Ana səhifə YAZILAR Şair Ömrü, Şeir Ömrü və Ömrün Şeirsəlliyi…

Şair Ömrü, Şeir Ömrü və Ömrün Şeirsəlliyi…

Müəllif: Bizim Yazı
1. 347 baxış

Akəm XAQAN

(Ə.QOŞALInın “Ölümlərin ötəsi” şeirlər kitabı üzərinə incələmə)

“İlahi, sən məni özümdən çıxart” – diləyi, yanğısı ilə yaşayan şair-publisist, araşdırmaçı, Türk Dünyası yeni nəsil aydınlarının sayılıb-seçilən simalarından biri Əkbər Qoşalının şeirlər kitabı ilə üz-üzəyəm.
“Mən hələ bir cavan bulud yaşdayam, yağış olmadım ki, yağıb yaşayam” deyən şair, haqqın gerçəklərini görüb, dərk edib, bütün səmimiyyəti ilə qəbul edən bir insan(ın) taleyindən bəhs edir. Hansı ki, yaşamını anlamlı etmək üçün mənsub olduğu böyuk bir məmləkətə həqiqi vətəndaşlıq etmək niyyətindədir. Məhz belə olmasaydı Tanrı dərgahında öz gerçəkliyinə bu qədər yaxın düşə bilməzdi. Tanrı sevgisinə qovuşaraq yaşamaq hamıdan daha çox sənət adamına vacibdir ki, boynuna düşən missiyanı layiqincə həyata keçirə bilsin.***
Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan xalq şairi Məmməd Araz əgər gerçək yaşam tərzində maddi və mənəvi dəyərlərə köklənərək öz fəlsəfəsini yaradırdısa, başqa bir görkəmli sənətkarımız Bəxtiyar Vahabzadə yaradıcılığı həm də gözlə gördüklərimizin fövqündə duran gerçəklərə bəşəri baxışın yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Hər ikisi – Söz sənətində növbəti dühalar tarixə köçdü. Məhz ruhən və qəlbən klassik Azərbaycan Milli Şeir Məktəbinin davamçılarından olan, türkçülük, tanrıçılıq həqiqətləri ilə öz dilini zənginləşdirən Əkbər Qoşalının gerçəkliyi (və düşüncə tərzi) bəlkə kiminə görə təzadlı olsa da niyyəti saflıq və işi fədakarlıq üstündə qurulub.

“Nə kafirəm, nə də pirəm,
Nə ikiyəm, nə də birəm,
Mən Allahın adaşıyam.
Mən ona yoldaş deyiləm.”

O, artıq özünü tanımaqda olan bir qələm sahibi olması, sadə və səmimi dili, ifadə tərzi ilə seçilir. Lətif şerlərini oxuduqca ruh təzəliyinə və qəribə notlara kökləndiyinə tanıq olursan. Ümumtürk ləhcələrini özündə cəm edərək hər bir türkün anlayacağı ortaq türkcəyə can atan, anlam və fikir yükünü aydın çatdırmaq üçün kök qafiyədən daha çox qulaq qafiyələrlə yazan Əkbər Qoşalı dünyasının ger¬çəkləri ilə üz-üzə qalırsan: özü kimi davranışı, sevgisi də həm qəribə, həm sadədir… Hətta Tanrı qədərinə məhz qəribə və sadədil heyrətini, yanğısını ifadə etməklə yetinir:

“Ömrüm uzun çəkmədi,
Kasıb gülüşü kimi.
Ölmək şəkil çəkmədi,
Fələyin üzü kimi.”

Bənzətmələr o yədər aydın, obrazlı və lakonikdir, bu, onun sözə peşəkar yanaşmasının, sənətkarlıq taktikasının yanısıra təbiiliyinin bəlirtisi kimi gəlir oxucuya. Hətta mütəvazi yaşam tərzindən elə ustalıqla söhbət açır, deyirsən, bu heç də şikayət deyil. – Yəqin elə belə də olmalıdır…

Keçən günlərimdən də,
Birini saxlamışam.
Hər ilin həmin günü,
Oturub ağlamışam.

