Ana səhifə BAŞ YAZI Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında yeri və rolu

Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında yeri və rolu

Müəllif: Bizim Yazı
1. 093 baxış

Tural ADIŞİRİN (ŞƏKİ; DGTYB üzvü)

Ədəbiyyatımızın hər bir inkişaf mərhələsi bizim üçün böyük maraq kəsb edir və sevə-sevə öyrənməyə borcluyuq. XX yüzildə isə ədəbiyyatımızın keçdiyi inkişaf yolu daha ziddiyyətli və maraqlıdır. Bu dönəmdə yazıb-yaradan hər bir sənətkarın yaradıcılıq yolu özəllikləri ilə seçilir. Bəllidir ki, bu yüzillik ədəbiyyatımıza Mirzə Cəlil, Sabir, Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz və.s görkəmli sənətkarlar bəxş edib. Bunların sırasında öz yaradıcılıq laboratoriyasının genişliyinə, milli və bəşəri idealına görə Bəxtiyar Vahabzadə özgü yer tutur.
Mən Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə ümumi şəkildə hələ tələbəlik illərimdən tanışam. Bu poeziya nəhənginin yaradıcılığı ilə tanış olarkən həmişə beynimdə belə bir sual dolaşıb. Bu qüdrətli şair öz yaradıcılıq qüdrətinə görə ədəbiyyatımızda kimdən sonra dayanmalıdır? Mənim qənaətim belə olub: dahi Nizami və Füzulidən. Çünki hər üç şeir nəhənginin yaradıcılığında oxşar xüsusiyyətlər çoxdur. Mənim bu qənaətim bəzi ədəbiyyat maraqlılarını təəccübləndirə bilər. Düzdür, XX yüzildə yuxarıda adlarını çəkdiyim ədəbi-ictimai fikir dahiləri var. Ancaq Bəxtiyar Vahabzadənin böyüklüyü ondadır ki, o, yaradıcılığının həcm və ideya-bədii xüsusiyyətlərinə, fikrin ifadə tərzinə görə mənəvi müəllimlərini qabaqlaya bilib. Şairin yaradıcılığı ilə tanışlıq sübut edir ki, XX əsr ədəbiyyatımızda B. Vahabzadə kimi bir-birinə bənzərsiz olan 70 şeirlər kitabı, 11 publisistik kitab, 20 bitkin poema yazan ikinci bir sənətkar yoxdur. Digər tərəfdən şairin poemaları janrın tələbləri baxımdan öz mənəvi müəllimi olan dahi Səməd Vurğunun poemalarını da üstələmək məqamındadır. Elə burada aşağıdakı müdrik ifadə yada düşür ki, əsil şagird o şagirddir ki, öz müəllimini üstələyə bilsin. B. Vahabzadə öz fərdi yaradıcılıq manerası ilə də sələf və çağdaşlarından fərqlənir. Belə ki, o, XX əsrin yeganə şairidir ki, onun şeirlərindən saxta neft, pambıq, qüdrətli sovet adamı qoxusu gəlmir.Onun əsərlərinin əsas mövzusunu vətən, dil, millət, onun keçmişi, bu günü və gələcəyi təşkil edir.
Bəllidir ki, ədəbiyyatımızda Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid və Səməd Vurğunla başlanan Azərbaycançılıq, istiqlalçılıq yolu, XX əsrin 60-cı illərində siyasi arenada umummilli lider Heydər Əliyev və poeziyada Bəxtiyar Vahabzadə tərəfindən daha da genişləndirildi. Bu şairin ədəbiyyatımızdakı yerini və rolunu göstərən ən mühüm xüsusiyyət idi.
B.Vahabzadə yaradıcılığına bu fərdi yaradıcılıq xüsusiyyətlərini gətirən onun poeziyasının kədər notları olmuşdur. Vaxtilə müsahibələrinin birində şairə ünvanlanmış: Bəxtiyar müəllim, yaradıcılığınızın aparıcı qüvvəsi nədir: sevinc,yaxur kədər ? sualına, şair: kədər-deyə cavab verərək:
Dünyanı anlayan qəmini çəkdi,
Anlaya bilməyən dəmini çəkdi.- demişdi.
