Ana səhifə BAŞ YAZI ATA SÖZÜ NAMİNƏ (öykü)

ATA SÖZÜ NAMİNƏ (öykü)

Müəllif: Bizim Yazı
509 baxış

P.RoseggerPeter ROZEQQER (Peter Rosegger (31.07.1843, Alpl – 26.06.1918, Kriqlax); ünlü Avstriya yazıçısı və şairidir. (1913-cü ldə Ədəbiyyat üzrə Nobel ödülünə əsas namizəd olsa da, ödülü həmin il Rabindranat Taqor qazanıb.)
Bir cox roman, öykü və seirlərin müəllifidir.)

Desək ki, mən pis tərbiyə almışam, bu düzgün çıxmazdı, yox, əslində, mən heç tərbiyə görməmişəm, desək daha doğru olar. Mən ağıllı, dürüst, sözəbaxan bir uşaq olanda valideynlərim məni tərifləyirdi. Bunun əksi baş verdikdə isə məni möhkəm tənbeh edirdilər. Tərif məni ruhlandırırdı, bu zaman məndə elə hiss yaranırdı ki, mən böyüyürəm. Mənə elə gəlirdi ki, bütün uşaqlar, bitkilər kimi Günəş şüasından boy atır…

Atamınsa fikri belə idi ki, mən yalnız uzununa deyil, eninə də böyüməliyəm, bu işdə ciddiliik və intizam lazımdır.
Mənim anamda sevgi adlanan heç nə yox idi.
Atam elə tip insanlardan idi ki, sevgisini və şəfqətini göstərə bilmirdi. Nə qədər qılıqlı olsa da, iş və qayğı ilə yüklənmiş bu insan sakit və ciddi biri idi.
Onun zəngin yumorunu görmək mənə çox sonralar, onun mənim anlamaq üçün yetişdiyimə əmin olmasından sonra, nəsib oldu. – Nə qədər ki, mən kiçik idim, atam mənə o qədər də baş qoşmurdu, yalnız hansısa dəcəllikdən sonra öz tərs üzünü göstərirdi. Adətən onun ciddiliyi və mənim cəzam o idi ki, mənim qarşımda yüksək və qəzəbli səslə səhvlərimi sadalayırdı, bundan da cəzamın nə olacağı bilinirdi.
Atamın belə qəzəbli vaxtlarında mən onun qarşısında əllərimi qıçıma sıxıb, daş kimi dayanar, tərpənmədən üzünə baxar, iradlarını dinləyərdim. Daxilən günahlarım üçün dərin peşmanlıq hissi keçirərdim… ancaq belə tənbehlənmə anının başqa bir duyğusunu da xatırlayıram: bu zaman bədənimi qəribə bir titrəyiş bürüyürdü, həzz, ləzzət… – elə bil ki, məni ildırım vururdu. Gözüm yaşarırdı, yaş yanaqlarımdan süzülürdü, ancaq mən dirək kimi dayanır, gözlərimi atama zilləyir, anlaşılmaz bir yüngüllük hiss edirdim. Elə bilirdim ki, atam nə qədər çox bağırırsa, bir o qədər də boyum uzanır…
Həftələr ötür, mən heç bir dəcəllik etmirdim. Atam da mənimlə qılıqlı davranırdı. Məndə isə onu yenidən qəzəbləndirmək üçün bir qıcıq oyanır, enerji yetişirdi. Əslində bu onu hirsləndirmək üçün deyildi, çünki mən onu çox sevirəm. Bu hərəkətim pislikdən yaranmırdı, heç özüm də bilmirdim ki , niyə belə edirdim.
Milad axşamı idi. Yayda atam Maria Zelldən üstündə qurğuşundan tökmə İsa Məsih və işgəncə alətləri asılan qara xaç qarmaq almışdı. Bu tutiyə Milad axşamınadək atamın sandıqçasında saxlanırdı. Həmin axşam atam onu gətirib ailə mehrabının üstünə qoydu. Valideynlərim və həyətdəki xidmətçilərin başı mətbəxdə bayram hazırlıqlarına qarışdığı zaman mən fürsətdən yararlanıb, qol-qıçımı sındırmaq təhlükəsinə baxmayaraq, xaçı divardan çıxarıb, sobanın küncünə cəkildim və üstündəkiləri bir-bir qoparmağa başladım. Məni qəribə bir sevinc hissi bürümüşdü. Cib bıçağımla önccə