Azərbaycan Respublikasının Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın seçilmiş əsərlərindən ibarət kitab qırğız dilinə tərcümə edilərək Qırğızıstanda 500 nüsxə tirajla nəşr olunub.
Kitab ilk dəfə 2025-ci ilin oktyabr ayında Bursada keçirilən “Azərbaycan günləri” çərçivəsində təşkil olunan tədbirlərdə iştirakçılara təqdim edilib.
Nəşr, həmçinin bu ilin may ayında Özbəkistanda keçirilən “Türk Dünyası Şair, Yazıçı və Sənətçilərinin Özbəkistan Görüşü” çərçivəsində, eləcə də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı zamanı TÜRKSOY Beynəlxalq Yazıçılar Birliyinin sədri Ulukbek Yesdauletin, Qırğızıstan Respublikasının Xalq şairi Akbar Rıskulun, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Türkoğlunun və kitabın tərcüməçisi Joldoşbek Monoldorovun iştirakı ilə Özbəkistan Yazıçılar Birliyinə və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, eləcə də Azərbaycan respublikasının Özbəkistan resbublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyevə hədiyyə olunub.
Kitab görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ön sözü ilə Azərbaycanda nəşr edilmiş kitab əsasında qırğız dilinə tərcümə olunub.
Tərcümənin müəllifi Qırğızıstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan və Özbəkistan Yazıçılar birliklərinin fəxri üzvü, “Yanqi ovoz” Mərkəzi Asiya Yazıçıları və Tarixçiləri Birliyinin sədri, Qırğızıstandakı Əmir Teymur Fondunun rəhbəri Joldoşbek Akılbekoviç Monoldorovdur.
Cari il ərzində Azərbaycan Yazıçılar Birliyində tərcüməçinin iştirakı ilə kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulur.
İCTİMAİ
Azərbaycan Texniki Universitetində “Ədəbi irsimiz-ədəbi gəncliyimiz” adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən icra olunan “Ədəbi irsimiz-ədəbi gəncliyimiz” adlı layihə çərçivəsində Azərbaycan Texniki Universitetində görüş keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müxtəlif ədəbi nəsillərə mənsub ədəbiyyat nümayəndələri, Universitetin pedaqoji kollektivi və tələbələr iştirak edib.
Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev tədbir iştirakçılarını salamlayaraq layihənin önəmi və Universitetdə təşkil olunmasının faydası haqqında fikirlərini bölüşüb.
Daha sonra söz Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri, şair-publisist İntiqam Yaşara verilib. O çıxışı zamanı layihə haqqında geniş məlumat verib, layihə çərçivəsində çap olunmuş kitab və kitabda yer alan müəlliflər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
DGTYB başqan müavini şair Ayşən Rəhimin aparıcılığı ilə baş tutan tədbir, günün fəxri qonağı, görkəmli şair-publisist Rüstəm Behrudinin çıxışı ilə davam edib. O ədəbiyyatın cəmiyyətdə vacib yerindən, şeirin önəmindən bəhs edən geniş çıxış edib, tədbir iştirakçıları üçün şeirlərini səsləndirib.
Layihənin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı şair-publisist Əkbər Qoşalı çıxış edərək ədəbiyyat, ədəbi görüşlər, layihə çərçivəsində çap olunmuş kitab haqqında fikirlərini bildirib.
Azərbaycan Texniki Universiteti Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Akif Nağı çıxış edərək layihənin önəmindən bəhs edib.
Görüşün davamında layihə çərçivəsində çap olunmuş kitabda yaradıcılıq nümunələri yer alan şair-publisistlər Yusif Nazim və Ayşən Rəhim layihə haqqında fikirlərini bölüşüb, şeirlərini səsləndiriblər.
Sonra Universitetin tələbələri Canpolad Quliyev və Sevinc Əhmədova təqdim olunan kitabda yer alan şeirlərdən bir neçəsini səsləndiriliblər.
Görüşün sonunda Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən layihədə yer alan müəlliflərə plaketlər və diplomlar təqdim olunaraq kollektiv foto çəkilib.

