Ana səhifə BAŞ YAZI ELÇİNDƏN ÖNCƏ ELÇİN YOX İDİ…

ELÇİNDƏN ÖNCƏ ELÇİN YOX İDİ…

Müəllif: Bizim Yazı
452 baxış

ELÇİN – 70

Əkbər QOŞALI

Özünə təxəllüs götürməmiş, əsərlərini yalnız adı ilə imzalayan azsaylı yazarlarımızdan biri də ELÇİNdir. (Özü də, yanılmıramsa, bu adın ilk sahibi odur!) Amma mənim ağlım kəsəndən onu adlı-sanı gördüm, ədəbiyyatımızın ağsaqqallarından, başbilənlərindən biri bildim…
ELÇİN Xalq yazıçısının evində dünyaya göz açıb – çox ünlü yazıçının oğludur. Ancaq o nə ata kölgəsində qaldı, nə Xalq yazıçısının oğlu olmaqda… – Özü Xalq yazıçısı oldu, dünyada tanındı.
ELÇİN Ədəbiyyatla (Sənətlə!) Elmi qoşa qanad kimi daşımağı bacardı – yalnız Xalq yazıçısı olmadı, eyni zamanda professor oldu, güclü ədəbiyyatşünas kimi ün qazandı.
ELÇİN yalnız Ədəbiyyat (Sənət) və Elm xadimi – ictimai xadim olmaqla da qalmadı… o həmçinin dövlət xadimidir – uzun illərdir müstəqil Azərbaycan Respublikası Baş nazirinin müavini görəvini layiqincə yerinə yetirir.
ELÇİN atadır –atasının, babasının yolu ilə ilə gedən – gözəl, toplum üçün yararlı övladlar atası…
ELÇİN bütün bu deyilənləri, bu yöndə əlavə edə biləcəyimiz digər müsbət emosiyalı işləri gerçəkləşdirməyə, hadisələri yaşamağa “adlı məhkum” idi: çünki ona ELÇİN demişdilər! Çünki o özü bu adın yanına başqa bir söz qoşmağa ehtiyac duymamış, bu adın gərəyini yapmaq istəmişdir:
EL-ÇİN – EL ÜÇÜN! – O, inanıb: ELin dediyi ÇİN olur! İnanıb, seçib, qərar verib, yola çıxıb, yazıb-yaradıb! Anadolulu qardaşlarımız demiş, iştə, Elçin ELÇİN olub!
Mahiyyəti ilə ELÇİN olmaq şərəflidir, ancaq çətindir, çətindir! – Hələ bir də “atalar sözü”müzün yanlış yorumu qulaq deşə… – el üçün ağlayan gözündən olar..! – ELÇİNlər, el üçün çalışnalar, Elin dediyinin ÇİN olacağına inanalar bu yanlış yorumu başdan qəbullanmayanlardır. Onlara (bizlərə) görə: EL üçün ağlayan (çalışan, qara gününü ağ etmək (– ağa çıxarmaq) istəyən kəs, gözünün halından, durumundan (özünün oturuşundan, duruşundan, hərəkətindən) bəlli olar! – Daha hər yetən özünü “el üçün ağlayan” statusunda göstərə bilməz! – Tanınır çünki. El bilir çünki… Tərəzidir gözü elin! Bax, ELÇİN bu həqiqətin yolçududur! – Bircə, siz onun əsərlərinə baxın (baxmısız, bilirsiz, inşallah) – el adamları, sadə insanlar, öz mütavazi yaşamlarını sürdürən adamlar, kiməsə bəlkə xeyri dəyməyən, amma ziyanı heç dəyməyən adamlar onun əsərlərində necə parlaq təqdim olunur, necə sevərək tanıdılır. – Çünki o ELÇİNdir!

***
…Ötən yüzildə qazandığı ədəbi, elmi, ictimai uğurlar öz yerində, son illər, ELÇİNin istər 10 cildlik “Seçilmiş əsərələri”nin işıq üzü görməsi, istər, “BAYRAQDAR”ı, istər “SOSREALİZM BİZƏ NƏ VERDİ?” irihəcimli polemik məqaləsi, istərsə də “Mahmud və Məryəm” romanına ilk Türkiyə-Azərbaycan birgə filminin çəkilməsi (– əsərin 30 ildən sonra ekran həyatı qazanması) günümüzün ədəbi, ictimai-mədəni həyatına önəmli hadisə kimi daxil oldu. – Sözün qısası ELÇİN qələmindən nə çıxırsa, oxucu (el!) ona biganə deyil. Təsadüfi deyil ki, ELÇİNin kitabları haqqında kitablar, əsərləri haqqında əsərlər yazılır. (Daha bugünlərdə prof.dr. Qəzənfər Paşayev “Elçin haqqında düşüncələrim” kitabı ilə çıxış etdi.)

***
ELÇİNin Nazirlər Kabinetində yerləşən iş odasında iki dəfə olmuşam. Hər iki görüşdən aldığım təəssüratı bir cümlə ilə belə ifadə edərdim: Baş nazir müavininin yanına getmişdim, məni bir Xalq yazıçısı, bir aydın qarşıladı, bir doğma insan yola saldı..! Elə bilirəm, daşıdığın yüksək görəvin məsuliyyətini, əgər belə demək mümkünsə, ağırlığını… qəbuluna gələn insana yükləməmək, onunla rahatdan rahat danışmaq, dərdləşmək imkanı özündə qüdsiyyət saxlayır, gözəllik barındırır…
Mən də bu qısa yubiley yazımı sayğıdəyər Xalq yazıçımıza ən gözəl duyğular, düşüncələrlə tamamlayıram!
ÜRƏYİNİZ VAR OLSUN, ELÇİN MÜƏLLİM!

Yeni təltif olunduğunuz “ŞƏRƏF” ordeniniz qutlu olsun!

You may also like

1 şərh

Emil Rasimoğlu 2013-05-15 - 23:55

Mən də, böyük yazıçımızı yubley münasibəti ilə təbrik edir,neçə-neçə onillikləri fəth etməsini arzulayıram.Hörmətli Əkbər müəllim,siz də,var olun əsrarəngiz yazınıza görə.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.