Şər şənbəyə bənzəyəmməz hər şənbə;
Onun adı ŞƏR Şənbədir, Şər Şənbə…
Haqqı aradan götürən, nahaqqın ortağı olan qırğının özünüsübutu 20 Yanvar faciəsində reallaşdısa, onun bədii əksinin təsiredici inikası Yusif Nəğməkarın “Şər şənbə” poemasında əksini tapdı. “Ön ün” bölümü ilə başlayıb, “Son ağı” və “Son ün” bölümləri ilə tamamlanan əsərdə “Zülmət dumanlı iyirmi yanvar günü Sübhün açılması nigarançılığında Gözümüzlə od götürdük” – söyləyən müəllif həmin anların inkaredilməz məşəqqətlərini dilə gətirir.
“Qırğın” rədifli gəraylıyla başlayan əsərin əvvəlində şair qırğının bütün “leksik mənasını” ortaya qoyur. Bu sözün incələnməsi “imperiyanın xilas üçün çaldığı çırtıq, NATO-nun sevinc payından atılan artıq” anlamlarının sübutu olur. Varlığı buz dəmirlərin ayaqları altında əzilmiş cavan bədənlərin, bükülməz qolların, isti damarların qaranlıqlar içrə zəhərlənən sübhə doğru güllələnmiş şəhərdə yaratdığı vahimənin qorxuncluğu poemanın hər sətrində göz önündə dayanır. Dərdə sarı üz-üzə, ürək-ürəyə boylanan insanların azadlıq istəyinin əvəzinin bu cür verilməsi ədalətsizliyin tarixinə qanlı hərflərlə yazıldı. Bu yazının mürəkkəbi Qarabağı istəyən ermənilərin və Babəklərin torpağı Sumbatlara verilsin deyən mərkəzin planlarıyla əlbir idi.
Poemanın ən şifrələnmiş, bütün siyasi oyunların əsl üzünü göstərən hissəsi “Əlac” adlı bölümdür. Müəllif Münəccimoviçə həm həqiqətin, həm də ritorikliyini itirmiş sualların suallarını ünvanlayır. “Əlacı qırğında tapdın, neyləyək? Qırılan qırılsın, sən salamat ol” hikkəsiylə şovinist ürəkli çoxbilmiş yazığa xəbərdarlıq edir ki, borclu-borclunun sağlığını istəyər. Təzə-tər ölümlər doğan güllələrin azadlıq eşqini güllələdiyi Şənbə gecəsində Vətən deyənləri zirehli maşınların təkərləri altında xıncım-xıncım etdirən Yazovun alnından öpərək, ölkəni qaydaya salan Mixail Qarbaçovun bu qaniçənliyi hiddətlə qələmə alınır:
O göl gölməçədi, yoxsa qızıl qan?
Kəsilmiş ayağın bir tayı hanı?!
Varsa bacarığın, a meyit yığan,
Əzilmiş bədənin başını tanı.
Şair lüləni özünə tuşlayan ordunun əlində heybətli görünən dəmir tanka müraciət edərək ona kimlərin əlində qul olduğunun fərqinə varmasını məsləhət edir. Gurultusu yerləri, göyləri didən tanka nifrətindən güclü olmadığını bildirir. Ümidi silahlı, əli yaraqsız bir xalqın vətən səmasında “qanad açan” güllələrə tuş edilməsi, Bakının neftiylə yeriyən tankların Bakıyla haqq-hesab çəkməyə gəlməsi poemada inandırıcı şəkildə ifadəsini tapmışdır. Sosialist Bakısının qan işığında məhzun görkəmlə şairin üzünə baxması o səksəkəli günlərin portreti kimi qələmə alınıb. Qeyrəti düşmənə göz qırpmayan Turan övladlarının o taylı, bu taylı Azərbaycan olaraq ayrı salınması həmin müsibətlərin təməli kimi xatırladılır. Əsərdə o Qara Gecə beynəlmiləl havaların qan meydanında qol açıb oynadığı an kimi yozumlanır. Dünənki olmuşu sabah olacağı bilməkdən çətin olan bir zamanda köksü partladılmış televiziyanın dilinin kəsilməsi, qəzetlərin nəşrinin dayandırılması da əsərdə toxunulan məsələlərdəndir.
