Aynurə N. PAŞAYEVA
AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və Publisistika şöbəsinin elmi işçisi
Görkəmli şair, uzaqgörən publisist Azərbaycan Respublikasının Dövlət Mükafatı, Türkiyə Respublikasının Uluslararası Atatürk Ödülü laureatı, Əməkdar incəsənət xadimi, “Türkiyənin Milli Şairi” fəıxri adına layiq görülmüş professor Rəfiq Zəka Xəndanın (1939-1999) publisistikasında Türkiyə mövzusu aparıcı yer tutur.
R.Z.Xəndan Türkiyə Folklor Araşdırmaları Qurumunun prezidenti prof.dr. İrfan Ünvər Nəsrəd¬dinoğlunun dəvəti ilə 1987-ci ilin avqust-oktyabr aylarında Türkiyədə olmuş, şahidi olduğu hadisələri, qarşılaşdığı insanlar barəsində olan təəssüratlarını bədii publisistikanın səyahətnamə janrında qələmə almış, “Atatürkiyə” başlığı altında “Ulduz” jurnalının 1988-ci il fevral-mart aylarındakı saylarında təfriqə şəklində, “Azərbaycan” jurnalında “Türk aliminin gözü ile…”, “Qobustan” jurnalının 1988-ci il 3-cü sayındakı “Türk folkloru” və s. başlıqlı məqalələri ilə çap etdirmişdir. Bütün məqalələr toplu halda “Atatürkiyə” adlı əsərində 1998-ci ildə çap olunmuşdur.
R.Z.Xəndan Türkiyə mövzusunda yazdığı məqalələrdə Türkiyə şairləri, Atatürkə münasibət, Türkiyənin ziyalı xadimləri ilə qarşılaşma səhnələri, əlaqələrin formalaşması yolunda qarşıda dayanan problemlər və onların həlli yolları, müəllifin Türkiyə mətbuatında özünəməxsus geniş qiymət alması və s. məsələlər yer alır. R.Z. Xəndan “Azərbaycan gəncləri” qəzetində verdiyi müsahibəsində də bu səfərinin məqsədi haqqında açıqlama vermişdir: “Bu səfərimdə qarşıya qoyduğum məqsədlərdən başlıcası on il ərzində Türkiyədə Azərbaycan ədəbiyyatına dair çap olunmuş bütün səpkili materialları əldə etmək idi. Məramımı qabaqcadan Türkiyədəki yaxın dostlarıma bildirmiş, bütün qəzet və jurnallarda gedən materialları toplamalarını rica etmişdim. Məqsədimə nail oldum” (Rəfiq Zəka Xəndan.Azərbaycan həsrəti. “Azərbaycan gəncləri” qəzeti, 5 oktyabr 1989, s.4).
R.Z.Xəndanı bu işə sövq edən böyük vətənpərvərlik təəssübkeşliyi və türkçülük sevgisi idi. Rəfiq Zəkanın Türkiyəyə yol açmasına, iki qardaş türk dövləti arasında yaratmağa çalışdığı mənəvi körpülərə qarşı tərəfədən möhkəmlənməsində, ona xüsusi dəstəyi Türkiyə Folklor Araşdırmaları Qurumunun prezidenti İrfan Ünvər Nəsrəddinoğlu vermişdi. 8 milyonluq azərbaycanlı üçün geniş üfüqlər açan, türkçülük sevgisini alovlandırıb böyük məşəl kimi əlində dik tutan R.Z.Xəndan əngin türk ədəbiyyatını bir-bir, misra-misra iliklərimizdə, damarlarımızda bir müjdə kimi gələcəkdə çağlayacağına böyük ümidlə inanırdı.
R.Z.Xəndan tək Azərbaycan mətbuatında Türkiyə mövzusu ilə bağlı məqalələrin müəllifi deyil, Azərbaycanın bir çox ədiblərini Türkiyə mətbuatında tanıdanlardan biri olmuşdur. Haqlı olaraq professor Əkrəm Cəfər R.Z.Xəndan haqqında deyirdi: “Radi Fiş kimi türk dilini üzdən bilən, ədəbiyyatından xəbərsiz olan adamları beş illiyə Türkiyəyə göndərməkdənsə, Rəfiq Zəka Xəndan kimlərini beş aya Türkiyəyə göndərmək daha səmərəli olar. Çünki Rəfiq Türkiyənin tarixini, türk ədəbiyyatını türklər qədər bilir” (Rəfiq Zəka Xəndan.Atatürkiyə. Bakı, Mütərccim, 1998, s.120).
