Ana səhifə YAZILAR “…YOL HAQQI”

“…YOL HAQQI”

Müəllif: Bizim Yazı
352 baxış

 Çağdaş dövrümüzün məhsuldar araşdırmaçı-yazarlarından olan Salatın Əhmədlini biz daha öncələr “Səfərnamə”, “Xalq Şairi Nəriman Həsənzadəyə Poylu beşiyimdən məktub”, “Heydər Əliyev və dil siyasəti” kitablarından tanıyırıq. Özəlliklə onun də dilimizin varlığı ilə bağlı araşdırması olan, adınıçəkdiyimiz monoqrafik əsəri müətəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Salatın xanım yorulmaq bilmir, gərgin fəaliyyət göstərir. Özəlliklə də “Kredo” qəzetində bir-birindən maraqlı məqalələrlə çıxış edir. Özü demişkən, “qələmini ədəbiyyatın müxtəlif alanlarında sınayan” Salatın xanımın incə bir zövqlə tərtib etdiyi “Hər kim yüz il unutmasa” kitabı qısa zamanda böyük ilgi görmüşdür. Böyük zəhmət hesabına başa gələn, söz-söz, ilmə-ilmə toplanan bu deyimləri (tükənməz söz xəzinəsi olan saysız-hesabsız xalq deyimlərini!) ensiklopedik yaddaşında qoruyub saxlamış, yüz ildən yuxarı ömür sürmüş Güləbatın ananın zaman-zaman topladığı və əksərinin şahidi olduğu, min illərin sınağından çıxmış deyimləri toplanmışdır. Bu deyimlərdə xalqımızın adət-ənənələri, dərd-səri öz əksini tapıb. Hər birinin anlamı olan və neçəsinin anlamının hələ də açılmadığı bu fəlsəfi deyimlərin özəyini daha çox bu dün¬yanın vəfasızlığı, tale-qismətimizdən şikayət, var-dövlətə aldanmamaq, mehriban ailə müna¬sibətləri və s. təşkil edir. Həcc ziyarəti vcib olsa da bir dul qadını, bir yetim uşağı sevindirmək ondan da vacibdir. Güləbatın ananın deyimlərində xeyirxah işlər görən in¬sanlar göydəki mələklərlə yanaşı tutulur. Və onlar fani aləmi tərk edəndən sonra ruhları göylərə-Allahın yanına uçur. Belə insanları Əzrayıl da çox incitmir, canlarını onlara gül qoxlada-qoxladfa alır. Şifahi xalq yaradıclığımızın bütün alanlarını əhatə edən bu deyimlərin bir çoxu dünya ədəbiyyatına heç də xas olmayan deyimlərdir. Örnəyi, daqdəyməz “o nədir ki, mən deyirəm “gəl, gəl” o gəlmir. Deyəndə ki, “gəlmə, gəlmə, o gəlir”. Güləbatın ananın dilindən səslənən şeirlər də gözəl, yadda qaıandır. Düşünürəm ki, əgər, o öz qələmini şeirlə daha çox sınağa çəksəydi hecanın gözəl örnəklərini yarada bilərdi. Axşamdan yağan qar yağdı, bağladı, Kəsildi bulaqdan yolu qızların Sənəyi doldurdu, qoydu qırağa Üşüdü barmağı, əli qızların… Öz aləmindən və tez-tez təmasda olduğum insanlar, apardığım müşahidələr mənim gənc təfəkkürümdə belə bir qənaət yaradır ki, qadınlar kişilərdən daha səbirli, daha nikbin və Allaha daha çox şükran içindədirlər. Güləbatın ananın timsalında bunun bir daha tanığı olduq. Bu dünya varına əsla etina etməyən, özünün şəxsi həyatı olmayan, ömrünü övladları üçün yaşayan, həyatdan köçəndə də dodaqlarında, dilində oğul həsrətli bayatı ilə köçən, Salatın Əhmədlinin qeyd etdiyi kimi “ağzı dualı” Güləbatın ana da nə qədər zamanından, taleyindən şikayətlənsə də, bir o qədər də nikbindir, övladlarının nikbin, xoşbət gələcəyinə inanır. Təkcə övladlarınınmı? – Xeyr!.. Güləbatın ana bütün Azərbaycan anaları kimi insancıldır. O, bütün insanların xoşbəxliyini arzulayır. “hamının balası xoşbəxt olsun, sonra da mənimki”. Güləbatın ana övladlarını da özü kimi böyüdüb boya-başa çatdərıb və fəxrlə: Yetirdiyim oğula, Köçürdüyüm qıza bax deyir. Bu gün biz istər oxuduğumuz əsərlərdən, istərsə də ata-anamızdan sovet həyat tərzi