Ana səhifə YENİLİKLƏR Altmışından yetmişinə varanda…

Altmışından yetmişinə varanda…

Müəllif: Bizim Yazı
826 baxış

NC

Nizami CƏFƏROV

Get-gedə daha çox hiss eləməyə başlayıram ki, bir insanın tərcümeyi-halı bir xalqın tarixi qədər olmasa da, hər halda çox zəngindir. Və əsas odur ki, bu zənginliyi az-çox dərk etməyə meylin, həvəsin ola…
Neçə-neçə insanın mənim tərcümeyi-halımdan keçdiyi barədə düşünəndə hərdən ağlıma belə bir ağıllı fikir də gəlir ki, bəlkə, öz adıma çıxdığım həmin tərcümeyi-halı yaradan elə həmin insanlardır. Və mənim həyatım sadəcə olaraq, bu insani münasibətlərin özünəməxsus bir arxividir. Ancaq məsələ o mənada bununla bitmir ki, mən də illər boyu kiminsə tərcümeyi-halının yaranmasında bu və ya digər səviyyədə iştirak eləmişəm…
Universitetin filologiya fakültəsində qazaxlı tələbələrin sayı çox olmasa da, səs-küyləri heç zaman az olmurdu. Ona görə yox ki, hamımız özümüzü indidən şair, nasir, dramaturq, yaxud tənqidçi hesab edirdik, hər şeydən əvvəl ona görə ki, hamımızda belə bir iddia vardı ki, Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Hüseyn Arif, Nəriman Həsənzadə, Vidadi Babanlı… ola bilməsək də, hər halda dilimiz söz, əlimiz qələm tutacaq… Və bir az da bəri başdan onların şöhrətinə şərik çıxırdıq…
Hamımızın çox sevdiyimiz qazaxlı bir müəllimimiz – rəhmətlik Vaqif Vəliyev birinci kursda Azərbaycan şifahi xalq ədəbiyyatından mühazirə oxuyurdu… Tələbələr eşitmişdilər ki, qazaxlılara xüsusi qayğı ilə yanaşır, odur ki, Qazaxdan olan da, olmayan da, dədə-babası XVIII-XIX əsrlərdə Qazax həndəvərindən çıxanlar da özünü ona qazaxlı kimi tanıtmağa çalışırdılar. Şifahi xalq ədəbiyyatı elə də ağır fənn deyildi, ancaq Vaqif müəllim imtahanı ağır götürürdü.
Söhbət gəzirdi ki, bilet çəkib cavab verməyə hazırlaşan bir tələbə görür ki, külək imtahan gedən otağın qapısını açdı. Tez yerindən deyir ki, “müəllim, qapıyı örtömmü?..” Vaqif müəllim özünü eşitməzliyə vurur. Tələbə bir də “örtömmü” deyəndə Vaqif müəllim acıqla “a bala, bildim haralısan, qapıynan işin olmasın, qoy bir az hava gəlsin” deyir.
Məti Osmanoğlu bizdən bir kurs yuxarıda olduğuna görə öndə gedirdi. Osman Musayev, mən, Mehdi Şıxlinski sonrakı kursda idik. Güman eləmirəm ki, iddialarımız imkanlarımızla həmişə üst-üstə düşürdü, ancaq Allah tərəfi, heç birimiz pis oxumurduq.
Osman, mən, Mehdi bir neçə il Universitetin yataqxanasında qaldıq. Və indiyə kimi yadımdadır ki, yataqxanada yeri hər il güc-bəla ilə alır, hər dəfə yüz minnət götürməyə məcbur olurduq…
Yataqxana həyatı icma həyatı kimi bir şeydi. Hər ağızdan bir avaz gəlsə də, ümumi qaydalar vardı… Osman da, mən də axşamdan bilirdik ki, sabah çörək almağa pulumuz yoxdur, ancaq bunu bir-birimizə bildirmədən özümüzü elə aparırdıq ki, guya hər şey qaydasındadır. Və əslində, bildirməyin mənası da yox idi… Sabah bazar günü olduğundan günortaya qədər yatdıq. Duran kimi hərəyə bir “Azərbaycan” jurnalı götürüb başladıq oxumağa. Osman arada otaqdan çıxıb tez də qaydırdı. Növbəti qayıdışda “bəsdi, dur” dedi, “oxumaqdan birtəhər olduq, bir az pul tapmışam”…