R.Z.Xəndanın publisistikasında Türkiyə mövzusunda olan məqalələrin xronoloji siyahısı belədir: “Türk folkloru” (“Qobustan” jurnalı, 1988, №3), “Göyçəli Aşıq Ələsgər” (“Kommunist” qəzeti, 1988, 30 iyun), “Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun iki naməlum marşı haqqında” (“Ulduz” jurnalı, 1989, №7), “Türk aliminin gözü ilə…” (“Azərbaycan” jurnalı, 1989, №10), “Azərbaycan həsrəti” (“Azərbaycan gəncləri” qəzeti, 5 oktyabr 1989), “Xəyala sığmayan vəhşət” (“Ulduz” jurnalı, 1990, №2), “Atatürkiyə” kitabı (Bakı, Mütərcim, 1998).
1988-ci il 19 avqust “Ədəbiyyat və incəsənət” qəzetinin Rəfiq Zəkanın müsahibəsindən aydın olur ki, “Türkiyə -Azərbaycan ədəbi əlaqələri cəmiyyəti”nin təşkil etmiş, bunu Türkiyə- Sovet dostluq əlaqələrinin inkişafı üçün eləmişdi. Bu cəmiyyətin açılmasında ona dəstək olan İrfan Ünvər Nəsrəddinoğlu, Şamil Güvən (“Tanıtım” jurnalının sahibi) ismini çəkir, gələcək fəaliyyət istiqamətlərindən, azərbaycanlı müəlliflərin əsərlərinin Türkiyə mətbuatında tanıdılmasından bəhs açmışdı.
Professor R.Z.Xəndan Türkiyə-Azərbaycan əlaqələrinin formalaşmasında ortada duran maneələri həmişə onu düşündürmüşdür. O, azərbaycanlı yazıçıları Türkiyə mətbuatında tanıdılması barəsində ilk addımı Azərbaycan ədəbiyyatı nümunələrinin kiril əlifbasından latın əlifbasına keçməkdə görürdü. R.Z.Xəndan özündən əvvəl yaşamış maarifçi ziyalı xadim, ömrünün 20 ilini əlifba dəyişdiriləsinə həsr eləmiş M.F.Axundza¬dənin işini 100 ildən sonra davam etdirdi. O, Türkiyə və Azərbaycan oxucularını bir-birini anlaması, gedilən yolda açılan bir cığır kimi latın əlifbasında görürdü. Çünki R.Z.Xəndan azərbaycanlı müəlliflərin əsərlərini latınca çap olunaraq tanıdılmasını səmərəli addım hesab edirdi.
Rəfiq Zəkanın çətinliklər qarşısında qaldığı problemlər də az deyildi. Onu ən çox təəssüflən¬di¬rən Türkiyədə o dövrdə Azərbaycanı tanıyanların sayının az olması idi. Aşkarlıq və demokratiya dövrü olsa da, Sovet hökü¬mə¬tinin rəhbər bürökratları yenə də Türkiyə ilə sıx əməkdaşlıq edilməsinin qarşısını kəsirdilər: “Nə üçün hər il Türkiyədən konqreslər, şeir bayramlarına, simpoziumlara rəsmi dəvət alan alimləri¬miz, şa¬ir və yazıçılarımız gedə bilmirlər? Kölgələrindən qorxan vəzifəli yoldaşlar düşün¬mür¬lər ki, dəvət¬namə göndərən təşkilat bizim haqqımızda nə fikirləşir? Nə fikirləşdiklərini onlarla görüşən¬lər yaxşı bilirlər” (Rəfiq Zəka Xəndan.Atatürkiyə. Bakı, Mütərccim, 1998, s.121).
Publisistin dövrün ağır baryerlər qarşısındakı şəxsi hayqırtısını duymamaq mümkünsüzdür. R.Z.Xəndan türk dilini dəyişən, dilimizi, milli türkçülük şüurumuzu məhv edənlərə güclü etiraz səsini ucaldır. Publisistin mətnin içərisində emosiyanal hisslərini şair təfəkkürü ilə müxtəlif şeirlərlə verməsi publisistikanı poetik lövhələrlə daha da zənginləşdirmişdi. R.Z.Xəndan bəzən yüksək poetik təfəkkürlü şairlə analitik təfəkkürlü publisist kimi oxucunun gözü önündə canlanır.
