Ana səhifə YAZILAR Bir kərə sıxsam gözümü, daş göyərər, çiçək bitər…

Bir kərə sıxsam gözümü, daş göyərər, çiçək bitər…

Müəllif: Bizim Yazı
698 baxış

Namiq HACIHEYDƏRLİ

SƏNİ NECƏ UNUDUM?!

Nə yatmaq var, nə dincəlmək, gözlər açıq sübhə qədər,
Yol bu dərdi daşımaqdı, başqa yol axtarmaq hədər…
…Dağlar qədər səbirliyəm, qoşun-qoşun gəlsin kədər,
Cahana bənzər ürəyim; al günəşim, ağ buludum…
Səni necə unudum?!


Gözlərimiz dolmuş bulud; baxışsaq şimşək çaxacaq,
Birləşərsək, yer üzünə inci-inci Eşq yağacaq…
Yarsan əyər ürəyimdən dipdiri bir sən çıxacaq,
Axı sənsiz yaşamadım, su işmədim bircə udum
Səni necə unudum?!

İçimdə sevgi vulkanı qasırğadan, seldən betər,
Daşıdığım sevgiləri bölsən milyon qəlbə yetər,
Bir kərə sıxsam gözümü, daş göyərər, çiçək bitər,
Eşq adında bir ocağam, min illərlə sönməz odum
Səni necə unudum?!

Taleyimin yollarına, çıxdın sel, qasırğa kimi,
Divarları yarıb keçən, səs adlanan dalğa kimi.
Həkk olundu qəlbə adın sal qayada damğa kimi,
Göz yaşımla içərimdən səndə özgə nə var yudum
Səni necə unudum?!

Gilə-gilə, damla-damla, dörd ünsürə qoşulmuşam,
Yox olaraq varlığında, mən yenidən doğulmuşam,
Bir zamanlar Namiq idim, çoxdan dönüb sən olmuşam…
Daha səndə itmişəm mən, yox varlığım, yoxdur adım,
Səni necə unudum?!
                      28.12.2011

ÜRƏK YANĞISI…

Əli Bəy HÜSEYNZADƏnin ruhuna ehtiramla…

Soyumuzdan yol gələn,
Xırdaca bir qolmuşuq.
Biz atadan balaya,
Uzanan bir yolmuşuq.

Yaralar qaysaq oldu,
Köhlənlər axsaq oldu.
Danışmaq yasaq oldu,
Dil-ağızlı lalmışıq.

Gülməliykən gülmürük,
Ölməliykən ölmürük,
Haray sala bilmirik,
Ağıza su almışıq.

Üsyan yerinə susduq,
Dinən başları basdıq.
Tində, kölgədə pusduq;
Guya haqqı bulmuşuq…

Hər gələnə dənik biz,
İblislərə yenik biz.
Sandıq ki, yetkinik biz;
Gör necə də kalmışıq.

Dilimiz var lalıq biz,
Yeyən üçün yalıq biz,
Yüz illərdi kalıq biz,
Hələ də kal qalmışıq.

Min il zəhər soruduq,
Yarpaq-yarpaq quruduq.
Qatırları qoruduq,
Ayaq altda nalmışıq.

Yasaq meyvəni dərdik,
Könlü ruhsuza verdik…
…Ürək yarıldı gördük,
Mədəmizə qulmuşuq.
16.12.2011

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.