Ana səhifə AŞIQ SƏNƏTİ Aşıq sənətinin gənc Məharəti

Aşıq sənətinin gənc Məharəti

Müəllif: Bizim Yazı
1. 209 baxış

Qobustan qəsəbəsində aşıq Rza Qobustanlı adına Mədəniyyət evində ustad aşıq Xanmusanın rəhbərliyi ilə “Aşıqlar” ansanblı fəaliyyət göstərir. Burada aşıq Xanmusa uzun illərdi ki, yeni nəslə ulu sənətin sirlərini öyrədir.  Bu sənəti ustadlardan təhvil aldığı kimi gələcək nəslə ötürülməsində əvəzsiz xidmətləri və çalışmaları var. İndi Azərbaycan aşıq mühitində ilk addımını “Aşıqlar” kollektivində atan, bu məktəbdən qanadlanan onlarla aşıq müstəqil şəkildə öz sözünü deməkdədir. Bu məktəbin yetirmələrindən biri də aşıq sənətində öz sözünü müstəqil şəkildə deməyə başlayan gənc aşıq Məharətdir.

Məharət Habil oğlu Şəfili – 1992-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. Yaşının az olmasına baxmayaraq kifayət qədər böyük uğurlar qazana bilib, özünü aşıq kimi təsdiq etməyi bacarıb. İlk ustadı Azərbaycanın böyük aşıqlarından biri aşıq Xanmusadır…

2003-cü il iyunun əvvəllərində – yaşadıqları Qobustan qəsəbəsində –  Məharətgilin bir qohumu xəstələnir. El adətinə uyğun olaraq Habil bəy xəstəni yoxlamağı özünə borc bilir. Görüşmək və ona şəfa diləmək üçün xəstə qohumugilə gələn Habil ustad aşıq Xanmusanı burada görüncə çox sevinir. Aşıq sənətinin, saz havalarının vurğunu olan Habil üçün ustad aşığın söhbətini dinləmək, səsini eşitmək səadət idi. Özünün uşaqlıqdan aşıq sənətinin sirlərinə yiyələnmək, bu ulu ozan sənətinin daşıyıcısı olmaq arzusunu həyata keçirə bilməyən Habil, bu arzunu oğlu Məharətin taleyində gerçəkləşdirmək niyyətində idi. Artıq, oğlu Məharətin ürəyinə sənət sevgisinin toxumlarını səpə bilmişdi…

Aşıq Xanmusa xəstəni kədərli düşüncələrdən uzaqlaşdırmaq üçün hər kəsi heyran buraxan söhbətlər edir, ustadlardan eşitdiyi ibrətamiz hekayətlərlə onu dinləyən hər kəsin ruhunu oxşayırdı. Söhbətin uyğun məcraya yönəldiyini görən Habil fürsəti qaçırmır, oğlu Məharətin gözəl səsi və sənət sevgisi olduğunu aşığa bildirir və ondan “uşağı sınaqdan keçirməyi” xahiş edir. Ustad intizarda olan Habili və oğlu Məharəti çox gözlətmir. Bu görüşdən bir neçə gün sonra aşıq Xanmusa Habilin qapısını döyür. Gələnin aşıq Xanmusa olduğunu görən ev əhlinin sevinci yerə- göyə sığmır. Ustad həmən mətləbə keçir, 11 yaşlı Məharəti sorğuya çəkir. Bir neçə sualdan sonra ürəyində “bu uşağın qabında bir şey var. Bundan sənətkar olacaq!” – deyə düşünür və qərarını verir:

– Ay Habil, bu uşağı sabah yox, birisi gündən yanıma gətir! İlk sınaqdan yaxşı çıxdı. İnşallah, böyük sınaqlardan da yaxşı çıxacaq…

Cəmi, iki gün sonra Məharət ustadın yanına yollanır. Ustadın dərsləri həftədə 3 dəfə olur. Dərsdən-dərsə, gündən-günə, aydan-aya sənət sevgisi daha da gur alovlanan Məharətin bilgiləri də durmadan artmaqda idi. O, təkcə aşıq Xanmusanı dinləməklə kifayətlənmirdi. Audio və video diskləri dinləyə-dinləyə aşıq Hacalıdan “Qız qalası”nı,  aşıq Məmmədağadan “Yayma” havasını, aşıq Rzadan “Döymə Kərəmini”, aşıq Şakirdən “Şirvan şikəstəsi”ni, aşıq Əvəzdən “Qobustani”, aşıq Əhlimandan “Şirvan gözəlləməsi” havasını öyrənir, əbədi olaraq yaddaşına həkk edir və özü də bu havaların mahir ifaçısına çevrilir…

Məharətin göndərdiyi məktubda ifadə etdiyi kimi “Ustad-şagird ənənələrinə sadiq qalaraq 5 il ustada “şagirdlik” edir. Beş ildə ustaddan “Gərayi”, “Şəşəngi”, “Ordubadi”, “Müxəmməs”, “Zarıncı şikəstə”, “Sarıtorpaq şikəstə”, “Baş sarıtel”, “Ruhani”, “Dübeyti”, “Azaflı dübeytisi” və digər çox sayda aşıq havalarını, “Abbas və Gülgəz”, “Alıxan və Pəri”, “Valeh və Zərnigar”, “Tahir və Zöhrə”, “Xəstə Qasım”, “Küçük Rza”… dastanlarını mükəmməl öyrənir…

