Ana səhifə YAZILAR Habil YAŞAR. Gecə yazıları

Habil YAŞAR. Gecə yazıları

Müəllif: Bizim Yazı
107 baxış

YAZMAQ…

Çoxlarının asan düşündüyü, azlarının isə olduqca mürəkkəb proses olduğunu an­la­masıdır yazmaq. Hər kəsə nəsib olmayan, ancaq hamının daxilinin ən gizli nöqtələrinə qədər sirayət edən əbədi bir tələbatdır – yazmaq arzusu. Zamanından, məkanından asılı olmayaraq o səni haqladısa əsirinə çevrilir, onun əlindən heç yana qaça bilməyəcək dərəcədə qüvvətlidir – yazmaq vergisi.
Ən çox həssas olan insanların qəlbində zərrə-zərrə böyüyərək, anidən vulkan kimi partlamaqla özünün mövcudluğunu göstərməkdir yazmaq. …Sən onun əsirinə çev­rildikcə, o da sənə xidmət etməyə hazır olan bir qadın kimidir yazmaq. Yalnız üzdə deyil, onu içdə hiss eləməyi, nazı ilə oynamağı sevəcək qədər ərköyündür yazmaq istedadı. Şıltaqlığına dözə biləcəyin qədər sənə böyüklük gətirməkdə əsla xəsis deyil o. Bəzən bilinməyəcək səbəbdən uzaqlaşıb yan qaça da bilər, günlərlə, aylarla, hətta illərlə də gözləməyə məhkum edər səni və sən gözləyə-gözləyə ondan həmişəlik ayrıldığını dü­şündüyün zamanda anidən döyülər ürəyinin qapısı və sən onu bu qapıdan daxil edəndə bir ömrün yükünü çiyinlərindən atdığını sandığın dərəcədə xoşbəxt olmaq xoşbəxtliyini bəxş edər sənə – yazmaq..! Nəticədə bəzən illərlə düşündüyün mövzunu, aylarla yaza bilməməkdir – yazmaq arzusu… Onun gəlişinin zamanını ondan başqa kim bilə bilər..? Və bəzən hər şey dediklərimin əksinə də çevrilib, səni deyil günbəgün, addımdaaddım izləyə də bilər yazmaq və sən onunla ruhla can kimi yaşayarsan zamanı. Heç nəyin səndən yox, məhz ondan asılı olduğunu, sənin onu gözləməyinlə yox, onun səni yaxalamağıyla bağlı olduğunu unutmamaqdır sadəcə. Və bunu unudanlar sadəcə yazmaq üçün ça­balaya – çabalaya keçirərlər həyatı və sonda nə yazıları əbədiyyətə qovuşdurar onları, nə də onlar yazdıqları ilə öyünə bilərlər. Səni səndən alıb özündə anlamadığın məkanlara götürə bilmirsə düşüncələrin o zaman səhrada su axtarırcasına boşuna zaman xərc­ləməkdir – yazmaq. Torpaq su ilə becərildiyi kimi, yazmaq da istedadla yetişib, duy­maqla yaşanar və o zaman sözünü deməklə hünər göstərməyə qabil olar insan. Nələri yaza bildiyindən asılı olmayaraq, nələri yaza bilmədiklərin düşündürməlidir səni və sən düşüncələrinlə fəth edə bilərsən zamanla yaza bil­mə­diklərini. Zaman hər şeyin açarı, açar isə zamanın dərinliklərində gizlənən sirli bir vasitədir. Bu vasitədən istifadə etməyi bacaranlar nail ola bilər istədiklərinə. Sonda sonu olmayan sonsuzluqda əbədi səadəti axtarıb tapa bilməkdir – yazmaq.
28.10.2011
 23:52:21

