Ana səhifə BAŞ YAZI İl kasad gələndə düşər qar tala…

İl kasad gələndə düşər qar tala…

Müəllif: Bizim Yazı
1. 088 baxış

 

TƏCNİS
               Sultan Orucoğluna

Dağlar yorğanını çəkər üstünə
Buludlar qar üstə qar qalar indi.
Sinəm od tutanda get bir az gətir
Baxma ki yay gəlib, qar qalar indi.

Gedək üz tutuban baxta, var, gedək,
Hələ ki sonuncu vaxta var, gedək.
Gedək zalım oğlu, baxtavar,  gedək
Qartala baş əymir qarğalar indi.

 

İl kasad gələndə düşər qar tala
Dər gülü vaxtında, qoyma qartala.
Dərd odur, pay düşüb qəfəs qartala,
Zirvələr, qayalar qarğalarındı.

Dənizim quruyub, adam qalmayıb
Dön suya damcıla, ha dam, qalmayıb.
Torpağın üstündə adam qalmayıb,
Torpağın altında gor qalar indi?

Şəmsi, yaş əllidi, mini bəllədim
Çalışıb qəlbimi haqqa bələdim.
Yazıq ürəyimi elə bellədim
Sinəmdə ocağı qar qalar indi.

BU YERDƏ

Axşam olur, dünya səhra kimidir,
Dolaşıram təkbaşına bu yerdə.
Dindirən yox, söylədən yox, atan yox,
Çöl daşını çöl quşuna bu yerdə.

Dərk elədim itirdiyim ömürdü,
Əzab mənim varlığımı sümürdü.
Cavanıydım, onda könül demirdi
Ehtiyac var göz yaşına bu yerdə.

Torpaq soyuq, dəniz ölü, qaya lal,
Məni çəkir neçə yerə gör xəyal.
Ayaq gedir, ürək deyir burda qal,
Dön daşların sirdaşına bu yerdə.

Həsrət özün niyə belə öyür ki,
Yavaş-yavaş qapımızı döyür ki,
Belə yerdə dəli şeytan deyir ki
Bir dünya qur özbaşına bu yerdə.

QƏZƏL

Gül, gül, gülə bilsin gülü gülşəndə görüncə,
Gül açıb güldü könül, öz gülünü səndə görüncə.

Həsrətin naz eləyir, gündə sənin vəslinə ey gül,
Bu qəmin naləsini bir gecə köksündə görüncə.

O qədər naz eləyib, nazlı gülə dönmədəsən,
Utanır ay camalından üzünü Gün də görüncə.

Qəmi ver qəmxarına, mənə də tək səni ver,
Öləcək əğyar o gün, gül, səni ol, məndə görüncə.

Gözünü qəm buludu tutsa sənin nazlı sənəm,
Neyçün gülə bilmir səni bir bəndə görüncə.

Əl atıb göz yaşını silsə əgər Şəmsi Qoca,
Ayılarsan, yaya dönmüş vücudun sən də görüncə.

PIÇILTI…

Ömrümün son nöqtəsin
Verdim sənə hədiyyə.
Səninlə başlanan cümlələrin
Sonuna qoyasan deyə….

Mənə adam demə

Mənə adam demə, adam balası,
Mənim nəyim adam, haram adamdı?
Adamın yatmağa məzarı yoxsa
O adam ha deyil, yarımadamdı.

Bilmirəm bu fikir hardan doğuldu,
Hardan axıb gəldi içimə damdı?
İldə bircə dəfə doğma kəndinə
Gedə bilməyənin nəyi adamdı?

Vətəni qırx yerə parçalanmışın
Adamlar içində nə ölümü var?
Görəsən Allahın kəndir sallayıb,
Bizləri çəkməyə zənbilimi var?

Mən hardan olum ki, adam, ay  zalım?
Olsam öz dərdimə şahid olardım.
Vallah bir balaca adam olsaydım,
Gedib Qarabağda şəhid olardım.

Nə olsun Bakıda evim, işim var,
Doğma el-obaya həsrətəm axı…
Bugünkü nəsilə örnək olmadım,
Gələcək nəsilə töhmətəm axı…

Zəngəzur, Qarabağ, Göyçə əsirdi,
Durub adamlıqdan dəm vururuq biz.
Adam olmadığımız yerdə nə sirdi
Adam nağılları uydururuq biz.

