Ana səhifə BAŞ YAZI ƏYALƏT VƏ ƏDƏBİYYAT: UĞURLAR, PROBLEMLƏR…

ƏYALƏT VƏ ƏDƏBİYYAT: UĞURLAR, PROBLEMLƏR…

Müəllif: Bizim Yazı
64 baxış

AzAtaM-daElşən ƏZİM (Mingəçevir)

(Yazarın (AGİN-nin dəstəklədiyi və DGTYB- tərəfindən gerçəkləşdirilən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində, 11.12.2013-cü ildə) Atatürk Mərkəzində etdiyi eyni adlı məruzə əsasında hazırlanıb)

Hörmətli görüş iştirakçıları, Azərbaycan ədəbiyyatında əyalət və paytaxt fərqi sovet dönəmindən üzübəri mövcud olmuş problemlərdən biridir. Bölgələrdə yaşayıb-yaradan söz adamının təbliği, çap olunması, tele-radio proqramlarında çıxışı, ödül və hətta nə gizlədək, təltiflərə layiq görülməsi həmişə paytaxtdakı yazarlara nisbətən müəyyən çətinləklərlə müşahidə olunub. Son illərdə bu sahədə bəzi addımlar atılsa da, problemlər hələ də qalmaqdadır. Əslində bölgələrdə də yetərincə istedadlı, intellektli qələm sahibləri yaşayıb-yaradır. Bunların da bir hissəsini gənclər təşkil edir. İnformasiya kommunikasiya texnologiyalarının son illərdəki inkişafı – özəlliklə də internet saytları və sosial şəbəkələrdən istifadə bölgə gənclərinin də tanınmasında müəyyən rol oynayır. DGTYB-nin həyata keçirdiyi bir sıra layihələr də bu sahədə önəmli yerlərdən birini tutur. 2012-ci ildə müxtəlif bölgələrdə ədəbi gəncliklə görüşlər və bu görüşlərin nəticəsi olaraq ərsəyə gətirilmiş “Bölgələrdən səslər” almanaxını buna misal göstərmək olar. Eyni zamanda DGTYB-nin idarə etdiyi internet portalları da bölgə gənclərinin əsərlərinə həmişə geniş yer ayırır.
Bildiyimiz kimi paytaxt Bakıda bir sıra ədəbi qurumlar fəaliyyat göstərir. Bunların bəziləri isə daha çox qruplaşmalardan ibarətdir. Belə olduğu halda əyalət yazarının bu qurumlarda təmsil olunması çətinləşir. Bölgələrdə isə ədəbi qrumlar azlıq təşkil edir. Tarixə nəzər salsaq görərik ki, qədim dönəmlərdən üzübəri yurdumuzun müxtəlif şəhərlərində ayrı-ayrı ədəbi məclislər olmuşdur. Bunlardan XIX yüzil ədəbi məclisləri haqda daha geniş məlumatımız var. Müxtəlif bpölgələrdə toplaşan “Divani-hikmət”, “Gülüstan”, “Əncümənüş-şüəra” Fövcül-füsəha”, “Beytüs səfa”, “Məclisi-üns” və digər ədəbi məclislərdə yetişmiş şairlərin bir çoxunu bu gün ədəbiyyatımızın klassikləri kimi öyrənirik.  Eyni zamanda bu ədəbi məclislərin biri-biriylə sıx əlaqələrinin olduğu bir çox mənbələrdə qeyd olunub. Məsələn, Seyid Əzim Şirvanıinin Bakıda “Məclisi şüəra”nın, Lənkəranda Fövcül-Füsəhaya rəhbərlik etmiş Mirzə İsmayıl Qasirin Qarabağda  “Məclisi-ünsün” və” Məclisi fərəmuşanın ” qonağı olduqlarını bilirik. İndi də bəzi bölgələrdə ədəbi məclislər vardır. Ancaq bunların işi özfəaliyyət dərnəyi səviyyəsindən oyana keçmir. Bölgələrdəki ədəbi qurumlar içərisində ən nüfuzluları AYB-nin filialları hesab olunur. Görək bu filiallar XIX yüzil ədəbi məclisləri səviyyəsinə çata biliblərmi? Bunların biri-biriylə əlaqəsi varmı? Doğrudan da AYB filiallarının bəzilərinin fəaliyyətini qənatbəxş hesab eləmək olar. Bir çox filialların isə fəaliyyəti ya tamamilə görünmür ya da təmsil olunduqları bölgələrin sınırlarını aşmır. Beləliklə də bölgələrdə yaşayan istedadl sənət adamının tanıtımı həmin şəxsin öz üzərinə düşür. DGTYB rəhbərliyi və ekspertlərinin ötən il bölgələrə səfəri zamanı biz bu dediklərimizin şahidi olduq.
