Ana səhifə YAZILAR Yunus Oğuzun “Əmir Teymur-Zirvəyə doğru” romanı haqqında “debat”

Yunus Oğuzun “Əmir Teymur-Zirvəyə doğru” romanı haqqında “debat”

Müəllif: Bizim Yazı
629 baxış

 

Yeqzar CƏFƏRLİ
DGTYB üzvü, Azərbaycan Universitetinin IV kurs öyrəncisi

Uzun illər yad əllərlə yazılan türk xalqları tarixində, böyük sərkərdələrimiz bizə xalq düşmənləri kimi təqdim olunub. Belə münasibətdən (daha doğrusu, münasibətsizlikdən!) türk dünyasının (dünyanın!) ən tanınmış sərkərdələrindən biri olan Əmir Teymur da öz “nəsibini” alıb. Onu  vandal, zalım adlandırmış, türk dünyasının iftixarı olan bu böyük sərkərdənin hətta sifət cizgiləri belə Misirdəki Əbülhövlün üzü kimi qorxunc və vahiməli  təsvir edilməklə ona qarşı nifrət hissini körükləməyə çalışmışlar. Parisdə ucaldılan abidəsinin üstündə “Avropanın xilaskarı” yazılan və həmişə fəxrlə “Mən türk oğlu türkəm” deyən bu möhtərəm türk babamız haqqında səsləndirilən fikirlər gerçəkdirmi? Hələ orta məktəbdə oxuyarkən, tarix dərslərində tarixi şəxsiyətlər, sərkərdələr haqqında keçirdiyimiz debat dərslərdən əldə etdiyim (sonrakı illərdə daha da dolğunlaşdırmağa çalışdığım) biliyin köməyi ilə bu gün mən xəyalımda qurduğum oponentimlə birlikdə sayğı¬dəyər qələm sahibi, tarixi romanlar müəllifi Yunus Oğuzun “Əmir Teymur-Zirvəyə doğru” romanını incə¬ləməklə buna aydınlıq gətirməyə çalışacağıq.
Öncə Əmir Teymura qələbə qazandıran amillərə nəzər salaq. Hər şeydən öncə o, incə bir siyasətçi idi, uzaq¬görən idi, yerli-yersiz coşmaz, tələsik qərar verməzdi. Onda ən çətin anda belə vəziyyətdən çıxış yolu tapmaq bacarığı vardı; öz yürüşlərini qanuniləşdirmək üçün həmişə tutarlı bəhanələr tapırdı. “Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə o halda asayiş və əmniyyəti-ümumiyyə naminə bu kimi zülm və istibdadın kökünü qazmaq, o məmləkətə hücum etmək hər kəsin vəzifeyi-insaniyyəsidir. Müzəffər və qalib olan bir cahangir zülm və basqı altında inləyən hər milləti zalım və qəddər müstəbidin əlindən xilas etməyə borcludur. Bu baxımdan hərəkət edərək mən Xorasanı fəth etdim. Fars, İran və Şam (Suriya) məmləkətlərini zülm və cəbrdən təmizlədim.” – Deyirdi Əmir Teymur…
Onun hücum etdiyi ölkələrə göz gəzdirsək görərik ki, bu ölkələrin hamısında feodal pərakəndəliyi, ara savaşları hökm sürürdü. Hələ monqolların gəlişi ilə türklərin böyük çoxluğu-döyüşkən Qayılar  Kiçik Asiyaya köç etmişdilər. Teymurun siyasi arenaya atıldığı sonrakı dövrlərdə Orta Asiyada monqolların hakimiyyəti önəmli dərəcədə zəifləmişdi. Burada Teymura ciddi müqavimət göstərə biləcək elə bir  qüvvə qalmamışdı. XIV yüzilin yalnız bir rübü ərzində Cuci ulusunda-Qızıl Orduda  25 xan dəyişmişdi. Azərbaycanda Qaraqoyunluların, Cəlairilərin və digər feodal qruplarının haki¬miyyət uğrunda qarşı-qarşıya gəlməsi ölkəni viran qoymuşdu. “Azərbaycan tarixi”nin I cildində oxuyuruq: “Bu dövrdə İranda (Azərbaycanda) ölkənin hər yerinə fərman verə biləcək bir şəxs yox idi, həmfikir adam tapmaq olmazdı, adamlar bir-birinə etibar etmirdi.” Hindistanda racələr arasında çəkişmələr Dehli sultanlığında da oxşar bir durum yaratmışdı. Yalnız Osmanlı imperiyası nisbətən qüvvətli olub Avropadakı fəthlərini davam etdirsə də İldırım Bəyazidin sərxoşluğa qapanması, Anadolu bəylərinin separatçı hərəkətləri bu türk dövlətinin də gələcəyinə ümidləri öləzidirdi. Biz Əmir Teymurun tənqidə ən çox məruz qaldığı 3 əsas məsələyə münasibət bildirəcəyik. İlk öncə, Teymurun Hindistana yürüşü ilə bağlı məsələdən başlayaq.
