Ana səhifə YAZILAR Görüşə gələndə gizli təlaşı…

Görüşə gələndə gizli təlaşı…

Müəllif: Bizim Yazı
885 baxış

Xəyalə SEVİL/Gəncədə doğulub(1985). Azərbaycan Müəllimlər İnistitutunu bitirib. İndiyədək 3 kitabı çıxıb. Prezidentin Təqaüd Fondunun təqaüdçüsüdür/

Saçlarıma ay qonub

Düşdü tanrı əlindən,
Gecə yerə dagıldı.
Saçlarıma ay qonub
Nə bəxtəvər çagımdı.

 

Üzüm qəmi tərgidib,
Sevincimi bərkidib.
Məhhəbbətim kök atıb,
Könlüm lağım-lağımdı.

Birdən üşütdü əynim,
Aşağı düşdü boynum.
Yaman uzandı oynum,
İnanmayın nağıldı.

Nağıl

O vaxtlar nə gözəl vaxtlardı, Allah,
Həsrəti gözümdə sel eyləyərdi.
Bircə təbəssümü, bircə baxışı,
Dərdimi yandırıb kül eyləyərdi.

O vaxtlar nə gözəl vaxtlardı, Allah,
Qəlbi yarpaq kimi əsim-əsimdi.
Görüşə gələndə gizli təlaşı,
Narahat duruşu mənim bəsimdi…

Durub yollarımda boyun bukənim,
Yollar kimi gedənlərə tay oldu.
Mənim sevincimin, onun eşqinin
Ömrü təəssüf ki bircə ay oldu.

Perikmiş, sozalmış, ölmüş arzular
Bu qəbristan gözlərimə yığılmış.
Sonradan bildim ki, vaxtlar o vaxtlar,
Ömrüm boyu deyəcəyim nağılmış.

Daş adamlar

Bağışla, atam, bağışla,
Bağışla, anam, bağışla,
Həyat məni dərdli etdi,
Mən də sizi…
Qırıldı, min qırıq oldu ürəyim
Dərdlərimə sarıq oldu ürəyim,
…görmədilər.
Dağa vurdum, daşa vurdum özümü,
Gözümdəki yaşa vurdum özümü,
Çılikləndim,
yığışdırdım özümü,
Heç qədrimi bilmədilər
adamlar…
Ah! Bu adamlar…
daş adamlar,
Qəlbi bumbuz qış adamlar,
Gülə-gülə yaşadılar,
Ölə-ölə gözlərindən yaş çıxacaq.
Öləndə canlarından,
Ruh yerinə daş çıxacaq.
Atılacaq başlarına
Bir də bir də atılacaq…
Sonra milyon dollarlara,
cəhənnəmə satılacaq.
Üzü bəzək dünyamızın
astarında daş adamlar.
Budur mənim ömür yolum
Kandarında daş adamlar.
Daşlı-daşlı baxışların
Altında əzildim daha,
Yığıldım bir damcı oldum
Hansısa bir günahsızın,
Gözündən süzüldüm daha.
Bağışla, atam, bağışla,
Bağışla, anam, bağışla,
Güldürmədim üzünüzü…

Uşaqsız gəlinlərə

Üzümə vurma, ay uşaq,
Üzüm tökülür yerə.
Toz basmışdı ürəyimin üstünü
Tozum tökülür yerə.
Allah məni elə seçdi,
Gəlinlərin arasında,
Mənim evlad payım gəlməz,
Gələnlərin arasında.
Göydə külək uğuldayır,
Buludlara layla çalır.
Mən yazığın dili çönüb,
Laylanı da vayla çalır.
Üzümə vurma, ay uşaq,
Üzüm tökülür yerə,
Ağlayıram gözlərimdən,
Oğlum,
qızım tökülür yerə…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.