Ana səhifə BAŞ YAZI dalafa dəhmərlənmiş deyikli daylax dəstiri…

dalafa dəhmərlənmiş deyikli daylax dəstiri…

Müəllif: Bizim Yazı
75 baxış

Tural İRFAN. Yeni şeirlər

Ulu qarğış

Sönməyən odun, sınmayan ordun,
Sənin tək yurdu sevməyən ölsün
Azərbaycan!

bu uca qədrini bilməyən ölsün,
Qarabağ dərdini bölməyən ölsün
Azərbaycan!

…Sənə canını verməyən ölsün,
ölsən, səninlə ölməyən ölsün
Azərbaycan!

“Qismət”

bəşərə tale yazdı Haqq,
qismətin sərti bizə düşdü.
xalqları düşmən etdilər,
yağının namərdi bizə düşdü.
dünyanı parçaladılar,
ən ağır şərti bizə düşdü.
…Hüseyni parçaladılar;
ömrünü biri, qəbrini biri,
səbrini biri götürdü…
bizə dərd yaraşırdı,
(dərdi bizə düşdü)
Biz dərdini götürdük.

***
Günəşin önünə bulud gəlib,
göylərə sığınıb yiyəsi dünyanın.
Onu öz evindən qovublar, bəli…
Yerə qayıdacaq O, bir gün,
qayıtmalıdı…
yenə qayıdacaq O, bir gün –
evindəki oğruları Cəhənnəmə
qovmaq üçün!

***
dərdim doğulmuşdu mən doğulanda,
o ruhumla yaşıd idi,
mən böyüdükcə dərdim də böyüdü
mən onu, o da məni yeyə-yeyə böyüdük.
…bir gün mən öləcəyəm,
o isə ölməyəcək…
elə şeylər sülənəcək
baş daşıma baxıb köks ötürənlərin
xatirələrində…
sətirlərində yaşayacaq dərdim
ömrünə ömrümü yazdığım şeirlərimin…

…mənə gəl

qəmin-dərdin çoxdusa
daha səbrin yoxdusa
dünya səni qorxudursa
mənə gəl…

həyatdan küsmüsənsə
ümidi kəsmisənsə
özündən bezmisənsə
…mənə gəl

ruh oynadan sazım var
könül açan sözüm var
üz güldürən üzüm var
mənə gəl…

taleyinə göz çevir
öz başına duz çevir
öz özündən üz çevir
…mənə gəl

dərdin çoxsa bölərəm
göz yaşını silərəm
ölsən sənlə ölərəm
mənə gəl…

***
dağlardasan…
qayaya söykənmisən
ölmüşəm ayağın altda
o mənim baş daşımdı

dağlardasan…
xəyaldasan…
yağışdan diksinmisən
süzülür yanağın üstə
o mənim göz yaşımdı

…beyninə bir fikir gəlir
tez onu sözə çevir
üzünü üzümə çevir
o mənim qarğışımdı
tez ol yalanı düzə çevir!!!

Mizan

yaşadıqca bu həyatda
fikrim xəyalım böyüyür.
yaşlandıqca bu həyatda
dərdim məlalım böyüyür.

Haqq yazanı pozammıram
öz alnımı yazammıram
bircə savab qazanmıram
günah-babalım böyüyür.

insan niyə şeytan oldu?
dünya niyə zindan oldu?
Tural niyə İrfan oldu?
Ona sualım böyüyür…

Ən kövrək hisslər
bir zaman enəcəklər
ucalara yazığım gəlir.
bir zaman öləcəklər
qocalara yazığım gəlir.

metrolarda dilənən
balalara yazığım gəlir.
göz yaşına bələnən
analara yazığım gəlir…

qocalar evində aciz
atalara yazığım gəlir.
türmələrdə günahsız
yatanlara yazığım gəlir.

insaf, vicdan yox olub
mərdin dərdi çoxalıb
bəndə üzünə ağ olub
(küfr olmasa deyərdim: –
Allaha yazığım gəlir…)

Aveydən gələn giley səsləri

I səs:

…dönərgəsi döndü dəmbərçək, dambat,
darqursax dərdiqayım dünyanın…
dəvdənib dərd döşürür dıydıx-dıydıx
divərdi dağılanların doqqazlarında.
danatıb danüzünə dığırranır
dalafa dəhmərlənmiş deyikli daylax dəstiri…

der-derlərə duax-dınqır döydürür
daldeylarda domuşdurub…
dumanlı dağlar döşündə
danağran dindələyir damazdıx donuzdanqurduna…
dəsvaha dıqqılı-dıqqılı dartıf-daşıyrıdı
dərd dərzimizi…
divara, dinimizi-donumuzu
daran-dartana dürtdü dəlitərsinə…
dəlicəsinə dəfədarağını dingildədir damlar dinşəyib didi-bidili
dəllallara doygələn dıppırça dünya.

