Ana səhifə YAZILAR Barıt qoxulu odun (hekayə)

Barıt qoxulu odun (hekayə)

Müəllif: Bizim Yazı
662 baxış

Aliq Nağıoğlu

Bu il Yeni Zelandiyada yaşayan oğlu uzun ayrılıqdan sonra kəndə gəlmişdi. Ər- arvad nə qədər əlləşdilərsə, evlənməyə boyun qoymadı. Oğlu: “Saxlayaq gələn səfərə, dədə. Nə işləriniz var, görün, pula qızırğanmayın”, – dedi. İlk əvvəl də odundan başlamışdılar. Qonşu dağ rayonundan iki ”Ural” maşını doğranmış odun sifariş vermişdilər. Sonra da tövlənin tinindən yeni təndirxana tikmişdilər. Bir müddət yayın qızmar istisinin altında qalan odun parçalarını ora daşıyıb səliqə- sahmanla yığdırmışdılar.

Arvadın gözlərinin yaşı dayanmırdı, “bir də ölümümə gələcəksən, amma evlənsəydin, heç olmasa iki ildə bir dəfə gələrdin, bala”, – deyirdi. Amma nə xeyiri, bütün cəhdlər boşa çıxdı, oğlu bir ayın tamamında görüşüb- öpüşüb yerinə- yurduna qayıtdı. Yenə ər- arvad qaldılar ikisi. Bu il payız da ertə düşdü, hətta yağışlar dənlik əkini nəinki əməlli- başlı yubatdı, heç başa çatdırmağa qoymadı; şum vuranlar günəşli günü gözləyə- gözləyə qaldılar ki, heç olmasa səpini icra etsinlər, ancaq yağışların ardı- arası kəsilmirdi. Şum vurmağa macal tapmayanların sahəsində torpaq suyla doyduğundan göl durmuşdu. Səhərdən yenə hava dönmüşdü, getdikcə səngiyən yağışın sulu qara keçəcəyi gözlənilirdi. Nə yaxşı ki odundan boldular. Özlərinə qalsaydı otuz metrlə kifayətlənəcəkdilər.

Heç vədə həyət bu bolluqda odun görməmişdi.

Kişi yenə axşamüstü bir təkərli əl arabasını götürüb təndirxanaya getdi. Yarımçıq sıradan daşımaq istədi, amma gördü ki, bu həftə yarıladığı odun sırası yerli- dibli yoxdur. Ürəyinə qəribə fikirlər gəlsə də, iti addımlarla evə qayıtdı, peçin yanında ayaqlarını uzadıb çıxmış damarlarını ovxalayan arvadına baxdı:
– Bu gün odun daşımamısan?- deyə soruşdu.
– Nə danışırsan, a kişi, ayaqlarımdan bayıra çıxa bilirəm. Havaxtıdır odun daşıdığım, yadıma da gəlmir. Yenə özün birtəhər elə. Mən nə gündəyəm?!
– Demədim qəzəlo oxuyasan. Hə, ya yox.
– Yox, a kişi, nə olub ki?
– Heç zad olmayıb, gedim daşıyım, yoxsa axşama qalaram,- pərt halda geri qayıtdı. Yeni sıradan başlamalı oldu. Üç araba daşıdı, ertəsi gün bu vaxta kimi bəs edirdi. Amma büruzə verməsə də narahat idi. Özünü danladı ki, yayda arvadının sözünə baxıb köhnə kitabçasına odunun sıra sayını qeyd etsəydi, indi beynini çındırmağa dəyməzdi. Hardasa oxumuşdu ki, “qırx ildə bir dəfə arvad sözünə baxarlar”. Keçib daha, onsuz da haqq- hesabı itirmişdi, gözəyarı görünən o idi ki, son günlər odun nəzərə çarpacaq dərəcədə azalıb. Əl fənərini axtarıb kepkasının içinə qoydu. Televizoru işə saldı, stəkana rəngli çay süzüb ekrana yaxın oturdu.
***
Cib telefonu gecə düz saat ikidə zəng çaldı. Yerindən qalxıb, kürkünü əyninə çəkdi, kepkasını başına keçirtdi. Əl fənərini götürüb, həyətə düşdü. Bir azdan işıqlar sönəcəkdi. Təndirxana evdən əlli metr aralıda idi. Soyuq külək qalxmışdı, axşama yaxın yağış tədricən sulu qara keçmişdi. Amma yrə düşən qar qalmır, əriyirdi. Göyün üzündə ulduz görünmürdü. Hava kəskin soyumuşdu, bir azdan sulu qarın qara keçəcəyi ehtimal ediləndi. Dəniz tərəfdən əsən sazaq üzünə vurduqda evin istisini bir anda unutdurdu. Təndirxanaya girəndə astadan öskürdü, əl fənərini yandırıb içəri işıq saldı. Yeni başladığı sıra axşamüstü qoyub getdiyi kimi idi. Burda çox dayanmadı. Evə qayıdıb peçə odun atdı, soyuyan çayniki qızmaq üçün üstünə qoydu.

