Ana səhifə BAŞ YAZI Dilindən düşməzdi, hanı Məmmədin…

Dilindən düşməzdi, hanı Məmmədin…

Müəllif: Bizim Yazı
1. 506 baxış

Məmməd İSMAYIL

GECİKMİŞ ETİRAF…

“On beş yaşımda oxumağa can atdığımı hiss etdim, otuz yaşımda özümü təsdiqlədim, elə ki qırxa çatdım kəndimi tərəddüdlərdən qurtardım, əllimdə Göylərin hökmünü anladım, altmışımda sözümün təsir dəyərini gördüm, yetmişimdə ürəyimin səsini dinləyib ölçü hissini itirmədim…”

Allah sənə rəhmət eləsin Konfutsiy, sənə bənzəməyə, sənin yolunu getməyə çalışıram deməkdən başqa əlimdən nə gəlir ki?!

Mən çox pis adamam, özüm bilirəm,
Özüm boğuluram öz pisliyim də.
Şeytan bazarına meydandı sinəm
Köhnə bazarkomdu xəsisliyim də…

Vaxtsız etirafım bir yana varmaz
Söylədən zalımdı, söz üzü yola:
Bəlkə mənim kimi kimsə bacarmaz,
Yaxşı görünməyi pis ola-ola…

Nəyin cəzasını çəkir yarasa,
Kor olan gözümü dünya malında?!
Allahın yanında üzün qarasa
Ağartmaz üzünü ağ saqqalın da…

Sonrakı peşmanlıq… köhnə məsəlsə,
Çəkən çəkdiyinə peşiman olar.
Fikrimdәn keçәnlәr dilinә gәlsә
Gündә neçә dәfә ölüm-qan olar…

Bu dünya tordusa, kimdi tor hörən
Ayları, illəri çidar eyləyər.
İnsanın bətnində nə varmış görən
Təmizi aldığını murdar eyləyər…

Çoxdan unutduğum bir söz var: ayıb!
Axırda boşuna çıxdı səyim də;
Bəlkə də sevilən biri olmayıb
Yalandan özünü sevdirməyim də…

Gönü axıtdınsa boşuna yanma,
Qayıdıb gəlməz ki əldən gedən var.
Mən çox pis adamam, çox pisəm, amma
Məni də pisliyə bir öyrədən var.

Tanrıdan, taledən yer yox gileyə,
Sor, özün özündən sora bilirsən:
Bir gün tapdığının qədrini niyə
Bir gün itirəndən sonra bilirsən?

Bir də yaxşılığın qeydinə qalsam,
Köhnə yalanlardan tarı-mar canım.
Pisəm, pisliyimi boynuma alsam,
Bəlkə günahlardan qurtarar canım.

Dəyəri qalmadı ən dəyərlərin
Səxavət umalı pulu olandan.
Yolumu azmışam, nə deyərlərin,
Necə deyərlərin qulu olandan.

Özgəyə danarsan, özünə danma,
Doğrunu görürsə görən gözlərin.
Mən çox pis adamam, çox pisəm, amma
Məndən yaxşıları varsa göstərin.

Söz sözü gətirdi, söhbət uzandı,
Bəlkə pisliklər də çıxdı aradan;
Özümü bilmirəm, adım insandı
Belə yaradıbdı məni yaradan…
20.07.2012, Yesentuki

TANRINI BƏNDƏYƏ DÖNDƏRƏN QADIN

Dağlar dayanmazdı qarşında sənin,
Bəlkə o günlərin yadına düşər:
İlan ölümünə uçar güllənin,
Quzu canavarın ardına düşər…

Məni bir dəfə də çaşıb görəydin,
Yadından çıxaydı bəlkə kinlərin.
Qarlı zirvələri aşıb görəydin,
Dəli sevgisini pinqivinlərin…

Boşuna çalındı ayrılıq marşı!
Gör nələr özünü sınadı səndə;
Kürü tökmək üçün axına qarşı,
Üzən balıqların inadı səndə…

Qürbətə uzandı qürbətdən izi,
İlə qovuşmayan aylara yazıq.
Dağlar arxasında sevgi dənizi,
Dənizə çatmayan çaylara yazıq!

Nə oldu, hayanda yanıldı zəndin
Ayrılıq araya pərdə salanda…
Dərdindən ölürəm deyəndə səndin,
Dərdindən öləni dərdə salan da.

Varanlar, mənzilə varmış, görünür,
Axıra qalanlar qəza-qədərmiş!
Bir atım barıdın varmış görünür,
Sənin də inadın bura qədərmiş.

Dilindən düşməzdi, hanı Məmmədin
Adıyla yanaşı çəkilməz adın.
Bəndəni Tanrıya döndərəmmədin,
Tanrını bəndəyə döndərən qadın.
23.07.2012, Yesentuki

You may also like

2 şərh

Tural IRFAN 2012-07-25 - 17:53

cox gozel sheirlerdi,hami bu cur etiraf etme bacariqina malik olsaydi,poetik de olsa,insan olmaq filosof olmaqdan asan olardi…

Cavab
Şixlinskaya A. 2012-08-01 - 01:12

Əziz Məmməd müəllim! Vəfalı ömür-gün yoldaşınız Əzizə xanımla Essentuki səfəriniz sizin möhtəşəm yaradıcılığınızda yeni səhifələr açır. Allah hər ikinizə can sağlığı və birlikdə xoşbəxt həyat versin! 4 gözəl qızınız da baş tacınız olsun! Gözəl şeirlərdir.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.