Ana səhifə BAŞ YAZI İslamaqədərki türk mifik düşüncə tərzi və inancları – VİDEO

İslamaqədərki türk mifik düşüncə tərzi və inancları – VİDEO

Müəllif: Bizim Yazı
970 baxış

Vaqif ASLAN, AYB Şəki bölməsinin başqanı, ADPU Şəki filialınn baş müəllimi

(Türk xalqları ədəbiyyatı üzrə mühazirələr… – III)

“Yer üzündə iki şey hələ də kəşf edilməmiş qalır:
coğrafiyada qütblər, tarixdə türklər”.
Alber Sorel

Plan: Giriş; 1) Göy dini – tanrıçılıq; 2) Şamançılıq; 3) Budda (burkan) dini; 4) Mani dini; Sonuc.

Giriş
İlkinliyindən başlayaraq bir-biri ilə kəsişib ayrılan svilizasiyaları, inancları yaşamış və yaşamaqda olan türk xalqlarının həyat və düşüncə tərzini, inanc və etiqad formalarını öyrənmək son dərəcə maraqlıdır. Təktanrıçı bir təməldən qaynaqlanan türk dünyagörüşü zaman-zaman çoxtanrıçı bir hala gəlsə də, ilkin atəşpərəstlikdən, Zərdüştilikdən, Mani, Budda və xristiyan dinlərindən keçərək və ya bunları indinin özündə də qismən saxlayaraq, islam dini üzərində şaxələnmişdir. Türk qövmlərinin inancları və dünyagörüşlərindəki fərqli və oxşar özəlliklər mifologiyada daha aydın əks olunur.
2Qafqazlardan, Ural dağları boyunca sıralanan yaylalardan, Şimal Buzlu okeanı sahillərindən, Alyaskadan, Qərbi, Şərqi və Orta Sibirdən, Ön, Orta, Şərqi və Cənub-Şərqi Asiyadan, Avropadan, Afrikadan, Amerikadan, Avstraliyadan, daha nə bilim ki, haralardan səsi gələn türklərin coğrafiyası kimi inancları da, yaşantıları da rəngarəngdir.
Hələ 1990-cı ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustaf Kamal Atatürkün xüsusi arxivi açılarkən ingilis tarixçisi C.Çörçivodun dord kitabının türkcəsi də aşkar edilmiş və bu kitablar barədə tarixçi Sinan Meydan geniş məlumatlar vermişdir. Bu kitablarda bəşər tarixinin çox dərin qatlarına nəzər salınmış, türkün ilkin svilizasiyaların daşıyıcısı olduğu göstərilmişdir.
Qeyd edək ki, 1930-cu ilin əvvəllərindən əməkli general Təhsin bəy Türkiyənin Meksikadakı attaşesi təyin edilmiş və o, Mustaf Kamal Atatürkə göndərdiyi raportların birində “Haiti adasında yerlilərin dilində işlədilən “Turan” sözünə xüsusi diqqət yetirdiyini, … yerli əhalinin dediyinə görə bunun “göyə mənsub millət demək” olduğunu [Q.Namazov. Ceyms Çörçivodun tarixi kəşfləri. Bakı, “Təhsil”NPM, 2011.s.25.] göstərmişdi. BİR SÖZLƏ:

1) Göy dini – tanrıçılıq.
C.Çörçivod çox ciddi araşdırmalarının nəticəsi olaraq “ilk din 70.000 ildən daha qədimdir” [Q.Namazov. Ceyms Çörçivodun tarixi kəşfləri. Bakı, “Təhsil”NPM, 2011.s.62.] müddəasını irəli sürmüşdür. Ona görə Günəş [Q.Namazov. Ceyms Çörçivodun tarixi kəşfləri. Bakı, “Təhsil”NPM, 2011.s.10.] Tanrını təmsil etmişdir.
Artıq heç bir tədqiqatçıya sirr deyildir ki, Göy dininə tapınan türklər göyü Tanrı, Günəşi bayraq hesab edirdilər. Günəşə və Aya inam, ulduzlara etiqad, oda və işığa tapınma, mavi işıq, Bozqurd, şüa ilə düşən qızlar və onların cocuqları bu inancın bəhrələridir. Onlar qızıl bütün qarşısında Göy Tanrıya qurban verərdilər. C. Çörçivoda görə “Ən qədim yazılarda “Tanrı” sözünə rast gəlinir və indi də … həmin [Q.Namazov. Ceyms Çörçivodun tarixi kəşfləri. Bakı, “Təhsil”NPM, 2011.s.78.] mənada işlədilir. E.ə. 121-ci ildə yazıya alınmış çin qaynaqlarında Qızıl Büt barədə [A.Kabaklı. türk edebiyyatı. II cild. İstanbul, 1997. s. 68-70. R.Özdək. Türkün qızıl kitabı. I kitab. Bakı, “Yazıçı”, 1992.s.13-17] məlumat vardır.
Tanrı tərəfindən təkcə hökmdarlara verilən güclü ruh “Qut” adlanırdı. Onların düşüncəsinə görə, türk millətinin başına xaqanı Tanrı [Ağalar Şükürov. Mifologiya. 6-cı kitab. Bakı, “Elm”, 1997.s.24] təyin edirdi. Buna görə də xaqanlar “Tanrıqut” və ya “Qutluq” titulunu daşıyırdı və hunlar hökmdarlarının müqəddəsliyinə inanırdılar. “İduk” isə titul kimi qadın cinsli (Bizim Kiş kəndində və ya bütün Şəkidə “döl” və ya qadının cinsiyyət orqanı anlamına gələn “mıdıx” “iduk” sözünün fonetik variantı kimi diqqətimi çəkir) müqəddəs varlıqların adlarına edilən bir əlavə idi və bu hələ də yetərli şəkildə araşdırılmamışdır. Tanrıçılıqda göy və yer arasındakı əlaqənin simvolu dünyanın mərkəzində duran “Həyat ağacı” hesab olunurdu.
Tanrıçılıq hunlar, avarlar, bulqarlar, kumanlar və daha sonra isə Qızıl Orda tərəfindən Avropaya yayılmışdır. Göytürklər dünyanın sonunu göyün çökməsi, yerin dəlinməsi kimi təsəvvür edirdilər.

2) Şamançılıq
Bu – sanskritcə “Saramana” sözündəndir, türkcə qarşılığı “qam, kam” sözüdür. Onda animizm üstünlük təşkil edir. Cinlərə və pərilərə, dağların, suların, ölülərin və dirilərin ruhlarına inam şamanizmin əsasıdır. Şamanizmə görə yerin üstündə 9 qat göy, [Murad Adcı. Qıpçaq çölünün yovşanı. Bakı, “Gənclik”, 1997.s.113.] yerin altında isə 9 qat cəhənnəm vardır. Göyün 9-cu qatında Bay Ülgen durur. Heç bir şey yaradılmamışkən, yalnızca ucsuz-bucaqsız bir su varkən Ağ ana sulardan çıxaraq Tanrı Ülgenə yaratma ilhamını verərək yenidən sulara qərq olmuşdur. Ağ ananın bədəni cisimdən deyil, nurdan tökülmüşdür. Başında gücünün rəmzi olaraq zərif buynuzları var imiş. O, Ağ dənizdə yaşayırmış. Həyatın başlanğıcına dair hər nə varsa, ondan gəlmişdir. Bay Ülgen Ayı, Günəşi və şimşəyi yaratmışdır.
Tanrı Ülgen bir əlində ağ, bir əlində qara daşla gələrək insanlara odun necə alındığını (Elə buradaca Prometey haqqındakı yunan əfsanəsini xatırlayaq. İndi Olimpdəki allahların Prometeyi nə üçün Qaf dağlarına zəncirlədikləri aydınlaşır.) öyrətmişdir. O, dünyanı dolandırmaq üçün üç balıq yaratmışdır. Əlində “Həyat ağacı”nın köklərinə bənzər kökləri olan budaqlı bir toppuz tutmuşdur. O bizim bildiyimiz göy cisimlərindən çox-çox uzaqlarda yaşayır. Bir ağ Günəş sağında, bir ağ Günəş də solunda durur. Bu göy cisimlərinin hər biri şamanların ona yaxınlaşmasına əngəl törədir. Ən güclü şaman belə ona Qütb ulduzuna qədər yaxınlaşa bilər.