Təzədən həyətə düşdü. Son illər bircə inəyə və balasına dayanmış təsərrüfatının tövlə qapısının kilidini açdı. Beş- altı il əvvələ qədər tövlə qapısana açar vurmazdı, amma kənddə son illər baş verən oğurluq hadisələri məcbur etmişdi ki, işini ehtiyatlı tutsun. İnəyi təpikləyib durğuzdu, ağızlı bellə altını kürüyüb küncə yığdı. Dolu su vedrəsini heyvanın qabağına qoydu. Suyu içənədək günortdan açdığı ot bağlamasından bir büküm axuruna qoyub didələdi. Yenə işığı keçirib qapını kilidlədi.

Bayırda külək güclənmişdi. Göydə uçuşan xırda qar dənələri daha sürətlə sifətini yalayırdı. Həyətin başında yanan tək işıq lampası sönəndə evə tərəf addımladı. Yatdıqları evdə neft lampasını yandırmaq lazım idi, qəfil oyanan arvadı işığın söndüyünü görüb üşənə bilərdi. Amma işıqlar yanan vaxtı həyətdə yanan lampanın gur işığı pəncərədən evə düşürdü; neft lampasına ehtiyac olmurdu.

Lampanın işığını nizamlayıb dəyirmi mizin üstünə qoydu. Yuxusu qaçmışdı, odun məsələsi əməlli- başlı kürkünə birə salmışdı. Yayda alınan odun keyfiyyətli və quru olur, həm də ucuz başa gəlir. Yağışlar düşəndən isə bir xeyli bahalaşmış, quru odun ceyranın belinə qalxmışdı.
Arvadının vəziyyəti də yaxşı deyildi. Xaricdəki oğlu burda olanda vəziyyəti ona anlatmışdı, ikisi qalanda ağlayıb yalvarmışdı ki, anasına xatir evlənsin. Amma oğlu bu işi növbəti dəfəyə saxlamağı xahiş etmişdi. Neyləməli, dözmək lazımdı, indiki cavanlar onsuz da son qərarı özləri verirdi. Amma bu odunun azalması adi bir iş deyildi. Buna əncam etmək lazımdı, oturub səhərə kimi güdməli deyildi ki… Çox şeyləri götür- qoy etdikcə beyni ağırlaşırdı, çırthaçırtla yanan peçin istisi evi yaxşıca qızdırmışdı. Bu qarışıq fikirlərin təsiri altında nə vaxt yuxuladığını hiss etməmişdi.