R.Zəka 1984-cü ildə “Qaracaoğlan” kitabında dili, eli Göyçəli olduğundan həmin aşıqların dilini bizim dildən seçilmədiyinə görə Azərbaycan dilinə tərcümə olunmasını lazımsız bilir. Qaracaoğlanın dil və üslub xüsusiyyətlərini araşdıran R.Zəka Türkiyədə Q.Bürhanəddinin, H.Cavidin, Sabirin əsərlərini Türkiyədə oxuculara orijinalda olduğu kimi təqdim olunmasını təqdirəlayiq hal hesab edirdi.
R.Z.Xəndan yabançı soyad sonluqlarına qarşı çıxaraq “-ov, -yev, -ev,-zadə, -ski” sonluqlarının “-lı, -li, -lu, -lü” kimi əvəzlənməsinin tərəfdarı idi. Əlifbamızın türk əlifbasına keçməklə oxucular arasında birinci körpü yaranacağına böyük ümidlə inanırdı: “Türk əlifbasına keçməklə biz Türkiyə türklərini, onlar da bizləri dərindən mənimsəyəcəklər. Türk əlifbasına keçdikdən sonra əsərlərimizin tirajları birə min yüksələcəkdir. Buna heç bir şübhə yoxdur!” (Rəfiq Zəka Xəndan. Atatürkiyə. Bakı, Mütərcim, 1998, s.76).
Atatürk şəxsiyyəti Türkiyə Respublikasının Uluslararası Atatürk mükafatı laureatı, prof. R.Z.Xəndanın yaddaşında adi bir dövlət qurucusu kimi deyil, bütün türklərin atası adına layiq olan bir dahi kimi canlanır. O, Türkiyəni Atatürk ismindən ayrı səsləndirə bilmir. 1923-cü ildə Atatürk Türkiyəni xaricilərdən xilas edib yenidən nəfəs verdiyi üçün Rəfiq Zəka Türkiyə səyahətnaməsini də “Atatürkiyə” adlandırmışdı. Bu onun Atatürkə qarşı böyük rəğbət hissindən irəli gəlirdi. 1987-ci ildə Ankarada Atatürkün mavzoleyini ziyarət edən yazıçı bədii hislərinin ifadəsini şeirləri ilə bildirməyə daha çox üstünlük verirdi. Atatürkün həyatının başlangıc və son nöqtəsi onun gözündə epizodları ilə gəlib keçir:
Könül Sizə türküsünü açıqlar,
Sevginizlə ətirlənir butamız,
Atanıza “Ata” deyin, çocuqlar,
Gecə-gündüz yada düşsün Atamız!..
(Rəfiq Zəka Xəndan. Atatürkiyə. Bakı, Mütərcim, 1998, s. 23)
Prof. Rəfiq Zeka Xəndanın “Atatürkiyə” səyahətnaməsində qarşılaşdığı elementin tarixi kökünü, yaranma səbəbini onu daha çox maraqlandırmışdı. R.Z.Xəndan sosyal fikirdə yaşanan zidiyyətli münasibətlər içərisində özünə bir dayaq nöqtəsi, qərarlı mövqeyini tapır. Bunu Atatürkün tərəfdarları ilə əleyhdarları ilə bağlı məlumatda görünür: “Dostlardan bəziləri mənə sual verdi ki, özün görürsən ki, Türkiyədə Atatürkü sevməyənlər də yox deyil. Yaxşı sən nə üçün bu şeri yazmısan? Mən də cavab verdim, Atatürkü sevməyən türk sayılmaz, mən onu demək istəmişəm.” (R.Z.Xəndan. Atatürkiyə. Mütərcim, Bakı, 1998, s.20)
Həmin dövrlərdə dindar yazıçıların gündəmdə olması, Atatürkü sevməyənlər tərəfindən onun yolu ilə gedənlərə damğa vuranları, bölücü qüvvələrə etiraz edərək Atatürkün uzaqgörən fikirləri ilə irəliləyən Türkiyəni görmək istəyənlərə tərəfdar çıxmaq istəyi əsərin müəllif tərəfindən “AtaTürkiyə” adlandırmasına səbəb olmuşdur. Çünki müəllifin diqqətində: “Məhəmməd ərəblər üçün nələr etmişsə, Atatürk türklər üçün bunu artıqlamasıyla etmişdir. Atatürk türkləri qatı dindarlıqdan, aşırı islamçılıqdan, ərəblilikdən uzaşlamağa çağırdı” (R.Z.Xəndan. AtaTürkiyə. Mütərcim, Bakı, 1998, s.129).
