Ana səhifə BAŞ YAZI MƏNİ GÜNƏŞƏ APAR…

MƏNİ GÜNƏŞƏ APAR…

Müəllif: Bizim Yazı
1. 015 baxış

Şeyxə Suad Əl-Sabah
(Çağdaş ərəb şeirinin tanınmış nümayəndəsi, Küveyt şairəsi Şeyxə Suad Əl-Sabahın müxtəlif illərdə qələmə aldığı şeirlərindən kiçik bir güldəstə təqdim edirik.

Şeyxə Suad Əl-Sabah dünya ədəbiyyatında 60-cı illər mərhələsi kimi tanınan möhtəşəm bir dövrün yetirməsidir. Bu möhtərəm xanım Küveyt poeziyasında həm yeni bir gələnək başlayaraq onu modern Avropa şeiri ilə qovuşdurması, həm də cəsarətli, azad düşüncəsi ilə öz xalqı, mədəniyyəti qarşısında böyük xidmət göstərib.
Şeirləri dünyanın bir çox dillərinə çevrilmiş şairənin Azərbaycan oxucuları ilə ilk görüşü bu il Bakıda nəşr olunmuş “Məni Günəşə apar” kitabı ilə gerçəkləşib. Şeyxə Suadın şeirlərini dilimizə Bəsti Əlibəyli Babək Əhmədov çevirib.)

***
Qol saatımın içində gizlənib
zamanla birləşən cənab!
Bilərziklərim,
kipriklərim,
libaslarım,
dırnaq boyalarımla;
həm kitablarım,
sözüm-sovumla
himləşən cənab!
Qəhvə qoxusu da dəf edir məni…
Artıq, getsən yaxşıdır.

***
Səninlə dözülməzdi,
sənsiz də dözülməzdi
zaman.
Amma sənin barmaqlarınla
son şəklini tamamlar
zaman.

Mənim də son şəklimi
O barmaqlar tamamlar.

Buz üstündə yanğınlar

1
Ey bənzərsiz Kəs!
Sən mənim aynamsan;
çöhrəmi
qənirsiz göstərən aynam!

2
Qapqaradı gözlərimdə
Mejevdəki* buzlaqlar,
Əsəblərimdə sürüşür sanki
hamar buz üstə sürüşənlər.
Qəbul etmək bir yana,
danışmaq da istəmir mənimlə,
Mejev tanıyar haqqımı yalnız
qol-qola girsəm səninlə.
Ey Mejevin bələdiyyə başçısı!
Yardım edərsənmi mənə
öz təsdiqinlə?

(*Mejev-Fransada yer adı)

3
Buzlaq xəritəsini
sən apardın özünlə,
Mənsə yalnız sürüşdüm
hüznümün buzu üstə.
Sən Fransız qəhvəsi içdin,
mən göz yaşlarımı.
Sən orda özgür, məmnun,
Mən burda
sevincdən,
sevgidən,
qadınlıqdan məhrum…

4
Səsinin ətrinə bürünüb
Mejevin küçələri,
Adına sifariş olunub
kafelərdə stollar…
Heyhat, dadı yoxdu sənsiz
Savo pendirinin.
Yaddaşıma həkk olunub
buzdakı ayaq izlərin.
Qaytar,
xəritəsini qaytar mənə
bu şəhərin.

5
Saat səslənir…
Hüznümün zəngidir saatın səsi.
Başımdan aparır yun papağımı
Qırmac kimi kəsən Alp küləkləri.
Və buz öz oduyla yandırır məni…
Sən damarlarımdan axırsan;
damar-damar,
qarış-qarış,
hücrə-hücrə…
Saat səslənir…
Sevgiylə doluyam dişimə qədər.
Ey buludların kipriklərində
gizlənən Kəs!
Yağdır gözəl yağışını,
susuzluqdan
cadar-cadardı günlərim.

6
Başımdan ayağıma,
dodağımdan belimədək
məni mərdlik əbasına bürüyən,
Ağlı-qaralı günlərimdən
eşq qəsidələri yazan Kəs!
Dərilmək istəyən meyvədi qəlbim.
Yol gözləyən limantək açığam,
qoy gəlib keçsin gəmilərin.
Dodağını dənizlərin duzu
parçalayan Kəs!
Mən bir qadın krallığıyam,
qarmağını duyğu sahillərimə sanc.
Pay ver mənə
atalıq bərəkətindən.
Səndən başqa evim,
qəbiləm,
səndən başqa
vətənim yoxdur.