***
Səhər yenə cib telefonunun zənginə ayıldı. Odun peçi söndüyündən otaq soyuyub buza dönmüşdü. Arvadının yorğanın altından xorultusu otağı başına götürmüşdü. Əynini qalınlaşdırdı, kepkasını başına keçirib həyətə düşdü. Gecə qar yağmışdı. Evlərin, köməkçi tikililərin dam örtükləri, ağaclar, yollar ağappaqdı. Bölgəyə xeyli müddətdi bu tezlikdə qar düşmürdü. Havanın da sanki köpü alınmışdı: tam sakitlik idi, qar da yağmağa ara vermişdi. Birinci mərtəbəyə düşüb neftə batırdığı təzəyi, qalamaq üçün alt çırpısını odun qabına yığıb evə qayıtdı. Peçi qaladı, qəhvədanı su ilə doldurub onun üstünə qoydu. Tövləyə getmək hələ tez olduğundan təndirxanaya cumdu. Gözlərinə inanmadı: yeni sıra yarıdan çox azalmışdı. Elə bil başına qaynar su töküldü, bədəninə istilik gəldi, amma təndirxananın ətrafında ayaq izləri yox idi. Gələn hər kimsə işini qar yağanadək görmüşdü. “Çox tədbirli adamdır, kəmfürsət oğlu iz qoymamaq üçün qar yağmazdan qabaq işini başa çatdırıb. Bəlkə də kənara çəkilib məni güdürmüş, evə girən kimi işini görüb. İşıqların sönməyi də yaxşı fürsətdir. Fikirləşib bir şey edim gərək.” Qonşulardan şübhələnməyə dəyməzdi, arxa və ön evlərin sahibi uzun müddətdi xaricdə olurdu. Bu vaxtda ancaq yayda iki dəfə gəlmişdilər. Həyət- bacaya da göz olmağı ona tapşırmışdılar.
Peç evi qızdırmaqda idi, arvadı yuxudan oyanıb əynini geyinirdi.
– Qar yağıb,- ağızucu dedi.
– Yerinə- yurduna yağıb, ay kişi, o da lazımdı. Keçən il quraqlıq keçdi, əməlli taxıl, ot olmadı. Özü bilən məsləhətdi. Odunumuz, otumuz.- Arvad kişisinin duruxduğunu görüb:
– Ə-ə, nə kırıxıbsan, harasa gedənə oxşayırsan. Səhər- səhər nolubdu, qoy camaat yerindən dursun.
– Həə, düz tapmısan, amma yanına gedəcəyim adam onsuz da hamıdan tez durur, çatammasam qaldı axşama. Söz soruşacam, geciksəm inəyə baş çəkməyi  unutma. Qayıdıb süd doğramac yeyəcəm.
***
Kənddə hamının Odunçu kimi tanıdığı adam maşının kapotunu qaldırıb orda qurdalanırdı. Onu görcək bulaşıq əllərini əsgi ilə silib yerə atıldı.
– Elə qar arzusundaydıq, bu da qar… Qurban olum sənə İlahi, biz nəkarəyik ki… Sabahın xeyir, ağsaqqal, nə tezdən durmusan. Bu vaxtı kənd yatır, qabaqkı zaman deyil eyy, işsizlik- gücsüzlük lodurlaşdırdı bizi… Xeyir ola?
– Xeyir olar, inşallah! Söz soruşacağam.
– Buyur, soruş, amma mən söz işinə baxmıram, odunçu babayam, yəqin sənin sözünün oduna dəxli var.
– Əlbəttə, Allah köməyin olsun. Bilmək istəyirəm, bu yay kənddən kim odun almayıb.
Odunçu bir an duruxdu, fikirli- fikirli silgiyə baxıb soruşdu:
– Təzə vəzifən- zadın var, ağsaqqal? Ya məni zibilə- filana salmaq istəyirsən? Onsuz da meşəbəyidən tutmuş, ekologiya, yol polisi, sahə müvəkkilinəcən hamının haqqını verirəm. Birinə çatmasa, dədəmə od vurar. Sən də sakit adamsan, heç bu yay odunu məndən almamısan, amma neynək, o adam da bizdəndir.
– Yox ey, yox, sənə sonra deyərəm bu nə üçün lazımdır… Xatalı işlərdən uzağam, amma köməyini əsirgəmə, qadan mənə…