Onun Hindistana hücumu etməkdə amacı nə idi? Səbahəddin Məhəmməd Cürlü kimi buranı türk-müsəlman torpaqlarına qatmaq, yoxsa Sultan Mahmud Qəznəvi kimi bu bütpərəst ölkənin əhalisini müsəlmanlaşdırmaq? – Xeyr! – Onun amacı Yer üzü ölkələrindən cənnətə ən çox bənzəyən, doğal sərvətləri aşıb daşan Hindistanı qarət etmək idi. Çünki qarşıda Teymuru Bəyazidlə döyüş gözləyirdi və bu sərvətlər ona ordunun təminatı üçün lazım idi. Buna görə də o, Hindistana yürüşünü məharətlə cihadla pərdələdi. Bu amacla o, ən nüfuzlu din xadimlərini bir yerə topladı, cihad haqqında onların fətvasını əldə etdi.
Bu məsələdə oponentimlə qətiyyən razı deyiləm. Bildiyimiz kimi XIII yüzilin əvvəllərində Qütbəddin Aybək Hindistanın böyük bir hissəsini ələ keçirib burada Dehli sultanlığını yaratmışdısa da monqolların sarsıdıcı zərbələrindən sonra bu dövlət bir daha özünə gələ bilməyib zəiflədi. Hindistanın müsəlman əhalisi bütpərəstlər tərəfindən tez-tez qarətlərə məruz qalırdı. Müəllif bu ölkə müsəlmanlarının Teymura şikayəti haqqında yazır: “Türk-islam torpağında biz müsəlmanlar əziyyət çəkirik. Bütün dini qayda-qanunlara əməl edən biz, cəfasını çəkən də biz, səfasını isə kafirlər görür. Bütpərəstlər burada müsəlmanlar üçün başqa yol qoymamışdılar. Onlar yüksək məbləğdə vergi ödəməli, ya da dinlərindən dönməli idilər.” Teymur da Hindistana məhz bunları nəzərə alıb yürüş etmişdi. Əsərdən öyrənirik ki, o, zorla müsəlman etdiyi induslara hətta inək əti yedizdirirdi ki, bir daha dinini dəyişdirə bilməsin. Burada yazıçının bir gözəl cəhətini qeyd etmək yerinə düşər ki, hardan və nədən yazırsa yazsın daim Azərbaycan haqqında fikirləşir, Əmirin Azərbaycanla bağlı fikirlərini ön plana çəkir. Örnəyi, Molla Nəsrəddinin Teymurun fili ilə bağlı lətifəsindən o, bacarıqla yararlanmışdır.
Dehli yolunda yüz min əsirin Teymurun əmri ilə öldürülməsi heç bir çərçivəyə sığmayan əsil vəhşilik kimi qiymətləndirilməlidir. Bu qırğını yazıçı belə canlandırır: “Düşərgə qan içində üzürdü. O qədər qan tökülmüşdü ki, laxtalanmağa belə macal tapmır, meyidlər ayaq altında əzilir, əsgərlər sürüşüb yıxılırdılar.”
Yüz min əsirin öldürülməsi hərbi zərurətdən irəli gəlirdi. Əks təqdirdə  induslar üsyan qaldırıb Teymurun ordularına böyük təhlükə törədə bilərdi. Əgər bu insanların kafir hinduslar olduqlarını, bütpərəstlikdən dönmək istəmədiklərini nəzərə alsaq, bəlkə də, Teymura haqq qazandırmaq olar. O, hindusları yox etsə də, islam qaydalarına uyğun olaraq xristianlardan yalnız vergi almağı yetərli bildi. Öz qoşunlarını Dehli yolunda şaquli dağ silsiləsi olan Əmudi dağlarından kəməndlər vasitəsilə heç bir itgi vermədən indusların arxasına endirib parlaq qələbə çaldı. Belə qəhrəmanlığa və cəsarətə Hindistana yürüş edən nə Makedoniyalı İsgəndər, nə Çingizxan, nə çox sonralar o dövrün bütün texniki vasitələrinə malik olan ingilislər nail ola bilməmişdilər.