Özbəkistan Mədəniyyət Nazirliyinin baş mütəxəssisi Şamsiddin Abdurahimovun rəhbərliyilə Mədəni Araşdırmalar və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstutunun 9 nəfərdən ibarət nümayəndə heyəti “Azərbaycanda etno-folklor ekspedisiya” səfəri çərçivəsində Diri Baba türbəsini ziyarət ediblər. Dr.İroda Dadadjanova, Şavkatjon Bobojonov və digər ekspedisiya üzvlərinə türbə-kompleksin rəhbəri, şair-publisist Yusif Nazim Ərəbsoy tərəfindən abidənin memarlıq üslubu, sufizmin xəlvətilik qolu, Diri Baba adlandırılan şeyx haqqında ətraflı məlumat verilib. Söhbət əsnasında Diri Baba türbəsini tikdirən Şirvanşah hökmdarı Şeyx İbrahim Xəlilullah və Özbək hökmdarı Əmir Teymurun Şirvanda qarşılaşmasından, Özbəkistanda mövcud olan Nəqşibəndilik təriqətindən, Azərbaycanın klassik şairlərinin əsərlərindəki təsəvvüf ruhaniyyətindən, ümumilikdə Türk-İslam dünyagörüşündən danışılıb. Görüş qonaqlar tərəfindən maraqla qarşılanıb.

Cəlilabadda yaşayıb-yaradan şair qardaşım Əlirza Həsrətin Naxçıvanda boya-başa çatmış, Qarabağda şəhid olmuş baş leytenant Yusif Vəliyevə ad etdiyi “Təyyarəçi nəğmələri” əsəri çağdaş Azərbaycan poeziyasında həm dastan-poema gələnəyinin davamı, həm də Vətən savaşının mənəvi-estetik salnaməsi kimi diqqəti çəkir. Kitabın poetik yükü yalnız bir qəhrəmanın taleyi ilə sınırlanmır; burada Vətən, sevgi, ayrılıq, şəhadət, milli yaddaş bütöv bir poetik sistem içində təqdim olunur. 
Əlirza Həsrət əsərin başlanğıcında hadisələri konkret tarixi kontekstə bağlayır. Müəllif Şuşanın, Laçının işğalını, keçmiş Sovet imperiyasının çöküş dönəmində yaranmış qarışıqlığı həm siyasi hadisə kimi, həm də milli ruhun sınandığı məqam kimi tanıdır. Proloqda verilən bu fikirlər dastanın ideoloji-fəlsəfi sütununu müəyyənləşdirir. 
Şair qəhrəmanlığı bəlağət içində boğmur. – Əsərin ən önəmli uğurlarından biri budur. Yusif obrazı həm döyüşçüdür, həm sevən insan, həm də kövrək duyğular yiyəsi. Əlirza yazır:
“Gözlərim qərib elçidir,
Göylər ovcumun içidir.
Böyüyüb, təyyarəçidir,
O şıltaq balaca Yusif.”
(s. 9)
Bu misralarda diqqəti çəkən əsas məqam qəhrəmanın mifləşdirilməməsi, eləcə insaniləşdirilməsidir. Yusif öncə “şıltaq balaca uşaq”, sonra isə Vətən göylərinin keşiyində duran igid kimi boy göstərir. Burada folklor poetikasına yaxın bir transformasiya görünür: uşaq – igid – şəhid və bəngülük simvolu.
Əlirza Həsrətin poetik dünyasında Naxçıvan ayrıca bir obrazdır. Şair həmin məkanı bir coğrafi ərazi olmaqdan çıxararaq, mənəvi qala, yaddaş mərkəzi kimi tanıdır:
“Zirvələr göstərir əzmin, vüqarın,
Çöhrəsi nə gözəl gülür dağların.”
(s. 7)
Bu misralar klassik Azərbaycan poeziyasındakı dağ kultunun çağdaş təcəssümü kimi gəldi mənə. Burada Naxçıvan, belə deyək, yalnız fon kimi iştirak etmir; o, qəhrəmanın ruhunu yetişdirən “ocaq”dır.