– İndi yol üstəyəm, köməkçiləri gözləyirəm, gəlsinlər odun aparacağam, bizinkilər ucuz vaxtı almırlar ki, bahalaşanda, qar qapını kəsəndə əl- ayağa düşürlər. Sənin sifarişin adi iş deyil, axşam gərək oturam, siyahıya bir- bir baxam.
Belələri bir- iki nəfər ola- olmaya, amma gərək üzləşdirəm. Başqa kənddəki klentləri də axtarım?
– Yox ey, yox, ancaq öz kəndimizi…
– Arxayın ol, ağsaqqal…
Odunçudan ayrılıb birbaşa Ustanın yanına gəldi. Kəndin yeganə ağac ustası olduğundan işi çox olurdu, odur ki, ancaq işıq sönəndə dincəlirdi. Ayaqlarını çırpa- çırpa içəri girdi.
– Allah işini avand eləsin, Usta.- Pəncərədən onun gəldiyini görmüşdü, yeriyib dəzgahı söndürdü.
– Xoş gəlibsən, səndən nə əcəb bu vaxtı. Yıxılıb yata bilmirdin?- əllərini alnına çəkib ona tərəf gəldi. Aralarında xeyli yaş fərqi olsa da, onunla beyni xoşdu, söhbətləri tuturdu.
– Yatmağa qoyurlar ki, mərdimazar uşağı…
– Kim yenə xətrinə dəyib sənin…
– Bu yay tikdiyin təndirxanaya qapı düzəldirdin, ancaq sözünü qəribçiliyə saldım…
– Odununu aparırlar.
– Nə bildin, Usta?- heyrətlə soruşdu.
– Təndirxanada odundan başqa bir şeymi olur? Adı təndirlə bağlıdır, amma camaatımız tənbəlləşib, hər kəs keçib peçkaya… Ya da alınma çörəyə…
– İmansız oğlunun rəhmi- zadı yoxdur.
– Oğru qansız olur, kefini pozma.
– Yava şeydir, yaman dadanıb. Səndən nə gizlədim, Odunçunun yanından gəlirəm, ona gənəşdim…
– Nəyi?
– Bu yay odun almayanların siyahısını…
– Hər işdə sübut olmalıdır. Sən yaxşısı budur, yatma güd, tutacaqsan. Mənim qaz saxlamağımı bilməyən yoxdu. İşim ağırdır, qaz ətinə tutdurmuşam özümü. Dənini çatdıra bilmirəm, arada ötürürəm xəsilliyə. Həftədə biri- ikisi yoxa çıxır.
– Tülkünün işi deyil, özüm görmüşəm, gücü çatmayıb qaza, döyülüb, çaqqalsa aparır, amma o da adətən gecələr ova çıxır.
– İki ayaqlı çaqqaldır. Şübhələndiyim var, di gəl əlimnən tutmamışam axı… Hərdən yanıma gəlib şirin- şirin söhbətləşir mənimlə, it oynadanın biridir. Sübutum yoxdur… İndi istəyirsən təndirxanaya qapı qoyaq, əlimdə yarımçıq işlərim çoxdur. Hamı da tələsdirir. Bu il qış tez düşdü, bizim də hazırlığımız yox. Yadımdadır, mən uşaq olanda nəşəxor birisi günün günorta çağı camaatın ördəyini, qazını daşıyırdı. Gör  ha, elə dədədən necə övlad əmələ gəldi, indi hüzür məclisində başımızı xarab eləyir, dinib- danışa da bilmirik. Bəlkə düz demirəm, ağsaqqal? Halal işdi ustalıq, gör heç qalıbmı?  Bir nəfərə dirənib.
– Elədir, düz sözə nə deyəsən. Amma sən tədbirli adamsan, bu işə əncam elə, ağrın mənə, belə getsə odun qurtaracaq. Heç vədə bu qədər odunumuz olmayıb, xaricdə olan oğlan burda olanda iki “Ural” almışdı. Arvad da naxoşdur deyən, peçimiz sönmür.
– Ac qılınca çapar.
– Başına dönüm, qurtar məni bu idbarın əlindən. Acı doyurmaq mənəmi qalıb? Yatma, deyirsən, yatmaram, səhərəcən güdərəm. İşimin adı nədir, pensiyaçı adamam, səhəri diri gözlü açaram.
– Hər kimsə hiyləgər və tədbirlidir.
– Hörmətini edərəm.