Xəlifəlik aradan qaldırdığına görə şiə və sünni təəssübkeş ruhanilər Atatürkün əleyhinə idi. Əslində həmin dönəmdə dindən pul qaynağı kimi yararlananlar üçün Atatürkün mövqeyi ağır bir əngəl idi. Vaxtilə XIX əsrin əvvəllərində Azərbaycanda da azərbaycanlı maarifçilər dolandırıcı din xadimləri ilə üz-üzə dayanaraq ağır mücadilə aparmışdılar. Atatürk qatı dindarlıqdan uzaq, dünyanın yüksək kültürlü millətlər sırasında dayanmasını arzu edirdi: “Dindən maddi mənfəət təmin edənlər iyrənc kimsələrdir” (R.Z.Xəndan. Atatürkiyə. Mütərcim, Bakı, 1998, s.129).
Atatürk dil sahəsində də islahatlar aparmışdı. R.Z.Xəndanın bu barədə verdiyi məlumatda qeyd edilir, Atatürkün dövründə osmanlı yerinə türk sözü işlənmiş, 1928–ci ildə ərəb əlifbası latın əlifbası ilə əvəzləndi. Çağdaş yazı dilinin ümümtürklülərin anlayacağı dil səviyyəsinə qalxması Atatürkün sayəsində gerçəkləşdi. Osmanlı özünün “türk” sözü ilə əvəz edən, yazı dili ilə şifahi dil arasındakı kəskin fərqi aradan qaldıran, ölkənin irəliəməsində əvəzsiz xidmətlər göstərən Atatürkün dil sahəsindəki islahatlarını R.Z.Xəndan büyük təqdir etmişdir: “İndi isə “osmanlı” sözü tarixin malı olmuş, Türkiyədə yalnız türk ulusu, türk dili vardı. Şübhəsiz, bu işdə Atatürkün və onun hayranlarının böyük rolu olmuşdur” (R.Z.Xəndan. AtaTürkiyə. Bakı, Mütərcim, 1998, s.55-56)
R.Z.Xəndan hətta Atatürkə dair yazdığı şeirləri böyük sevgi ilə ifa edəndə Nurəddin Çakır onu Atatürkü sevməyənlərin təhlükəsindən qorumaq məqsədi ilə ehtiyatlı olmasını xatırladan zaman R.Z.Xəndan ona belə cavab verir: “Nurəddin bəy, əcaba mən Atatürkiyədə deyilmiyəm?” (R.Z.Xəndan. AtaTürkiyə. Mütərcim,Bakı, 1998, s.189), – deyə cavab verməsi nə üçün Türkiyəni Atatürkiyə adlandırması sualına tam olaraq cavab kimi yetərlidir.
R.Z.Xəndan Azərbaycan ədəbiyyatına dair materialları toplayıb Azərbaycan ədəbiyyatı ilə türk ədəbiyyatını müqayisəli təhlil metodu ilə araşdırmaya cəlb etdi. O, araşdırmalarında qarşılaşdığı problemlərin həlli yollarını axtardı. Başqa səyahətnamə müəlliflərindən fərqli olaraq o, səyahət etdiyi ölkənin ictimai-siyasi həyatından, mühitindən çox, hər iki ölkənin oxşar və fərqli xüsusiyyətləri müqayisəli müşahidə qabiliyyəti sayəsində öz vətənində hökm sürən quruluş, islahatlara qarşı etirazını bildirdi və araşdırmaya cəlb etdi.
Rəfiq Zəkanın Türkiyə və Azərbaycan ədəbi əlaqələr sahəsindəki fəaliyyəti toplama işi ilə məhdudlaşmadı. O, H.Cavid, M.Müşfiq, Aşıq Ələsgər və s. barədə öz fikir və münasibətlərini bildirir, hətta bəzən Türkiyə şair, yazıçıları barədə razılaşmadığı məqamları da açıq şəkildə öz məqalələrində qələmə almışdı.