7
Yenə coşur eşq dənizim,
bütün sədlər yıxılır,
Ağaclarım qopur kökündən,
nitqim,
yaddaşım yox olur.

Milad yolkasıtək alışıram
Mejevin buzları üstə,
səsim səsinlə qovuşanadək,
köküm torpağına batanadək…
Qışqırıram,
qanına qarışanadək…

8
Ey Adəmdən bəri
gözlədiyim atlı!
Qəlbim,
fikrim,
hissim
sənin həyəcanınla döyünür.
En atından, ey atlı!
Gəl,
məni dəlilik anlarımdan
və şeirlərimdən qurtar!..

9
Neyləyim,
yasəmən ağacıtək
qanıma hopan mirasınla neyləyim?!
Çarpayımı xoruz kimi dimdikləyən
səsinlə,
otağımın hər yerində izi qalan
zövqünlə neyləyim?
Birgə baxdığımız tabloları,
oxuduğumuz kitabları,
dünyanın dörd yanından
topladığımız suvenirləri,
Karib sahillərindən yığdığımız
balıqqulaqlarını neyləyim?
Mənə qoyub getdiyin
bu ağır yüklə neyləyim?
Çox çalışdım səndən
və xatirəndən xilas olmağa,
amma tariximi satırmış kimi,
hisslərimi
hörüklərimi
satırmış kimi utandım…

10
Hara gedim indi?!
Axı, dünyanın xəritəsi səndə qaldı.
Hansı kafeyə baş vurum?
Axı, qəhvə ətri səninlə getdi.
Hansı dildə danışım?-
Özünlə apardın dilimin açarını…
Ayın o biri üzünə göndərmək istədim səni,
amma onun şüalarıyla geri döndün
və pəncərəmdə əks olundu rəsmin…
Istədim sənə nazlanmağı,
şıltaqlığı,
marka yığmağı,
hər gün
bir qadına vurulmağı öyrədən
anana göndərim səni,
Heyhat,
o da baratımı xoşluqla
mənə geri göndərdi!

Məni bağışla

1
Bağışla məni, sevgilim!
Acı peşimanlıq didir qəlbimi;
Sənsiz yaşanan ömrə təəssüf,
hədər keçən günə, ilə,
fəslə təəssüf.
Kipriklərimi çəpər etmədim,
qoynumda gizlətmədim,
qayğına qalmadım sənin,
təəssüf…

2
Təəssüf, sevgilim!
Rəngsiz, dadsız gəncliyimdən,
Gün kimi yaşanmayan günlərimdən,
mənasız həyat tarixçəmdən
təəssüf.
Nə oxuya bildim taleyimizi
ovcundakı cizgilərdən,
na də anlayıb-duydum şücaətini…
Gülləri açmayan bağçamdan təəssüf,
Yağmursuz səmamdan təəssüf…

3
Bağışla məni, sevgilim,
yüzillik hicrana görə.
Ağacları ağaclıqdan,
bənövşələri bənövşəlikdən çıxaran
və şeir tarixini dəyişən
bir qəsidə yazmaq fikri
çıxmır başımdan…

4
Bağışla məni, sevgilim!
“Konkord” təyyarəsində
tək-tənha uçuşa,
sənsiz gəzdiyim şəhərlərə,
dolaşdığım küçələrə,
sənsiz islandığım yağışa görə.
Bağışla,
kitabxanalara təkcə baş vurduğuma,
kimsəsiz otellərdə
gecələdiyimə
və dörd divar arasında
sənsiz ağladığıma görə…
Bağışla!
Səndən əvvəl çəkdiyim
yetimçiliyə görə
məni bağışla…

5
Bağışla məni, sevgilim!
Sənə əks olan fikirlərimə,
paltarımın zövqünü oxşamayan
tikişlərinə görə bağışla.
Əlçatmaz xəyallara;
sənə doğulmazdan öncə yazdığım,
ünvansız məktublara,
göy qurşağı kimi
anamın bətninə nəqş etdiyim,
fəqət, sənə yetişməyən arzuma,
Ay gölündən səninçün tutduğum
və qarşımda ölən balıqlara görə
bağışla…

