Ana səhifə BAŞ YAZI Çanaqqaladan Çiçək Mahmudqızına çiçək kimi sözlər…

Çanaqqaladan Çiçək Mahmudqızına çiçək kimi sözlər…

Müəllif: Bizim Yazı
328 baxış

Məmməd İSMAYIL 

Çiçkək Mahmudqızını ilk öncə bir proqram aparıcısı kimi tanıdım. Televiziyanın nə demək olduğunu mən hələ televiziyanın həyatımıza elə də yayğın şəkildə girməyə “macal” tapmadığı gənclik çağlarımdan bilirəm. Mənim gəncliyim hardasa Azərbaycan televiziyasının uşaqlıq çağlarını yaşadığı vaxtlara düşmüşdü. Başqalarının gözündə televiziyada çalışmaq bir ayrıcalıq olsa da, mən televiziyanın yaradıcı adamdan nəyi var, necə görünməz bir əllə sorub apardığını öz həyatımda yaşadım. Televiziya şeirlə, sənətlə uğraşan adamın yeri deyil hardasa. Amma öyrənəndə ki, Ciçək xanımın günləri televiziya binasında havaya üfürülmür, o, yalnızca tamaşaçıların həyəcanla gözlədiyi və heyranlıqla seyr etdiyi ədəbi-bedii proqramın hazırlayanı və aparıcısıdır, bu məni sevindirdi. Və bir neçə proqramını izlədikdən sonra hiss etdim ki, bu xanımçün, aparıcılığı da şerə qovuşmaq üçün bir bəhanədir, əslində hazırladığı hər proqram onunçün ilhamla görüş yeridir. Bəlkə belə olduğuna görə də əyalət televizyalarında hazırladığı proqramlar amansız reytinq yarışında mərkəzi televiziya kanalları proqramlarını geridə qoyur. Bu, ilhama və sevgiyə qeyri-adi canatımın son ucudur. Həm də Azərbaycanda sənətin, sazın-sözün urvatdan salındığı, məqsədyönlü bir şəkildə “kütləviləşdirildiyi” bir zamanda Çiçək xanımın proqramlarını dəyəri daha da artır.
Sonra Çiçək xanım şeir yazdığını da öyrənəcəkdim…Və bəlkə sazla-sözlə haşır-nəşir olan, sevilən bir proqram araya, ərsiyə gətirmək cəsarət və canatımını da onun poetik ilhamında aramaq gərəkir.
Rus şairi Nikolay Tixonov haçansa yarızarafat, yarıciddi “Azərbaycan xalqı şair xalqdı” demiş, millətimizin, xüsusən qadın və qızlarımın qulağını səsə salmışdı… İndi gərək sanal ortamdan-internetdən, gərəksə də qəzet və jurnal səhifələrindən qız, qadın şeir yazanlarının ad bolluğundan diksinmək dərəcəsinə gəldiyimiz bir vaxtda onların arasında istedadlı birini görəndə adamın içinə elə “qadın”, “qız” sözləri qədər gur bir işıq düşür. Çiçək Məmmədovanın şeirlərini oxumağa “bismillahla” başladım. Və çox şükür ki, xəyal qırıqlığına uğramadım. İndi misal gətirəcəyim ayrı-ayrı şeirlərindən aldığım misralar özləri özlərini oxucu gözləri qarşısında ucaldacaq səviyyədədir:

…Sən istə, canımdan can alım verim,
Lalə yanağımdan qan alım verim,
Səhərin gözündən dan alım verim,
Gecənin üzündən ay verim sənə.

…Yarıb qayaları, çapıb daşları
Bir dərdim yol gəlir dəvə belində.
Mənim nisgilimin dilimi var ki?
Oxudur daşları kəklik dilində.

…Ruhum kimi ay qərq olub qəhərə,
Ülkər arzum axıb çıxmır səhərə.
Pıçıltıyla can-can deyib min kərə
Sinən üstə ölmək üçün darıxdım.

Bu gülün şəhdini arılar çəkdi,
Bu gülün nazını çəkən olmadı.
…Çiçək arzum soldu axı,
Hicran uzun yoldu axı,

Gecəm səhər oldu axı,
Qürubum-danım, hardasan?
…Bəndi, bərəsimi vardı könlümün,
Amanat yuvaydı, dağıldı getdi.

Neynirsən axtarıb gidi dünyanı,
Bu qız da bir yuxu, nağıldı getdi.

***
Mənim də kəbinim dərdnən kəsilib,
Şükür ki, getməyə dərdim-sərim var.
Bağlama üzümə könül qapını,
Mənim o könüldə məzar yerim var.

…Gül şehincə bir ahıydım,
Gül könlünə pənahıydım,
Mən eşq adlı günahıydım,
Suçdum, üzü sənsizliyə.

…Dərdimin dərmanı-dəvalı sevda
Deyirdin sev, sevil-səfalı sevda,
Bir perikmiş ruhla, havalı sevda
Gördülər köç yolu talandı, getdi.

Adamlar adlarına çəkir deyirlər. Çiçək xanımın bu şeir gəzişmələrində bir çiçək ətri və çiçək zərifliyi var. Hətta “çiçək” sözü deyərdim ki, hər kəsdən daha çox onun şeirlərindən boy göstərir. Mənim şairlər üçün sənət ölçüm yazdıqları arasında bütöv, kamil bir şerinin var olub-olmamasına dayanır. Bir şairin ilham nəfəsi bötöv bir şerə çatmırsa, ayrı-ayrı uğurlu tapıntı misralar mərmərdən qopan qırıntılar kimi nə işə yarar ki?! Sevindirici haldır ki, Çiçək xanımda bütöv şerilər az deyil. Fikrimə söykək üçün onlardan birini misal gətirir və mühakimə yürütməyi oxucuların ixtiyarına buraxıram!

GÖZÜN AYDIN

Bu sevda havalı dəli ozandı,
Nəyi itirmişdi,nəyi qazandı?
Çölüm çiçək açdı, içim xəzandı,
Düşdü aramıza qış, gözün aydın.

Daha könlüm – çiçək, ürəyim – arı,
Neyləyəcək mənə bu dağın qarı,
Süzüb badələrə ayrılıqları,
Mey bilib eylədim nuş, gözün aydın.

Bir ömür yaşadım dünya heçində,
Bihudə dolandım səhra içində,
Xəyallarım gedir durna köçündə,
Olub bir köçəri quş, gözün aydın.

Leyli pərvanələr oduma gəlmir,
Küsgün xatirələr dadıma gəlmir,
Adın, rəngin, ətrin yadıma gəlmir,
Qalmayıb başımda huş, gözün aydın.

Və mənə də yalnız belə içdən gələn şerlərinə görə həm Çiçək xanıma, həm də oxucusuna “Gözləriniz aydın” deməkdən başqa bir şey qalmır.

Mart, 2014. Çanaqqala-TÜRKİYƏ

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.