Category Archives: YENİLİKLƏR

Xəyal Rzanın ingiliscə kitabı çap olundu

Tanınmış şair Xəyal Rzanın ingilis dilində şeirlər kitabı çap olunub.

bizimyazi.az xəbər verir ki, kitabda şairin tərcümə edilmiş 23 şeiri yer alıb.

Kitab yazıçı, tərcüməçi Kamran Nəzirlinin “Çağdaş Azərbaycan şeiri ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb. Kamran Nəzirli layihə haqqında danışarkən “məqəsdimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir”, – deyə bildirib.

Kitabda müəllifin sevgi şeirlərilə yanaşı, Qarabağa, eyni zamanda erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.

Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çapdan çıxan “The world smells love” adlı kitab Xəyal Rzanın sayca 7-ci kitabıdır.

Oxunma sayı: 262

Dünya Gənc Türk Yazarlar Birliyi Tovuz döyüşlərindən sənədli film çəkdi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır”  adlı layihə çərçivəsində sənədli film çəkilib.

Fondun maliyyə dəstəyi ilə çəkilən sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində Respublika sərhədlərimizin Tovuz istiqamətində  erməni silahli qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması və baş verən döyüşlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə düşmənə layiqli yerini göstərən şanlı ordumuzun qəhrəmanlıqlarından bəhs olunur.

Sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində baş vermiş Tovuz döyüşlərində şəhid olmuş qəhrəmanlarımız haqqında, həmin dövrdə xalqımızın göstərmiş olduğu birlik, bərabərlik haqqında geniş məlumat verilir.
Sənədli filmin layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, ssenari yazarı tanınmış şair-publisit Əkbər Qoşalı, rejissoru isə Rövşən Danyeridir.
Tanınmış hərbi ekspertlərin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin fikirlərinin yer aldığı sənədli filmi təqdim edirik.

https://youtu.be/8EAows4Yzts

Dünya Gənc Türk Yazarlar Birliyi Mətbuat Xidməti

Oxunma sayı: 979

Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi

Hökmdar-şair, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin “Dəhnamə” və “Nəsihətnamə” poemaları Azərbaycan Yazıçılar Birliyi “Şah İsmayıl” Komissiyasının təşəbbüsü ilə “Hədəf Nəşrləri” tərəfindən nəsr halında çap edilib.

… xəbər verir ki, əsəri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisləri Mehdi Şükürov və Arzu Əsədova nəsrə çevirib.

Sözügedən layihənin rəhbəri “Şah İsmayıl” Komissiyasının sədri, dosent Şəmil Sadiqdir.

Qeyd edək ki, kitabın rəyçiləri dosent Şəmil Sadiq, professor Aydın Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru Fikrət Əliyev, filologiya elmləri doktoru İslam Sadıqdır.

Səbuhi Şahmursoy və Nizami Hüseynovun redaktoru olduğu nəşr, əsasən, xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın ön sözünün müəllifi professor Xəlil Yusiflidir.

Oxunma sayı: 278

Hədəf Liseyi 10 şəhid övladına ödənişsiz təhsil verəcək

 

“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək veriləcək.

… xəbər verir ki, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Hədəf Liseyində 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq olunacaq.

Müraciətlər 8110 Çağrı Mərkəzi vasitəsilə bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 10 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladı üçün təhsil mərkəzi tərəfindən 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.

Son müraciət tarixi: 16.04.2021.

Qəbul imtahanı aprelin 18-də keçiriləcək.

Oxunma sayı: 352