Bu da təbii idi. Çünki şair ədəbiyyata parıltılı tufli ilə deyil, öz mənəvi müəllimi Səməd Vurğun kimi çırıq qaloşla gəlmişdi. Böyük şairin elmi tərcümeyi-halı ilə tanış olanlar bilir ki, o, hələ uşaqlıq illərində həyatın acısını dadmışdı. Haqsız yerə döyülüb təhqir edilmişdi, haqqı tapdanmışdı. Həyat şairə qarşı o dərəcədə amansız olmuşdu ki, şair doğma anasına nənə, atasına baba deməyə məcbur olmuşdu. Lakin hər daim valideyn məhəbbəti, qayğısı ilə əhatə olunmuşdu. Atası Mahmud ağa ata-babasının kömürçülük peşəsi ilə ailəsini bir qarın ac, bir qarın tox dolandırmışdı. Şair özü tərcümeyi- halında xatırladır ki, bizim nəslə Şəkidə “Ətəyidaşlılar” deyirlər. Bu ləqəb ona görə nəslimizə verilib ki, bu nəslə mənsub olanlar həddindən artıq arıq olduqlarından külək əsəndə onları külək aparmasın deyə ağırlıq yaratmaq üçün ətəklərinə daş yığıblar. Lakin şair gənciyindən ahıllığınadək yaradıcılığının dərd, kədər yükünün məhvərini cəmiyyətdə axtarmışdı. Buna görə də onun kədəri fərdi deyil, ictimai məzmun daşıyır. Şair bu münasibətlə şeirlərinin birində yazır:
Mən dərddən qaçanda yolda iz qalır,
Alov közdən qaçır, közə dərd olur.
Mən dərddən qaçanda dərd yalqız qalır,
Bu da mənim üçün təzə dərd olur.
Toplumda baş verən neqativ hallar, milli hisslərdən məhrum olmaq, atılmışların, özümüzü kəsən qılıncların dərdi şairi üzür, kədərləndirir.
Bəxtiyar Vahabzadə nə yazmışsa,yaratmışsa ürəklə yazıb yaratmışdır. Bir dəfə şairin şeir kitabını oxumuş tənqidçilərdən biri “ürək” kəlməsini həddindən artıq işlətməsini şairə irad tutarkən şair “tənqidçi”yə demişdi: “Siz bilmirsiniz ki, mən şeirlərimi ürəklə yazıram. Ona görə bu qədər ürək sözünə rast gəlirsiniz”.
Bildiyimiz kimi, ana dilinə münasibət, məhəbbət hissləri XX əsrin bütün sənətkarlarının yaradıcılığında var. Bu hisslər B. Vahabzadənin yaradıcılığında daha dərin və ülvidir. Şairin “Ana dili” şeiri ümuminin dillər əzbəridir. Şeirin yaranma tarixi böyük maraq kəsb edir: Bir gün şair Moskva şəhərində özünə yaxın və doğma olan azərbaycanlı ziyalı dostlarının qonağı olur. Dostlarının milli dildən uzaqlaşıb yad dildə danışması, sazın şkafın üstündə toz basıb, gitaranın əldən düşməməsi vətənpərvər şairi hiddətləndirir, o, doğma dildə danışmağı ar bilib əcnəbi dildə danışan fasonlu ədabazlara üz tutub deyir:
…Ey öz doğma dilində danışmağı ar bilən,
fasonlu ədabazlar.
Qəlbinizi oxşamır, qoşmalar, telli sazlar.
bunlar qoy mənim olsun.
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!..
B.Vahabzadənin yaradıcılığına xas olan dərin fəlsəfi ovqat onu çağdaşlarından uzaqlaşdırıb dahi Nizami və Füzuliyə yaxınlaşdıran xüsusiyyətdir. Bədii dildə olan adi informatik deyim tərzi əksər hallarda şairin şeirlərində poetikləşir. Həyatın mənasını hərəkətdə,fəaliyyətdə görən şair, milli dilə olan bağlılığını nəinki ümumi məzmunlu şeirlərində ifadə edir, hətta dilçilik terminlərindən də bu məqsəd üçün bir obraz kimi istifadə edir:
İsim, sifət döyüşlərdə cox zaman,
karıxar,
Fellərsə döyüşlərdən həmişə
qalib çıxar
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən, Sözü mən
Fel olmaq istəyirəm,
düzü mən…
Şairin fel olmaq istəyində iki məqsəd var: birincisi, doğma sözlərimiz kimi dilə olan sevgisi, ikincisi, fellərin hərəkət bildirməsi.
B.Vahabzadənin Azərbaycan ədəbiyyatındakı yeri və rolu ilə bağlı yaradıcılığının dahi Nizami və Füzuli yaradıcılığına oxşar bir sıra paralelləri vermək yerinə düşərdi:
Bildiyimiz kimi, əyribel ana obrazı Nizaminin “Sirlər xəzinəsi” poemasının “Sultan Səncər və qarı” hekayəsində diqqətçəkicidir.Nizamiyə görə, ananın beli əməyə məhəbbətdən əyilmişdir. Dahi Füzuli də Məcnunun anasını əyribel təsvir edir. Nizamidən fərqli olaraq şair əyribel ananın belinin əyriliyinə fəlsəfi məna verir ki, torpaqdan yaranan insan torpağa getməyə hazırlaşdığı üçün beli əyridir. Həyatın dörd: od,su, hava, torpaq amili ilə bağlı B. Vahabzadə də yazır ki:
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od.
Mən oddan yaranmışam