Osmanla mən çox bədxərc deyildik, bilirdik ki, kənddəkilərin də imkanı o qədər yaxşı deyil, ona görə də ayağımızı yorğanımıza görə uzadırdıq. Ancaq Mehdi hərdən ərköyünlük eləməkdən çəkinmirdi. Və ümumiyyətlə, təbiətində indiyə qədər qoruyub saxladığı səmimi bir sadəlövhlük də vardı… Bir dəfə axşam onların otağına girəndə gördüm ki, otaq yoldaşları hərə öz çarpayısına uzanıb kitab oxuyurlar, Mehdi isə ortadakı stolun üstünə çıxıb, əlində yekə bir dəsmal elektrik lampasını ora-bura fırladır. İşıq gah keçir, gah yanır. Uşaqlardan soruşanda bu nə oyun çıxardır, dedilər ki, işıqda yata bilmir, lampanı burur ki, otağın işığı çox gurdu, bir az azalsın…
Tələbəliyimizin ilk illəri idi. Osmanı kəndimizə qonaq çağırmışdım. Qonaq deyəndə ki, dedim bizə gedək, o da gəldi. Axşamüstü, qışın günü… Yığıldıq odun peçinin qırağına… Mal-heyvanın da örüşdən gələn vaxtı idi… Məlum oldu ki, bizim qoyunlardan biri gəlib çıxmayıb. Peçin üstündə qaynayan qazanı Osmanın ümidinə buraxıb, hamımız getdik qoyun axtarmağa. Və bərk-bərk tapşırdıq ki, arada qazanı qarışdırıb yanmağa qoymasın… Əl-qərəz, qoyun da tapıldı, yemək də bişdi, anam “qonaq”dan üzrxahlıq da elədi… Sonralar, təbii ki, daha çox görüşdük, ancaq o soyuq axşamın peçli, qazanlı, qoyunlu söhbəti qədər yadda qalan heç nə olmadı.
Rəhmətlik Akif Səməd Sumqayıtda qalır, hərdən Bakıya gəlirdi. Və hər gələndə “köhnə tanışı” Osmanın (o da “köhnə sumqayıtlı” idi) çarpayısına şərik çıxırdı… Otaqda oturub ordan-burdan söhbət eləyirdik. Osman arada bir Akifin yadına salırdı ki, Sumqayıta qayıtmaq vaxtıdır. O da qulaqardına vurur, məsələ gərginləşəndə deyirdi ki, “saat on avtobusuynan gedəjəm dana, ay Osman, nə istersən”. Osman da iş-gücünün dalınca getmək istəmirdi. Bilirdi ki, otaqdan çıxan kimi Akif əynini soyunub girəcək onun yerinə. İndi gəl gecə səhərə kimi oyaq qal…
Universiteti bitirib hərəmiz bir yana dağıldıq. Sonra həyat yavaş-yavaş yenə də hamımızı, demək olar ki, bir yerə yığdı.
Atatürk Mərkəzində müavin yeri boşalanda Osmana təklif etdim ki, bəlkə, müavin sən olasan. Tərəddüd elədi. Gördüm ki, söz-söhbətdən çəkinir… “Narahat olma” dedim, “biz dost, yerli olsaq da, mən şiəyəm, sən sünnü, ona görə də pis baxmazlar”.
Çox keçmədi ki, Osman öz istedadı, işgüzarlığı və qayğıkeşliyi ilə Mərkəzin sevimlisinə çevrildi. Eləcə də Odlar Yurdu Universitetindəki müəllimlik fəaliyyəti, Qazax Xeyriyyə Cəmiyyətinin “Dəli Kür” qəzetinə rəhbərliyi ona elmi-pedaqoji, ictimai hörmət, nüfuz gətirdi. Gözəl övladlar böyütdü. Baba oldu.
Və bu günlərdə altmışını başa vurub yetmişinə qədəm qoyur.
Bir neçə ay əvvəl Məti Osmanoğlunun altmış yaşını qeyd elədik. İndi Osman altmışa çatır, sonra mən, sonra da Mehdi… Ancaq nədənsə Osmanda belə bir əminlik var ki, Mehdinin yaşı haqq-hesaba görə bizdən bir az çox olmalıdı…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.