Əsərin emosional mərkəzində Arzu obrazı dayanır. Şair onu bəzən Nigara, bəzən bir başqa obraza yaxınlaşdırır:
“Arzu Koroğlunun Nigarı kimi,
Elə mərdanəydi, elə mərd idi.
Leyli yaraşıqlı o dəli qıza, –
Məcnuntək vurulmaq ayrı dərd idi.” (s. 17)
Burada klassik Şərq eşq modeli ilə milli qəhrəmanlıq motivi bir-birinə bağlanır. Ümumən, şəhid xanımlarının ağrısı insani olduğu qədər həm də milli ağrıdır.
Poemanın ən təsirli məqamları savaş səhnələrinin lirizmlə verildiyi bölümlərdir. Müəllif güllə, raket, ölüm motivlərini quru hərbi təsvirlərlə çatdırmaqdan uzaqdır; onun poetik ritmi diqqətçəkicidir:
“Mərmi, raket yağa-yağa,
Döşünü verdi qabağa.
Yusif bürünüb bayrağa,
Keçdi hava hücumuna.”
(s. 33)
Burada “bayrağa bürünmək” şəhidlik anlamı daşımaq etibarıyla, qəhrəmanın milli varlığa çevrilməsi aktıdır. Şair şəhid Yusifi bir insan taleyindən çıxarıb simvol səviyyəsinə yüksəldir.
Əsərdə diqqət çəkən digər önəmli cəhət “təyyarə” obrazının işlənməsidir. Təyyarəni burada texniki vasitə olaraq görməyi nə biz Əlirzaya yaraşdırardıq, nə də o, özünə; təyyarə burada – azadlığın, yüksəlişin və ruhun metaforudur. Müəllif yazır:
“Qonmuşam təyyarə qanadlarına,
Çırpına-çırpına oxuyan quşam.”
(s. 48)
Bu misralar artıq realist müstəvidən çıxaraq metafizik qat yaradır. Təyyarə – göy, göy isə azadlıq, şəhid ruhu və Tanrıya yaxınlıq anlamı qazanır.
Əlirza Həsrətin dili xalq şeiri ilə çağdaş poetik düşüncənin arasında uyumlu biçimdə dayanır. Mətn boyu qoşma, gəraylı, dastan ritmi hiss olunur; özəlliklə təkrarlar və nidalar əsərin ritmini canlı saxlayır. Bu üslub oxucuda həm aşıq dastanı təəssüratı yaradır, həm də günümüzün savaş elegiyası hissini oyadır.
Poemanın epiloqu isə ayrıca diqqətə layiqdir. Müəllif Qarabağın qurtuluşunu Yusifin ruhunun qayıdışı kimi təqdim edir. Burada Zəfər hərbi sonuc olmaqla birgə, mənəvi tamamlanmadır. 
Şəhidlik ölüm sayılmır, o, ölümdən üstün hadisə olaraq xalqın yaddaşında davam edən mənəvi həyatdır. – Əsərin əsas poetik qənaəti də, məncə, budur.
Şair bunu açıq şəkildə hiss etdirir:
“Vətənin köksündə dönüb heykələ,
Oldu əbədiyyət nişanı Yusif.” (s. 39)
Bu fikir “Təyyarəçi nəğmələri”nin ideya mərkəzidir. Yusif artıq fərdi taleyin adı olmaqdan daha çox, Azərbaycan ruhunun poetik simvoludur.
Əlirza Həsrətin bu kitabı çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ savaşını dastan poetikası ilə ifadə edən diqqətəlayiq örnəklərdən biridir. Əsər bir tərəfdən xalq yaddaşına söykənir, digər tərəfdən çağdaş milli kimliyin poetik manifestinə çevrilir. “Təyyarəçi nəğmələri”ndə göyüzü yalnız uçuş məkanı kimi götürülmür – oralar şəhid ruhlarının Vətən üzərində dolaşdığı qutsal mənəvi qatdır.
Xalq şairi Məmməd Rahimin igid azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevin qəhrəmanlığına həsr etdiyi ünlü “Leninqrad göylərində” poeması ilə Əlirza Həsrətin “Təyyarəçi nəğmələri” arasında müəyyən poetik yaxınlığı sezməmək mümkün deyil. Hər iki əsərdə göy üzü qəhrəmanlığın, fədakarlığın və mənəvi yüksəlişin simvoludur. Hər iki poemada təyyarəçi obrazı sıradan hərbçi olmaqdan çıxaraq milli ruhun daşıyıcısına çevrilir.