Teymuru əsas qınaq obyektinə çevirən ikinci məsələ, onunla  İldırım Bəyazid arasındakı ilişgilər idi. İki fateh arasındakı ziddiyyətlərin kökü nədə idi. İlk öncə onu qeyd edim ki, Teymur bu münasibətləri dinc yolla həll etmək iqtidarında idi. Lakin o, bunu etmədi. Sonucda iki fateh Ankara döyüşündə üz-üzə gəldi.
İldırım Bəyazidi yenməklə Əmir Teymur nəyə nail oldu? Avropanın fəthini dayandırdı, osmanlıları Konstantinopolun mühasirəsindən əl çəkməyə vadar etdi. Ən önəmlisi isə əsası, daha öncələrdən qoyulmuş türkü türkün əli ilə məhv etmək işinə rəvac verdi. Sonralar, tarix Uzun Həsənin Fateh Mehmetlə, Şah İsmayılın Sultan Səlimlə, Şah Təhmasibin Sultan Süleyman Qanuni ilə ölüm-dirim çarpışmalarına səhnə oldu. Bu həqiqətən də Teymur üçün bağışlanmaz bir yanlışlıq idi. Professor Nizami Cəfərov yazır: “Bu münaqişələr, hərbi toqquşmalar yalnız o kontekstdə getsəydi ki, həqiqətən dünya yalnız türklərdən ibarətdir və bu dünyada yalnız bir hökmdara yer var, onda bəlkə də bu ideyaya haqq qazandırmaq olardı”. Əsərdən anlaşılır ki, bu savaşı İldırım Bəyazid də istəmirdi. Yunus Oğuz yazır ki, Bəyazid ona Teymurun üzərinə yürüşü məsləhət bilənlərə deyirdi: ”Əvvəl-axır biz dünyanı öz aramızda bölməliyik. O da türk, mən də türk.” (Əsərdən onu da öyrənirik ki, Sultan Teymura  Hindistanı fəth edənə qədər ciddi bir qüvvə kimi baxmırmış.)
Oponentim yanılır. Bilindiyi kimi, Teymur onunla diplomatik münasibətlər qurmağa dəfələrlə cəhd etsə də Bəyazid “axsaqla sülhə girməkdən” imtina etmişdi. Bu ziddiyyətlər təkcə bir ərazi ziddiyyəti, yaxud Teymurun düşmənləri olan Sultan Əhmədin, Qara Yusifin İldırım Bəyazid tərəfindən himayə ediməsi ilə bağlı deyildi, iki fateh arasında özəl ziddiyyətlər kimi də mövcud idi. Şəxsi yazışmalarda bir-birlərini “kor”, ”topal”, ”kəlbəqur” kimi təhqiramiz ifadələrlə təhqir etmələri bu ziddiyyətləri ən yüksək zirvəyə qaldırmışdı. Əgər bu təhqiramiz dialoqlar iki fatehin – biri Avropada, digəri isə Asiyada böyük zəfərlər qazanmış iki fatehin arasında deyil, iki adi adam arasında getsəydi şübhəsiz ki, buna adi hal kimi baxmaq olardı. Ancaq söhbət dünyanın iki ən tanınmış sərkərdəsindən gedirdi. Təbii  ki, bu  ziddiyyətlər özəl müstəvidən çıxıb dövlətlərarası ziddiyyətlər kəsb etməli idi və etdi də… Sonucda iki fateh Ankara döyüşündə üz-üzə gəldi. Axır ki, xristian dünyası öz amacına nail oldu…
Tezliklə Teymurun özü öz yanlışlığın böyüklüyünü dərk etdi. Ankara döyüşündən qələbə ilə Səmərqəndə qayıdan, burada Avropa ölkələrinin elçilərini, özəlliklə də Roma Papasının elçilərini onu dördgözlə, şad-xürrəm gözləyən gördü. Bu elçilər onu təbrik dib, şərəfinə kilsə zənglərinin çalındığını və Avropanın ona bir xilaskar kimi baxdıqlarını bildirəndən sonra Teymur məsələnin mahiyyətini dərhal anladı, Bəyazidin övladlarını qoşunla təmin edib dərhal Osmanlıya yola saldı.