Yaddaş işğalı

1
Qəlbimlə deyil,
xatirəmlə bağlıdır müşkülüm.
Mən razı olmadan,
istəmədən,
yüz ildir
işğal etdiyin xatirəmlə…

2
Yüz ildir
yaşayırsan xatirəmdə
şəxsi mənzilin kimi;
yataq və yastıqlar da,
şkaflar və
buz dolabı da
ixtiyarında.
Uzanır,
mürgüləyir,
paltarını dəyişirsən istəyəndə,
ya da qəhvə dəmləyirsən
keyfin istəyəndə…

3
Yüz ildir yosun kimi
xatirəmi sarmısan,
Qopmaq istəyirəm səndən,
qopmursan.
Yükünü qabqarır,
bilet alıram,
üstümə atırsan.
Yaxalaya bilmir
polis də səni;
özüm yaxalanıram
sonda…

4
Yüz ildir səndən başqa
heç kim gəlmir yadıma,
Bircə tarix bilmirəm
sənin tarixindən başqa.
Anlayışım yox
coğrafiyadan da,
sənin ovuclarından başqa.
Bir ibtidai insanam,
yazı-pozu bilməzəm,
köynəyimə yazdığın
“sevgi” sözündən başqa…

5
Yüz ildir can atıram
təbaşirlə çəkdiyin dairədən çıxmağa…
Yüz ildir əlləşirəm
qadın haqqımı tanıtmağa…
Mülkiyyətə tapınan
bir qəbilə oğlusan
amma sən də,
Dalğalanır yenə də
qırmızı bayrağın
yaddaşımın qülləsində…

6
Ey yaddaş torpağımı
zəbt eləyən Kəs!
Bircə gün azadlıq ver mənə,
bircə gün əl götür amirliyindən.
Hər yer sənin hökmünə tabe;
adını daşıyır bütün küçələr,
üzümə bağlıdı parklar,
pənah apardığım kafelər…
Dükanlar bir şey satmaz,
sənin əmrin olmadan…
Çıx mənim torpağımdan,
bu məhbusən ölmədən…

7
Doqquz aylıq körpə kimi
bətnimdə gəzdirirəm səni.
Necə azad olum yükdən?
Necə kəsim göbək bağını?
Yun kələfi kimi
sarmısan canımı,
Qarlı, tufanlı yollara
necə tullayım səni?!
Deməli, qismət budur,
ilk beşiyim kimi
doğmalıyam səni…

8
Dostum!
Artıq Berlin divarları uçuldu,
əski dünyanın qalaları yıxıldı.
300 illik işğaldan sonra
ağdərililərdən azad oldu
Güney Afrika da.
Ey mənim ağdərilim!
Bəs sən niyə çıxmırsan
(minalar basdırırsan,
atəşlər yağdırırsan)
özgənin yaddaşından???

9
Qırmızı dənizdəki
qayalara yapışan
mərcan kimisən,
Yaddaşımdan
necə qoparım səni,
bilmirsən?…

10
Ey yaddaşımın əbədi icarədarı!
Hansı otelə istəyirsən get,
hesabını mən ödərəm.
İstədiyin kafeyə gir,
hesabını mən ödərəm.
İstədiyin qadınla evlən,
mehr pulunu mən ödərəm!
Sən, sadəcə, get…

Məni günəşə apar

1
Düzünü söylə mənə!
Sənə dəlicəsinə vurulan
bir qadını sevdinmi
məndən öncə?

2
Söylə mənə!
Sevən qadın
necə çevrilir bəyaz gülə?
Söylə mənə!
Kölgəylə əsli arasında,
gözlə sürmə arasında
necə olur oxşarlıq?
Söylə mənə!
Necə etsin ki, qadın
tən olsun aşiqinə?..

3
Elə dillə danış ki, mənimlə,
o dili eşitməsin
heç bir qadın.
Bir sevgi adasına apar ki, məni,
kimsə yaşamasın orda
məndən başqa.
O sözlərin yanına apar ki, məni,
şerin sərhəddindən ötədə olsun.
Mənə “sevgimin əzəlisən” söylə !
Mənə “əhd-peymanımın ilkisən” söylə!
Qulaqlarıma sevgi cövhəri damızdır,
Gözlərimə ay çilə!