Ancaq bu iki əsəri bir-birindən ayıran çox önəmli tarixi və mənəvi fərqlər vardır.
“Leninqrad göylərində” poemasında azərbaycanlı qəhrəman sovet coğrafiyasının uzaq bir savaş cəbhəsində – Leninqrad səmasında faşizmə qarşı döyüşür. O əsərdə qəhrəmanlıq antifaşist ideologiyası və sovet vətənpərvərliyi kontekstində təqdim olunur. (İndi nə Leninqrad adı qalıb, nə Sovet, nə də onun “həqiqətləri”… Ancaq Hüseynbalaların qəhrəmanlıqları, əlbət, unudulmazdır.)
Əlirza Həsrətin “Təyyarəçi nəğmələri”ndə isə qəhrəman artıq öz doğma torpağı – Qarabağ uğrunda savaşır; onun təyyarəsi yad ölkənin deyil, Şuşanın, Laçının, Ağdamın, Qarabağın göylərində havalanır.
Bax, bu fərq əsərin poetik enerjisini də dəyişir. Məmməd Rahimdə qəhrəmanlıq ideoloji-siyasi anlam daşıyırsa, Əlirza Həsrətdə şəhidlik milli yaddaşın və tarixi ədalətin poetik ifadəsinə çevrilir. Burada savaş yalnız cəbhə hadisəsi kimi işlənməyib; savaş burada həm də torpaq, yurd, ailə, sevgi və kimlik uğrunda mənəvi dirənişdir.
Əgər “Leninqrad göylərində” poeması sovet dönəmi Azərbaycan poeziyasında aviasiya qəhrəmanlığının klassik örnəklərindən biri sayılırdısa, “Təyyarəçi nəğmələri” müstəqil Azərbaycanın Qarabağ yaddaşını yaşadan çağdaş milli dastan örnəyi kimi dəyərləndirilə bilər.
Bu anlamda Yusif Yaqub oğlu Vəliyev (14.02.1968, Nehrəm – 12.05.1992) obrazı Hüseynbala Əliyevin (Hüseyn Balaəli oğlu Əliyev; 25.11.1918, Pirşağı – 18.07.1941) poetik xəttinin davamı təsirini bağışlasa da, onun ağrılı taleyində öz Vətəninin göylərində şəhid olmaq kimi daha doğma bir həqiqət yaşayır…
Yusifin qəhrəmanlığı Azərbaycanın bir çox tanınmış şair və bəstəçilərinin – Əli Vəkil, Vahid Əziz, Sabir Arazlı, Fərqanə Mehdi, şəhidin həyat yoldaşı Arzu Nehrəmli və başqalarının mahnı, şeir və poemalarında öz bədii ifadəsini tapmışdır.
“Təyyarəçi nəğmələri” mənə daha öncə yazılan, bəstələnən və oxunanların ülvi, ümumi poetik şəkli təsiri bağışladı. Kitab haqqında danışarkən belə bir qənaət yaranır: Əlirza Həsrət bu əsərlə – bir qəhrəmanın timsalında – bütöv bir dönəmin ağrısını, sevgisini və qürurunu nəğmələşdirib.
Şair şəhid təyyarəçinin nəğməsini belə tamamlayır:
“…Daha Qarabağda çiçək-çiçəkdir,
Torpağa tökülən hər şəhid qanı.
Bürünsün səsinə azad quşların,
Göy üzü olmasın döyüş meydanı.
Böyük əsərlərin bəzəyi olub,
İgid təyyarəçi Yusifin adı.
Şəhid məzarları üstündə elə,
Hər bayraq çırpınan mələk qanadı.
İlahi, Vətənin üfüqlərindən,
Günəşi ayna tut ilham pərimə.
Səma qol götürsün, bulud oynasın,
Mənim “Təyyarəçi nəğmələri”mə!”