O, təmənnasız bir vətənpərvər olduğu üçün Vətəninə də (Vətən sevgisinə də), Sevgiyə də münasibətdə diqqətəlayiq mövqedədir. – Daha doğrusu, bu, mövqe qurmaq, mövqeyə yiyələnmək deyil, içdən gələn, doğal bir olaydır Əkbərdə… Vətənin ağrı-acısını, düşmən tapdağında qalan torpaqlarımızın iniltisini özünəxas tərzdə ifadə edən şair, sanki pıçıldayır:

“Şuşada dağ ha qalmadı,
Hamısı köçüb sinəmə.
Daşınmaz günah qalmadı;
Acılar çöküb sinəmə.”

Onun yaradıcılığını elə-belə vərəqləmək mümkün deyil. Beləcə də hər sözdə, hər misrada həm haqlı vətəndaş (aydın) qınağı, həm oyanış çağrısı (ruhu!) barındırıb o. Məhz Vətən dərdi, əsir Yurdumuzun həsrəti onu dəyişib. – Və bu, artıq, yalnız şairin mənsub olduğu xalqla bağlı rahatsızlığı deyil, (ÜMUM)İNSAN(İ) RAHATSIZLIĞIDIR! –

“Uşaqlar qocalaşıb,
Qocalar uşaqlaşıb.
Ümidlər uzaqlaşıb,
Çadır şəhərciyində.”

Hansı ki, çadır şəhərciyində baş verənlər ümumi toplumun güzgüsü və bir xalqın faciəsi olmaqla yanaşı ümuminsan(i) problemdir. İllərlə uzanan bu həsrətin bitməməsindən rahatsız olan şair, dostu Yolcuya üz tutaraq çıxış yolu göstərməyə cəhd edir:

“…Baxma, hər ölünü bir qoşun aparır,
Kim dünyadan nə aparır?
Qoy desinlər, filankəs
Dünyadan qurşun aparır.”

Artıq həyəcan təblili çalaraq səbirlərin tükəndiyini vurğulayır, şair qardaşımız, aydın soydaşımız. Nə vaxta qədər bu ölü sükutla, yarımçıq düşüncə tərziylə barışıcağıq? Hansı ki, çoxları kimi hətta onun da ruhuna ölüm oxşaması, ölümə mərdanə baxış biçimlənir; qələmin (yazarın) ölümün özünü belə çıxış yolu kimi seçdiyinin tanığı oluruq… –

“Qarabağda əsirəm,
Bakıda pul kəsirəm.
Sən orda can verirsən,
Mən burda kef gəzirəm,
Can, ay Təbriz!..”
deyən şairin insan hıçqırıqlarına, şair hayqırışına qulaq verməmək olarmı?!.

“Adımı duy, üzüm görmə.
Öncə gor görsün, sən görmə…”
deyə hər şeyin səbəbkarı, günahkarı kimi butun səmimiyyəti (və təbiiliyi) ilə bu qınağı ilk sırada özünə ünvanlasa da, əslində hamımıza səslənir, hamımızın deməli olduğumuz (ancaq demədiyimiz) sözləri deyir… Ülküsü, ülküçülüyü, yaşamda şeirsəlliyi də doğaldır onun…

***
“Hər qaranlıq gecənin bir işıqlı gündüzü var” el məsəlinə güvənərək, bəlkə bunu inersiya ilə edərək, yeni bir poetik deyim ortaya qoyur şair və həm də şeir bitiyinin adını, içəriyini biçimləndirir:
“Ölümlərin ötəsində Olum var!”

Yığcam və gözəldir! – Bu fikir öz ardınca çəkdiyi anlam yükünü çatdırmaq istədiyi məntiqə kökləyir. Əks halda şair öz ruhunun hökmünü nə ağlın kəsərində cilalaya, nə də qəlbin beşiyində bəsləyə bil¬ərdi.
Söz məhz o zaman öz qüdrətini büruzə verərək könüllər fəth edir ki, həqiqi sənət və sənətkarlıq mahiyyəti daşımış olur. Necə ki, şair deyir:

“Mən səndən ayrılanda ölüb,
Səni gözümdə saxladım…”
və ya
“Ölüm- olum arası
bir imtahan yeridir.”
yaxud da
“Bir var gözünə yol düşə,
Bir də var
yol gözündən düşə…”

…Yaşından irəli böyüklük var Əkbər Qoşalıda – Adı kimi! Neçə yaşıdının, neçə yaşca böyüyün ona “ağsaqqal” deməsində də bir ərkyanalıq, səmimiyyət və onun sözünə inam var, təbii.