Teymurla İldırım Bəyazid arasında ilişgilərin korlanmasında Bağdad və Suriya məsələsi də vardı. Belə ki, Teymur Bağdada hücumunu elçisi Şeyx Fazil Savənin qətli ilə bağlayırdı. Sual olunur – bir nəfər elçiyə görə Bağdadı və Şamı (Suriyanı) dağıtmağa dəyərdimi?!.
Əmir Teymurun Bağdada yürüşü təkcə Şeyx Fazil Savənin qətli ilə bağlı deyildi. İranda və Azərbaycanda iğtişaşlar törədən, sonra da qaçıb Bağdadda gizlənən Qara Yusifi və Sultan Əhməd Cəlairini ona təhvil verməyi Teymur dəfələrlə Bağdad hakimindən tələb etsə də hər dəfə yox cavabı almışdı. Suriyaya gəldikdə isə Teymur hələ Bağdadda olarkən hicrətin 58-ci ilində Kərbala faciəsində böyük müsibətlər yaşayan xanım Zeynəbin və xanım Səkinənin qəbrini ziyarət etmiş, Kərbəla şəhidlərinin intiqamını o zamanlar Müaviyə tərəfdarı olan Suriya əhalisindən almağa and içmişdi. Teymur Suriya əhalisini qılıncdan keçirtdi, 60 min ərəbi isə Qarabağda yerləşdirdi. Hər halda mən də həm bir araşdırmaçı, həm də bir oxucu kimi, Teymurun Suriya əhalisini qırması məsələsinə haqq qazandırmıram. Gəlin bu məsələni tarixin, daha dəqiq desək qiyamətin mühakiməsinə verək.
Üçüncü məsələ haqqında. Əmir Teymuru ən çox vandalizmdə, mədəniyyət abidələrinə vəhşi münasibətdə suçlandırılar. Əbülqasim Firdovsinin qəbrinə sayğısızlıq etməsi; Hafiz Şirazini “Şiraz Səmərqənddən gö¬zəldir” deməsinə görə cəzalandırması; Azərbaycandan əsir etdiyi elm xadimlərini və sənətkarları zorla Sə¬mər¬qəndə aparması və s. xatırladılır. Bu dövrün qaynaqları bilgi verir ki, bu alim və sənətkarlar Səmərqənddə yer olmadığından uzun müddət şəhər kənarında açıq havada saxlanılır, yağışdan və istidən ölürdülər. Həmin sənətkarlar vaxtı ilə zorla aparılmasaydı indi ölkəmizi daha neçə-neçə memarlıq abidəsi bəzəyirdi.
Oponentimin tamam əksini düşünürəm. Orta Asiyanın mədəni tərəqqisi Teymurun adı ilə bağlıdır. Ərəb xi¬lafətində Abbasilərin, İspaniyada isə müsəlman Kordova xəlifələrindən sonra mədəniyyətin inkişafına ən çox şərait yaradan Əmir Teymur olmuşdur. Onun inşa etdirdiyi memarlıq abidələri böyük bir siyahını təşkil edəcək deyə biz onları vermədik. Bu abidələrin hər biri bu gün dünya memarlığının inciləri sayıla bilir. Bursa ki¬tabxanasını dəvələrə yüklətdirib ehtiyatla Səmərqəndə daşıtdıran bir insanı vandal adlandırmaq olarmı? O, zəbt etdiyi hər bir şəhərin elm və sənət adamlarını himayə edərdi. Ordusu şəhərə girməmiş özəl qoruma dəstəsi göndərər və həmin alimlərin güvənliyini təmin edərdi. Hafiz Şiraziyə gəldikdə isə onunla birlikdə Əmir Teymura qarşı çıxan Şiraz alimlərinə bahalı xələtlər bağışlamış, üstəlik, Şirazda gözəl bir saray tikdirmişdi. Firdovsinin qəbrinə sayğısızlığa gəldikdə isə başdan-ayağa türklərə qarşı bötanlardan ibarət olan “Şahnamə” müəllifi  məhz bu böhtanlara  görə hər beytinə vəd olunan bir qızılı ala bilmədiyindən türk hökmdarlarından ilk olaraq sultan titulunu qəbul edən sultan Mahmud Qəznəvini hətta həcvə tutmamışdımı?!. –

Alçağın peymanı, sözü düz olmaz,
Zəncini yumaqla üzü ağ olmaz.