Bay Ülgenin 7 oğlu və 9 qızı vardır. Ülgenin özü, qızları və oğlanları insan şəklindədir. Onlar yaxşı işlərdə babalarına kömək edərlər. Ülgenin yanında Yayık, Suyla, Maygil adlı tanrılar da vardır. Ülgenin arvadı Umay (Humay) qadınları və doğuşları qoruyan [Ağalar Şükürov. Mifologiya. 6-cı kitab. Bakı, “Elm”, 1997.s.25-30; Lev Qumilyov. Qədim türklər. Bakı, Gənclik”, 1993. s. 95-96.] ana tanrıçadır. O həm də heyvan yavrularını qoruyur. Altaylarda arxeoloji qazıntılar nəticəsində əldə edilən keramika nümunələrində Umay ana üç buynuzlu, Orta Asiyanın digər yerlərindən tapılan nümunələrdə isə gümüşü saçlı, gümüşü geyimli, qanadlı və gözəl üzlü qadın kimi təsvir edilmişdir.
İnsanlara pislik yerin altındakı 9-cu qatdan gəlir. Ona görə ki, Yerlik adlı pislik tanrısı orada hakimdir. O həmişə qurban tələb edir. O, atlet vücudlu, saqqalı dizindən, kömür qarası kimi qıllı bir canavar şəklində təsəvvür olunur. Onun 9 qapqara oğlu və 9 qapqara qızı vardır. Onlar pis işlərdə babalarına kömək edərlər. Bu kömür qarası kimi qızlar Göy Tanrı qatına yüksəlmək istəyən şamanlara müsəllət olar, naz və işvələri ilə onları yataqlarına çəkib günaha batırmaq istəyərlər. Şaman ayinlərində onlar lənətlənirlər. Yerlik “güclü”, “qüvvətli” anlamındadır. Uyğur mətnlərində ölüm tanrısı Yamaya “Yerklik Yama” deyilir. Şaman dualarında o, “Kayrakan” adı ilə xatırlanır. O, yerin altında qara palçıqdan yapılmış qara bir sarayda yaşayır. Onun sarayı insanların göz yaşlarından əmələ gələn doqquz çayın birləşib “Toybodım” (Bəlkə, “Doymadım”) çayına töküldüyü yerdə-qorxunc su canavarları ilə dolu olan “Bay Dəniz”in sahilindədir.
Türkləri qoruyan xeyirxah pərilər Yer-Su (yer-sub) adlanırlar. Bunlar həm də yurd pəriləridir, vətəni qoruyurlar. Şamanlıqda dağ, çay, bulaq, ağac, meşə müqəddəsdir. Çünki Yer-Su pəriləri oralarda yaşayırlar. Onlar danışır, evlənir, doğur və törəyirlər. Atəş və ocaq da Tanrı yadigarları sayılır.
Yaqut türkləri Od ananı ağ saçlı bir qadın kimi təsəvvür edirlər. Buryatlar isə onu qırmızı və ya yaşıl-qırmızı alov dilləri kimi dalğalanan ipək kaftan geymiş yaşlı bir qadın şəklində görürlər. Şaman dualarının birində belə deyilir: “Sən qaranlıq gecələrdə gənc qızlar kimi saçlarını dalğalandıraraq oynayırsan. Qırmızı ipək qumaşlar içərisində odlar üzərində yeriyirsən.” Türklərə görə ocaq ruhu qadın şəklindədir. Evin tam ortası “evin qəlbi”dir və ocaq yeri də buradadır. Orta Asiyada, elə bizim Azərbaycanın özündə də üçayaqlı qazanlara rast gəlinir. Yaqutlara görə ilk ocağı Bay Ülgenin üç qızı yandırmışdır. Yaqutlarda od tanrıları da yeddi qardaşdır. Əksər türklərdə, o cümlədən bizlərdə ilanlar da yeddi qardaş, əjdahalar yeddi başlı, yollar da yeddi ayrıclı,göylər də yeddi qatlıdır.
Dağ Göy Tanrıya yaxın olduğuna görə, qurbanlar və andlaşmalar uca dağ başlarında həyata keçirilir. Qəhrəmanlar, böyük şəxsiyyətlər uca dağ başında dəfn edilirlər. Şamanlar: – Bu qurbanım hər əngəli aşaraq, qutsal Altaya ulaşsın! – deyərək [A.Kabaklı. türk edebiyyatı. II cild. İstanbul, 1997.s.70-71] ayin icra edərlər. Şamanlıq təbiət dinidir. Onun ayinləri Tanrı Ülgenə qurbanlar vermək əsnasında dualar oxumaq, ilahilər söyləməkdən ibarətdir. Şamanlar pis ruhları qorxudur, insanlardan uzaqlaşdırırlar. Onlar göy ilə xəbərləşir, Yerlik ilə mücadilə edirlər. Ulduzlarla sözləşərək gələcəkdə olacaqları xəbər verirlər, şeir söyləyirlər. Onların otuz parçadan (yəqin ki, hissədən) yapılmış özəl cübbələri, üç qarış uzunluğunda börkləri, öz alətlərini daşıyan çamadanları, iri çəkmələri vardır. Onlar bayğın və qeybdən səs duyar kimi hallar keçirərlər.
Şamanlar ayin zamanı qəribə səslər çıxarar, vəcdə gəlib danışmağa başlayırlar. Şamanlıq irsi sayılır. Onlar dürüst insanlar olub, pislik eləməzlər. Onlar “zavallıların qoruyucusu, yoxsulların babası, öksüzlərin anası olmağa” and içərlər. Şamanlar dünyanın sonunu belə təsvir edərlər. Aşağıdakı nümunə Telenget şamanlarının dilindən yazıya alınmışdır:

“Kalqançı çak kelerde / Dünyanın sonu gəldiyində
Tengri temir polub kalar./ Göy dəmir olub qalar.
Yer, yes polub kalar, / Yer baxar olub qalar,
Kaan kaanğa kapçıgar”. / Xaqan xaqanla qarpışar.
Qatı taş ufalanar.
Baba oğlunu tanımaz,
Oğul atasını tanımaz.
Payız otu qiymətə minər,
At başı büyüklüyünce altun
Bir tas yeməyi satın ala bilməz.
Ayaq altından altun çıxar,
Onu alacaq kişi tapılmaz.
Qara yer atəşlərə düşər,
Qaya Xanla Kuday Ata
Qulağını tıxar.
O həngamədə dünya pozulub
Dəniz çalxalanar.

Altay şamanlarına, görə dünyanın sonu belə təsəvvür edilir:
Kara su kanlı axar,
Yer guruldar, dağlar yer dəyişdirər.
Göy dəlinər, parçalanar.
Dənizlər axar, dibi görünər.
Dəniz dibində 9 qollu qaradaş
9 yerindən parça-parça olar.
Oradan 9 dəmir atlı kişi çıxar.
Onların mindiyi atlar
İri, sarı, vuruşqandır.
Ağacı bulsalar, ağacı biçərlər.
Canlıya çatsalar, canlını doğrayarlar.
O həngamədə Ayın, Günəşin işığı yox olar,

Ağaclar köklərindən çıxarlar. [Bax.A.Kabaklı. türk edebiyyatı. II cild. İstanbul, 1997.s.68-73.; Lev Qumilyov. Qədim türklər. Bakı, “Gənclik”, 1993.s.100-104.]