Yazıçı və şairin formalaşmasında oxucunun da rolu danılmazdır. Azərbaycanın bölgələrinin folklor və klassik ənənələri müxtəlif olduğundan bölgə oxucusunun da ədəbiyyata yanaşması müxtəlifdir. Yəqin dostların xatirində olar, mənim sosial şəbəkələrdən birində bu mövzuda paylaşdığım kiçik bir status nə qədər mübahisəyə səbəb olmuşdu. Ancaq bu danılmaz həqiqətdir ki, oxucusu mühəfizəkar olan bölgələrin yazarı ənənə çevrəsindən o yana keçə bilmir. Hansı bölgədə folklor ənənəsi və klassik poeziya zəif olubsa həmin bölgənin şair və yazıçıları daha çağdaşdır. Bu məsələyə ona görə toxundum ki, bölgədə yaşayıb-yaradan qələm sahibi istəsə belə ənənə çevrəsindən çıxa bilmir. Bunun  qarşısını almaq üşçün bölgə yazarlarını da geniş oxucu auditoriyasına təqdim etmək lazımdır. Əgər bölgədə yaşayan şairin kitabı həmin bölgədən kənarda yayılmırsa, o şair yaradıcılığında öz oxucusunun zövqü və baxışını nəzərə almağa məcburdu. Bu da bir sıra istedadlı adamın el şairi imicində qalmasına səbəb olur. DGTYB-nin bölgə yazarlarının təbliğatı yönümündə həyata keçirdiyi layihələri digər ədəbi qurumlar da etsə, bu problemin həllində xeyli irəliləyişə nail olmaq olar. Ancaq bu işi tam olaraq ədəbi qurumların da üzərinə atmaq olmaz. Bölgədəki yazar özü də zövqündə dünya görüşündə müəyyən dəyişikliklər etməlidir. Kitablarının nəşri üçün müraciət etdikləri nəşriyyatları düzgün seçməli, kitabın yayımını öz üzərinə götürən nəşriyyatlara üstünlük verməlidirlər. (Bildiyimə görə belə nəşriyyatlar var). Eyni zamanda ciddi ədəbi mətbuata ayaq aça bilməmək də bölgə gənclərinin problemlərindən sayılır. Doğrudur, son illərdə bir çox dostlarımızın yazılarına mərkəzi mətbuatda rast gəlmək olur. Ancaq bu da yetərli deyil. Bu problemin çözümünü düşünərək biz, müxtəlif bölgələrdən olan gənclər “Söz odası” qəzetini təsis etdik. Redaksiyası bölgədə yerləşsə də bu qəzeti ölkə səviyyəsinə çıxara bildik. Qəzet Bakıda nəşr olunurdu və Azərmətbuatyayım vasitəsilə həm paytaxtın həm də rayonların qəzet köşklərinə göndərilirdi. Hansısa bölgə qəzetinin ölkə miqyasına çıxarılması təcrübəsinə Azərbaycanda az-az rast gəlinir. Təəssüf ki, qəzetin nəşrini davam etdirməyə maddii imkanımız çatmadı, hələlik nəşri dayandırmışıq…
Bütün bunlarla yanaşı bölgə ədəbi gəncliyinin uğurları da az deyil. Buna misal olaraq ayrı-ayrı gənclərin son illərdə çap olunan kitablarını, mətbuat səhifəsindəki uğurlu çıxışlarını qeyd etmək olar.  Qarabağ bölgəsindən Gündüz Sevindik, Məhsəti Musa, İlham İsmixanoğlu, İsrail Fərhad, Elşən Cavad, Davud Fərhad Hikmət Qarayev Cahandar Alıyev və başqaları son zamanlar çap etdirdikəri yazılarıyla ədəbi cameədə yetərincə tanınırlar. Gündüz Sevindikin “Fələstinli uşaq ” şeirindən bir parçaya diqqət yetirək:
Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası
Bu qara ölkədə Allah axtarır.
