Ana səhifə BAŞ YAZI Çiynimə baş qoyanlarım, aparar çiyində məni…

Çiynimə baş qoyanlarım, aparar çiyində məni…

Müəllif: Bizim Yazı
105 baxış

 

Emil RASİMOĞLU

/1991-ci il iyun ayının 27-də Salyan rayonunun Yuxarı Xalac kəndində doğulub.
Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin tələbəsi,
DGTYB-nin üzvüdür/

 

 

 

Ömür axır…

Allah sevib ruhum üstə,
Göndəribdi bəndə məni.
Sıfırına doğru çəkir,
Həyat gündə, gündə məni.

Vaxtla bürünə-bürünə,
Ömür axır su yerinə,
Tanrı dünya təndirinə,
Eyləyibdi kündə məni.

Qucağımda uyanlarım,
Nəfəsimlə doyanlarım,
Çiynimə baş qoyanlarım,
Aparar çiyində məni.

…Mən imişəm

Buluda bənzər ürəyi,
Saxlayan göy,mən imişəm.
Bağrı ildırımlar ilə,
Dağlanan, hey mən imişəm.

Verən yox ömrün əvəzin,
Daha tükənib nəfəsim,
Qəm əlində həzin -həzin,
Sızlayan ney, mən imişəm.

Baş altında bükük dizli,
Ovucları qoşa gözlü,
Ürəyində gizli-gizli,
Edən giley mən imişəm.

…Yer tapammadım

Yerində yer tapammadım,
Gündüzümdü şərin,Tanrı.
Heç olmasa dərgahında,
Varmı mənə yerin, Tanrı.

Günüm gümanla ötüşür,
Səmam dumanla ötüşür,
Nəfəsim qanla ötüşür,
Bilirsənmi sirrin, Tanrı.

Ruhumu tən, verən gündən,
Mənə məsgən verən gündən,
Ömrümü sən verən gündən,
Ələyir xəlbirin, Tanrı.

Göyünə əllərim çatmır,
Beşiyinə könlüm yatmır,
Gecəminsə ayı batmır,
Açıla səhərim, Tanrı.

Öz cisminə bələk istər,
Yarpağına külək istər,
Ölünə bənzəmək istər,
Bəxtindən çox dirin, Tanrı.

Zamanın axarında…

Hicrana bülənd olur,
Bir sevdanın axırı.
Zamanın axarında,
Hər insanın axırı.

Din yol çəkdi Tanrıya,
Ruh gərəkdi Tanrıya,
Yetişməkdi Tanrıya,
Yerdə canın axırı.

Nə qəlbdə kədər öldü,
Nə dizlərim dikəldi,
Nə mənim sonum gəldi,
Nə dünyanın axırı.

Gəlib döndük…

Zülmü çoxmuş İlahinin,
bəndəsinə bu dünyanın.
Çevrilmişik təndirində,
Kündəsinə bu dünyanın.

Özündən qaçmaq öyrədir,
Əzabla qorxmaq öyrədir,
Həyat ağlatmaq öyrədir,
Körpəsinə bu dünyanın.

Yağan yağış olmayasan,
Ömrü qarış olmayasan,
Beləcə tuş olmayasan,
Gülləsinə bu dünyanın.

Bax! sinəmin gileyinə,
Qara gecəm ağ geyinə,
Yolum düşüb quzeyinə,
kölgəsinə bu dünyanın.

Haqq dilində sir oxunan,
Ömürdü! ömür,oxunan,
Gəlib döndük bir oxunan,
Nəğməsinə bu dünyanın.

Bəşər oğlu unutma sən!
Zamanındı ömrü kəsən.
Düşmüsənsə ölümdəsən,
Pəncəsinə bu dünyanın.

Yarandım

Tanrıdan gələn eşqin,
Mayasından yarandım.
Odundan, torpağından,
Havasından yarandım.

Keçdiyim sirli qatın,
Verən yoxdu isbatın,
Bu külli-kainatın,
Yiyəsindən yarandım.

Ruhumun gəldiyi yol,
Çox ruhlara açıb qol,
Dünya kimi bircə “Ol”,
Sədasından yarandım.