– Kişisən sən?!- yaxına gəlib onunla qabaq- qənşər dayandı.
– Şübhən- zadın var?- Tez-tez udqunsa da, baxışlarını yayındırmadı. Qəfil söz onu yaman tutmuşdu.
– Ağzıyırtıq adamlar çoxdur. İncimə. Burda kəlmə kəsirsən, evə çatmamış arvad- uşaq xəbərləyir. Heç kimə etibar- zad qalmayıb. Düz deyirsən, yaman idbara ürcah olubsan, ağsaqqal, anasının əmcəyini kəsəndi. Daşıyacaq axıracan, heç uf da deməyəcək. Bu, qaz- ördək işi deyil; quşdu buraxmazsan çölə, dədəsinə od vurdun, belini qırdın. Amma mənim ağlıma bir şey girib… – Damağına qoyduğu siqareti yandırdı.- Sizin təndirxanada gərək ki işıq xətti olmasın, ancaq əvəzində əl direlin olmalıdır, yayda işıq sönəndə karıma gəlib; onu da qoyarsan görünən yerə. Axşamüstü gələcəm ora, amma sən həndəvərə fırlanmırsan. Bir saatlıq işim olacaq. Bunu da dəqiqləşdirim: başladığın düzümdən aparır, ya təzəsindən?
– Yeni sıraya əl vurmur.
– Sən də yarımçıq düzümə əl vurmazsan: burdan gedən kimi işlətməyə yeni sıranı axıradək daşıyarsan. Elə ehtiyatlan ki, yarım ay təndirxanadan istifadə etməyəsən. Hayfımızı alaq gərək…
– Yaxşı mən gedim, işindən ayırdım səni.
– Tələsmə. Diqqət elə: yarımçıq düzümdən yandırmaq üçün bir çülə götürmürsən. Keçib daha, qoy daşısın o yarımçığı, halal xoşu olsun. Elə ki yarımçıq düzüm qurtardı, hər gecə canına cəfa qılıb güdürsən. Bu axşam da həmin düzümü əridə bilər, odur ki, gözdə- qulaqda olma. Amma istəyirsən canın qurtarsın, sonrakı gecələri oyaq qalmalısan, yarımçığı aparandan sonra ordan bir parça odun da çıxmamalıdır! Yeməyini yaxşı elə, Allah xatirinə, sən də keç qaz ətinə… Yatsan, işlər korlanacaq, – deyib gülə- gülə əlini kürəyinə vurdu. – Onu aparacağı yarımçıq sıranı yandırmağa məcbur eləməliyik. Dediklərimi təkrarlamağa ehtiyac var?
– Yox eyy, yox, qurban sənə, tutdum fikrini,- sevincək küçəyə çıxdı.
***
Ustanın arifanə planından kefi kök idi. Çoxdandı yolu necə qıvraq getdiyi yadına gəlmirdi. Ətrafda kimsə gözə dəymirdi. Ancaq evinə gedən döngəni burulanda qabağına çıxan adama nəzər saldı:
– Ürəyimizin düzlüyünə bax ha, səni arzulayırdım, gəlib evə çatmışam,- həmkəndlisi Tük Rəhman idi.
– Ağsaqqal, gecəni narahat yatana oxşayırsan.
– Yox əşşi, daş kimi yataram. Əvvəldən adətimdi.
– Sən də seriallara baxırsan? Gör kənd əhli səhərləri necə yatır. Çün doymur seriallardan.
– Yenə əl- ayağın yerə dəymir…
– Hökumətimiz deyib: ye- işlə, işlə- ye!
– Bura bax, səndə yağlı qazlar olur axı…
– Yağlı qaz da, yağlı ördək də… Özü də kəsməmişdən on gün qabaq keçmiş kələm yeşiyini başına keçirirəm: yeyir, içir, yatır- piylənir. Canım haqqı, belə baxanda mənə qalan onların tüküdür…
– Yox ey, yox, qaz istəyirəm, yağlısından, ancaq bu günə. Elə çatdır axşama keyvəni bişirsin, havalar da soyudu.
– Mənim bu çer gözüm üstə, qismətinə bax, axırıncı qazdı. Saat ikiyə kimi kəsilmiş, ütülmüş qaz sizdədir, amma, yedrana qrat, qırx manatı hazırla.
– Düzələr,- dedi və evə tələsdi.