Ümidvaram, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyev,
şəhid Milli Qəhrəmanımız Vaqif Qurbanov, “Azərbaycan Bayrağı” ordenli şəhid mayorlarımız Ürfan Vəlizadə, Təbriz Musazadə, şəhid polkovnik-leytenant Rəşad Atakişiyev və digər şəhid pilotlarımız haqqında da yeni əsərlər yazılacaq.
Şəhidlərə min rəhmət, şairlərə yeni əsərlər, qazilərə bayraq ucalığı dilərim!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Əkbər QOŞALI

11 yaşlı rəssamın rənglər dünyası – CASCFEN-in təşkilatçılığı ilə 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi keçirilib
Mayın 2-də Bakıda Xətai Sənət Mərkəzində keçirilən 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi keçirilib. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) Ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Türkiyə Səfirliyinin Ticarət Başmüaviri Nevzat Bozkurt, Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan, iş adamları, müxtəlif təşkilatların və media qurumlarının təmsilçiləri, o cümlədən uşaq və gənclər iştirak ediblər.
CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, gənc aparıcı Nuray Ədilzadənin təqdimatı ilə başlayan mərasimdə Yağmur haqqında qısa məlumat verilib. Bildirilib ki, valideynləri Türkiyənin məhşur iş adamları olan Yağmur Kamer 2014-cü ildə Bakıda anadan olub. Hazırda Bakıdakı British School-un 6-cı sinifində təhsil alan Yağmur 7-8 yaşlarından rəsm çəkməyə başlayıb.
Sonra sərginin keçirilməsi ideyası barədə danışan CASCFEN sədri Nadir Azəri sərginin 3 may – Türkçülük Günü ərəfəsində keçirildiyini xüsusi vurğulayıb. Nadir Azəri həmçinin Yağmurun gələcəkdə öz əsərləri ilə Türk dünyasına mühüm töhfələr verəcəyinə inandığını ifadə edib.
Açılış çıxışı edən Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan sərginin Türk dünyası gəncləri üçün yeni və perspektivli bir başlanğıc olduğunu vurğulayıb. O, gənc rəssamın gələcəyinə inam ifadə edib.
Mərasimdə çıxış edən Türkiyə Cümhiryyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Nevzat Bozkurt da Yağmurun istedadını yüksək qiymətləndirərək, onun gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib.
Daha sonra çıxış edən Yağmurun valideynləri Tuğba Kamer və Serkan Kamer övladlarının uğurundan qürur duyduqlarını, onun inkişafına hər zaman dəstək verəcəklərini qeyd ediblər.
Anası Tuğba Kamer, “Yağmur bizim rəngli dünyamızdır. Bu gün o, həmin rəngli dünyasını bizə və sizlərə tanıtdı. Bu, bizim üçün çox xüsusi və qürurverici bir gündür” -deyib.
Atası Serkan Kamer isə “İnşallah, Yağmurun rəsmlərini gələcəkdə daha geniş platformalarda, daha gözəl sərgilərdə görməyi arzulayırıq. Onun bu sahədə inkişaf etməsi üçün belə bir tədbirin keçirilməsi çox önəmlidir” -deyib.
Təbrik çıxışı edən Beynəlxalq Qalareyanın rəhbəri Elnurə İsgəndərova sərginin Yağmurun timsalında Türk dünyasının gələcək istedadlarına bir dəstək olduğunu bildirib, Yağmura uğurlar arzu edib.
Yağmurun rəsm müəllimi Lamiyə Yüzbaşova isə şagirdinin uğurunu onun üçün ən böyük sevinc olduğunu deyib.
Sonda Yağmur Kamer çıxış edərək öz dünyasını rənglərlə ifadə etdiyini, bu dünyanı insanlarla bölüşməkdən böyük xoşbəxtlik duyduğunu bildirib: “Rəsm çəkməyə kiçik yaşlarımdan başlamışam, amma hər bir cizgi ilə bir az daha böyümüşəm. Fırçamla təkcə rəngləri deyil, hisslərimi, xəyallarımı və öz dünyamı ifadə edirəm. Mənim dünyam bəzən rəngarəng, bəzən sakitdir, amma hər zaman mənə məxsusdur. Bəzən sözlər kifayət etmir, amma rənglər həmişə danışır. Bu sərgidə gördüyünüz hər rəsm mənim bir parçamdır. Kiçik ola bilərəm, amma içimdə böyük bir dünya var. Bu gün isə həmin dünyanı sizinlə paylaşdığım üçün çox xoşbəxtəm. Təşəkkür edirəm”.
