Ana səhifə YAZILAR “Hörmət”sizliyin cəzası (öykü)

“Hörmət”sizliyin cəzası (öykü)

Müəllif: Bizim Yazı
83 baxış

Aliq NAĞIOĞLU

Satış şöbəsinin rəisi Sədi müəllim iki gündü qara “dördgözü” möhkəm əzmişdi. Allah tərəfi, tabeliyində olan işçilər hərə imkanı daxilində pul qoyub bir növ borclarından çıxmışdılar. Amma toplanan məbləğ maşının təmirinə kifayət etmirdi, hələ baş idarədən iki qonağı da vardı, odur ki, işdə qaşqabağı yer süpürür, şikayətə gələnləri də kobud qarşılayır, sancırdı. Belə baxanda, qohum-qarada da kəramət qalmamışdı. Rəisə ən çox yer eləyəni isə bir varlı qohumunun ondan yan gəzməyi idi. O, anasının yaxını olduğundan kəsilə-kəsilə qalmışdı. Əslində, maşını əzməyini anasından gizli saxlayırdı, çünki “dördgöz”ü kreditə götürəndə ən çox anası narahat olmuşdu:
– Ay bala, neynirdin maşını, dövlət səninçün xüsusi maşın ayırıbdı, bu yandan da camaatın ağzından düşmürsən, qır-qır pis şeydir…
Sədi müəllim varlı qohumunun oğurluq xətdən istifadə etdiyini bilirdi, hələ bir neçə dəfə ona görüm-baxım da eləmişdi. Amma indi, nə etmək olardı…
Odur ki, Sədi müəllim şəhər üzrə aparıcı mühəndisi yanına çağırıb onunla məsləhətləşdi, tədbir istədi. O da cavabında dedi:
– Mən dörd nəfərdən ibarət komissiya götürüb bir şey fikirləşərəm.
Aparıcı mühəndis işçilərlə birlikdə rayon mərkəzində yaraşıqlı evin xəttinə baxış keçirib, akt bağlamaq ərəfəsində Sədi müəllimin qohumu tövşüyə-tövşüyə özünü çatdırdı. Dili topuq çala-çala xahiş etdi ki, akt yazmasınlar, nə lazımdısa edər. Amma aparıcı mühəndis də, işçiləri də cidd-cəhdlə aktı tərtib etməklə məşğuldular. Əlacsız qalanda şirin dilini işə saldı:
– Sizə qurban, mən elə bir adamın qohumuyam ki, onun adını desəm, özünüz geri çəkiləcəksiniz…
Bir an yazıdan ayrılan aparıcı mühəndis irişdi:
– Kimdir, ə-ə-ə, o adam, şəxsən mənə maraqlıdır.
– Mən Sədi müəllimin yaxın qohumuyam,- deyə şəstlə dilləndi.
Aparıcı mühəndisin sifəti bir az da əyildi:
– Sədi kimdir?.. Onun … Enerji mənimdi, mən heç kəsi tanımıram, tanımaq da istəmirəm, – deyə bağırdı.
Sədi müəllimin qohumu yazıq görkəm aldı. Elə bil, eşitdiklərindən gözlərinə qaranlıq çökdü. Dünya başına fırlandı. Ona elə gəldi ki, bu şəxs hər kimsə, vəzifəcə Sədidən çox böyük adamdı ki, hətta işçilərinin içində ona sayqısızlıq göstərir. Ona görə beynində başqa variant fikirləşə-fikirləşə aparıcı mühəndisə yan aldı:
– Sənə qurban, elə olanda mən səninlə də razılığa gələ bilərəm, day bir qələtdir eləmişəm.
– Biz aktı mütləq yazacağıq, siz də mütləq cəriməni ödəyəcəksiniz, oğurluq xətt də mütləq “likvidirovat” olacaq. Görürəm, başa düşən adamsınız, ona görə işi böyüdüb inzibati orqanlara ötürməyəcəyik. Nə qədər demək olar, əl çəkin oğurluqdan, səksəkə ilə yaşamayın, di gəl, yenə öz bildiyinizi eləyirsiz…
Mühəndis Sədi müəllimin qohumunu ayaqdan-başa süzə-süzə danışırdı:
– Sədi müəllimi də çağırmışam, narahat olmayın, bir neçə dəqiqəyə gələsidir. Amma…
Sözünün gerisini gətirmədi. Çünki Sədi müəllimin maşını artıq əlli metr aralıda dayanmışdı. O, maşından düşüb yeyin addımlarla yaxınlaşdı. Ədəb-ərkanla salam verib, qohumu ilə məxsusi görüşdü, hal-əhval tutdu, nə baş verdiyini soruşdu.
Sədi müəllimin qohumu danışa bilmirdi, dili topuq vururdu, gözləri imdad istəyən adamın gözləri kimi pərişan idi. O, nə baş verdiyini aparıcı mühəndisin dilindən eşitmək istəyirmiş kimi soruşdu:
– Hələ sən məni başa sal görüm nə baş verib?
Aparıcı mühəndis farağat dayanıb başladı:
– Cənab rəis, sizə məlumat vermək istəyirəm ki, mən və qrupumuz abonent Əzimovun evinə baxış keçirərkən, sayğacdan kənar oğurluq xətt olduğunu aşkar etdik. Oğurluq xəttin üstündə olan obyektin yükünü çıxaranda məlum oldu ki, o, təkcə bir il ərzində səksən səkkiz min doqquz yüz yetmiş üç tam onda yeddi kilovatsaat elektrik enerjisi israf edib ki, bu¬nun da dəyəri beş min üç yüz otuz səkkiz manat qırx iki qəpik edir. Nəzərə alsaq ki, il ərzində abonent cəmi iki yüz yetmiş manat ödəmə edib, deməli, sayğac göstəricisinə görə onun dörd min beş yüz kilovat enerji istehlak etdiyini göstərir. Bu barədə tərəfimizdən nomirovannıy müvafiq akt tərtib olunmaqdadır…
Sədi müəllim əzabkeş görkəm alıb aparıcı mühəndisin sözünü kəsdi:
– Sən bu heyvərəyə demədin ki, Sədi müəllimin qohumusan?
– Dedim, – qohum yazıq-yazıq cavab verdi.
– Aktı soxarsan gözünə, – aparıcı mühəndisə sərt təpindi,- özü də hamınız rədd olun burdan! – deyə bağırdı.
İşçilər tələm-tələsik köhnə maşına doluşub gözdən itdilər.
Sədi müəllim varlı qohumunun qoluna girib təskinlik verməyə başladı:
– Bizim işdə, qohum, belə hallar çox olur, kefini pozma. Aranızda pul söhbəti olubmu? – deyə sağ əli ilə ürək nahiyəsini ovuşdura-ovuşdura soruşdu.
– Vallah, sözün düzü, aktda yazılanları eşidəndən sonra, hələ də özümə gələ bilməmişəm…
– Bilirsən, nə üçün soruşuram: o, mühəndis çox oğraş adamdır, üstəlik də yuxarıdakı böyüyünə arxayındı. Elə əclafdır ki, yuxarıların əlil ilə də olsa, səni hər zaman ziyana sala bilər. Bir sözlə, çox xatalı adamdır, yaxşı ki, mən vaxtında gəlib çıxmışam, uzaqda olmamışam, yoxsa iş-işdən keçəcəkdi…
– Başına dönüm, hər halda, Sədi müəllim, işin düzəlmə ehtimalı var də, elə deyilmi? – sevincək vəbər aldı.
– Ə-ə-ə, Allah məni vaxtında yetirdi, yoxsa iş-işdən keçəndən sonra neyləyəcəkdik ki?.. Böyük xatadan qurtarmısan, lakin bir məsələ var: gərək yumaq o əclafın ağzını, yoxsa mənim özümə də ilişər…
– Mümkündür, qohum, düzü iki minə gücüm çatar…- yenə yazıq-yazıq əllərini ovuşdurdu.
– Yoox, canınçün, heç razı olaram o qədər ziyana düşəsən, ölməmişəm ki, min beş bəs edər, – eşitdiklərinə inanmırmış kimi ucadan dedi.
– Pul üstümdədir, indi verim, o aktı cırdır, xətti onsuz da kəsdilər, mən də rahatlanım.
– Sən nə cür məsləhət bilirsən, qohum, mən onunla razıyam,- deyə Sədi müəllim əlini onun kürəyinə vurdu, pulu cibinə soxub, cəld kənarda da¬yan¬mış maşına tərəf irəlilədi.

* * *
Sürətlə şütüyən maşın lalların çayçısının qabağında dayandı. Sürücü maşından düşüb gülə-gülə yolun əks üzü¬nə keçməyə tələsdi. Aparıcı mühəndis irişə-irişə onunla görüşüb rəisinin yanında oturdu.
Sədi müəllim aparıcı mühəndis maşına oturana kimi pulların içərisindən iki şax yüzlük ayırıb hazır dayanmışdı, odur ki, birbaşa:
– Cəmi iki yüzlük ala bildim, onsuz da həmişə karımıza gəlib: yarısı mənim, yarısı da sizin beşinizin, – Sədi müəllim hələ də döyükə-döyükə baxan aparıcı mühəndisi tələsdirdi. – Tut görüm, qoyun kimi nə gözünü döyürsən, onsuz da hələ işimiz-gücümüz çoxdur.
Bunu deməyi ilə maşının yerindən tərpənməyi bir oldu. Aparıcı mühəndis isə əlində yüzlük maşının arxasınca baxa-baxa qalmışdı…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.