R.Z.Xəndan hər bir azərbaycanlı türk ədəbiyyatı tədqiqatçısının minnətdar duyacağı bir şəxsiyyətdi. Onun şeirləri, esseləri, məqalələri, intervüləri Ankara, İstanbul, İzmir, Konyada, İzmirdə çıxan bir çox qəzet və jurnal səhifələrində işıqlanmışdı. Türkiyədə çıxan “Tanıtım”, “Sizə”, “Türk ədəbiyyatı”, “Kamalist ülkü”, “Qarınca”, “Əməl”, “Türkiyəm”, “Türkeli”, “Cümhuriyyət”, “Günaydın”, “Milliyyət”, “Günəş” və s. qəzet və jurnallarda Azərbaycan ədəbiyyatını ilk dəfə öz qələmindən çıxan müxtəlif səpkili məqalələri ilə ilk tanıdanlardan biri R.Z.Xəndan olmuşdur.
R.Z.Xəndan Türkiyənın ziyalı xadimləri tərəfindən yüksək qiymət almış azərbaycanlı publisistlərdəndir. Belə ki, hələ İstanbulda Nizaməddin Onkun evində qalan zaman İrfan və Yavuz Bülənd şairin “Salam olsun” kitabı haqqqında məqalə yazmışdır.
R.Z.Xəndan yalnız Azərbaycan tarixinin, ədəbiyyatının milli təəssübünü çəkən ziyalı xadim kimi deyil, eyni zamanda “türkün dərdi bizim, dərdimizdir” deyib, Türkiyə tarixinə qara yaxanlara qarşı çıxmışdır.
R.Z.Xəndan içərisində olduğu məkanlarda barışmaz ideyalar qarşısında öz etiraz səsini ucaldır. Mərmərə Universitetindəki “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” mövzusundakı konfransda Tofiq Fikrətə damğa vurulmasının əleyhinə etiraz edir. R.Z.Xəndanın ən çox axtarışında olduğu şair Əbdülhaqq Hamidi idi. Çünki vaxtilə Ə.Hamidi də azərbaycanlı şairlərin axtarışında idi, şeirləri M.Müşfiqin, H.Cavidin dillərində əzbərlənirdi. Publisist Atatürkün dünyadan köçdükdən sonra Nazim Hikmətin damğalanmasını acı təəssüf hissi ilə qeyd edir.
“Kommunist” qəzetinin 1988-ci il 30 aprel tarixli R.Z.Xəndanın “Göyçəli Aşıq Ələsgər” məqa¬lə¬sində ilk dəfə olaraq Aşıq Ələsgərin biblioqrafiyasını hazırlayan, onun bütün şeirlərini toplayan Nizaməddin Onkun “Aşıq Ələsgər yaradıcılığına bəslədiyi sevgi, bu sevginin böyük bəhrəsi kimi ərsəyə gələn “Göyçəli Aşıq Ələsgər” 500 səhifəlik monoqrafiyası ilə bağlı məqaləsi diqqəti cəlb edir. Burada aşığın şeirlərində də toplanmışdı. R.Z.Xəndanı ən çox sevindirən qardaş Türkiyəli araşdırmaçının Azərbaycan ədəbiyyatına sərf etdiyi böyük zəhmətidir. Türkiyə Folklor Akademiyasının akademiki R.Z. Xəndan hər zaman Yunus Əmrə, Aşıq Veysəl, Əzmi baba kimi dili Azərbaycan dilinə yaxın aşıqların tərcümə olunmasının əleyhinə idi. Ancaq çətin anlaşılmayan sözlərin kitabın sonunda verilməsinin tərəfdarı idi: “Yunus Əmrədən Aşıq Veysələdək türk aşıqlarının tərcümə adıyla oxucularımıza təqdim etmək lazım deyil. Çünki bu aşıqların heç birisinin heç bir qoşmasında anlaşılmayacaq bir kəlmə belə yoxdur” (Rəfiq Zəka Xəndan. Göyçəli Aşıq Ələsgər.”Kommunist” qəzeti.30 aprel 1988, s.85).
