Ana səhifə BAŞ YAZI Şeirimizin SƏHƏRindən qeyri-səlis “səfər təəssüratı”…

Şeirimizin SƏHƏRindən qeyri-səlis “səfər təəssüratı”…

Müəllif: Bizim Yazı
427 baxış

Tanrının unutduğu söz

…Biz yola çıxanda səhərdi. Günəş Xəzərin üstündən təzəcə çırtlayıb Bakını oyandırmağa başlayırdı. Hələ qaş-qabağını tökməmişdi Bakı, hələ küçələri izdihamsız, adamları gülərüzdü.
Bir neçə şairlə Muğana – Dünya Gənc Türk Yazarlar Birliyinin düzənlədiyi görüşə -Salyan və Cəlilabad ədəbi mühitiylə təmasa yollanırdıq. Əslində adı bir qədər rəsmi səslənən tədbirdən daha çox bir gəziydi bu, bəlkə – paytaxtdan bölgəyə, mürəkkəbdən sadəliyə bir qaçışdı… Çoxdandı görüşmədiyimiz qələm dostlarımızla yol yoldaşı olmaq bəhanəsiydi. Və bütün gözəl görüşlər kimi xoş bir həyəcan qoxuyurdu.
Çox səsli-küylüydük gedərkən, söhbətlərimiz daha duzlu-məzəliydi. Burnumuz daha dikdi, sanki. Özümüzlə gücümüz çatan bir Bakı aparırdıq Muğana.
Geri qayıdanda artıq hava qaralmağa başlamışdı. Günəş son şüalarını yığırdı başımız üstündən. Bir az sonbaharın ilk gününün təsiri vardı üstümüzdə, bir az dinlədiyimiz müxtəlif ruhlu şeirlərin vahid bir havası vardı başımızda, bir az da Muğan təbiətinin sərxoşluğu. Və bütün ayrılıqlar kimi bu ayrılıq da qüssə qoxuyurdu bir az.
Daha susqunduq dönərkən. Özümüzlə gücümüz çatmayan bir Muğan gətirirdik Bakıya. “Burnumuz ovulmuşdu”, sanki. Gözəl bir “dərs vermişdi” bizə Muğan. Baxışlarında özləm qarışıq məhəbbət gəzdirən əyalət adamları. Bəlkə daha fədakar, daha təmənnasız qələm dostlarımız.
…Qədim bir rəvayətə görə Tanrı dünyanı yaradanda bir sözü unudur. Neçə yüzillərdir dünyanın hər tərəfində  müxtəlif adamlar bu sözü axtarmaqla məşğuldu. Başqa-başqa talelərin, zamanın, məkanın ayırdığı bu adamları eyni missiya birləşdirir. – Tanrının unutduğu o sözü tapmaq missiyası. Fərqi yoxdur, o sözü kim harada axtarır, ya bir paytaxt şəhərində, ya bir əyalətdə, ya kiçik bir aulda. Baxış bucağından asılı olmayaraq, həyat hər yerdən  eyni cür görünür.
Qayıdarkən gecənin ortasında cıraqban bir şəhər qarşılayırdı bizi. Muğanın başgicəlləndirən havasından Bakının başgicəlləndirən işıqlarına uyğunlaşdırırdıq özümüzü. Düşünürdüm ki, həyat özü də bir yoldur. Görüşlərdən ayrılıqlara, ümidlərdən qüssələrə gedən bir yol. Və  bizim görəvimiz təkcə bu yolu getmək deyil, həm də onu ifadə etmək, onun rəsmini çizməkdir. Bu rəsm fotoaparatımızdakı şəkillər kimi konkret olmaya da bilər. Amma həmin o dumanlı rəsmlərin hansındansa bir gün  tanrının unutduğu o söz oxunacaq, deyə ümid edirəm…

You may also like

1 şərh

afgan73 2012-10-02 - 17:02

“Gözünün içində xal bitən gözəl”,-Əkbərin bu deyimi yadınızdamı?

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.