Tədbirin yekununda Nadir Azəri Yağmur Kameryə CASCFEN adından diplom, həmçinin yazıçı Musa Mərcanlının Qarabağdakı quruculuq proseslərindən bəhs edən kitabını hədiyyə olaraq təqdim edib.
Mərasimdən sonra Yağmur Kamerin sərgilənən 20 rəsminə baxış keçirilib.
Sonda xatirə fotosu çəkilib.

Türk dünyasının elmi və mədəni təməl daşlarından biri olan Bakı Türkoloji Qurultayının 100-cü ildönümü İstanbulda keçirilən beynəlxalq simpoziumla qeyd olunub KİAMP – Qarabağ Azərbaycandır Koordinasiya Dərnəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşəbbüsü, Türk Ədəbiyyatı Vəqfinin (TEDEV) ev sahibliyi ilə baş tutan tədbirdə bir əsrlik mirasın gələcəyə daşınması əsas məqsəd kimi diqqət mərkəzində olub.
Ev sahibi olaraq Serhat Kabaklı (TEDEV sədri) – salamlama nitqi ilə tədbiri açıq elan edərək simpoziumun işinə uğurlar diləyib.
Proqramın açılış nitqi ilə çıxış edən KİAMP Türkiyə Respublikası Baş Koordinatoru Dr. Elvin Abdurahmanlı qurultayın Türk dünyasının inteqrasiyasında oynadığı mühüm rolu vurğulayaraq bildirdi:
“1926-cı ildə Bakıda əsası qoyulan ortaq məfkurə bu gün də yolumuzu işıqlandırır. Bu simpozium keçmişin mirasını gələcəyin baxış bucağı ilə birləşdirmək əzmimizin təzahürüdür. Dərnəyimiz nəzdində fəaliyyət göstərən strateji mərkəz və akademik şuralar vasitəsilə Türk dünyasının elmi potensialını qlobal miqyasda təmsil etməkdə qətiyyətliyik. Bu gün burada toplaşan dəyərli heyət, yüzillik Türkologiya yolunun müasir dünyadakı güclü və sarsılmaz səsidir.”
Açılışda çıxış edən DGTYB başqanı şair-publisist İntiqam Yaşar Türk dünyasının gənc yazarlarının bu zəngin irsə sahib çıxmaq iqtidarında olduğunu vurğulayaraq birlik və həmrəylik mesajı verib. Tədbirin moderatoru Dr. Caner Karakuş isə akademik dərinliyin vacibliyini önə çəkərək iclası peşəkar şəkildə idarə edib və simpoziumun türk dünyası üçün önəmini xüsusi qeyd edib.
Tədbir Türk dünyasının birliyini təmsil edən çoxsaylı nüfuzlu şəxsləri bir araya gətirib. Protokol çıxışlarında çıxış edən ziyalılardan E. Vali Həsən Hüseyn Can – Türkologiyanın dövlətlərarası münasibətlərdə birləşdirici rolunu vurğulayıb və bu cür elmi təşəbbüslərin idarəetmə yaddaşı üçün əhəmiyyətini qeyd edib.
Konsul Yerjan Uasis (TÜRKSOY İstanbul nümayəndəsi) – ortaq mədəni dəyərlər ətrafında birliyin strateji zərurət olduğunu bildirib.
Rafet Ulutürk (Bultürk Dərnəyinin sədri) – Balkanlar ilə Türk dünyası arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Hüsamettin Taştemir (Bursa Arena qəzetinin rəhbəri) – medianın mədəni inteqrasiyada rolunu diqqətə çatdırıb.
Hikmət Elp (Azərbaycan Kültür Evinin sədri) – Azərbaycan–Türkiyə qardaşlığının sarsılmaz olduğunu qeyd edib.