Mənə adam deyib üstümə gülmə,
Yazığın gəlirsə atam balası.
Mən doğma kəndimə gedə bilmirəm
Mənə adam demə, adam balası

MƏNƏ BİR YALAN DANIŞ

Yıxılıb qalmışam, üstümə gəlir
Duman topa-topa, çən qarış, qarış.
Bezmişəm ütülü həqiqətindən
Mənə baldan şirin bir yalan danış

Bir yalan danış ki inanım nolar
İnanım bir anlıq özümdən çıxım.
Dözüm qəfəsində əzabkeşəm mən
Çırpınıb quş kimi dözümdən çıxım.

Elə yalan danış, elə inandır
Bütün həqiqətlər yalana dönsün
Elə yalan danış, sərçə qartala
Qurbağa bir anda ilana dönsün.

Çoxdan bozarıbdı gerçəyin üzü
Zirvələr yalana, düzə düz qalıb.
Mənim inandığım həqiqətimdən
Nə bir ləpir qalıb, nə bir iz qalıb.

Mənə baldan şirin bir yalan danış
Həqiqət açılsa dözə bilmərik
Yalan bal deyilsə, yalan pisdisə,
Bu yalan dünyanı niyə sevirik?

QADIN ÜRƏYİ

Sirdi, müəmmadı, amma di gəl ki
Zərif bənövşədir qadın ürəyi.
Yandırsan alışar, sındırsan sınar,
Bir nazik şüşədir qadın ürəyi.

Qazancı əlçatmaz məhəbbətidir,
İstəyi eşqinə sədaqətidir.
Dünyanın ən böyük həqiqətidir,
Sevincdir, nəşədir, qadın ürəyi.

Şirin arzuların qucaq yeridi,
Atəşli sevginin ocaq yeridi.
Kədərin, həsrətin qaçaq yeridi,
Keçilməz meşədir qadın ürəyi.

Bulaqdı, çağlayar, göldü, göllənər,
Bir sözdən açılan güldü, güllənər.
Ağrısı, acısı gözdə sellənər,
Həyatla qoşadır qadın ürəyi.

Dənizdə dalğadı, zirvədə qardı,
Çəməndə lalədi, baöçada bardı.
Özünü düşünsə təkcə nə vardı?
Bəşəri yaşadır, qadın ürəyi.

***
Məndə inam var ki, başımız üstə
Göyləri görünməz dayaq saxlıyır
Dərk edib düşünən baı bir bədən
Necə ki, bədəni ayaq saxlayır.

Mən elə bilirəm qar qanadlıdı
Onunçün göylərdən dayaqsız gəlir
Bir anda ilana yem olan yazıq
Qurbağa dünyaya ayaqsız gəlir

İçində gizlənib yağışın rəngi
Özünü çiçəkdə güldə göstərir.
Mənə elə gəlir Yer tövşüyünü
Dağlara güc gələn yeldə göstərir.

Vulkan ürəyinin odudu Yerin
Bağrının başından alov püskürür
Şimşək köhlənidir, uca göylərin,
O şahə qalxanda göylər öskürür

Mənə elə gəlir günahkaram mən
Yu məni bir damcı yağışla, Allah!
Guya nələrisə bilənlər kimi
İşinə qarışdım, bağışla, Allah!

You may also like

1 şərh

Sultan Orucoglu 2014-05-24 - 19:25

Sultan Orucoğlu
Yazıqdır
Əyrilik namərdin öz peşəsidir,
Dünya əyiləndə mərdə yazıqdı.
Sahildən sahilə körpü yoxdusa,
Araz da yazıqdı, Kür də yazıqdı.

Dərd varmı qəriblər dərdindən başqa?
Həsrəti dağ boyda, sevinci sısqa.
Torpaq yuvasında nərdi qarışqa,
Yuvadan uzaqda şir də yazıqdı.

Od zəbanə çəkməz, körüklənməsə,
İgid ordu basmaz, ürəklənməsə.
Ayağı torpaqdan dirəklənməsə,
Cavan da yazıqdı, pir də yazıqdı.

.Sultan bu həyatdan ahu-zar getdi,
Pəhlivan gəlmişdi, zəlil, xar getdi.
Yurd getmişdi, bir də oğul, yar getdi,
Bir yazıq olmuşdu, bir də yazıqdı.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.