3) Budda (burkan) dini
Budda dini e.ə. V əsrdə Hindistanda Budda adlı bir şahzadənin yaratdığı inanc və kültürlə bağlı olan dərin fəlsəfi sistemdir. Rəvayətə görə Guatama Budda e.ə. 583-483-cü illərdə Cənub-Şərqi Hindistanda hökm sürən bir hökmdarın oğlu olmuşdur. Atası onu kədərdən uzaq tutsa da, bir gün o cənazə alayına rast gəlir. O sarsılır. Hər şeyi buraxaraq Bo ağacının altında tənha həyat keçirir. Bir gün içində bir aydınlama olur, əbədi xoşbəxtliyi tapır. Tapdığı həqiqəti hər yerə yaymaq üçün bütün Hindistanı dolaşır, şagirdləri onun dediklərini yazırlar. Dünyəvi həvəsdən qopa bilib aydınlığa qovuşan, səbrli və səbatlı hər bir adam buddaçı ola bilər.
Buddaya görə, doğru iman, doğru qərar, doğru iş, doğru söz, doğru yaşama, doğru çalışma, doğru düşünmə, doğru mühakimə insanı pis əməllərdən qoruyur və iztirablardan qurtarır. İlk olaraq uyğurlar ona mani dini ilə birlikdə tapınmışlar. Uyğurlar sanskritcədən çox əsərləri çevirmişlər. Buddaçılara görə dəyişməyən, pozulmayan, əbədi bir ölkə Nirvanadır. Türk buddaçılar rəsmdə portret janrını yaratdılar. Van Qoq deyirdi: “Bu, ilk dəfə türk divar rəsmlərində görünür”.
Kəmalə Anantaşırı adlı müəllifə istinad edilsə də, müəllifi təsdiq edilməyən şeirdən bir bəndə diqqət yetirək:
Anam və atam başda olmaq üzrə bütün canlılar
Hər vaxt törə nemətindən istifadə edərək
Bütün törələrin davamlı olmadığını bilib
Köçərkən Burkan səadətini unutmasınlar.
[A.Kabaklı. türk edebiyyatı. II cild. İstanbul, 1997.s.74-75.]
Burada əbədi dünyaya – Burkana və Nirvanaya inam özünü göstərir.

4) Mani dini
Mani dini yəhudilik, xristianlıq, zərdüştlük və buddizmi birləşdirən bir dindir. Mani miladın 215-ci ilində Babil yaxınlığındakı Ktesifonda soylu bir ailədə doğulmuşdur. 24 yaşında öz fəlsəfəsini açıqlamışdır. Onun ortaya qoyduğu kult o dövrə görə mövcud olan bütün dinləri birləşdirdiyi üçün Hindistandan Ağ dənizə qədər yayılmışdır. Sasanilər dövründə Manilərə “Zandiq” və ya “Zindiq” deyirdilər. Onlar “Avesta”ya deyil, “Avesta”nın təsfiri olan “Zənd” kitabına bağlı toplum idilər. Onlar təfsirləri qəbul etsələr də, əsl mətnlərii rədd edirdilər. İslami dövrdə Məzdəkiləri də “Zindiq” adlandırırdılar. Çox qəribədir ki, hələ də bizim Kiş kəndində rişxəndlə deyilən “Zındıq oğlu Zındıq” ifadəsi işlənməkdədir.
Mani dini VIII əsrdə uyğur dövlətinin milli dini elan edilmişdir. “Mani” “Menqu” şəklində tələffüz olunurdu və cığatay türkcəsində “Tanrı” demək idi. Zərdüştün, Buddanın və İsa Məsihin təlimlərini yazıya aldırmamasını zəiflik hesab edən Mani öz təlimini sadə bir dillə yazıya aldırmışdır.
Hal-hazırda hind zərdüştilərini sarsıdan bu din uyğur əsərləri sayəsində yaşamaqdadır. Mahiyyətindəki sintezləşdirməyə görə Mani dinini digər dinlər mürtədlik hesab etdilər. Dualist və cift tanrılı Manixeizimdə işıq və qaranlıq mücadiləsi əsasdır. Mani dini Tanrı və şeytan mübarizəsi üzərində qurulmuşdur. Manixeizmə görə ruh işığın, bədən qaranlığın timsalıdır. Ona görə işıq qaranlığa qalib gələndə qiyamət qopacaqdır. Manixeizmdə ət, yağ, süd, şərab yasaqdır. Barış, yaxşılıq, hərəkətsizlik təqdir edilir. Mani rahiblər illərcə qımıldanmadan yerində durmağı vacib sayırlar. Bahəddin Ögəl mani dinini tacir və şəhərli dini kimi qiymətləndirir. Mani həm də əfsanəvi bir rəssam kimi də təsvir olunur. Aprınçur Tiğın adlı bir şairin şeirindən bir parçaya diqqət yetirək:

Bizim Tanrımızın iyiliği cövhərdir derlər.
Bizim Tanrımızın iyiliyi cövhərdir derlər.
Cevherden daha üstün benim iyi Tanrım, alpım, kudretlim.
Cevherden daha üstün benim iyi Tanrım, alpım, kudretlim.

Elmas için bilenmeden keskin derlər.
Elmas için bilenmeden keskin derlər.

Elmasdan daha keskin benim bilgilim, biligem, fiilim.
Elmasdan daha keskin benim bilgilim, asîlim, işığım.

Benim Günəş Tanrı işığı kibi gögüslüm, bilgem.
Güzel, asîl Tanrım, şöhretlim, koruyucum.
Güzel, asîl Tanrım, burhanım, bulunmazım.
[A.Kabaklı. türk edebiyyatı. II cild. İstanbul, 1997.s.76-77.]

Hal-hazırda dünyanın özü boyda coğrafiyaya malik olan türklərin əksəriyyəti müsəlman olmaqla bərabər bütün bu dinləri hələ də yaşatmaqdadırlar.
Türk xalqlarının inanclar sistemində atəşpərəstlik, Zərdüştilik, xristianlıq dövrü xüsusi yer tutur, lakin Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı tədqiqatlarda bu barədə geniş məlumatlar olduğu üçün əlavə şərhə ehtiyac duyulmur.