Labirint dünyanın Sevgi bucağı…
(Esse)
…Hardadır o bucaq? Milyon illərdir axtara-axtara tapa bilməyirik o bucağı biz. Kor işığa həsrət qalan qədər həsrətik o bucağa. O bucağın varlığı utopik görünür bizə. Bəzən  nağıllarda, bəzən xəyallarda arayırıq, tapa bilmirik ki, bilmirik. Tapa biləcəyimizə də ümidimizi üzürük çox zaman. Nə bilək, bəlkə də bir addım ona yaxınlaşdığımız zamanlar da olub, amma hiss etmədən, duymadan uzaqlaşmışıq o bucağın ətrafından. Bəlkə də qapımızın ağzında saatlarla gözləmiş bizi, biz isə eşitməmişik qapımızın dəfələrlə döyülməsini. O özü bizə öz ayağı ilə gəlmişkən, biz özümüz onu uzaqlaşdırmışıq özümüzdən. Nə bilim, o qədər “bəlkə”lər var, bəlkə də elə bəlkələr unutdurub bizə o bucağa yetişməyin yollarını və ona görə də şübhələr içində itib-batdığımızdan itirmişik özümüzü, o bucağı, o bucağın mövcudluğunu.?! Bax beləcə hər an zərrə-zərrə özümüz də bilmədən yadlaşmışıq ona və o da bizə doğma gözü ilə baxmayır daha. Sahildən uzaqlaşdıqca insan necə dalğalar içində batırsa, bax, biz də eynən məhv oluruq beləcə. Onunla aramızda olan körpü bir ümid işığı düşməyəcək qədər zəiflədikcə yenilgimizin təməli qoyulur əslində. Bu yenilgi başqalarına bənzəməyəcək dərəcədə sarsıdıcı olacaq və insan o zaman anlayacaq yenilgisinin miqaysını və bu miqyas ona öz kiçikliyini göstərəcək. Bir zaman edə biləcəklərimizi  etmədiyimizdən, zamanla edə bilməyəcəklərimiz çıxacaq qarşımıza və bu zaman öz acizliyimizi anlayacağıq dərindən. O zaman qədrini biləcəyik o bucağın, amma o zamanda artıq gec olacaq və əbədi itirəcəyik o ünavnı, daha düşünmək belə yersiz olacaq ona yetişməyin yollarını. Nə qədər hələ tamamilə bağlanmayıb o yollar o bucağı tapmaq üçün daha inadkar, daha mübariz  olmalıyıq. Bu gün, bu gündə yox, elə bu saniyədən etibarən cəhd etməliyik. Bu an heç zaman gec olmayıb, sadəcə bu anın və bütövlükdə hər anın dəyərini bilməklə qovuşa bilərik o bucağa. O bucağın adı Sevgi, sevginin məkanı isə o bucaqdadır. Sevgi günəş kimidir, sadəcə onu görmək üçün qara buludları qovmaq lazımdır gözlərimizin önündən və o zaman günəşlə gözlərimiz arasında məsafənin olmadığının fərqində olacağıq. Həqiqət olan şeyləri xəyal kimi yox, məhz həqiqət olaraq qəbul edə biləcəyimizdə, o zaman həqiqət günəşi parlayacaq ürəyi­mizdə. “HƏQİQƏT SEVGİDİR, SEVGİ HƏQİQƏT!” bu yol o bucağa gedən ən gözəl vasitədir. Bu vasitəni itirməmək öz əlimizdə olduğu kimi, onu itirmək də öz əlimizdə olduğunu unut­mamalıyıq. Ən əsası “qırmızı işıq” yanmamışdan öncə yetişməliyik ona, əks halda qəbul etməyəcək o bucaq bizləri.

20.10.2011
01:15:10  

You may also like

4 şərh

Habil Yaşar 2011-11-18 - 20:45

Allah razı olsun Əkbər müəllim…Minnətdaram…

Cavab
Xanim 2012-01-02 - 02:33

Cox maraqlidi,beyendim.ureynize saglig

Cavab
habil yaşar 2012-01-13 - 22:54

Minnətdaram Xanım müəllimə…

Cavab
aysel 2013-01-27 - 17:15

ugurlar sene bu yolda

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.