Ana səhifə BAŞ YAZI 33 sual…

33 sual…

Müəllif: Bizim Yazı
727 baxış

“Torpaqlarımızın işğalı faktı ömrümə kədər çökdürüb”

Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı “33 ziyalıya 33 sual” rubrikasında…

– Sizə görə həyatda ən asan və ən çətin şey nədir?
– Ən asan şey gücüm çatan qədər yaxşılıq etmək; ən çətin şey pislik etmək…

– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?
– Bu müəyyən qədər həmin kənddəki həyat tərzindən, yaşımın hansı mərhələsində olmağımdan asılı olardı. Hesab edirəm, dolanışıqla yanaşı, bəlkə… dərhal maddi xeyir gətirməyən, amma könül işi və qələm borcu olan yazıçılığımı davam etdirərdim.
Yeri gəlmişkən, mən məhz ucqar bir kənddə doğulmuşam.

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə kədərlənir, nəyə sevinirsiniz?
– Sırf şəxsi planda ən çox kədərləndiklərim barədə danışmaq istəməzdim; ümumən bir vətəndaş, bir Azərbaycanlı olaraq, torpaqlarımızın işğalı faktı ömrümə kədər çökdürüb, təbii.
Sevindiklərim isə… bəzən qalıcı olmayıb, yaxud zamanla öz öncəki ləzzətini itirib. Qalıcı olan ömür sevinclərim övladlarımın uğurları ilə bağlıdır.

– Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?
– Tanrının izni ilə bütün böyük fikir adamlarına… Eləcə də, təmənnasız yaxşılıqlarını gördüyüm və yaxşılıqlarını heç zaman unutmayacağım (məndən sonra da övladlarımın unutmayacağı) insanlara… Əgər ad çəkəsi olsaq, rəhmətlik Mireyyub Ağanın, Allah ömür versin – Rza Molla Əhmədoğlunun, Şamil Alıyevin, Tahir Süleymanovun adlarını özəlliklə qeyd etməliyəm….

– Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?
– Yüksək dəyər verdiyim insanlar, keçilməz saydığım dəyərlər öz yerində… sizə deyim, həyatda elə məqam olur ki, uğrunda addım atdığın adamın, hadisənin dəyərindən, sonra nə olacağından asılı olmayaraq, ən radikal addımı ata bilirsən, hətta daha öncələr heç tanımadığı birisi üçün də… – insanlıq halı…

– Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?
– Özümü qələm, kağız və barmaqların ürəkli qardaşlığı ortamında daha yaxşı ifadə edirəm.
İşim… mənəvi baxımdan razılıq doğuran işdir.

– Üzr istəmək sizə ağır gəlmir ki?
– Üzr istəyəcək qədər yanlışım varsa və qarşıdakı o üzrə layiqsə, heç bir ağırlıq hiss etmərəm. Yox, əgər üzr istənəcək adam təkəbbür dağarcığıdırsa, bunu qətiyyən etmərəm.

– Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?
– Məncə, Sabir bunu giley-güzar edən, heç bir iş görməyib də, ah-vay edənlər üçün deyir. Ağlamaq anından heç bir kişi sığortalanmayıb… O ağlamaq ki, səni duruldur, içini boşaldır və kimdənsə, nədənsə qorxaqlıq məzmunu daşımır, onu kişiyə irad tutmaq olarmı, əfəndim?

– “Kaş ki, filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz vaxtlar olurmu?
– Qətiyyən! Mən ölkəmi və milli mənsubiyyətimi dəyişməkdən, yaxud bundan heyifsilənməkdən (belə fikrə düşməkdən) birmənalı şəkildə uzağam!

– Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?
– Onsuz olarmı, əfəndim?
Kimin birinci barışmasına gəldikdə isə, atam demiş – “doğmanın nə küsüsü”?

Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
– Özümü Tanrının qarşısında günahkar bilərəm. Günahdan keçmək də məhz Tanrının işidir…

Sizcə, azadlıq istədiyini etməkdir, yoxsa istəmədiyini?
– Bu çox geniş cavab tələb edir. Bu suala bir kitab bağlamaq olar…

Sevgi nədir: ümid, qorxu ya xoşbəxtlik?
– Sevgi bir dünyadır – dediyiniz hisslərlə yanaşı, bəlkə daha neçə hissi, olanağı da əlavə etmək olar o dünyaya…

Ən çox nə vaxt utanırsınız?
– Ən çox utanmalı məqam kiminsə etimadının, inamının sarsılmasına səbəb olanda meydana çıxar, yəqin…

Ölüm nədir?
– Ölüm – o dünyanı tərcih etməkdir!
Ustad Aşıq Alı deyir: Ölüm haqdır, çıxmaq olmaz əmrdən…

Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
– Maraqlıdır, bu sübhçağı qarışıq bir yuxu görmüşəm: sən demə, həyətimizdəki bir daşın altından qızıl çıxıb və mən atamla birgə bir-bir ən doğma qohumların ziyarətinə gedir, onların dolanışıq səviyyəsinə uyğun sürpriz yardımlarda bulunur, sonra da gəlib, illərlə həllini gözləyən yarımçıq işlərimizin planını qururuq… Yuxudan planlar tam olmamış ayıldım.
Nə deyim? – o pulu ürəyimdən tikan çıxaran haqq işlərə yönəldərdim ilk növbədə. Sonra da davamlı gəlir gətirən, xeyirxahlığımı genişləndirməyə imkan verən bir müəssisə qurmaq barədə düşünərdim yəqin…

“Mən almasam, bir başqası alacaq, mən olmasam, bir başqası olacaq” düşüncəsi nəyi ifadə edir?
– Müəyyən qədər bəhanəşünaslıq olsa, gərək…

Həyatda ən böyük təsəlliniz?
– Kiminsə, nəyinsə haqqını qaytarmaq (vermək)!

Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
– Bu barədə düşünməmişəm, açığı. Yəqin ki, jurnalist, yaxud maraqlı birisi sual verdiyi insanı, onun hiss-həyəcanını, onunçün həssas mövzuları müəyyən qədər öyrənib, “qeyri-adi sual”ını bundan sonra verməlidir. Hətta belə olmasa da, səmimiyyətlə, sadəlöhvlüklə verilmiş sual qıcıq doğurmazdı, ancaq məqsədyönlü, bədniyyətli suallar olarsa, həncəri deyərlər, “hərcayi sualın mərcayi cavabı olar”…

Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?
– Adama, məkana, ovqata görə dəyişir.

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
– ƏDALƏTLİ, İNSAFLI OLUN!

Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?
– Ən yaxşı xarakter comərdlik, ən pis xarakter (- yəqin ki, xaraktersizlik desək, düzgün olar), xəbislikdir.

Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?
– Bu suala, zarafatla, “rəhmətlik Hüseyin Arif demişkən, olub, olub…” deyə də cavab vermək olar, ancaq doğrusu, heç bir müğənniyə aşiqliyim olmayıb. Ümumiyyətlə, müğənniyə, sənətçiyə heyranlığım, pərəstişliyim olmayıb, sayğım olub, məhəbbətlə izlədiyim, gözlədiyim isimlər olub, var.

Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?
– Heç nə deməzdim. Çünki deyiləcək söz, “qarşına çıxsın” olardı, onu da deməzdim… Hacı Vəli Bektaşinin bir öyüdü var, deyir- incinsən də, incitmə! – bunu övlada da şamil etməyib, kimə şamil edəcəyik?..

Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
– Hər sözün özünü sevirəm, aşırısını sevmirəm.
Ən çox sevdiyim söz – sözlü hərəkət, sonbeşik övladımın “Ata gəldi” deyib üstümə şığıması olar, yəqin…

Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?
– Vəsiyyət anında yanımda kimin olmasına bağlıdır.

Ən çox nədən qorxursunuz?
– Haqqın nazilmə sürəcinin çox uzun çəkməsindən…

Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
– İnsan xoşbəxt olduğunu bir çox hallarda sonradan idrak edir… Bilirsiz, mən başqasının uğuruna, xoşbəxtliyinə baxıb darılan, kiminsə bədbəxtliyindən ləzzət alan adam deyiləm. Mənim də xoşbəxt anlarım, günlərim olub, əlbət. Bu gün əldə etdiklərimə görə naşükür deyiləm. Gələcəyə də ümidsiz baxmıram, çox şükür.
Vətəndaş olaraq xoşbəxt olmağım üçünsə Azərbaycanımın bütövlüyü çatmır, bütövlüyü…

Sizin kimlərə və nə kimi xeyriniz var?
– Mənə güvənənlərə xeyrim toxunar, xeyrim olmazsa da, ziyanım olmaz yəqin.
Təvazökarlıqdan qıraq olmasın, mən ictimai fikrin düzgün qidalanmasında iştirak edən qələm adamlarından, yazarlardan, çağdaş Azərbaycan gənclər hərəkatında, vətəndaş cəmiyyəti quruculuğunda rolu olanlardan biriyəm.

Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?
– “Nə üçün” deyə sual edərdim, – Dünya özü məni başa düşər…

Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
– Bir neçə dəfə… Və o qədər də asan olmayıb bu imtinalar… ancaq imtinalarımdan peşman deyiləm.

Gənclik hansı yaşda bitir?
– Çalışmaq, irəliləmək eşqi öləziyəndə…

Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?
– Dostlarım nə azdır, nə çox… – Dostlarım dost sayındadır.
İnsan niyə dost olmasın ki?.. Dostluq insanlığın ən önəmli qazanclarından biridir. Qohumu, qardaş-bacını biz seçmirik, ancaq dost öz seçimimizdir – dostluq bir əsərdir! Əsər yaratmağı kim istəməz?..

//zaman.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.