Qırx ildir Bakıda yaşayan xadimə Valyanın da qırğın günü fəryadını gizlədə bilməməsi poemada insanlığa tutulan yas kimi mənalandırılır. Qeyri millətdən olan bu qadın rus oğlu rusa “dayan” deyərək yalvarır, onun yadına salır ki, bu qırdıqların faşist müharibəsinə oğul verən xalqın övladlarıdır. Qanunsuz qanuna baş əyib gələnlərə öz millətindən olanların da haqq verməməsi əsərdə Azərbaycanın haqq səsi kimi tədqim edilir. Şəhidlərin dəfnində sellənən göz yaşlarından yerin qəddinin əyilməsini mübaliğə kimi yox, mübaliğəsiz reallıq kimi qəbul etmək lazımdır. Çünki əsərdə göstərildiyitək o günlərdə tabutların altında Azərbaycan yeriyirdi. Qanunlara sığmayan bu tabutların yerə də sığmayacağı gömülməzliyin simvolu kimi əks olunur. Yaddaş çəmənimizdə qərənfillər bitirkən bağda, baxçada qərənfil axtarmağın əbəs olduğunu söyləyən müəllif bəla yönü bir ikən dərdimizi min yerə yozmamağa çağırır.
Bu əsərdə Yusif Nəğməkar varlığı sözündən öncə talanan, gözünün yaşında ay batan Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından sitatlar da gətirir. Onun akademiyaya üz tutaraq növbədənkənar sessiya çağrılmasını tələb etməsi, radiodan pərən-pərən üşən deputatlara səslənməsi inamla cəsarətin təntənəsi kimi ifadə olunur. Oradan çıxarkən sovet generalının təqibinə məruz qalan şairin onun üzünə tüpürməsini vəsf etməsi, poemanın özəlliyini daha da qabardır. Yırtıcı yağının yad sifətinə tüpürmək şəhidlik mərtəbəsi kimi xarakterizə edilir.
Poemada şəhidlərin itkisindən doğan göynərti hiss olunsa da, “Bilirəm hər biri məqam yetişsə, Təzədən şəhidlik libası geyər” – inamı da özünü göstərir. Əsərdə ölümüylə İlhamına yetə bilən, torpağa üz qoymağı həsrətdən ötə bilən Fərizənin ruhu da digər ruhlar kimi ürəyini boşaldır. Azərin ruhu isə “Məni “Qızıl ordu” adını öyüb Nazını çəkdiyim meydanda vurdu”- deyərək fəryad edir. İlqarın ruhu gülüşün güllə unamadığını, gülləninsə uşaq tanımadığını haray çəkir. “İlqarın ölümü yox, Ölüm, İlqarın hanı?”- sualı o gecə həyatından məhrum edilmiş uşaqların müsibətini təcəssüm etdirir. Naməlum ruhun fəryadı isə daha da ürəkyaxıcıdır:
Şərəfdi qorumaq ana vətəni,
Şəhid ölməsəydim, şəhid qalardım.
Adımla ağlayan olsaydı məni,
Barı eşidərdim, rahat olardım.
Bu naməlum ruh özü özünə elə bir ağı deyir ki, yaşam ölümsüzlüklə, ölüm əbədiyyətlə əvəzlənir. “Məni doğan ana önümdən keçib, Qonşu məzarlarda məni axtarır” – fəryadı ilə tək o naməlum şəhid ruhunun yox, eyni aqibəti yaşayan başqa ruhların da ümumiləşdirilmiş obrazı yaradılır. “Mənim körpə balam qəbrimə baxıb – Yazığın kimliyi bilinmir,- deyir” – misralarında nəinki şəhid olmuş bir ailə başçısının, həmçinin müəmmalar içində ömür sürməyə məhkum edilmiş uşaqların valideyn axtarışları da ifadə olunub.
Poemanın “İttiham” bölümündə şair qanunun əzənlər iradəsinə qul olmasına qarşı çıxaraq, xalqına qarşı törədilmiş bu cinayətin cəzasız qalmasına üsyankar mövqe nümayiş etdirir, şəhid ruhlarını elin bütövlük rəmzi kimi təqdim edir:
Saxta sifətləri üzlətsələr də,
Gözlərəm gözümü gözlətsələr də,
Saymaram sayını gizlətsələr də,
Bütöv bir elimdir şəhid ruhları.
Gülnar SƏMA (QASIMLI)