Deyən şair şeirin sonunda fələstinli uşağı Xocalıdan olan uşağa bənzədir və Qarbağ faciələrimizi bəşəri müstəvidə təqdim etməyə çalışır.  Bu mövzu İlham İsmixanoğlunun da yaradıcılığında önəmli yerlərdən birini tutur:
Ölümüm ömrümdən baha,
Acıq getməsin Allaha.
İlham yurdsuz yaşamır ha…
Ölür ölümdən qayıdır.
Bölgə gənclərindən əslən Kəlbəcərdən olan, Şəmkirdə yaşayan Elməddin Nicatın da imzası son illər ədəbi mühitdə maraq doğrdu. Ötən il çap olunan “Dağlar, yuxunuz çin olsun” şeirlər kitabı haqqında Azərbaycanın ünlü söz adamlarının maraqlı fikirlər yazması sevindirici haldır.
Bu nə yanğın, bu nə əhval? –
Lap əridim misqal, misqal.
Sevdalı başlara sığal,
Sərsəri küləklər çəkir.
(Elməddin Nicat)
Şahinə Könülün də yaradıcılığı haqqında bir sıra ədəbiyyat adamlarının müsbət fikirlər sərgiləməsi son zamanlar bölgə ədəbi gəncliyinin uğurlarından sayılmalıdır. Eyni zamanda Ağstafadan Rüfət Axundlunun, Qazaxdan Taleh Mansurun, Pərvanə Nizaməddinin, Sevinc Yunuslunun, Hikmət Carçılı Orhunun, Bəxtiyar Hidayətin,Tovuzdan Gülnar Qasımlının, Elnarə Nurun, güney bölgəmizdən Tərlan Əbilovun,  İqbal Nemətin, Faiq Hüyenbəylinin, Mais Təmkinin, Şəkidən Tural Adışirinin, Ucardan Elçin Aslangilin, Günay Şirvanın, Gəncədən Şəfa Vəliyevanın, Gədəbəydən Tural Sahabın, Kürdəmirdən Anar Gülümsoyun, Sumqayıtdan Emin Pirinin, Ələtdən Vəfa Qafaovanın, Mingəçevirdən Xəyalə Mətinin, Səxavət Kəlbəcərlinin, Zərdabdan Zamq Zərdabinin, Xızıdan Vüsal Hicranoğlunun imzaları ölkə mətbuatında tez-tez görünür.
Bölgələrdə daha çox poeziya gələnəyi mövcud olsa da maraqlı nasirlər də az deyil. Buna misal olaraq Şəmkirdə yazıb-yaradan İradə Aytelin son günlərdə işıq üzü görmüş “Qanlı öpüşlər” hekayələr kitabını göstərmək olar. Kitab haqqında bir sıra qəzet və dərgilərdə, internet saytlarında çoxsaylı yazılar getmiş, bölgə telekanallarında verilişlər hazırlanmışdır. Bölgə gəncləri arasında ədəbi-tənqidi yazılarla da diqqəti cəlb edənlər var. Tovuzda yaşayan Gülnar Qasımlının və Ucarlı (hal-hazırda Rusiyada yaşayır) Günay Səmanın, eləcə də Şəmkirdən bayaq adını çəkdiyimiz İradə Aytelin bir çox çağdaşr şair və yazıçılarımızın yaradıcılığına həsr etdikləri elmi-tənqidi yazıları ən nüfuzlu mətbu orqanların səhifələrində yer alır.
Qələm sahiblərinin təbliğatında bölgələrdən yayımlanan telekanallar da önəmli yer tutur. Şair- publisist Çiçək Mahmudqızının təqdimatında Kəpəz TV-dən “Duyğulu könüllər” proqramı tamaşaçıların sevə-sevə izlədikləri ədəbi-bədii telelayihələrdəndi.
Bölgə gənclərindən bəziləri ölkə xaricində düzənlənən şeir şölənlərinə dəvət alırlar. Bu ilin mayında mən də belə bir tədbirə qatıldım. Bişkəkdə düzənlələnən Türkcənin Uluslararası şeir Şölənində iştirakıma görə yenə də DGTYB-yə minnətdaram. Göründüyü kimi Azərbaycanda bölgə yazarlarının ən çox qayğısına qalan qurum məhz bizim DGTYB-dir. Biz bölgə gəncləri olaraq qurumun bütün yönəticilərinə təşəkkürümüzü bildirir, gələcək işlərində uğurlar və başarılar arzulayırıq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.