haqqında çoxlu bilgilər almışıq. Çox insanların həyatını qana bələyən, çoxlarının arzularını oda salan “Böyük Vətən müharibəsi” adlanan müharibənin ağırdan-ağır illərində sabah ac qalacağını bilsə belə sonuncu tikəsini bir neçə qonşusu ilə bölən mələk misallı nənələrimiz, öz qonşusunun namusunu göz bəbəyi kimi qoruyan mərd bablarımız olub..! Bir dəfə atamla kəndimizə getmişdim. Atam mənə cəmi 13 günün gəlini olmuş, əri mü¬haribəyə gedib qayıtmamış Saray nənəni göstərdi. Yaşı 80-i keçmiş bi qadın bir daha ailə qurmamış, gözlərini müharibənin yollarına dikib ərini gözləyirdi..! Səbəbini soruşanlara isə “ay bala, adam neçə dəfə ərə gedər, görünür qismətim belə imiş” – deyərdi. Belə bir keçmişlə iftixar etməyə dəyər, deyilmi? Bu bizim şanlı keçmişimizdir; bu da ailə insititumuzu dağıtmağa yönələn Batı mədəniyyətini, həyat tərzini televiziya şousuna dondərənlərə bir cavabdır. Güləbatın ana da həyat yoldaşına sədaqətlidir və ona itaət nümayiş etdirir; ərini itirsə də özünü toplayır, böyük çətinliklərlə olsa belə, övladlarını böyüdür. Bu sətirləri qələmə alarkən orta məktəbdə tarix dərslərində eşitdiyim bir hadisəni xatırladım. “I Pyotr 1722-ci ildə Azərbaycanı işğal etmək üçün gələndə yolu ilk olaraq Dərbənddən keçir. Dərbəndə rus əsgərləri acır, çörəyə ehtiyac hiss edirlər. Təndir çörəyinin ətrinin izinə düşərək çörək bişirilən qapını tapır, evin qadınından çörək istəyirlər. Qadın da yenicə təndirdən çıxardığı çörəyin bir neçəsini rus əsgərlərinə verir. Əsgərlər isə onu müxtəlif işarələrlə başa salırlar ki, biz çoxlu çörək istəyirik və pulunu ödəyirik. Bunu başa düşən qadın da bir təhər rus əsgərlərini başa salır ki, çox çörəyi ərimdən icazəzəsiz verə bilmərəm, gəlsin, icazə versin sonra”, deyir. I Pyotr bu hadisəni eşidir və hansı ölkədə olduğunu, hansı mədəniyyətlə qarşəlaşdığnın fərqinə varır. Kitabda toplanmış deyimlərdən bir çoxu bu gün bizim üçün məqbul olmasa da lakin onlar həqiqətdir və zaman-zaman bir yerlərdə həyat normasına çevrilmişdir. Biz istəsək də, istəməsək də bunları qəbul etməyə məcburuq. Örnəyi, “adam ən çox çörək verəninə xəyanət edir”, “qulaqla gözü heç vaxt aldatmaq olmur”, “yaxşı oğul atasını vəzir eylər, pis oğul rəzil” və sair. Meşələr yaraşığı olan neçə-neçə qoca palıdı yola salan Güləbatın ana bu deyimlərinin bir çoxunu şəxsi həyatda görmüşdü və şahidi olmuşdu. Lakin and yerimiz olan, insanları xeyirxahlığa, qəhrəmanlığa səsləyən deyimlər daha çoxdur. Onların bir neçəsini incələyək: “Ərsiz arvad, qulpsuz çuval”… Ağlım şeri, sözü kəsəndən evimizdə N.Həsənzadənin “Zümrüd quşu” poemasını görmüşəm. Poemada dul qadın haqqında: Soyuyur ev-eşik, buz olur otaq, Qadın yetim qalır uşaqdan qabaq. Dul qalmaq yetimlik nişanəsiymiş, Ər qadın ömrünün kaşanəsiymiş – sözlərini hər dəfə oxuyarkən qadının uşaq kimi necə yetim qalacağını təsəvvür edə bilmirdim. Digər bir deyim. – Min illərin sınağından çıxan andlarımızdan biri “bu yol haqqı”-dır. Ulu babalarımız torpaq kimi, su kimi, günəş kimi yola da tapınmış, bir-birlərini inandırmaq üçün “bu yol haqqı” demişlər. Bir türk mahnısında deyildiyi kimi: “Unutma məni, gəl, and içək yollara”. Dünya ədəbiyyatında misli olmayan xalq deyimlərimiz həcm etibarilə kiçik olsa da dərin fəlsəfi məzmun daşıyır- “Qart da gedir dünyadan, qırt da gedir dünyadan”. İnsanları tərk-dünyalığa