Onu haqq yaratmış belə əzəldən,
Bu Yezdan işidir, nə gələr əldən.

Teymurun Tusda olarkən Firdovsinin məzarını ziyarət etməsi haqqında Yunus Oğuz yazır: “Sol ayağını qəbrin üzərinə qoyub demişdi: Sən idin kitablarında türkləri alçaldan, təhqir edən, onları div adlandıran? İndi ayağa qalx! Bax gör, sənin bəyənmədiyin türklər dünyanı necə tutublar. Sultan Səncər sənə o qədər hörmətlər etdi, sən isə yazdıqlarında türkləri alçaltdın. İndi qalx, gör türklər nə mədəniyyət yaradıblar.”
Teymurun Azərbaycandakı fəaliyyəti ilə bağlı bir çox qaynaqlar mövcuddur. “Azərbaycan tarixi”nin I cildində oxuyuruq: “Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər yeri bürüdü, gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır.”
Bu məsələdə də oponentimlə razılaşmıram . Romanını oxuyarkən öyrənirik ki, Teymur harada olmasından  asılı olmayaraq həmişə ölkəmizə böyük önəm verərdi. Azərbaycanın yönətimini başlı-başına buraxıb hərəm¬xanasına qapılmış doğma oğlu Miranşahı belə cəzalandırmış, bir daha qadın düşkünü olmaması üçün onu axtalamışdı.
Teymurun Azərbaycanda xeyriyyəçilik əməlləri də az olmamışdı. Abbasqulu Ağa Bakıxanov Dövlətşah Səmərqəndiyə  istinadən   “Gülüstani-İrəm” əsərində yazır ki, “Teymur …monqolların dağıtdığı Beyləqanı bərpa etdirdi və Araz çayından  kanal çəkdirib çoxdan bəri ilanlar mələşən susuz çöllərə can verdi”. Teymur bu kanala soy kökünün şərəfinə “Bərlas” adını vermişdi. Onun Ərdəbil şeyxlərini himayə etməsi, Təbrizdə  Məscidi-came inşa etdirməsi və s. bu kimi xeyirxah əməlləri mövcuddur. Azərbaycanın istila etməsinə gəldikdə, deməliyik ki, bir ölkənin ayrı-ayrı feodal qrupları arasında çəkişmə meydanına çevirilməsindənsə ölkənin hər iki hissəsinin bir dövlətin (Teymur imperiyasının) tərkibində olması daha məqsədə uyğun idi.

***
Bütün bu fəthlərdə Teymurun  amacı  vahid Türküstan yaratmaq idimi? – Əsla yox. O,  heç mərkəzi dövlət sistemi yarada bilmədi. Ölümündən sonra zorla qurduğu imperiyanın dərhal dağılması bizə aşağıdakı məsəli xatırladır: “Zülm ilə abad olan gün gələr bərbad olar.”
“Qəbahət, yanlış və günahlar hər bir hikkəli adamın dilini qısa, gözünü qırpıq edər” – bu, Teymurun əsas həyat idealı idi. Öncə insanın yanlış və günah etməsi üçün şərait yaratmaq, sonra bu yanlışa görə onu cəza¬landırmaq!..
Teymurun haqqında yetərli qədər mənfi fikirlər səslənir. Ürkənci dağıdıb yerində arpa əkdirməsi, İsfahan¬da 70 min adamı bir anın içində qətl etdirməsi, Sivasda insanları diri-diri divara hördürüb, “mən qan tökmədim ki” deməsi. Toxtamışı yenib Rusiyanı monqol əsarətindən azad etməsi, imkanı olsa da Rusiyanı istila edib əhalisini müsəlman etməməsi, qorxaqlıq edib hətta qadınını belə düşmən əlində qoyub qaçması, lovğalanaraq “mən gələcəkdə  fateh olacağımı hələ 12 yaşımda olarkən bilirdim” deməsi ona irad tutulur. Habelə, İldırım Bəyazidi yenməklə türk dünyasının çırağını söndürməkdə, Nəimiyə, Nəsimiyə qəddar münasibətdə, İldırım Bəyazidi əsir edib dəmir qəfəsin içində saxlaması və gündə üç dəfə atını qəfəsin yanına sürüb ona mənəvi əzab verməsi və  sonucda Bəyazidin  qəfəsin içində intihar etməsində suçlandırırlar.