R.Z.Xəndan “Azərbaycan” jurnalının 1989-cu il 10-cu nömrəsində çap etdirdiyi məqaləsində Mustafa Həqqi Türkəqulun 1963-cü ildə “Azərbaycan türk şairi Hüseyn Cavid” monoqrafiyası ilə bağlı sevinc dolu təəssüratlarını oxucuları ilə bölüşür (Rəfiq Zəka Xəndan. Türk aliminin gözü ile… “Azərbaycan” jurnalı, 1989, №10,).
O, Hüseyn Cavidin həyatının məlum olmayan acı tərəfləri ilə tanış olduqca təəssüflənir. Müxtəlif misallarla H.Cavid haqqında məlumat verən publisist sonda H.Cavidin əsərlərinin Azərbaycan ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edir.Çünki publisistin öz müsahibəsində qeyd etdiyi kimi: “Cavid bizim Əbdülhəqq Hamidimizdir. Mən bu barədə “Cavid sənəti” kitabımda ətraflı yazmışam, Müşfiq isə Türkiyədə Orxan Seyfi Orxon, Faruq Hafiz Çamlıbel, Xalid Fəxri Ozansoy, Nəcib Fazil Qısakürək kimi şairlərin hecaya gətirdikləri inqilabı Azərbaycanda təkbaşına yapdı” (Rəfiq Zəka Xəndan.Atatürkiyə. Bakı, Mütərccim, 1998, s.97) R.Z.Xəndan “Azərbaycan” jurnalının 1989-cu il 9-cu sayındakı “Türk aliminin gözü ilə” adlı məqaləsində Hüseyn Cavid sənətinin qüdrəti, buna böyük qiymət verən Türkəqulu dəyərləndirir və Azərbaycanda geniş oxucu kütləsinə çatdırılmasının tərəfdarı çıxır.
“Qobustan” jurnalının 1988-ci il 3-cü sayında da çap olunan “Türk folkloru” məqaləsində Türkiyə Folklor Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları vəqfinin diplomunu qazanmış, “Sizə” jurnalının redaksiya heyətinin üzvü seçilmiş Rəfiq Zəka Xəndan Yunus Əmrə başda olmaqla Hacı Bayram Vəli, Balım Sultan, Qayğısız Abdal, Həsən Dədə və s. dili bizimlə birgə türk dili olması,onlarının əsərlərinin tərcüməsinin lüzumsuz olduğunu qeyd etmişdir.
R.Z.Xəndanı daha çox düşündürən, olduqca narahat edən qatı dindarların əleyhinə qarşı çıxışlar edən, parlaq şair Tofiq Fikrətə Atatürkün əleyhdarlarının qiymət verməməsi məsələsidir. R.Zəkanın məqsədi onlara qarşı söylənən əsassız dəlilləri puça çıxarıb, bəraət qazandırmaq idi.
R.Z.Xəndan Atatürkün yoxluğundan istifadə edib N.Hikmətin, Tofiq Fikrətin də nə zamansa layiq olduğu qiymətini alacağına inanırdı.
R.Z.Xəndan türklərə qarşı həyata keçirilən soyqırım cinayətləri məsələsinə də toxunur. “Ulduz” jurnalında “Xəyala sığmayan vəhşət” adlı məqaləsində müəllif M.Müşfiq kimi şəxslərin qanının baiskarı Andronik və onun arxasında dayananları, Türkiyə tarixində həyata keçirilən genosid aktını “Camal Anadolunun “Erməni dosyası”nda (1982)” konkret sənədlərə istinadən vəhşicəsinə türklərə qarşı törədilən soyqırımlar öz əksini tapmışdır. Publisisti daha çox düşüncəsini sarsıdan qadınlara, uşaqlara, körpələrə qarşı törədilən ağlasığmaz, insanlıq adına yaraşmayan şəkildə işgəncələrin həyata keçirilməsidir. R.Z.Xəndan Camal Anadolunun “Erməni dosyası” (1982) kitabından sitatlarla vaxtilə M.Müşfiq və bir sıra repressiya qurbanlarımızın baiskarı olan Andronik və həqiqətləri inkar edən erməni yönümlü yazılara qarşı etiraz etmiş, erməniləri Qarabağ, Naxçıvan, Gəncə, Tiflis, Bakıda, Ərzurum, Sarıqamışda törədilən dəhşətli faciələr fonunda erməni siyasətini kəskin ifşa etmişdir (Rəfiq Zəka Xəndan. Xəyala sığmayan vəhşət. “Ulduz” jurnalı, 1990, №2,).