4
Ey canımın içində
çiçəkləyən Gül,
Uşaq kimi qəribə,
dalğa kimi şiddətli,
qumtək yumşaqsan.
Mənim xiffətimi
dərd eləmə özünə,
sadəcə, adımı çək
gündüz-gecə.
Əfv elə,
dözə bilmirəm səssizliyə…
5
Sevgilim, tərk etmə məni!
Xurma ağacıtək səbrimi içərəm.
Kölgə əslindən ayrılmaz,
Mən elə Sənəm…

Səsinin ətri

1
Öz məhvərində fırlanır hər şey;
kafelər də,
sözlər və xatirələr də…
Qadın izzətimi oxşayır sözlərin,
boynuma dolanır xatirələrin.
Otağıma qaçıram
səsinin bihuşdar ətrindən…

2
Ey dünyamın fatehi!
Balaca bir bölgə də
mənə saxla
səltənətindən uzaqda…
Bayrağın dalğalanmayan
bir qala da
mənə ayır…

3
Həm çaxmaq,
həm qov olan Kəs!
Məni gil kimi yoğur,
Sonra
qızıl-gümüş təpəciyitək,
badam və manqotək
rəsmimi çək.
Və məni
öz surətində çək,
möhürünü bas…
Çünki qəbul etmirəm
bunsuz heç bir rəsmi…

Səni sevəcəyəm həmişə

1
Eyiblərinə baxmadan
sevirəm səni…
Qollarına atılıram
unudaraq özümü,
unudaraq hər şeyi…

2
Səfehlik etdiyimi bilsəm də,
Sadədil olduğumu anlasam da,
Ən dayaz suda
boğulacağımı duysam da,
sevirəm səni.
Bu sevgiyə görə
bağışla məni…

3
Sən bulud təbiətli,
şimşək, ildırım misallısan.
Bunu bilsəm də,
sevirəm səni…
Bir fəsli-qışla evlənmişəm mən,
nə irəliyə yol var,
nə də geriyə…
Sahilsiz, sərhədsiz dəniz kimisən,
nə başlanğıcın görünür,
nə də ki sonun…
Amma sevirəm səni
və əminəm özümə;
istənilən havada
bir krallıq quracağam…

4
Səni çox sevirəm…
Bilsəm də ki, umduğum
göy qübbəsinə toxunmaq qədər
əlçatmaz…
Yenə sevirəm səni,
sevəcəyəm həmişə;
ağlımı itirənə kimi,
buxarlanana kimi,
ruhum ruhuna qovuşana kimi.
Sevəcəyəm sonsuza kimi…

5
Sərhədsiz,
qədərsiz,
şərtsiz sevirəm səni.
Bilsəm də ki,
bütün hədləri keçmişəm,
taxt-tacımı bada vermişəm,
yenə sevirəm səni.
Gözləsə də
məni hansı əzablar,
qarşılıqsız,
öhdəliksiz sevirəm…

6
Səni çox sevirəm…
Necə də istərdim
bu sevgidən vaz keçəm.
Amma
bütün qadınlar gücsüz bunda;
Aşiq olanda
təpəylə zirvəni,
misrayla kitabı seçməz.
Günahı savabdan,
Peyğəmbəri
sələmçidən ayırmaz…
Səni çox sevirəm,
Görəsən, doğrudanmı
özümə qəsd edirəm ?

7
Ey kiçik diktator!
Qınamıram səni
neyləsən də.
Hisslərimi boğub,
xəyallarımı puç eləsən də,
yeri-göyü
bir-birinə vursan da,
güclü olmamısan heç zaman.
Sənin gücün-qüdrətin
mənim zəifliyimdədir.
Böyük olmamısan heç zaman,
Göylərdə cövlan etməyin
mənim sevgimin gücündəndir…

8
Ey sevgilim,
bağışla günahlarımı!
Mən sadə bir şıltağam,
Özüm kimi sadədir
eşqim-məhəbbətim də.
Bezib-qışqırsan da,
gözümün sürməsindən,
şabalıdı saçımdan
qurtulmaq istəsən də,
səni sevəcəyəm həmişə!
Aramızda qan tökülsə də,
səni sevəcəyəm həmişə…

Fatimə tutulan gün

1
Qadın cinsli qəsidəni də
sünnət eləyir bu ölkə,
ailəni qorumaq naminə.
Doğduğuna görə
hətta günəşi də asmağa hazır,
ailə namusunu yumaq naminə.
Danışıb, düşünərsə,
aşiq olarsa əgər
bu ölkə qadının başını kəsər…

2
Bu ölkə sevmir
etiraz eləyən,
törəyə qarşı duran,
haqqını istəyən qadını.
Bu ölkə sevmir
karvanın başında gedən qadını…