B.Vahabzadədə də əyribel ana obrazı var. Lakin insafən desək, Vahabzadənin ana obrazı fikrin dərinliyinə görə dahiləri az qalır ki, qabaqlasın. Şair ananın belinin əyriliyinə bəşəri məna verərək yazır:
Əziz anam, əyri belin bilirəm,
Beşiyimə əyilməkdən əyilmiş.

Misraların məzmunundan göründüyü kimi şair daha bəşəri fikir ifadə edərək bəşəriyyəti yaradan anadan söhbət açmışdır.
Əbədiyaşarlılıq hər bir sənətkarın arzusudur. Bu baxımdan da hər üç sənətkarın öz əbədiyaşarlıqları ilə bağlı ifadə etdikləri fikir müqayisə obyekti ola bilər. Vaxtilə böyük Nizami “İsgəndərnamə” poemasının sonunda öz əbədiliyi ilə əlaqədar yazmışdı:
Yüz il sonra sorsan harda,hardadır,
Hər beyti səslənər, burda, burdadır…
Dahi Füzulidə də bu əbədi yaşarlılıq şairin öz sözləri ilə təsbit olunub. Şair bu münasibətlə yazıb: O zaman ki, şeir gülüstanına ayaq basdım, bu gülüstandakı şeir güllərinin ətri məni valeh etdi, mən də istədim ki, burada bir şeir gülü əkib onun kölgəsində əbədiyyətə qovuşam”. Həqiqətən, böyük Füzuli özündən sonra elə bir iz qoyub getdi ki, Cəfər Cabbarlının təbiri ilə desək, “Füzulidən sonra gələn sənətkarlar nəinki onu ötüb keçmək, hətta ona çatmağı belə arzuladılar”. B. Vahabzadə də elə bir poeziya miras qoyub gedib ki, şairin öz sözləri ilə desək:
Həyatdan getsəm də xatiratdayam,
Arzuma həmişə çathaçatdayam.
Üstümə nə qədər torpaq atılsa,
İşığam, yenə də mən üst qatdayam

Yaxud sənətkarın ölməzliyini sözündə axtaran şair yazmışdı:
Bəxtiyar, düşünək biz dərin-dərin.
Arzular möhtəşəm, xəyallar şirin.
Əsl sənətkarın, əsl şairin,
Özü qocalsa da, sözü qocalmır.

Biz hazırda Bəxtiyar Vahabzadə zirvəsinin ətəyindəyik. Dahi şairi bəlkə də yaxşı görə bilmirik. İllər keçib zaman ötdükcə gələcək nəsillər tərəfindən şair Nizami və Füzulinin yanında dayanmaq hüququnu qazanacaq. Şairin yetirməsi, filologiya elmləri doktoru, professor Maarifə xanım Quliyeva haqlı olaraq yazır ki, “Bəxtiyar Vahabzadə min il bundan əvvəlin və min il bundan sonranın şairidir”
2009-cu ilin fevral ayının 13-də dahi şair əbədiyyətə qovuşdu. Son mənzilə salınanda da şair qeri-adilik qazandı. Belə ki, onun təni canından da əziz tutduğu Azərbaycanın və Türkiyənin dövlət bayraqlarına sarınaraq torpağa tapşırıldı.
Tanrı rəhmətinə qovuşsun (inş.)!

Qaynaqlar:
1.Vahabzadə B. Seçilmiş əsərləri:İki ciddə. Cild.I. Bakı: “Öndər nəşriyyatı”, 2004,328s.
2.Vahabzadə B. Seçilmiş əsərləri:İki cildə.Cild II.Bakı:”Öndər nəşriyyatı”,2004,320
3.Vahabzadə B.Sadəlikdə böyüklük.Bakı.Yazıçı 1978,335s
4.Vahabzadə B.Özümlə söhbət.Bakı:Azərnəşr 1985,286s
5.Vahabzadə B. Gəlin açıq danışaq…(Məqalələr toplusu). B.:Azərnəşr, 1989.-222 s.
6.Azərbaycanın Bəxtiyarı: Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı və ictimai fəaliyyəti haqqında məqalələr toplusu.- B.: Azərnəşr, 1995.-400 s.
7.Vahabzadə B. Sənətkar və zaman: Ədəbiyyat və sənət, həyat və zaman haqqında düşüncələr.-B.: Gənclik, 1975.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.