“Ulduz” jurnalının 1989-cu il 7-ci sayındakı məqalədə Türk Kültür Araşdırmaları İnstitutunun buraxdığı kitabda 100 türk marşının sözləri və notu içərisində publisistin Üzeyir Hacıbəylinin 2 marşı daha çox diqqətini cəlb edir. Ü.Hacıbəyli 1919-cu il tarixli 246 saylı “Azərbaycan” qəzetinin elanına əsasən keçirilən müsabiqədə birincilik qazanır. Bu marşlar içərisində Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Himinin marşını, əlbəttə ki, xüsusi qiymətləndirmişdir. R.Z.Xəndan Ü. Hacıbəyli adı ilə bu şəxsin tanınmasından dillər əzbəri olmasından, bəstəsi olduğu mahnıları ilə sevilməsindən, “Arşın mal alan”, “O olmasın bu olsun” əsərinin Türkiyədə tamaşaya qoyulmasından bəhs açmışdır. Bu məqalədə yenidənqurma və aşkarlıq dövrünün açdığı geniş imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışan milli təssübkeş publisist R.Z.Xəndan Azərbaycan Dövlət Himnin hərb məktəbində səhər tezdən oxunduğu kimi, gələcəkdə də ən yüksək kürsülərdə səslənəcəyinə hələ o dövrdə inanırdı (Rəfiq Zəka Xəndan. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun iki naməlum marşı haqqında. “Ulduz” jurnalı, 1989, №7,).
R.Z.Xəndanın Türkiyə mövzusunda olan məqalələrin hamısını əhatə edən “Atatürkiyə” əsəri bir-birinə üzvü surətdə bağlı olan səyahətin ümumi istiqamətini, ardıcıllığı mənasında biri digərinin davamıdır, əsərin vahid süjet xətti yoxdur. Əsərin dili elmi və bədii publisistikdir. R.Z.Xəndan fikrini şüurlara daha canlı və təsirli etmək, daha dərindən nüfuz etmək üçün öz şəxsi publisistik kəsər, vətəndaşlıq mövqeyini hər zaman bildirmişdir.
Ümumiyyətlə, əsər sadə cümlələrlə daha çox zəngindir. Publisist bəzi səyahətnamə müəllifləri kimi təbii, mənzərədən çox, şəxslərin istər portreti, istərsə də ünsiyyəti, qarşlıqlı münasibətinə daha çox üstünlük verir. Əsas məqsədi ədəbi əlaqələrin inkişafına yönəldiyindən bu səmtə daha çox meyl etmişdi. Ancaq publisist təsvirləri lakonik, dəqiq, konkretdir. Təsvir olunan hər bir şeyə publisitin aydın açıq münasibəti var. Publisistin nifrət hissi az duyulmaqdadır, bu da onun sonsuz türkçülük sevgisi, ümumi şəxsiyyət kimi xarakterindən irəli gəlir. Bəzən etirazını görmək istədiyi arzuları, həllini gözlədiyi problemləri də müqayisəli şəkildə bildirir.
Əsərdə milli ruhlu publisistika ilə analitik alim təfəkkürlü zərif bir şairin ürəyinin sızıltılarını duymamaq mümkünsüzdür. Tez-tez emosiyalarını şeirlə ifadə edən publisist əsərə xüsusi bədii-publisistik ovqat qatır. Konkretlik, ünvanlılıq, açıq danışmaq üsulu ilə publisistikaya poeziya ruhu gətirən R.Z.Xəndan publsistikasının həyatiliyinin mübarizliyini şərtləndirən cəhətlərdəndir.
“Atatürkiyə” əsərində müəllifin son dərəcə diqqətli həssas müşahidə qabiliyyəti var, hətta kiçicik təfərrüat da onun gözündə yayınmamışdır. “Atatürkiyə” əsərində əsas obraz müəllifin özüdür. Müəllifin qarşılaşdığı hadisələri izah edir, həlli lazım olan problemləri ortaya qoyur, başa salır, bəzən digər şəxslərin sözləri ilə öz fikirlərini təsdiqləyir, nə qədər lirik üsluba meyl etsə də, qarşılaşdığı kəskin fərqli icimai proseslər qarşısında öz təmkinini, səbrini belə qoruyur. Üsyankarlıq etmir, ancaq vacib problemləri bir publisist kimi ürək ağrısı ilə qələmə alır.