***
Tük Rəhman qazı gətirəndə o, artıq yarım aylıq odun ehtiyatını evin altına daşıyıb qurtarmışdı. Tərlədiyindən alt paltarınadək dəyişmişdi. Həmişə üzü tüklü olsa da, Tük Rəhmanın lopa bığı seçilirdi, nədən ki siqaretin odu saraltmışdı.
– Az-az ye, yedrana qrat, qaz əti götürər səni, hi, hi, hi…- pulu cibinə soxanda bic- bic güldü.- Təmiz sabundu, görəcəksən… Nuşi can, gedim bir yüz əlli atım, canım qızsın, axşama şaxta qoyacaq, dağlara çox qarlayıb…
– Şayət yenə lazım olsa, deyərəm sənə.
– Qulluğunda hazıram, yedrana qrat, arada ördək də gətirərəm, plov altının malıdır. Uçdum eyyy…
Bir göz qırpımında yox oldu. Qonşu qadın həyətdə ayaq səslərini eşidib arvadının yanından çıxırdı. Həmişə olduğu kimi karıxmış halda salamlaşıb tələsik uzaqlaşdı. Canı hövlü otağa girdi:
– Matanı dadandırma evə, min dəfə demişəm. Nə istəyir, ver- qapıdan yola sal.- Əlindəkini ona uzatdı.- Qaz almışam, axşama döşəmə plov bişirərsən. Soyuqlar düşəndən tamarzı kimiyəm, quş əti mərizçün də məcundur.
– Özüm çağırmışdım, darıxırdım, sən də bayaqdan çöldəsən. Havalar xoş olanda küçədə görüşürdük, qar- yağışdan bəri kənddən xəbərim yoxdu. Öləndən- qalandan, təzə xəbərlərdən danışdı, Allah saxlamış. Bu yekəlikdə qazı kim yeyəcək, a kişi. Amma plov mənim də könlümə düşmüşdü. Durum, görüm neynirəm.
Qol- qıçını uzadıb yatmaq istəyirdi. Bu günü çox işləmişdi. Axşam da rahat yatacaqdı, lakin yarılanmış odunun gedəcəyini xatırlayanda bədəni gizildədi. Ustanın sözlərini xatırlayıb təskinlik tapdı. “Az qalıbdı, görək qurğuya gələcəkmi, qazdan ayıq adam?”
Yuxudan ayılanda əzaları ağrıyırdı. Qolları qırılmış kimi idi, boynunda, kürəyində sızıltılar güclənmişdi. Geyinib- keçinib həyətə düşdü. Qar günün şüaları altında ərisə də, havadakı soyuqluq azalmamışdı. Tövləyə gedib, inəyə su verdi, yem qoydu. Qapını çəkib içərini dinşədi; heyvanın yataq yeri böyük idi, şaxtalar davamlı olacaqsa, tək inək üçün soyuq ola bilərdi. Belə halda onu balaca gözə çəkmək lazım gələcəkdi.
Axşam şam hazır olan kimi yedi, soyunub tezcənə yerinə girdi. Arvadı hətta  təəccübləndi, “səndən çıxmayan iş, a kişi, son xəbərlərə baxmayacaqsan,”- soruşdu. “Mənnən işin olmasın, qoy rahat ölüm, ”- dedi. Arvadı əlli ildə xasiyyətinə bələddi, odur ki, heç nə olmamış kimi kiridi.
Səhər alaqaranlıqda ayıldı, tələm- tələsik geyindi, əl fənərini götürüb ilk növbədə təndirxanaya gəldi. Yarımçıq sıra təmizlənmişdi. Təəccüb etdi: hərifin yəqin kefi yuxarı olub, haqq- hesabı kobud surətdə pozub. Belədə kora da əyandı ki, gecə oğru girib, amma vaysınmadı. Yadına Ustanın sözləri düşdü: “Bu axşam da həmin sıranı əridə bilər…” Baxanda hər kəs öz işini görüb: “Ustanın kələyi baş tutub, hərif üstündə əməliyyat aparılan yarımçıq sıranı aparıb, indi növbə mənimdir. Beca yerə demirdi Usta, sonrakı gecələri oyaq qalmalısan, yarımçığı aparandan sonra ordan bir parça odun da çıxmamalıdır. Onu aparacağı yarımçıq sıranı yandırmağa məcbur eləməliyik. Ağıllı çıxıb, ərkansız, gör sənə necə od vuracağam. Dədəmi yandırmısan, əbləh…”
Bütün günü yeyib- içdiyi canına yatmadı. İlk qar hələ də əriməkdə davam edirdi. Qaş qaralana kimi ehtiyat lampanı neftlə doldurub silib təmizlədi, təndirxanaya gətirib ortadakı sınıq- salxaq stolun üstünə qoydu. Qaranlıq düşəndə yandırdı, işığını nizamlayıb həyətə qayıtdı. Soyuq olsa da, şaxta qoymamışdı. Ətrafda ölü sükutu vardı. Bir azdan kəndin ortasından keçən çayın üstündəki kolluqlardan çaqqalların ulaşma səsi gəlməyə başlayanda yuxarı qalxdı.
Ciblərini qutu günəbaxan tumu ilə doldurdu, qaz plitəsinin yanından iri mətbəx bıçağını götürüb qalın kürkünün qoltuq cibinə soxdu. “ İnəyin vaxtına, deyəsən az qalıb, ayaqlarını yerə çırpır, narahatdır, gərək nəzarətdən qoymayaq, bir şey olsa, xəbər elərəm.” Arvad çönüb boylanmadı da: dünən elə, bu gün belə…

