş  gün altına sər də, çal.

Dünya özü barmağına, çaş qalar,
Ocaq ötər, dəmi keçər, aş qalar,
Gül vurmasan, naxış yeri boş qalar,
Qollarını saz  boyunca  gər də, çal.

Fəxri deyər, gətir başa, qal olsun,
Gül qızların yanaqları al olsun,
Hal-əhvalın şəkər olsun, bal olsun,
Xallarını oxşayıb da,  gör də, çal.

Aşıq XANLARa

Dünyadan yük olmuş, ağır olmuşu,
Sənin barmaqların əlin deyərdi.
Özün öz havanda bir simurq quşu –
Ürəyin iç edib, dilin deyərdi.

“Dilqəmi”n hər kəsin içində bir yol,
Dərd də ilmələnmiş, köçündə bir yol,
Kipriyində bir yol, biçində bir yol,
Ağrısın simlərin, telin deyərdi.

“Baş Sarıtel”inin ləngəri vardı,
Hər ox tutan yerdə səngəri vardı,
Dənizdə, dəryada lövbəri vardı, –
Yurd olmuş ocaqdan külün deyərdi.

“Ruhani”n dərbədər dərviş kimiydi,
Yolçunu yolunda yormuş kimiydi,
Əvvəlin-axırın görmüş kimiydi, –
Yığvalın deyərdi, talen deyərdi.

Göylər şamlarını yağa tutardı,
Verib ziyasını dağa tutardı,
Qara buludları ağa tutardı, –
Leysanın deyərdi, selin deyərdi.

Səsin yağış kimi incələnərdi,
Sözün naxış-naxış çözələnərdi,
Üzlərdə bir həya, ar gizlənərdi,
Kölgədə şeh tutmuş gülün deyərdi.

Xəyal uzaqlardan asılmış kimi,
Ovsuna, sehirə qısılmış kimi,
Min ilin dərdindən basılmış kimi,
Gəlimli-gedimli yolun deyərdi.

Vurduğun güllərdən hər dağ əyildi,
Bülbülün qonduğu budaq əyildi,
Fəxriyəm, çeşmədə dodaq əyildi, –
Görüb-götürməmiş, alın göyərdi.

Şair Elbariz MƏMMƏDLİyə

Ağrının içindən, dərdin içindən,
Çəkib sıralanmış, dağı boya-boy.
Qapanıb göylərə, gözlər sirr çəkər,
Lay verib buludda ağı, boya-boya.

Sıyrılmış qlıncdı, qını belində,
Torpağa, Vətənə, canı dilində.
Üzüm qorasıdı, qanı külündə,
Zoğ verib cücərmiş tağı boya-boy.

İşığa bürünmüş, nura bürünmüş,
Tapındı boz qurda, sara bürünmüş.
Türkə sədd çəkildi, ara görünmüş,
O üzdə, bu üzdə, bağı boya-boy.

Yolu bu dünyanın başından keçdi,
Yaranışdan keçdi, yaşından keçdi.
Çörəyi suyundan, daşından keçdi,
Alınar gözündən yağı boya-boy.

Qəmi çözələnər, anşıra bilməz,
Haqsızlıq baş alar, aşıra bilməz,
Karvanın hər yerdə düşürə bilməz,
Örkəni, sijimi, bağı boya-boy…

Ağrının içindən, dərdin içindən,
Çəkib sıralanmış, dağı boya-boy.
Qapanıb göylərə, gözlər sirr çəkər,
Lay verib buludda ağı, boya-boy.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.