Ana səhifə YAZILAR bu yaz. ax bu yaz bu yaz…

bu yaz. ax bu yaz bu yaz…

Müəllif: Bizim Yazı
554 baxış

Əli Şirin ŞÜKÜRLÜnün qeyri-adi şeirləri

itkin

şaxtada yoxa çıxdı
gözlənilmədən – 22 yaşında.

səsi özündən sonra yox oldu tədricən azala-azala.
son sözü şaxta boyu üzü yuxarı çevrilib sədaya
hardasa itdi. itdi hardasa, amma hardasa
movcudolmada yəqin ki. hər varlığa bir yoxluq,
hər yoxluğa bir varlıq hakim kəsilər həmişə.

hara qeyb ola bilər – çox axtardılar,
bütün şaxtanı ələk-vələk eləyib
həyacan təbili çaldılar.

qəfil
bir adam peyda oldu cavan itən yerdə,
təxminən 65-70 yaşında saç-saqqalı ağarmış.
eynən itən cavanı xatırladırdı
gözlərində sevinc qorxu qarışıq:

bu mənəm, – itən səsiydi qayıtmışdı sanki – hüznlü,
özü kimi dəyişmiş formada. qəfildən
bir dəliyə düşdüm. uçurdum çevrə boyunca.
cürbəcür hadisələrdən, müxtəlif məkanlardan
keçirdim sürətlə;
dayanmaq istəsəm də
qəbul etmirdi məni məkanlardan bəzisi,
sanki bir sıxlıq hökm sürürdü orda, ilk baxışdan
əşyalar arasında boşluq  nəzərə çarpsa da.
bəzi məkanlarsa özü cəzb edib saxlayırdı.
canlılar həm adama, həm heyvana,
həm də bitkiyə bənzəyirdi.
indi yuxu kimi gəlir mənə gördüklərim,
çoxdan yaşanmış yuxu kimi. çoxunu
xatırlamıram nədənsə.

yaşlı biri:
-qocalıb zavallı yarım saat ərzində

yaraşıqlı gənc:
-bütün cavanlığını itirdi

həyatı sevən:
-yox. az qala bütün ömrü keçdi hədərə

intihar barədə düşünən:
-nə yaxşı. 50 il irəli düşdü

hərə bir söz deyirdi çaşqınlıq içində.

cavan qocanın və ya qoca cavanın
üzündəsə təbəssüm:
-yaşayıram hələ də.

qəribə hadisə

qəribə hadisə gəlib başıma
o gün:

səhər yuxudan oyanıb
adətim üzrə
seyr edirəm pəncərədən:
görünən
bir parça torpaq,
bir parşa dəniz,
bir parça göy üzü –
payıma düşən.

seyr etdim. seyr etdim. seyr etdim
və hazırlaşıb çıxdım evdən. dəhlizdə
güzgü dayanır; sonuncu o yola salır məni
həmişə, daha dürüstü – güzgüdəki əksim.

çıxıram evdən və gedirəm.
adi iş günlərindən biridir.
başım üstündəki səma
o bir parça göy üzündən geniş,
sahili boyu keçdiyim dəniz
o bir parça dənizdən böyük,
üstü ilə hərəkət etdiyim torpaq
o bir parça torpaqdan çox.
yəni

payıma düşən
o bir parça göy üzünü,
o bir parça dənizi,
o bir parça torpağı
deyirəm.

qəflətən görürəm
uçur bir parça göy üzü – qartala bənzəyir,
caynağında bir parça dəniz, bir parça torpaq.
elə bil hər biri altçoxluq; qopub
ayrılıb iri bir çoxluqdan.

doğma gəlir mənə. qaçıram arxasınca çığıra-çığıra.
səsim çıxmır, az qala boğuluram. güzgüdən
əksim çıxıb gəlir ardımca, pəncərəni daşıyır özüylə.

bu an telefon zəng çalır. ayılıram xəyaldan.
bilmirəm, bəlkə də huş aparmışdı məni. amma
sanki gerçək hadisə idi baş verən, içində də mən.
qoşulub o hadisəyə gözdən itirəm.

axşam dönürəm evə.
pəncərənin qarşısında dirək.
sancılıb bir parça torpağa,
başı bir parça səmada,
“üzü” bir parça dənizə.

dəhliz boşdu. dəyişilib yeri güzgünün.
əksim fərqli görünür mənə indi.
bir parça torpağın,
bir parça göy üzünün,
bir parça dənizin
qüssəsi çöküb əksimə
və heyrətlə baxır üzümə.

bir qış gecəsi – müxtəlif talelər

eyni ildə, eyni gündə
doğulmuşuq –
soyuq qış gecələrinin birində.

eyni məktəbdə, eyni sinifdə
oxuyardıq.
dostluq etdiyimi xatırlamıram
onunla,
nə barədə söhbət etmişik – o da
yadımda deyil.

o kənddə yaşayır indi. ustadır.
ev tikir yəni. daşı daş üstə qoyur.

mən şəhərdə yaşayıram. şeir yazıram.
sözü sözə calayıram.

səhv etmirəmsə
cəmi bir neçə dəfə görüşmüşük
ötən illər ərzində – o da təsadüfən.

adı İsgəndərdi onun.
anam tez-tez xatırlayardı
o gecəni – mən doğulduğum.
sevgi ilə xatırladığı o gecədə
İsgəndər də vardı.
eyni gündə doğulmuşuq onunla –
soyuq qış gecələrinin birində.
bəlkə də
eyni ulduz altında.

iki ana bir-birini tanıyan;
iki insan doğmuşdu
eyni gündə –
soyuq qış gecələrinin birində.

o iki ananın oğlu
o iki insan bir-birini tanıyır
uzun illərdi.

