Ana səhifə YAZILAR Fəridə Hacı(yeva). Mövlana ruhlu şeirlər

Fəridə Hacı(yeva). Mövlana ruhlu şeirlər

Müəllif: Bizim Yazı
429 baxış

HU MEVLAM HU

Hu… Mevlam
Hu…
Hu… ərənlər…
Gedənlər hu…
Gələnlər hu…
Neçə nəfəs,
Neçə ruh var.
Neçə ərən,
Neçə baxt var.
Sultanımın dərgahında.
Pəmbə güllər
Xoş qoxulu.
Gecə dalğın,
Ay yuxulu.
Bülbül
ilahi oxuyur,
Sultanımın dərgahında.
Canlar bizə
Can dedi, can!
Bu canlardan
Ayrıldı can!
Bu bir dünya,
Bu bir cahan!
Sultanımın dərgahında!
Aydan arı,
Sudan duru.
Sirr dünyası,
Dağ qüruru.
Ürəyimiz
Eşqlə vurur.
Sultanımın dərgahında.
Niyyətim xoş,
Sözüm xoşdu.
Baxışlarım,
Gözüm xoşdu.
Qəlbim dindi,
Könlüm qoşdu.
Sultanımın dərgahında!

SEVGİ GƏZİRƏM
Sevgi gəzirəm
Babam,
Sevgi,
Bir mərifət sevgisi.
Tutub
Haqqın ətəyindən,
Görən kimdi
itgisi?
Sevgi gəzirəm
Babam,
Sevgi.
Yer üzünün
Özündə.
Könüllərin
Yaz vaxtıdı.
İlahilər
Sirr dünyamız.
Qəlbi kövrək,
Gözü nəm.
Sevgi gəzirəm
Babam,
Sevgi.
Könüllərin içində,
Yolum uzun,
Yol gedirəm
Sevgi
Mənim içimdədi,
İçimdə.
Sevgi gəzirəm
Babam,
Sevgi,
Mevlana
Yunus
Sevgisi.
Zikr edəm,
Dönəm başına.
Qaytaram
Tanrı sevgisin…
İz salan mən
Dağa,
Daşa.
Hay salan mən.
Babam, hu…
Başım dəyir
Daşdan-daşa.
Elə sevgi
Gəzə-gəzə,
Mən yolların
Yorğunu.

ÜZƏ GÜLDÜ ƏMƏLİM
Bu dünyanın ahəngi bir, rəngi çox,
Bu dünyanın sirri xudaya bəlli.
Açılmayan tapmacası, mərci çox,
Aqil gərək aşkarlaya, bu həlli.

Yola çıxdım, sonsuzluğa tuş oldum,
Bir daş idim, nəfəs dəydi quş oldum,
Ənginlikdə qanad çaldım, baş oldum,
Cığır açıb, belə qoydum təməli.

Üz tutduğum günəş oldu, ay oldu,
Ulduzlar da bu gecəyə hay oldu,
Mən də dönüb gözəlliyə tay oldum,
Hara baxdım, üzə güldü əməlim.

YOL AÇDIM
Öz  könlümün  dərgahına yol açdım,
Gül-çiçəyi əlvan görüb  sevindim.
Pirim mənim! Dərs aldığım  sultanım!
Gözəlliyə nəzər salıb isindim.

Vəhydən şirin bir səs gəldi, duruldum,
Hikmət dolu”Məsnəvidən” söz açdım.
İnsanlığın bağçasına buruldum,
Nadanlıqdan baş götürüb, mən qaçdım.

Hər kəlməsi müşgü-əmbər qoxulu,
Hər sözünü şərbət bilib, içirəm.
Bu nə aləm, bu nə sehir ay allah!
Eşq körpüsün xoş könüllə keçirəm.

QƏLBİMƏ İNCİ DÜZƏCƏM
Eşq ümmanında üzürəm,
“Divani Kəbir” sirdaşım.
Övliyalara üz tutdum,
Hər biri könlün sirr daşı.

Ayağım üzülür yerdən,
Yolumu göydən salacam.
“Məsnəvi”dən qidalanıb,
Tanrıma yaxın olacam.

Oxudum neçə beytini,
Bir hana qurdum sözlərdən.
Pirim deyib sipər oldum,
Qorudum namərd gözlərdən.

Dəryada gövhər  gəzirəm,
Bu da qismətin qədəri.
Qəlbimə inci düzürəm,
Duyub sevinci-kədəri.

NEY
Ney dindikcə
Sızlayacam
İçin-için.
Qəmim mənə
Vay tutacaq.
Arx salacam
Göz yaşımnan.
Dinləyəcəm
Ney səsini.
Ağlayacam
için-için.
Ney…
Könlümün
Nur incisi.
Hər dərdimə
Məlhəm mənim.
Bu səs
Kədər.
Bu səs sevinc.
Bu səs
Eşqin birincisi.
Hey,,,dinlərəm
Ney səsini.
Ürəyimin
Ağrısına
Məlhəm neyim!
Ruhum mənim!
Sevgim sənə
Sonsuzluğun
Özü qədər!
Bu sehirli,
Sirli səsə
Heç bilmirəm
İstəyimi
Necə deyim
Mən sevirəm
Xoş sədanı
Özüm qədər.
Mənim neyim,
Mənim neyim!

QIRMIZIDA QARA GÖRDÜM
Qırmızıda qara gördüm.
Çünki qanım qara idi.
Qəlbim dərddən açılmışdı,
Puçur-puçur yara idi.

Əlim qalxdı göyə sarı,
Tutdum səbrin ətəyindən.
Dedim, tanrım əsirgəmə,
Xəbərin var niyyətindən.

Qırmızıda qara gördüm,
Könlüm doldu, qubarladı.
Al lalənin sinəsi dağ,
Ürəyimi yaraladı.

TANRIM
Tanrım!
əsirgəmə
nəfəsini
qulundan.
Kəlməm dürüst,
Sözüm doğru,
Azammıram
Yolumdan.
Canımdaki,
İmana bax!
Yolumdakı,
Gumana bax!
Ürəyimin
Nitqi, səsi,
Sən qəlbimdə.
Mən bu yerin
Xoş bəndəsi.

MİN-MİN KÖNÜL OYANIR
Bir nəfəsin tilsiminə düşmüşəm,
Bu nəfəsdə eh, nələr var, nələr var.
Eşqlə açan qönçələri sevgilər,
Peyğəmbərdən bəri gələn güllər var.

Bir nəfəsin odu mənim içimdə,
Bu atəşdən odlanıram, yanıram.
Zikr edirəm, ilahilər həmdəmim,
Bir oddayam, yeri-göyü danıram.

Bu nəfəsdə inci də var, dürr də var,
Aman allah! Könlüm nura boyanır.
Dərgahımın dörd bir yanı güldü-gül,
Bura gələn min-min könül oyanır.

You may also like

1 şərh

Ramin 2011-07-11 - 13:30

Gözəl şerlərdi, ruhu da, gözəl.Ruhunuz həmişə kökdə olsun.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.