İlk öncə  deyim ki, Əmir Teymur Volqa və İrtış çaylarından başlayaraq Güneydən İran körfəzinədək, Şərqdə Qobi səhrəsı, Qanq çayı vadisindən Balkan yarımadasına qədər nəhəng bir imperiyanı öz bacarığı və şəxsi igidliyi ilə yaratmışdı. Belə bir adamın qorxaq adlandırılması ən azı ədalətsizlikdir. Ona qarşı bu böhtanlar İbn Ərəbşahın və xristian tarixçilərin uydurmasıdır. Sistanda bəluclarla döyüşdə yaralandığı üçün axsayan bir adamı “topal” adlandırmaq insanlıqdan uzaqdır. Heç kimə insanların bədən quruluşuna, şikəstliyınə toxunmağa haqq verilmir. Əmir Teymurun ən yaxşı tarixini yazan macar German Vamberi qeyd edir ki, Teymur o şəhərləri dağıdırdı ki, ona müqavimət göstərirdi. Xarəzm hökmdarının onu tabe olacağı barədə onu 4 dəfə aldatmasına baxmayaraq Teymur onunla qohum belə olmuşdu. Yalnız 5-ci hücumdan sonra məcburən Ürkənci dağıtmışdı. İsfahanlılar onun ordusuna şəbxunlar təşkil etməklə onu doğrudan da qəzəbləndirmişdilər.  Tox¬tamışı yenməsinə gəldikdə, Teymur ona yetərli qədər yaxşılıqlar etmiş, qardaşlar ilə savaşda onu qalib edib Cuci ulusunda-Qızıl Orduda  hakimiyyətə gətirmişdi. O, isə tez-tez Teymurun torpaqlarına hücum etməsəydi aralarındakı münaqişə də baş verməzdi. Onun hələ kiçik yaşlarında böyük sərkərdə olacağı barədə öncə¬görənliyinə gəkdikdə, deməliyik ki, Tanrının böyük işlər üçün hazırladığı insanlarda bəzi möcüzələrin baş verməsi təbiiddir. Yunus Oğuz özünün “Nadir şah” tarixi romanında Nadir şahın Teymurla xəyali söhbətində Teymurun öz dili ilə onun İldırım Bəyazidi yenməsi və imkanı olsa da Rusiyaya hücum edib rusları müsəlman etmədiyindən dərin təəssüflənir. Həm də burada İldırım Bəyazidin öz yanlışları da az rol oynamamışdı. Özünə həddindən artıq arxayınlaşan bu təkəbbürlü sultan hətta öz ailəsini belə qoruyub saxlaya bilmədi. Teymur isə əsir etdiyi Bəyazidə şəxsən özü qayğı göstərmiş, hətta tez-tez onunla şahmat oynamışdı.
Sual olunur: Əgər Teymur özünü həqiqətən də türk sayırdısa niyə  imperiyasını yönətmək üçün tərtib etdiyi “Tuzukati-Teymur”u Çingizxanın “Yasa”sı əsasında qurmuşdu və nə üçün monqolların yasalarını İran və Osmanlı yasalarından mükəmməl hesab edirdi? – Halbuki o zaman Osmanlı imperiyasının öz dövrü üçün kifayət qədər mükəmməl olan qanunları vardı.
