Ana səhifə YAZILAR hökümsüz bir şairin ağıları, duaları, öfkəsi…

hökümsüz bir şairin ağıları, duaları, öfkəsi…

Müəllif: Bizim Yazı
103 baxış

Dəyanət OSMANLI

Ramiz Rövşən üçün fevral yağmuru

1

Fevral yağmurunda
azadlığı islanmış,
taqətsiz görüncə,
yağışın altında yazıram
bu məktubu.
Şeytanın basqısı,
mələyin qılığı olmadan.
Yağış yuyur,
mürəkkəbi bulaşdırır sözlərə.
O yağışın altında var-gəl edən
azadlığın da haqqı alınıb,
adını su aparıb,
yurd-yuvası əsir düşüb, İlahi.
Amma sən hökümsüz və çarəsiz,
bir şair kimi min dəfə küsüb-barışdığı
ruhunun dalınca kölgə tək düşən
ürək sahibi deyildin.

2

Bu sənsənmi, İlahi,
dünyanın ən qoca sahibi.
Hərdənbir yada düşür
adın və hökmün.
Çarəsiz, hökümsüz
və haqqı itib-batanda şairin.
Mən tanıram,
nə qədər soyuqqanlı,
nə qədər ürəyi yuxasan,
bir döyüşçü və bir şair kimi.
Mən bilirəm,
elə sən də görmüş olarsan,
bir quşun qanadı qırılıb da,
göy üzünə baxıb ürəyi partlayanda
şairin o quş boyda ürəyi necə çırpınıb
ağzından cıxmaq istər.

3

Bu sənsənmi, İlahi,
bir çocuq timsalı –
şeytan aldadar,
mələk anlatmaq istər,
dünya malından doymayan
bəndə də işinə qarışmaq istər.
Və sənsənmi,
hərdənbir əl götürən
dünyanın çiyinlərindən.
Sanki sonuncu dəfə
öz nəbzini tutub,
ah cəkib, köks ötürürsən.
Bir şeytan,
bir mələk
bir insanı aldadıb-aldadıb,
güldürüb-güldürüb öldürüncə.

4

Bu sənsənmi, İlahi,
yaşamaqdan qocalmış,
gizlənməkdən yorulmuş
və hökm etməkdən usanmış…
Ərkəsöyün böyüdüb,
acımadan qocaldıb öldürdüyün şairi
və hər çıxan cana,
hər yıxılan xanimana görə
səni qınayan insanı
rəhmət və cəhənnəmlə hədələdin.

5

Bu sənsənmi, İlahi,
fevral yağmurunda
dünyanın dilsiz-ağızsız,
yurdsuz-yuvasız,
əlsiz-ayaqsız və haqsız insanı.
Və zibil qutusundan bir parça çörək tapıb,
öpüb gözünün üstünə qoyan carəsiz adam.
Bu sənsənmi,
şair kimi üsyankar,
şair Ramiz Rövşən kimi
carəsiz yaşayıb qocalan.
Və günlərin birində
bir qafil söz üstündə
bağrından söz kimi qan sızan şair.

6

Bu sənsənmi, İlahi,
fevral yağmurunda,
sağanaq altında
sözü can əvəzi verdiyin şairə
hüznü, umudu, həyəcanı
qədər qardaşı seçən.
Şair Ramiz Rövşən kimi
sözlə can çəkişirmiş tək,
canıyla öcəşir şairin dili.
Bu sənsənmi, İlahi,
verdiyin dillə əzizlənib,
can əvəzi verdiyin sözlə söyülən.

7

Və bu sənsənmi, İlahi,
fevral yağmuru tək səssiz-səmirsiz…
Fələklə əlləşən
şair Ramiz Rövşən kimi
qocalmadan, ölmədən macal tapıb,
ölümün alın yazısına
bir-iki kəlmə dəli-dolu,
aşiqanə söz artıran.
Və carəsiz, ilacsız qocalan…

8

Bu sənsənmi, İlahi,
şeytanın, mələyin və insanın əlində
çarəsiz, umudsuz, rəhimsiz
Və hökümsüz bir şairin
ağılarını, dualarını, öfkəsini
eşidib yola verməyə
taqəti qalmayan.
Bu sənsənmi, İlahi…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.