3
Bu ölkə
qadınları udub da,
qızmar günəş altında
mürgü döyən əjdəhaya bənzəyir.
Bu vaq-vaqlar ölkəsi,
yasaqlayır
fikri-düşüncəni də.
Erkək dəvə kimi kəsilir
qadın gəlinlik yatağında.
Balıqlara üzmək,
quşlara uçmaq yasaqdı
bu ölkədə…
Qızılgülün açmasına,
xoş ətir saçmasına nifrət var
bu ölkədə…
Xəyallara hakim
yalnız işrət və yataqdı
bu ölkədə…

4
Bu ölkə göy qübbəsini qapayıb,
Qadınları mumiyalayıb.
Torpağa da övrət kimi
baxılır burda.
Səs övrət!
Fikir övrət!
Şeir övrət!
Sevgi övrət!
Göydə dolunay

mavi zərflər övrət!…

5
Bu ölkədə
bahar da, qış da yasaq,
Göz də,
gözdən axan yaş da yasaq.
Ağlını qaçırıb,
yaddaşını itirib
bu ölkə…

6
Bu yatmış, tənbəl və qafil şəhərlər
nə istəyir
mən yırtıcı quşdan,
heyvandan,
döyüşçüdən?
Ağlım istənilirsə,
heyif, ağlımdan.
Qadın nə edə bilər
onun yağışlarında?
Nə edə bilər
çaylarında?
Mümkünmü, görəsən,
qızıl gül əkmək
bu qısır ölkənin
torpaqlarında?..

7
Qadınından nə istəyir
bu ölkə?!
Onu qaynadıb yemək,
ya kababtək
dişinə çəkmək istəyir?
Bəlkə onun ətini
qovurmaq istəyir öz yağında?
Bu ölkə
mumdan gəlin istəyir;
hər an yatağa hazır,
həm azyaşlı, həm cahil…
Ailəni qoruyan
bu ənənə, bu adət
əskilərdə yazılmış
həmin o on nəsihət*…
(On nəsihət* – İsa peyğəmbərin “İncil”dəki məşhur on nəsihəti nəzərdə tutulur)

8
Bağışlayın məni,
özümdən keçməyəcəm!
Heç zaman
caynaqlarımdan imtina etməyəcəm!
Hər zaman
karvanın önündə gedəcəyəm!
Daima
ölüb- öldürəndən
biritək qalacağam!..

Balıq dənizə qayıdır…

1
Beyrut dəniziylə üzbəüz dayanmışam!
Gəlmişəm balıqlarla, quşlarla
yenidən dost olmağa,
mavi rənglə söhbətə.
Susuzluq məni
əldən salandan sonra,
Uzaq yollarda
bihuş olandan sonra…
Gəlmişəm,
məni mühasirə eləyən
qurunun cəngindən çıxmağa…

2
Mənəm!
Balıq kimi
Əl-Avzai sahilinə tullanan.
Mənəm!
Hüzn yatağında
yüz il yatandan sonra
isti qumun üzərində uyuyan…

3
Mənəm!
Yaddaş divarlarını uçuran,
azadlıq kitabını oxumağı öyrədən
şəhərə varid olan.
Mənəm!
Arzuların sonsuzluğunu,
Qadınlığın ölçülərini kəşf edən…

4
Doğru deyil Beyrutun
Şərqdə dənizlə,
Qərbdə dağlarla sərhədlənməsi.
Beyrut sonu görünməyən şəhərdir;
Arzular kimi!
Şeir kimi!
Azadlıq kimi!

5
Doğru deyil Beyrutun
Aralıq dənizinə
bir qəsidə olması.
Doğru deyil bu təşbih,
Beyrut şeirdi
başdan-başa!..

6
Beyrut
gözümə sürmə çəkdi,
tənimə ətir vurdu,
camal verdi.
Və 30 il açılmayan
qızıl qolbaq taxdı qoluma…

7
Beyrut
qızılgül əkdi saçıma,
30 ildi şeh damır
o gülün ləçəyindən…

8
Beyrut
mənə şeir açarı,
ziya çırağı verdi;
30 ildir o çıraq
otağıma nur saçır…

9
60-cı illərdə
bir səhra xurmasıydım,
yağış arzulu,
bir papatya gülüydüm,
dibçək arzulu.
Həm
azadlıq yağışında yudu,
Həm
mənə dibçək oldu Beyrut…

10
Aylı ölkəyə gəlişimdən
bir il sonra
şeir yazmağa başladım
ay dəftərinə…
Zəhlədə sərçələrin,
Şuveyr təpələrində sənubərin,
Sınnin dağında buzun,
Feyruzun səsindəsə
dənizin dilini öyrəndim…

11
Aleyh şəhərində,
üzüm meynələri,
gilas ağacları,
oleandr çiçəkləri arasında
dünyaya gətirdim Mübarəkimi,
şerimin ən gözəl qəsidəsini…
Mənə qürur verən
iki şəhadətnamə aldım Livandan;
Həyat şəhadətnaməsi!
Ana şəhadətnaməsi!