Teymur, bir türk olaraq bütün insani keyfiyyətlərə – şəxsi igidlik, cəsarət, demokratiyaya malik idi. O, türkcə yazar, türkcə danışar, türk gələnək-görənəklərini yaşadar, ata-baba qaydalarına hörmət edər, hətta me¬marlıq abidələrində belə türkçülüyü yaşadardı. Örnəyi, o dövrün memarlıq abidələrində gələnəksəl İran “Şiri-xurşid” (Şir və günəş) nişanından yararlanılırdı. Teymur isə bunun qəti əleyhinə idi. Digər xalqların sərkərdələri kimi döyüşü uzaqdan seyr etməz, nə təhlükəli anlarda belə qoşunun içərisində olar, uca səslə nərə çəkib onları qələbəyə ruhlandırardı. Ölümdən qorxmazdı, ondan da çətin anlar yaşamışdı. Teymur Xarəzm hökmdarı Yusif Sufinin onu təkbətək döyüşə çağırmaq təklifini böyük şövqlə qarşılamış, onu bu işdən çəkindirmək istəyən əmisinə “Sən məni biqeyrətliyə dəvət edirsən”- demişdi. Onun ordusunda heç kimin haqqı tapdanılmırdı. Yunus Oğuz qeyd edir ki, “Döyüşlərdə həlak olan döyüşçülərin maaşları, qənimətləri onun ailəsinə çatdırılırdı.” Böyük oğlu Cahangir hələ Teymurun sağlığında öldüyündən onun vəliəhdlik hüququnu oğlu Pir Məhəmmdəd Mirzəyə vermişdi. Və yaxud onun imperiyası bir neçə padşaha bəhs etdiyi halda o, padşah titulunu qəbul etməmiş, Əmir titulu ilə kifayətlənmişdi. Bütün yazışmalarını isə “Mən Tanrının qulu Əmir Teymur”- deyə başlayırdı. İslam dininin bütün qaydalarına əməl edirdi. Dövlət idarəsində Çingizxanın “Yasa”sına əsaslansa da onun vergi sistemi bütövlükdə Qurani-Kərimə əsaslanırdı. Səlcuqi Məlikşahdan sonra ticarətə Əmir Teymur qədər qayğı göstərən ikinci bir dövlət başçısını təsəvvür etmək çətindir.
Böyük fateh zəmanəsinin hökmdarlarının əksinə olaraq  demokrat  bir hökmdar idi. Özünün saray tarixçisi Kirmaniyə “Mənim vücudum kaç para edər” deyə sorduqda Kirmani “20 quruş” cavabını vermişdi. Teymur “Bu ki, yalnız fitəmin qiymətidir”- dedikdə Kirmani “Zatən mən elə o fitini nəzərdə tutdum”- deyir. Bu sözlər hansı Avropa hökmdarına deyilsəydi şübhəsiz ki, o şəxsin ölümünə fərman verilərdi. Teymur isə özünün ən qiymətli xələtlərindən birini Kirmaniyə bağışlamışdı.

***
Bir türk olaraq onu ən çox sarsıdan insanların dönüklüyü idi. Xəyanət gördükdə, yaxın silahdaşlarını itirdikdə o, amansızlaşır, hətta mərd düşməninin belə ölümündə sarsılırdı. Örnəyi, Əlincə qalasında Əmir Altunun ölümü onu əməlli-başlı sarsıtmışdı.
Əsərdə Teymurun oğlu Şahruxla etdiyi söhbəti oxuduqca onun böyük dünyagörüşünə və uzaqgörənliyinə tanıq oluruq. Teymurun ölümündən dərhal sonra imperiya dağılsa da, Teymurilər dövlətinin uzun müddət ya¬şaması məhz Şahruxun adı ilə bağlıdır.
Yunus Oğuzun belə bir qısa zaman kəsiyində bir neçə bu kimi gözəl əsər ərsəyə gətirməsi yazıçının Azərbaycan tarixini dərindən bilməsinin, türk dünyasına olan böyük məhəbbətinin sonucudur. Professor N.Cəfərov Yunus Oğuzu tarix yazan digər yazıçılardan fərqləndirərək yazır: “Yunus Oğuzun bu cəhətdən üstünlüyü odur ki, o, ümumtürk miqyasına çıxa bildi.”
Elə düşünürəm ki, əsərdə Əmir Teymurun uşaqlıq dövrü də ətraflı işıqlandırılmalı idi. Çünki, bugünki oxucu  vaxtı ilə adı belə qadağan olunmuş  bu qəhrəman fateh türk haqqında  hər şeyi bilmək istəyir.