R.Z.Xəndan Xəndan publisistikası oxucunu düşündürən, bəzən şüura, ağıla yönələn, bəzən lirik emosiyaları qabardan poetik lövhələrlə zəngin olan publisistikadır. R.Z.Xəndan publisistikası mövzu tematikası baxımından Sovet dövrünün streotip qəliblərindən, mövzu monotonluğundan çıxmış publisistika idi. Sözsüz ki, dövrün ictimai fikrində baş verən oyanışında bunun da rolu vardı: “Diqqətlə yanaşdıqda, Azərbaycan publisistikasında 1990-cı illərdən başlayaraq mövzu zənginliyi, tematika palitrasının çoxrəngliliyi meydana çıxmışdır. Xüsusilə predmetə yanaşma tərzində, publisistik iç dünyasının sərbəst ifadəsində tamamilə yeni məqamlar ortaya çıxır.
Adətən, belə yazılarda publisistin düşüncə tərzinin, üslubunun, azad və sərbəst fikrinin açıq ifadəsi, sözün aydınlığı qabarıq görünür. Azərbaycan publisistikası bu gün həmin üsluba meyli ilə səciyyələnir” (Cahangir Məmmədli. Jurnalistika nəzəriyyəsi və təcrübəsi. Bakı, Təhsil, s.390).
Poetik təfəkkürlə ideya-estetik təfəkkür R.Z.Xəndan publisistikasında qovuşmuşdur. R.Z.Xəndan publisistikasında Turkiyə-Azərbaycan ədəbi əlaqələrinə barəsində qaldırdığı problemlər, islahatlar dövrünün meydana çıxardığı müxtəlif problemləri təhlil edib, haqqında rəy formalaşdırmağı, Türkiyə və Azərbaycan ədəbi əlaqələrinin inkişafının, yeni yollarını müəyyənləş¬dirib xalqa nişan verməyə başladı.
Ümumiyyətlə, “Atatürkiyə” əsəri Türkiyənin ümumi mənzərəsi haqqında informativ xarakteri daşıyır. Burada publisistin barışmaz, yad təmayüllərə qarşı mübarizə ehtirası yox dərəcəsindədir.
Xalqın gündəlik danışıq dilinə çox yaxın olan “Atatürkiyə” əsəri müəllifin dil həssaslığı, türk dilinə qarşı sonsuz məhəbbətini duymamaq mümkünsüzdür. Onun asan anlaşılan, çətinlik qarşısında qalmayan üslubu olduqca maraqlıdır. Onun səmimiyyətli, göstərişdən uzaq olmaq, müəllifin üslubunu müəyyən edən əsas ünsürlərdəndir. Əsərdə incə şair duyğularının lirizmi aydın şəkildə hiss edilir. Qarışıq imiclərə, qeyri-müəyyən xəyal oyunlarına, dolanbaclı ifadələrə, çətin anlaşılan romantik bir həssaslıq, hüznlü və dramatik ifadə hakimdir.
R.Z.Xəndan Türkiyə Azərbaycan əlaqələrinin formalaşması yolunda çox əziyyət sərf elədi. Məqsədi iki türk dövlətinin birliyini, vahid ideologiyasını bərpa etmək idi. Ancaq çağdaş konteksdən düşünəndə buna tam nail oldu. O, iki türk dövlətini bir-birindən ayıran qüvvələrə qarşı mübarizə apardı. 50-dən artıq şair və yazıçıları əsərləri ilə birgə xəbərsiz Türkiyə mətbuatına, ictimaiyyətinə tanıtdı. R.Z.Xəndanın “AtaTürkiyə” əsəri və Türkiyə mövzusunda yazdığı digər məqalələri Türkiyə-Azərbaycan əlaqələrininin inkişaf tarixnin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə, çağdaş baxışdan düşünəndə R.Z.Xəndan arzuladığı, gözlədiyi bütün problemlər öz həllini tapdı. Nə qədər ki, iki qardaş türk dövləti var, bir-birinə bağlı olan Türkiyə-Azərbaycan əlaqələri də sonsuza qədər yaşayacaqdır.