12
Əl-Yarzədəki evimizdə
ağaclarla dostluq etməyi,
həzin yağış səsində yuyunmağı,
gecə böcəklərinin simfoniyasından
zövq almağı öyrəndim…

13
Müharibə
qalib gələ bilmədi Livana!
Livanın parıltısına!
Livanın uğuruna!
Arzularını boğa bilmədi,
İddialı qanadlarını kəsə bilmədi.
Müharibə Livanın
nə gözəl kişnərtisini durdurdu,
nə ərz çiçəyinin
qürurunu sındırdı,
nə də
gözəl mahnılarını susdurdu…

14
Müharibə nə Cübranın,
İlyas Əbu Şəbəkənin,
nə də
Əl-Axtal Əs-Sağırın
səsini boğa bilmədi…
Müharibə, sadəcə,
xarabazar yaratdı,
fənərləri söndürdü.
Lakin söndürə bilmədi
nə Saydunun,
nə də Surun işığını,
Əngəlləyə bilmədi
Qadmusanın
dəniz səfərini…

15
17 il keçir
Beyrut alovlarından…
Lakin
nə qədər dağılsa da,
odlara qalansa da,
öz küllüyü içindən
daha əzəmətlə boy verir.
17 illik alov dilləri altdan
qızıl külçəsitək parıltı verir…

Minqat gözəllik
1
Ey əlahəzrət kral!
Sən Asiyalı qızların
uzun, qara saçlarını sevirsən.
Onlar da
sənə ərməğan kimi
kürəklərinə gecə pərdəsi çəkmişlər
və saçlarını kəsməkdən vaz keçmişlər…

2
Ey eşqin atında dördnala çapan!
Sən Asiyalı qızların
yanmış əsmər rəngini sevirsən,
Onlar da sənin qarşına
günəşdə yuyunub çıxırlar…

3
Sən mənim təbii çöhrəmi
sevdiyin üçün
ekvator yağışlarıyla yuyur
qadınlar üzlərini.
Gözləri parlasın deyə
qızılgül suyunda çimirlər.
Mənim səhər zanbağına bənzər çöhrəmi
sevdiyin üçün
Tanrı bir gözəllik qatdı
Sinqapur çöhrəsinə…

4
Məni sevdiyin üçün
dünya daha da böyüdü,
səma daha da genişləndi,
dəniz daha da maviləndi,
sərçələr daha azad oldu.
İlham aldım bu sevgidən,
mən də
min qat gözəlləşdim…

Səs evi

1
Yorğanımla örtürəm
ay kimi gözəl səsini,
Bayram axşamı uşaq
hədiyyəsini qucaqladığı kimi…

2
Bülbül səsinə,
yay fəslinə

İsveçrə meşələrinə
bənzəyir səsin,
Quru odun kimi,
yanar köz kimi,

şam kimidir səsin…

3
Soyuq gecələrdə geydiyim
yun şal kimidir səsin…
Səsin çətirdir…
Buluddur…
Şeir divanıdır…
Səsin baş qoyduğum çiyindir…
Səsin uyuduğum evimdir…

Boz rəngin simfoniyası

1
Ey dostlarım!
Sevgi şeirlərimdən
bir parça oxumaq istərdim
bu gecə sizlərə.
Elə parça ki,
bütün yaşlardan,
millətlərdən
və rənglərdən olan qadınlar
bihuş olur o sözlərdən…
Bu qum krallığından
oğurlayıb bir anlığa sizləri
yaşıllıqlar ölkəsinə aparmaq istərdim…
Ey dostlarım!
Qəlblərdəki musiqidən
bir parça oxumaq istərdim
bu gecə sizlərə,
indi ərəbin qəlbi
döyünməkdən qalsa da…
2
Ey dostlarım!
Deyin, necə biganə qalım,
əjdəha dişlərində
çabalayan Vətənə?
Bu mənəvi iflasın,
bu milli məyusluğun,
quraqlığın,
səfalətin
üstündən necə adlayım?..