Aşıq Xanmusanın Ağsu rayonun Bico kəndində idarə etdiyi toyların sayı-hesabı yoxdur. Bu kəndin camaatı ustad aşığa yüksək hörmət və dərin ehtiram   bəsləyirlər.  Ustadın 20-ci əsrin 50-60-70-ci illərində bu kəndin toylarında ifa etdiyi saz havaları, söylədiyi dadlı-duzlu dastanlar indi də ağsaqqal kənd əhlinin söhbət mövzusudur. Bicolular Bico kəndinin son 55-60 illik tarixini aşıq Xanmusasız təsəvvür etmirlər.  Əski günləri xatırlamaq və yenidən sazın-sözün sehrinə bələnmək üçün 2005-ci ildə Bakıda yaşayan Bicolu ziyalılar aşıq Xanmusa ilə növbəti görüş keçirirlər. Aşıq Xanmusa görüşə yeniyetmə şagirdi Məharəti də özü ilə aparır. Bu, Məharətin ustadla birgə ilk səfəri, bu məclisdə etdiyi çıxış isə dinləyici qarşısında ilk çıxışı idi. Burada “Yayma” havasını yaşından böyük ustalıqla ifa etməsi Məharətin parlaq gələcəyini nişan verməklə bərabər bicoluların bir-birinə pıçıldayaraq: “Şirvanda yeni Xanmusa yetişir!” – düşüncəsini ifadə etmələrinə səbəb oldu.

Sonralar Aşıq Xanmusa onun haqqında söhbətlərinin birində “Hörmətli şagirdim istedadlı gənc, saz və söz vurğunu, gələcəyi parlaq şəkildə əməllərində təcəssüm edən Məharət Habil oğluna ən xoşbəxt ömür yolu arzulayıram. Mən onu gələcəyin ən layiqli aşıqları sırasında görürəm və ulu aşıq-ozan sənətinin təmsilçisi olmağı ona çox arxayıncasına etibar edirəm” – deyir. 2003-cü ildə aşıq Xanmusanın yanında şagirdliyə başlayan Məharət bir il sonra rayon, bir qədər sonra isə artıq, respublika miqyaslı tədbirlərə “ayaq açır”.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Bakı şəhər Mədəniyyət İdarəsinin, Qaradağ rayon İcra Hakimiyyətinin və digər qurumların “Fəxri Fərman”ları ilə təltif edilir.  Məharət 9 iyun 2011-ci ildə Şirvanın ustad aşıqları aşıq Əhlimanın və aşıq Ağamuradın xeyir-duası, xalq şairi Zəlimxan Yaqubun “Uğurlu yol” diləyi ilə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul olunur.

Söhbətlərimizin birində “aşıq Xanmusadan nə öyrəndin”? – deyə soruşdum Məharətdən.

– Aşıq Xanmusadan Azərbaycan aşığının davranış qaydalarını, aşıqlıq mədəniyyətini, el məclislərini idarə etməyi öyrəndim – dedi – və ən başlıcası aşıq Xanmusadan əsil aşıq, əsil sənətkar necə olmalıdır? sualının cavabını öyrəndim – deyə əlavə etdi gənc aşıq.

Öyrənmək, ulu ozan sənətinin sirlərinə daha dərindən bələd olmaq eşqi ilə yaşayan gənc Məharət 2011-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. O, hazırda həmin Universitetin  musiqi fakultəsində aşıq sənəti ixtisası üzrə təhsil alır. Ali məktəbdə ilk dərsdəcə ona “Aşıq sənətinin nəzəriyyəsi və tarixi” fənnindən dərs deyən dəyərli folklorşünas professor Məhərrəm Qasımlının diqqətinin cəlb edir. Məharəti bir qədər “sınağa” çəkən hörmətli professor kafedradan saz gətirdir və Məharətə: “Bala, buyur məharətini göstər!” – deyir. Məharətin məharətlə ifa etdiyi “Qobustani” havasından çox razı qalan professor Məhərrəm Qasımlı cəmi bir neçə gün sonra onun Azərbaycan Dövlət televiziyasında canlı çıxış etməsinə vəsilə olur. Bu, artıq, gənc aşığın həyatında yeni səhifə idi.

Məharət həyat yolunun yeni və xəyallar dolu dönəmini yaşayır. Hər gün səhər yaşadığı Qobustan qəsəbəsindən təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetinə tələsir; Məhərrəm Qasımlının, aşıq Fəzailin, aşıq Samirənin və digər elm və sənət adamlarının doymaq bilmədiyi dərslərinə. Onun, hər gün  oxuduğu aşıq ədəbiyyatının təsiri ilə şeir yazmağı da var. Həmin şeirlərindən birini oxuculara təqdim etməyi gərəkli hesab edirəm.

Vətən

Tomris, Babək rəşadətli,
Nəsimi qeyrətli vətən.
Oğulları ləyaqətli,
Qızları ismətli vətən.

Çıx gəzməyə bu dağları,
Dağ döşündə bulaqları…
Bərəkətli torpaqları;
Tükənməz sərvətli vətən.

Doğu yanı mavi Xəzər,
Quzeyini dağlar bəzər,
Güneyinə etdim güzər,
əlvan təbiətli vətən.

Məharət gəzdi elləri,
Yovşan ətirli çölləri…
Meyvəsi, suyu, gülləri,
Minbir kəramətli vətən.

Ulu yolun yolçusu gənc Məharətə aydın sabahlar və sənətin zirvəsinə yüksəlməsi diləyi ilə.

Namiq Hacıheydərli,
AYB Muğan bölməsinin sədri

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.