***
Üç gecə səhəri diri gözlü açdı. Getdikcə vərdiş halına almağından sevinirdi; düz deyirlər, hər şeyə öyrəşməkdən asılıdır. Gündüzləri yatıb dincəlirdi. Arada arvadı “özünü yorma, ay kişi, inək doğana oxşamır, vaxtına hələ var, nədən əmcəkləri hələ şişəlmiyib, balası da erkəyə oxşayır: hər şey erkək balada yelin üstə çox qalır”,- eşitdirmişdi. Ancaq bu gün səhər yeməyindən sonra bazar qabağına çıxmaq, tükənən ərzaqları almaq üçün üzünü təmizlədi.
Bazar qabağında çox yubanmadı. Aşağıdan arvadını səslədi ki, aldıqlarını içəri ötürsün. Özünü itirmiş qarı:
– Ay kişi, sən Allah, Mata bizdədi, qəlbinə dəymə, kəndin xəbərlərini gətirib, bir yerə çıxammıram. – Selofan torbaları alıb yanına yığdı.- Xəbərimiz yoxdu, obaşdan Tük Rəhmanın odun peçi parttayıbmış, başının- üzünün tükü yanıb, qaşları, kiprikləri ütülüb. Adam arasına çıxası halı qalmayıb babalın…Ev yanırmış, eyy, qışın günündə, Allah qonşulardan razı olsun.Yaxşı ki, arvad- uşaq yanında olmayıb, yoxsa günlərini qara eləyəcəkdi…
– Tüstüdən saralsa da, əbləhin yaxşı bığları vardı, – o, gülməkdən özünü güclə saxladı.
– Sən də zarafatından qalmırsan, belə işə gülməzlər. Vaxtın olanda get dəyginən, təskinlik dilə. – Aşağı əyilib corabını əlləşdirdi. Alçaq səslə pıçıldadı:
– Odunçu səni gəzirdi, əlində də dəftər vərəqi, dedi bunu sənə verim… Deyinirdi ki, kənddə onsuz da odun almayan bir nəfərmiş, o isə canını əziyyətə salıb iki gecə siyahıynan əlləşib…
– Onu atarsan peçə… Qazın ətindən qalıbmı, arvad?
– Yarısı elə durur, a kişi, o qədəri kim yeyəsidi… Ördək ondan sərfədi…
– Qalanını ver bəri görüm, Ustanın yanına gedəcəm, qoy təpsin canına öz malı kimi… Görüm onu təndirxanaya qapı salmağa razı sala biləcəyəmmi?!
Arvadı kişinin deyinməməyinə təəccüblənsə də qalan əti gətirdi.
Qonşusu Mata hələ də otaqdan çıxmamışdı.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.