Əhməd Tecim (Gəncliyə Yardım Fondunun keçmiş sədri) – gənclərin akademik və mədəni inkişafına dəstəyin vacibliyini vurğulayıb.
Protokol çıxışlarından sonra elmi məruzələr dinlənilib. Araşdırmaçı-yazar Dr. Orhan Aras, Bakı Dövlət Universitetinin doktorantı Mələykə Mirzəli və Mərmərə Universitetinin magistrantı Miray Erentürk Türkologiya sahəsindəki aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.
Simpozium aparıcı tələbələr Elnarə Məmmədrzayeva və İsa Quluzadənin təqdimatı ilə davam edib. Tədbir iştirakçıların suallarının cavablandırılması, simpoziumun çıxışçılarına diplomların təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə uğurla yekunlaşıb.
Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin simpoziumda iştirak üçün Türkiyədə səfərdə olan nümayəndələrinə dəstək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən göstərilib.









Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Poeziya Evində tanınmış şair Elman Tovuzun anadan olmasının 65 illiyinə həsr olunmuş “Vara da şükür de, yoxa da şükür” adlı yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Ə.Kərim adına Poeziya Klubunun müdiri, şair-tərcüməçi İbrahim İlyaslı açaraq şairin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verib və qonaqları salamlayıb.
Yubiley gecəsini Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti, şair Əkbər Qoşalı idarə edib.
Tədbirdə millət vəkili Aydın Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, eləcə də şairlər Mikayıl Bozal, Mübariz Məsumoğlu, Zirəddin Qafarlı, Ehtiram İlham, Mənsur Həsənzadə, Ağacəfər Həsənli, Polad İbrahimoğlu, Gülnarə İsrafil və bədii qiraətçi Əli Niyazbəyli çıxış edərək Elman Tovuzun yaradıcılığı, ədəbiyyatımızdakı mövqeyi və sözə sədaqəti haqqında fikirlərini bölüşüblər.
Yubiley tədbirinə aşıqlar da xüsusi rəng qatıb. Elməddin Məmmədli, gənc aşıq Cahid İlyaslı və Roman Azaflı öz çıxışları ilə gecəyə musiqi ovqatı bəxş ediblər.
Sonda ailə üzvləri adından şairin qardaşı Nəriman çıxış edərək tədbirin təşkilatçılarına, qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” adlı layihə icra olunur. Layihə çərçivəsində müxtəlif ədəbi nəsillərə mənsub ədəbiyyat nümayəndələrinin yaradıcılıq örnəklərinin yer aldığı kitab nəşr olunub. Layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” adlı kitab layihə çərçivəsində təşkili planlaşdırılan görüşlər zamanı oxuculara hədiyyə olunacaq.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb. Kitabın nəşriyyat redaktoru “Liz yayınları”nın rəhbəri Ramazan Seydaoğludur (Karataş). “Nar” kitabı da “Liz yayınları” tərəfindən çap olunub. Kitabın üz qabığındakı rəsm əsərinin müəllifi rəssam Nəvai Metindir.
Elmi və publisistik yaradıcılıqla da məşğul olan Gülnar Səmanın (Qasımlı Gülnar Vaqif qızı) bir neçə dəfə şeir kitabları işıq üzü görüb. Bu sıraya “Mən sehrli səmayam” (2001), “İçimdəki söhbətlər” (2011) və “Gül” (2016) kitabları daxildir.
Müəllifin 40 illik yubileyinə töhfə olaraq nəşr edilən bu kitab əsasən lirik şeirlərdən ibarətdir.
Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Memorandumu Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri Aktotı Raimkulova, Dünya Gənc Türk Yazarlar Birliyi adından isə qurumun sədri İntiqam Yaşar imzalayıblar.
Bu mühüm addım, Türk dünyası arasında mədəni əlaqələrin gücləndirilməsi və gənc yazarların birgə fəaliyyətini inkişaf etdirmək məqsədini daşıyır. Sənəd iki qurumun ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində əməkdaşlıq etməsinə, həmçinin Türk mədəni irsinin qorunmasına və tanıdılmasına dəstək verəcək.