***
Güclü  bədii təsvir vasitəsinə malik Yunus Oğuz gözəl təbiət təsvirləri yaradır, təbiətin ayrı-ayrı olaylarını bir-birinə uyğunlaşdırır. Halbuki tarixi romanlarda gözəl təbiət təsvirləri yaratmaq bu günki ədəbiyyatımızda artıq nadir hadisə sayıla bilir. Bir çox yazıçılar xronologiyaya qapılmaqla öz işlərini bitmiş hesab edirlər. Gənc bir araşdırmaçı kimi düşünürəm ki, bədii əsər təbiəti təsvirsiz bayağı görsənir, hətta o tarixi əsər olsa belə…
Əsərdə Əmir Teymuru yürüşləri o qədər ətraflı, inandırıcı təsvir edilir ki, bu yürüşlərdə şəxsən iştirak edən şəxsin təsviri qədər inandırıcı görsənir. Dərhal hiss olunur ki, yazıçı bu işin məsuliyyətini dərindən dərk etmiş, Əmir Teymurun bütün yürüşlərini, bu yürüşləri doğuran səbəbləri, hətta türklərin islamdan qabaqkı şamanlıq gələnəklərini ətraflı öyrənmişdir.
Əsərdə Əmir Teymurun obrazı, rəssamın bu obraz haqqında yazılanları oxuyaraq bir möhtəşəm portret yarada biləcək qədər ustalıqla verilib. Yəni Teymur təkcə bir qəhrəman, ölkələr fəth edən bir sərkərdə kimi yox, nəhəng ictimai-siyasi xadim, dövlət yönətim yasalarını mükəmməl bilən, o dövrə heç də xas olmayan bir de¬mokrat, sonda, yüksək insani keyfiyyətləri özündə birləşdirən, mənəviyyatlı bir şəxsiyyət kimi verilmişdir. Zənnimcə əsərin nəşrindən sonrakı qısa saman kəsiyində böyük oxucu auditoriyası qazanmasının bir səbəbi də budur.
Təbii ki, Yunus Oğuzun qəhrəmanı ideal qəhrəman deyil. Başqa insanlar kimi Teymurun da nöqsanları yetərli qədərdir. Bu, hər şeydən öncə Teymurun yaşadığı zamanla bağlıdır. Demokratik bir dünya, demokratik toplum qurulmayınca, insanların, özəlliklə də monarxların ədalətli olmasına inanmıram. Qeyri-demokratik toplumda insan istəsə belə ədalətli ola bilməz. Bu anlamda Əmir Teymurun şəxsiyyəti yetərli qədər ziddiy¬yətlidir. Lakin, güclü mərkəzləşdirilmiş dövlət yarada bilməsə də o, özündən öncə və sonra heç bir fatehin bacarmadığı bir zirvəni fəth etdi. Nə ən gənc dünya fatehi İsgəndər, nədə türk-tatarların köməyi ilə dünyada ən nəhəng imperiya yaradan Çingizxan belə şöhrət zirvəsində onunla bir sırada duracaq halda deyildir. O, Azərbaycanın Maku qalasından başqa hücum etdiyi bütün əraziləri aldı. Zəbt edilməsi heç bir fatehə nəsib olmayan və başdan-başa bataqlıqlarla əhatə olunmuş Gilanı belə zəbt etməyə nail oldu.
Yunus Oğuzun çox böyük xidməti odur ki, o, Əmir Teymuru, belə demək mümkünsə, bir növ azər¬baycanlılaşdırdı; sanki, o, Orta Asiya türkü olaraq Azərbaycanı deyil, bir Azərbaycan türkü  olaraq  Orta Asi¬yanı fəth etmişdi. Onsuz da böyük Yaradan Orta Asiyanın tarixini yazmağı azərbaycanlılara həvalə etmişdir. Xarəzmin tarixini akademik Z.Bünyadov yazmış və buna görə “Ürkəncin fəxri vətəndaşı” seçilmişdi. Yunus Oğuzun da  belə bir ödülə layiq görülməsi olduqca ədalətli olardı.
Bu gün çox arxalı və məkrli düşmənlərlə baş-başa durduğumuz bir zamanda ruhumuza Əmir Teymur ruhu hopduran sayğıdəyər qələm sahibi Yunus Oğuza yeni yaradıcılıq uğurları arzulayırıq. Belə hesab edirəm ki, tariximizin müxtəlif dövrlərini yansıdan əsərlər kimi “Əmir Teymur-Zirvəyə doğru” romanı da ilk öncə orta və ali məktəblərin kitabxanalarına təqdim olunmalı, orta məktəb dərsliklərinə salınmalı, geniş təbliğ olunmalıdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.