səsləyən bu kəlamnın fərqinə varsaq onda dünyanın faniliyinə uyub, ölümümüzü gözləməli, heç bir iş görməməliyik. Onda bu həyatın nə anlamı?.. Zənnimcə, burada bir zid¬diyyət vardır. Dini kitablardan yaşadığımız dünyanın əsasını təşkil edən 3 ünsür – vəfa, cəfa, səfa haqqında bir neçə söz demək istəyirəm. İnsan toplumu yaranandan gah dünyanın, gah da bir-birinin vəfasızlığından gileylənən insanoğlu bu gün ətrafımızda nəyə baxıb sevinə bilir? Deməli, bu dünyanın səfası da qalmayıb yalnız bircə cəfa qalıb… Kitabın diqqət çəkən məqamlarında biri də Güləbatın ananın dilindən söylənilən bayatılardı ki, sayı 155-ə çatan bu bayatıların əsas məzmunu ana məhəbbəti, bacı-qardaş doğmalığı, canlılara şəfqət, dünyamızdan nigarançılıq, dünyanın faniliyi, vaxtsız itirdiyi doğmaların nisgili və eyni zamanda Güləbatın ananın öz taleyindən şikayətdən oluşur. Və bu bayatıların əksəryyəti, özəlliklə də torpaq həsrəti, Qarabağ nisgilli bayatılar bu gün üçün də olduqca aktual səslənir. Örnəi, Qarabağda bağ olmaz, Qara salxım ağ olmaz, Qürbət eldə gəzənin, Ürəyində yağ olmaz. Xalq şairi Zəlimxan Yaqub da sanki bu bayatıdan təsirlənib: Allahın özü də ovuda bilməz, Yerindən-yurdundan aralanmışı. Onu da qeyd edim ki, bu deyimlərin böyük əksəriyyəti indiyədək heç yerdə səslənməmişdir. Çox gözəl haldır ki, Salatın Əhmədli bir qadın səliqə-səhmanı (fədakarlığı!) ilə bu de¬yimləri Güləbatın ananın yaddaşından sətirlərə köçürmüş, itib-batmağa qoymamışdır. Müəllifin kitabı araya-ərsəyə gətirərkən çəkdiyi əziyyəti kitabı oxuduqca anlamaq olur. “Hər kim yüz il unutmasa” hər şeydən öncə yüzilin yaxşı-yamanını görmüş, zamanın dərdlərini çiyinlərində daşımış, oğlu Yunusun faciəsinə qan ağlayan Güləbatın ananın qəmli həyat hekayətidir; qardaşının ölümünü Güləbatın anadan gizlədən və bununla günah edib-etmədiyini tərəddüd edən Salatın Əhmədlinin səmimi etiraf hekayəsidir. Və nəhayət bu kitab həyatın ağır sınaqlarına məruz qalan bir ailə haqqında dastandır. Kitab maraqlı bir sonluqla bitir. Müəllif qardaşı Yunusun ölümünü Güləbatın anadan gizlətdiyi üçün günah, yoxsa savab iş gördüyünü möhtərəm oxucunun ixtiyarına buraxır. Bizim isə bir oxucu kimi fikrimiz belədir: “Qurani-Kərim”dən də, müqəddəslərdən söylənilən hədis¬lərdən də dəfələrlə eşitmişik ki, əgər yalan xeyirxahlığa xidmət edirsə yalan sayılmaz..! Nə dərəcədə haqlı olduğumu bilmirəm, amma mən Azərbaycan analarını bütün dünya analarından da¬ha müqəddəs sayıram. Azərbaycan analarının şəxsi həyatı olmur – övladları üçün hər bir fədakarlığa hazır olan analarımızın böyük yaradandan ancaq bir təmənnası var: “təki balalarım xoş¬bəxt olsun”. Şair Cümşüd İsgəndər Güləbatın anaya həsr etdiyi şeirində yazır: Üz tutub Allaha, bir də Qurana, Gah dağa köç etdi, gah da Arana. Dünyanın sonunu gördü virana, Söylədi – “bu dünya heçdir” – bir ana… Sonda bu böyük fədakarlıq üçün Salatın xanıma oxucu şükranlığımızı yetiririk. Güləbatın ana demiş – Sizi “Allah özü qorusun ötən aylar, illərdən”…

Yeqzar CƏFƏRLİ, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

You may also like

1 şərh

Araz 2013-04-09 - 06:16

Bu kitabın adı mənə rəhmətlik Osman Sarıvəllinin “Kim ki yüz il yaşamasa…” misralı şeirini xatirlatdi. Burda sevdiyim söz isə “Anaların şəxsi həyatı olmur”du. Bəyənilsin..!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.