o iki insan
eyni ildə, eyni gündə doğulub
uzun qış gecələrinin birində, bəlkə
eyni ulduz altında.

o iki insan uzun illərdi
ayrı-ayrı tale yaşayır.

yağış, gölməçə və günəş
(minimalist şeir)

yağış
yağış yağış
yağış yağış yağış
yağış yağış yağış yağış…

gölməçə gölməçə gölməçə… gölməçələr

yağış yağış yağış yağış…
yağış yağış yağış…
yağış yağış…
yağış…

gün çıxır
gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır gün çıxır…
quruyur gölməşələr

yenə yağış
yenə yağış yenə gölməçə
yenə yağış yenə gölməçə yenə günəş
……………………………………

yaranan hər şey
öz-özünü sonsuz təkrar edər
                     … – 01.04.2017

bir günün hekayəsi
(şeir-esse)

işıq düşür otağa tədricən. qaranlıqdan çıxır əşyalar.
ilk baxışdan hər şey olduğu kimi. dəyişməyib əşyalar
arasında məsafə də. amma az əvvəl əşyalar gizlənmişdi
öz yoxluğunda. varolmada hər şey əslində dəyişmiş şəkildə
olsa da belə. varolmada – onu görsək də görməsək də.
əşyalar arasında dəyişməz  məsafə və əmələ gətirdiyi
məkanda mən. hazırlayıram özümü başlayan günə.
yuyunuram, idman eləyirəm, geyinirəm və sairə –
mənimçün var olan dünyanın şəklini çəkir idrakım,
şəklini çəkir ayırır obyektiv varolmadan. yalnız
o şəkillərdən danışıram, daha dəqiq – danışa bilərəm
hazırda. deməli belə:

***
çıxıram evdən. vərdiş etdiyim əşyalar, ev, adamlar
yenə gizlənir öz yoxluğunda, –  yenə varolmada məndən
xəbərsiz. milyon-milyon əşyalar, milyon-milyon evlər,
milyon-milyon adamlar kimi.
indi şəhərin həyətinə beton döşənmiş məkanlarından
birindəyəm. beton üzərində çəmənlik. öncə bir parça
yaşıllıq saxlayır məni. sonra çəmənlikdə darıxan ağaclar,
sonra yaşıllığı dimdikləyən quş.

çəmənlik – yamyaşıl
qonubdu
qaratoyuq – qapqara toyuq
dimdiyi sapsarı toyuq
uçub getdi qəfildən
çəmənlikdə
yoxluğu qaldı dən-dən
qaratoyuq – dimdiyi sarı toyuq
nə apardı uçub getdiyi yerdən

uzaqlaşıram. o məkanda çəmənlik qalır, çəmənlikdə ağacalar,
bir  də mənim və quşun yoxluğu.

***
7-ci mərtəbəyə qalxıram liftlə. lift – eynən paraleliped şəklində.
iri bir həndəsi fiqur; sıxlıq və məhdudluq. belə vəziyyətdə anlaşılır
sonsuzluğun doğurduğu azadlıq. harda səma gizlənər, harda səma
örtülərsə azalar azadlıq. qalxıb enən adamlara baxıram, – müxtəlif
yaşda, müxtəlif görkəmdə. kimi qalxır, kimi enir. kimi enir, kimi
qalxır. paralel xətlər boyu baş verir eniş və yoxuş. kimini
hüdudsuzluq gözləyir səma altında, kimini məhdudiyyət paraleliped
şəklində. bütün qalxıb-enmələr əbədilikdən xəbər verər, özü də
usandırıcı, bir az da mənasız əbədilikdən.

bərbəzəkli evdə hüzür məclisi. gözüm saata sataşır  mərhumun
şəkli qoyulmuş dolabın üstündə. şəkil çəkdirər, zamanı
dondurmaq keçər könlündən. amma donmuş məkan boylanar
şəkildən adamın üzünə.

öldü
saatı işləyir hələ də
dolabın üstündə.

***
məzarlıqda daşlar üzərindəki yazıları oxuyuram. maraqlı
bir hekayət oxuyacaq kimi dayanıram həmişə daşlara həkk
olmuş yazılar qarşısında. iki müxtəlif  rəqəmlər arasında
hadisələr – insan həyatı; eyni yolda müxtəlif  hadisələrdi talelər.
fərqli əyrilər cızca da eyni nöqtədə kəsişmələr var. pozulur
qanunu efklid həndəsəsinin. paralel düz xətlər kəsişər burda.

xatırlamaz insan
dünyanı ilk gördüyü anı
son gördüyünü də

iki unutqanlıq arasında –
həyat

***
qaranlıq düşür yavaş-yavaş. gizlənir öz yoxluğunda yenə
tanış əşyalar, tanış ev, tanış adamlar. görmədiyim
milyon-milyon əşyalar, milyon-milyon evlər, milyon-milyon
adamlar kimi. sevgi şeiri pıçıldayıram əbədi fanilikdə:

mən səni sevirəm
amma unutrmaq istəyirəm səni
səni sevincə

sevmək
min yol ölüb-dirilməkdi

mən səni sevirəm
sevirəm səni ölüncə
amma unutmaq istəyirəm
yox yox…

unutmağı unutmaq istəyirəm
səni sevincə

***
bir gün də azalır bu yazdan. azalmada hər şey.
harda ki mən yoxam gizlənər o yoxluqda
var olanlar. bu gün də ayrılır şəkil kimi dünyadan.
təsviri yaddaşımda – nə qədər yaşayacaq görəsən.

bu yaz.  ax bu yaz bu yaz.
ax bu yazı bu yazı…
heç nə yaza bilmədim
nə qaldı bu yazdan
nə qaldı bu yaza bilmədim

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.