O, bir zərgər zərifliyi ilə xalq arasında olan deyimləri cilalıya-cilalıya yeni söz, sənət inciləri yaradır. Ən əsası da odur ki, bu deyimlər yalnız hiss-həyəcanın, incə duyğuların deyil, eyni güclə ağlın məhsuludur…
Yazarın Söz, Səs haqqında düşüncələri maraq doğurur. Ümumiyyətlə, hər kəsin Sözə mə¬suliyyətlə yanaşması onun nə etdiyini nişan verir. Yəqin qəhrəmanımızda da Sözə sevgidən irəli gələn ilgi olmalıdır ki, onun hərdən sözlə sanki oynadığı təəssüratı yaransa da, alt qatda ancaq və ancaq ciddiyət boy verir:

“Yollar torpağın damarı,
Mən də onun artıq qanı”.
və ya
“Atamızdan olmuşuq,
Atamız olmamışıq…”

kimi təzadlı, bəzən də cinas qafiyələrlə ortaya gələn yaradıcılıq örnəkləri də yox deyil.
Şairin danışığı, işlətdiyi ifadə tərzi, dolu-dolu təxəyyülü, aydın düşüncəsi və vətəndaşlıq mövqeyi onu oxucusunun, dinləyicisinin həmsöhbətinə çevirir və bu diqqətəlayiq haldır. Onunlu həm¬söhbət olmaq səni yormur. Nəsə Ürəyindən gələn fikirlərin, düşüncələrin oxşar, üst-üstə düşən poetik çözümünü (düsturunu) tapır və rahatlıq (müəyyənlik) tapırsan (Ondan eşitmişəm – “…müəyyənlik (halı) hətta sənə ziyan eləsə də, qeyri-müəyyənlikdən yaxşıdır”).
Bir qədər öncə də vurğuladığım kimi, yazarın köhnəlmiş və ya ümumtürk dil qrupuna mənsub söz və söz birləşmələrindən yararlanması diqqətçəkicidir. Örnək verim: “yığval”, “kümə”, “ötəsi”, “bir höyüş arzu”, “yenmək”, “yükümlü”, “Ay anşırdı”, “anrı atıb ağzını”, “təni”, “özcüyüm”, “ən əzəl” və b. bu cür sözlərdən nəinki yazılarında, hətta gündəlik danışığında bəhrələnməsi həm ortaq türkcənin gələcəyinə olan güvənin, həm də bu güvənin yaranmasında onun qatqısının göstəricisidr.

***
Bu gün o da bizim kimi, kamilləşməmiş toplumda (kamilləşməmiş dünyada!) yaşayır; bəzən maddi dünyanın cövrünü görür, bəzən mənəvi dünyanın sehrinə dalır. Bəzən maddi ilə mənəvini bir ortamda tutmağa, şeir dili ilə biçimləndirməyə çalışır, sanki genetik olaraq daşıdığı harmoniya (axtarışı) siqləti işə düşür, şairin. (Onun poetik və fləsəfi axtarışlarını mən daha çox “Vəhdəti-vücud” ünvanlı, yönlü görürəm.) Bir də görürsən, onun qələmi səni doğa ilə baş-başa qoyur:

“Bu axşam, bu axşam yağış yağacaq
İnsanlar qaçacaq öylərə doğru.
Bir dəli köksünü geniş açacaq,
Qaçacaq əlləri göylərə doğru.”

Bu gözəl misralara yüklənmiş anlam, öz fəlsəfəsi ilə həqiqətən düşün¬dü¬rücüdür. Hansı ki, o, bir zamanlar “Mən hələ bir cavan bulud yaşdayam, yağış olmadım ki, yağıb yaşıyam…” poetik deyimini ərmağan etmişdi bizə. Başqa bir vaxt, başqa bir şeirində “Bu yağışlar bir günahı yuyarmı, hardan ola? – Məndə elə baxt hanı!?.”  demişdi…
Deyəsən yağış yağır, çıxıram çölə, görüm şair düzmü deyir: –

“Yeri qanlı-qanlı döydü yağışar,
Keçib damarımda axdılar mənim.
Dəli arzularım döndü yağışa,
Qayıdıb üstümə yağdılar mənim…”

Sayğı, sevgi dolu ürəklə…

ŞƏKİ-2011

/”KASPİ” +Ədəbiyyat – 16.07.2011/

You may also like

1 şərh

Habil Yaşar 2011-07-29 - 12:29

Hər iki türk oğluna eşq olsun!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.