II səs:

kürsümüş kürsəklər kərkinişir kirmişcə,
köyşəndən kasad kalafalarda…
kəndiri kürməkdən kəsilmiş kalpeysər
köntöy kalçalar köndələn keçir
karsala küllükdən…
kəkotulu, kərəntilənib kürünmüş
küləş köyrüyür köhnə kilim kimi…
kələfi, kəndiri kəsilmişləri
kəltənləyib köklü-köməcli külxınclanır
korafəhim kuşkuşular…
kilidləşib kərəndəki kip kora kimi –
köfkürə keçən kökür kimi.,
közərib kömbə kimi, kntuquryanlar
körpülərin kəmçənəyində…
kiriyib, keyiyibər…
kim-kimədi…
kişiliyi kisədibidi kişilərin…

III səs:

şiniyib şikata şuğuyur şıxlaşmamış
şəvədədən şitəşmiş, şapartdanmış,
şamparlanmış, şoğərif şıvırti şöycavan…
şütüyür şenniklə şampır şər-şamartı!
Şayqalar, şunquruxlar şijimi
şaxı sınmamış…
şöytəli şaqqıldağını şırtdadıb
“şər”i şaqqaladı, şadaraladı
şenolmuş Şər Şəmil…

IV səs:

…öynnəri öəlik əzmələdi özməssəvinnən…
öycüyüm öədəyə, öəliyim ödəyə döndü,
ömürbillah öyulmadı…
ömrüm öyümnən öjəşdi:
– “öyhvədən öy olmaz, öölöm!..”

***
Xalıqverdi Yusif oğlunun timsalında dostum Rafiq üçün “Əl tutmaq Əlidən qalıb” məsəl

Dar günümdə sən gəlirsən yaxına
Hey sənə yollanır yollarım ey dost.
Təmənnasız əl tutmusan çoxuna
Var olsun əl tutan əllərin ey dost.

Qədrini qəlblərə köçənlər bilər,
Yaxşını yamandan seçənlər bilər,
“Yusif bulağı”ndan içənlər bilər –
Fəxr edir səninlə ellərin ey dost!

Bir “dost”uma

tərk etdim o Qazax adlanan yurdu,
orda zəhərlədi hər nəfəs məni…
S.Vurğun

deyirsən ki, nə gətirim Qazaxdan
orda öldürdüyüm çağları gətir.
qopart Göyəzəni, götür Aveyi
çıxarıb kökündən dağları gətir.

Damcılı bulaqdan bircə dolça su…
“Göycə sultan” döşür bir cib dolusu,
bostanda qarpızın yoxsa sulusu
uralar üstündə tağları gətir…

Sirr

bir sirr var mənlə Allah arasında,
onu bir O bilir, bir mən.
bir mən var sirrlə Allah arasında,
o heç nəyi bilmir.
bir Allah var mənlə sirr arasında
O, hər şeyi bilir…

Arzu

insanlar ölsə də, insanlıq ölməsin!
insanlar sınsa da, insanlıq sınmasın!
adilər ölsə də, adillər ölməsin!
aqillər ölsə də, ağıllar ölməsin,
yoxsa Qiyamət qopar!..

***
üzlər düzdən dönməyibdir
vicdan odu sönməyibdir
insanlıq ölməyibdir
mən elə bilirdim ki…

ismətin üzü ağdı
qeyrət haqlıdı, haqqdı
ədalət hələ sağdı
mən elə bilirdim ki…

insaf yox ola bilməz,
zalım sağ ola bilməz
qara, ağ ola bilməz
mən elə bilirdim ki…

adam, həm də insandı
“insanlar” da insandı
yaşamaq zad asandı
mən də bilirdim ki…

əyri düz ola bilməz
oğlan qız ola bilməz
buna söz ola bilməz
mən elə bilirdim ki…
2012.

Oyanış

dənizlər göz yaşıymış
qayalar baş daşıymışsən demə…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.