Sonuc
Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, hər hansı bir qövmün düşüncə tərzini müəyyən etmək üçün onun tarixən hansı inanc sistemlərindən keçməsini öyrənmək lazımdır.
Göy dini, şamançılıq, budda, mani və sair dinlərin izləri adət və ənənədə, təbiətə və insana münasibətdə indinin özündə də öz izlərini qoruyub saxlamaqdadır. Bu gün qaqauzlarun xristian, karaimlərin yəhudi, sakaların tanrıçılıq və şamançılıq, uyğurların islam və digər dinlərə tapınmaları onların türk kökü üzərində boy atıb göyərməsinə əngəl törətmir. Çünki türkün coğrafiyası, türk coğrafiyasına xas olan iqlim türkün inanc sistemi kimi rəngarəngdir. Göy dini və şamançılıqdan gələn “gün haqqı”, “Ay haqqı”, “işıq haqqı”, “od haqqı”, “ocaq haqqı” kimi andlar bu gün də dilimizdə işlənməkdədir. Bədii dilimizdəki metafora, epitet, təşbeh silsilələrinin necə qədim təfəkkür tərzindən gəldiyini də artıq aydınca görürük. Bay Ülgenin əlində “Həyat ağacı”nın köklərinə bənzər kökləri olan budaqlı bir toppuz (əsa) tutması əsanın türk düşüncə tərzinə hakimiyyət rəmzi kimi daxil olmasına səbəb olmuşdur. Bir halda ki, Bay Ülgenin 7 oğlu, 9 qızı vardır, səma da, yer də doqquz qatdır, onda nə üçün 7 və 9 rəqəmləri müqəddəs hesab edilməsin? Bir halda ki, ilk ocağı Bay Ülgenin üç qızı yandırmışdır və bu ocağın üstündə qaynayan qazan üç ayaqlı olmuşdur, onda nə üçün türk düşüncəsində 3 müqəddəs rəqəm olmasın? Təsadüfi deyildir ki, Yusif Balasaqunlu 1069-cu ildə qələmə aldığı “Qudatqu bilik” əsərində hakimiyyəti davamlı və etibarlı olsun deyə Gündoğdu Eliyi üçayaqlı taxtda [Јусиф Баласагунлу. Гудатгу билик – Хошбәхтлијә апаран елм.( f.e. d., prof. Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) və Ramiz Əsgərin (hazırda f.e. d., prof. ) tərcüməsində Aзərnəşr. Бakы-1994.s.74.] əyləşdirir. Bir halda ki, Umay ana qanadlı və üç buynuzlu təsvir olunur, onda nə üçün qanad ilahi mənşənin, buynz gücün və qüdrətin rəmzinə çevrilməsin? “Ocaq ruhu”nun qadın şəklində təsəvvür olunması da qadın və qız haqqında silsilə təsəvvürlərin əmələ gəlməsinə səbəb olmuşdur.
Ağ və qara rəngə münasibət də ilkin inanclarımızın məhsuludur. Ağ rəngin xoşbəxtlik çaları türk düşüncəsində indinin özündə də aparıcı çalar olaraq qalır. Elə bilirəm ki, “ağ gün”, ağ at” və bu qəbildən olan digər ifadələrinin semantik izahına xüsusi ehtiyac yoxdur. Bizim bir çox yerlərimizin adlarına əlavə edilən “ağ” sözü (Ağdaş, Ağqaya, Ağbulaq, Ağdam, Ağyazı, Ağcayazı və s.) mifik düşüncə tərzimizdən irəli gəlir, genetik xarakter daşıyır.
Dünyanın sonu ilə bağli şaman nəğmələrindəki motivlərin yəhudi, xristian, müsəlman dini kitablarında bu və ya digər şəkildə ifadə edilməsi türk mifik təsəvvürlərinin bir çox xalqların inanc sisteminə təməl təsirləri ilə bağlıdır. Ədəbiyyatın dil materialı üzərində qurulması, ədəbi düşüncənin inanclar silsiləsində sinkretik xarakter daşıması, hissi-emosional, realist, romantik, fantastik və b. səpkidə olan əsərlərin meydana gəlməsində inanc və tapınaqların müstəsna rolu vardır.
Yenə də BİR SÖZLƏ: Türk xalqları ədəbiyyatı da türkün coğrafiyası, iqlimi, mifik təfəkkür və düşüncə tərzi kimi rəngarəngdir, sirlidir, heyranedicidir, insan ağlını mat qoyacaq qədər ilahidir, heyrətamizdir.

Qaynaqlar:
1. Ağalar Şükürov. Mifologiya. 6-cı kitab. Bakı, “Elm”, 1997.s.24, 25-30
2. A.Kabaklı. türk edebiyyatı. II cild. İstanbul, 1997. s. 68-77.
3. Lev Qumilyov. Qədim türklər. Bakı, Gənclik”, 1993. s. 95-96, 100-104.
4. Murad Adcı. Qıpçaq çölünün yovşanı. Bakı, “Gənclik”, 1997. s. 113.
5. R.Özdək. Türkün qızıl kitabı. I kitab. Bakı, “Yazıçı”, 1992.s.13-17.
6. Q.Namazov. Ceyms Çörçivodun tarixi kəşfləri. Bakı, “Təhsil”NPM, 2011.s.10, 25, 62, 68-70,78.
7. Јусиф Баласагунлу. Гудатгу билик – Хошбәхтлијә апаран елм.( f.e. d., prof. Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) və Ramiz Əsgərin (hazırda f.e. d., prof. ) tərcüməsində Aзərnəşr. Бakы-1994.s.74 -77.
(8. Qeyd: Mövzuya aid İnternet materiallarından da istifadə edilmişdir.)

28 may 2016. Şəki-Kiş kəndi  

***

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.