Bizik

Bu dünya şahmatdı, şah olsaq belə,
Fələyin oynunda mat olan bizik.
Zamanın hökmüylə vaxt yetişəndə,
Dünyadan dünyaya atılan bizik.

Büllur uca Eşqə qəddini əyən,
Gündə taleyindən bir libas geyən,
Sevinib göylərdən qanad istəyən,
Ağlayıb qaşları çatılan bizik.

Nə varsa qovuşub,gahdan ayrılıb,
İçimdə sevincim ahdan ayrılıb.
Ömür qurtaranda ruhdan ayrılıb,
Torpağa qarışıb,qatılan bizik.

Mən

Ölümü cismimə qənim kəsərəm,
Bilsəm nahaq yerdə sus dururam mən.
Tanrının sevgisin qəlbə bənd edib,
İblisi,şeytanı susdururam mən.

Gözünü yoluna dik,Yaradanın,
Əyil qarşısında çök,Yaradanın,
Eşqinə bürünüb, tək Yaradanın,
İçimdə nəfsimi küsdürürəm mən.

Ölmürsə doğulan sözüm,ölmürəm,
Tapıram dərdlərə dözüm,ölmürəm,
Günü öldürürəm,özüm ölmürəm,
Hələki günləri basdırıram mən.

…Qayıdıb gedər

Enibdi ruhum Tanrının,
Dünya adlı səhrasına.
Nəvaxtsa qayıdıb gedər,
Öz evinə,binasına.

Burulğandı,küləkdi dərd,
Qarşısında yox imiş həd,
Ömrümüzlə çəkdik sərhəd,
Olum-ölüm arasına.

Can nisgildə əriyirmiş,
Əzabları kürüyürmüş,
Həyat qəfl bürüyürmüş,
Bəxti günün qarasına.

Salıb yurda iz,gedirik,
Hey gecə-gündüz,gedirik,
Gör dünyanın biz gedirik,
Harasından harasına.

Gün var ki,dağlayıb bizi,
Qəmlə qucaqlayıb bizi,
Ümidlər saxlayıb bizi,
Bəxti günün qarasına.

…dünyanın hesabı

Ölməz ruhu mələklər,
Quru cismi yer çəkir.
Bu dünyanın hesabın,
O dünya bir-bir çəkir

Günahla kəhkəşanı,
Tərk edəndə cahanı,
Axirətdə cəzanı,
Yalnız müqəssir çəkir.

Dərdli Tanrı qulları,
Ömür gedən yol yarı,
Gözlər sonsuz yolları,
Yollar gözə tor çəkir.

Suçum çiynimdə durdu,
Gündən-günə doğurdu,
İndi məndən ağırdı,
Canım nələr gör çəkir…

Xatirələrdə…

Vurulan gözlərimi,
Mən sənsiz qucaqladım.
Ahımla kirpiyimə,
Qəmdən şələ bağladım.

Yoxdu daha mümkünü,
Geydik həsrət kürkünü,
Əkdiyimiz sevgini,
Gedərkən oraqladın.

Baxmadın cihadıma,
Su çilədin oduma,
Salıb səni yadıma,
Öz halıma ağladım.

Ayrılıq döndü dərdə,
Gecəm oldu səhər də,
Bircə xatirələrdə,
Olanları saxladım.

Qayıtmarıq…

Qayıtmarıq can qurtarıb,
Çıxsaq çölünə dünyanın.
Allah şahid,nələr çəkir,
Düşən əlinə dünyanın.

Vaxtı bölük-bölük verir,
Yol var tilsim,hörük verir,
Fələk dərdi böyük verir,
Böyük filinə dünyanın.

İşıq yoxsa kölgəsində,
Qəm oduna gəl isin də,
Yük olmuşuq şələsində,
Haqdan belinə dünyanın.

Ruhla yanan ocaqlarıq,
Torpağını qucaqlarıq,
Bəlkə hönkürüb ağlarıq,
Baxsaq şəklinə dünyanın.

Sirlərini Tanrı bilir,
Gah küskündü,gah sevilir,
Canlı ağac da,çevrilir,
Sonda külünə dünyanın.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.