3
Ey dostlarım!
Sizləri şeir əyyamına
aparmaq istəyirəm,
Bu vəhşiyə dönən dünya
şeiri-sözü udsa da…
Ey dostlarım!
Deyin görüm;
Azadlıq nəğməsi oxumaq olarmı
dərin, zülmət quyuda?
Qızılgül bitərmi zülm ağacında?
Şair şeir deyə bilərmi
Söz şişə taxılanda?!

4
Ey dostlarım!
Deyin görüm;
Fəqir cəsədindən buğda,
dar ağacında qızılgül bitərmi?
Ölüm həlqəsində
qırmızı çiçəklər açarmı?
Qətl-edam tarixindən
şeir-qəsidə çıxarmı?
Mədən yaddaşından
su damlası axarmı?..

5
Çin düyüsü kimi
bir-birinə bənzəyir
qatillərin üz cizgisi.
Ölən ölənə ağlayır,
kəllə ağı deyir başqa kəlləyə…
Hətta ayaqqabı da
tək atılmır
yırtılanda…
Amma
bir şey bilməyir kimsə
Həllacın qəbri barəsində.
Çünki
qətllərin yarısı adsızdır
dünya fikir tarixində…
Beyrut: nifaq almasına dönən qızılgül…

1
Beyrut!
Ey mənim şerimin şah qəsidəsi!
Ey dəniz qızılgülü!
Ey arzular adası!
Ey qumlar,
balıqqulaqları
və buludlar üstünə
yazılan gözəl ömrüm!
Ey göyərçinlər daşıyan
eşq məktublarım!
Ey Ravşada, Əl-Yarzada,
ağ yelkənli gəmilərdə
dalğalanan uzun saçım!
Ey qırmızı küçədə
azmış uşağa bənzəyən sevincim!…

2
Küveytdən gəlirəm…
İstidə mürgü döyən
yorğun xurma ağacı kimi…
Məni çörəkləyən,
öz südüylə bəsləyən döşə gəlirəm.
Mənə savad verən ocağa
baş əyməyə gəlirəm.
Məni günəşə aparan dənizə
təşəkkürə gəlirəm…

3
Beyrutda
gözlərimin rəngini,
boyumun ölçüsünü,
ötələrdə qalan gəncliyimi
və xatirələrimi axtarıram…
İlk məktublarımı,
ünsiyyətimi,
vədlərimi,
qəbiləm qəbul etməyən
eşq qəsidələrimi axtarıram…

4
Beyruta gəlirəm…
Dostum Dənizlə görüşə…
Dostum Şeirlə görüşə…
Beyrutsuz
nə gözəl bir şeir
oxumağım gəlir,
nə də hekayə…
Beyrutsuz
gözümdə həyat sönür,
rəngi itir hər şeyin,
dünya zülmətə dönür…

5
Beyrutda,
otağımda unutduğum əşyaları,
xiffətini çəkdiyim şeir kitablarını,
sentyabr yağışlarını,
çətirimi,

çantamda gizlədiyim
sevgi məktublarını axtarıram…
Görən, kim qaytaracaq mənə
o əlçatmaz uşaqlığı?
Kim qaytaracaq o əsrarlı yaddaşı?..

6
Beyruta gəlirəm…
Sevgimi və dostlarımı,
Mərruşda paxla yeməyini,
bulvarda qəhvə satanları

kəklikotu piroqunu axtarmağa…
Beyruta gəlirəm,
öz sevimli qəzetimi oxumağa…

7
Beyrut, ey iki parlaq göz!
Ey dəniz mirvarisi!
Ey azadlıq meydanında kişnəyən dayça!
Ey ləçəklərini və ətrini itirib
nifaq almasına dönən qızılgül!!!

8
Beyruta gəlirəm…
Gəncliyimdə cızma-qara elədiyim
şeir dəftərimi axtarmağa…
Duyğu-düşüncə bir yana,
kağız-qələmi də
müsadirə eləyən bir ölkədə
şeir dəftəri axtarıram…
Sözə,
Şeirə,
Sevgiyə qadağa qoyulan,
Oruc-namazı yasaqlayan
bir ölkədə
nə zamansa dediyim
sözləri axtarıram!!!…

9
Beyrutda sevgi azadlığını,
öz azadlığımı axtarıram…
Beyrut kimi şeirə layiq
ikinci bir şəhər yox.
Beyrut kimi sevişməyə
ikinci bir şəhər yox.
Beyrut kimi mənə bənzəyən
ikinci bir şəhər yox!…
10
Şutura və Zahladakı günlər
gözəldən gözəl idi…
Piyalələrin cingiltisi susmasa,
aşiqlərin gözləri yumulmasa,
şeirlər də sübhədək susmurdu…
Hanı o günlər indi?
Kaş, bir sərçə olaydım,
hər an
Şama uça bilən bir sərçə…

11
Bir dəfə ağlımı başdan alan,
bir dəfə məni
qadınlıq taxtına çıxaran
Beyruta gəlirəm.
Amma nə Beyrut
o kişilik əyyamının beyrutudu,
nə də qadın
əzəlki qadın…
Beyruta gəlirəm,
Bircə günlüyə keçmişi qaytarmağa,
Azadlığımla
görüşüb-qucaqlaşmağa…

12
Bu gün
içimdəki həyəcandan,
milli ağrılardan,
yalançı sülhlərdən qaçaraq
sənə gəlirəm, Beyrut!..
Cəhalətdən,
parçalanıb dağılmaqdan,
alver qafasından,
zülmət zəkasından qaçaraq
sənə gəlirəm!..

13
Sənə gəlirəm, Beyrut!
Tarixini yandıran,
öz ərəb törəsini,
dini-islamı unudan
şəhərlərdən qaçaraq.
Minalanmış sahələrin üzəriylə,
bir sevdalı nəzəriylə
sənə gəlirəm…

14
Güney Livana gəlirəm…
Torpağın limon, zeytun,
həm də şərəf-izzət
və qəhrəmanlar
yetişdirən vaxtı.
Gəlirəm,
Atları,
Qılıncları

Mübarizləri öpməyə.
Güney Livana gəlirəm,
Gəlirəm içimdəki bu sualla üz-üzə:
Yalnız cənubdamı başlanıb,
cənubdamı bitəcək mübarizə?..

Torpağın simfoniyası

Davam edir o torpağın
əzəmətli simfoniyası…
Davam edir
taleyin zərbələri kimi.
Davam edir
Beytulləhmdəki,
Qəzzadakı,
Əl-Nasıradakı kimi…
Davam edir
Rolet masasını
üstümüzə aşıran,
ayaqlarımızı yerdən
qəfil üzən zərbələr…

1
Bir andaca süpürüb atdı
bütün liderlərin adını.
Möhürləyib bağladı
siyasət yuvalarını.
Nə əmiri, nə də ağası var
bizim şerimizin,
Onun əmiri daşdandı- deyib
istefa əmri verdi
öndə gedən şairlərə…

2
Davam edir
o torpağın simfoniyası…
Davam edir
kilsə zəngləri kimi,
şeir musiqisi kimi…
Üstümüzə şimşək çaxıb,
yağış yağdırır,
Bütün yazarların kitabını yandırır,
Bütün natiqlərin dişlərini çıxararaq
Saqra tullayır…

***
O bütlərin uşaqlarıycün
xalçalar döşəyin, qızılgüllər səpin,
Gül-çiçəklə basdırın onları…
Bir şüşə ev idi İsrail,
artıq sındı o şüşə…
3
Xəbərlər üstümüzə
kəpənək kimi uçur.
Xəbər dalınca xəbər,
daş dalınca daş yağır…
Kirpiklərimiz üstündə
buğda, papatya və qızılgüllər…
Günəşi torbada gizləyir,
ildırımları ovlayır,
Ad və Səmudun mirasına
üsyan edir
yeni gələn nəsillər…

***
Budur, ciyərparalarımız
İbranilik zamanını qətl edir,
Yəhudi əfsanələrini
və on nəsihəti
oda atırlar…

4
Nə gözəldir bu yağış!
Torpaq danışanda,
Ağac yeriyəndə nə gözəldir…
Budur qalxır küçələrdən
ot kimi,
Qızlar çöl nanəsi kimi,
Oğlanlar ay kimi.
Nə gözəldir!..

***
Budur,
səf-səf düzülərək
tarla sərçəsi kimi,
ölümə gedir onlar.
Amma çoxu çadırına
əl-ayaqsız qayıdır…
Bağlamayın,
sübhədək açıq saxlayın qapıları,
o səflərin arasında
İsa, Əli, Ömər qayıdır…

5
Dirəniş göstərin,
ey gözəl əllər!
İnanmayın uydurma yalanlara!
Azad olmayıb Fələstindən
bir qarış torpaq…
Bizi azad edəcək yalnız
sizin peyğəmbəranə əllər!..

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.