zənciri, qandalı, çəkici, sonra Pyotrun xoruzunu və nəhayət, sevimli İsa Məsihi də xaçdan qopartdım. Xaçın hissələri mənə öncəki bütöv şəklindən daha maraqlı gəldi… amma onları yenidən birləşdirmək istəyəndə heç nə alınmadı. Sinəmdə bir istilik yarandı. Elə bildim ki, kimsə boğa¬zımdan tutub məni boğur. Bəlkə elə- belə də qalsın? – deyə düşündüm. Öz-özümə dedim ki, qara xaç belə daha yaxşı görünür. Hohenvanger Kapellasında da belə iri qara xaç var, üstündə də heç nə yoxdur, hamı da ora dua etməyə gedir. Bir də ki, Milad bayramında çarmıxa çəkilmiş İsa kimə lazımdır? Keşişin dedyinə görə o indi beşikdə uyumalıdır. Mən elə belə də edəcəm…
Mən qurğuşunlanmış İsa Məsihin ayaqlarını əyib, əllərini sinəsinə sıxıb, anamın tikiş səbətində “yatırtdım”. Sonra bu beşiyi ailə mehrabına qoydum. Xaçı isə valideynlərimin çarpayısının saman dolu döşəyində gizlətdim… ancaq heç ağlıma gəlmədi ki, “qutu-beşik” xaçın götürüldüyünü bəlli edəcək…
İşin üstü tezliklə açıldı. Hamıdan öncə anamın gözü qarmaşıq şəkildə müqəddəslərin yanında peyda olmuş tikiş səbətinə sataşdı.
“Xaç qarmağı orda kimə mane olurmuş?” – deyə atam da həmin an soruşdu.
Mən qıraqda dayanmışdım. Məndə susamış birinin indicə tünd qətran çaxırına qonaq olacağı yanğısı var idi. Həm də qorxudan gözə görünməməyə çalışırdım. Atam mənə tərəf döndü, bir qədər yumşaq şəkildə soruşdu ki, bəlkə xaçın harada olduğunu bilirəm. Bu zaman mən onun qarşısında şam kimi dimdik durub, baxışlarımı üzünə zilləmişdim. O sualını təkrarladı. Mən əlimlə çarpayının saman döşəyini göstərdim. Gözümdən yaş axırdı, ancaq əminəm ki, o vaxt heç dodağımı da titrət¬məmişəm.
Atam eşələyib, gizlətdiklərimi tapdı. Qəzəblənmədi, ancaq müqəddəslərin başına açılan oyundan bir balaca təəccübləndi. Mənim qətran çaxırına olan yanğım şiddətlənirdi. Atam başsız qarmağı ma-sanın üstünə qoydu: “Hə, indi aydın görürəm ki, bu uşaq, nəhayət, qazandığı cəzanı almalıdır. Əgər günlərin birində müqəddəsimiz İsa…” sözlərini özünəməxsus təmkinlə deyib, “Otaqda qal!”deyə üstümə çımxırdı, asılqandan papağını götürüb, qapıdan çıxdı.
“Qaç, atanın dalınca, bağışlanmağını istə!” – anam mənə dedi və əlavə etdi: “O armud çubuğu kəsməyə gedir.”
Məni elə bil döşəməyə mıxlamışdılar. Məni nə gözlədiyini dəhşətlə təsəvvür etsəm də, özümü qorumaq üçün bir addım da atmaq iqtidarında deyildim.
Anam işlərinin dalınca getdi.
Getdikcə axşam qaranlığı çökən otaqda, qarşımda stolun üstünə xaç qarmağı ilə mən tək dur-muşdum. Hər tıqqıltıdan diksinirdim. Orda, divarboyu döşəməyədək olan qədim saat qutusu beş dəfə çaldı. Nəhayət mən çöldən qarı xırçıldadan ayaq səslərini eşitdim. Bu atam idi. O əlində armud çubuğu ilə içəri girəndə mənim otaqda izim-tozum da qalmamışdı.
Atam mətbəxə keçdi, qəzəblə mənim harda olduğumu soruşdu. Evdə məni axtarmağa başladılar. Otaqda çarpayı, künc-bucaq, taxça ələk-vələk edildi, yan otaqda, yuxarıda ora-bura qaçışanların ayaq səslərini eşidirdim. Birinə əmr olunurdu ki, tövləni, axırı, samanlığı yoxlasın, o birini meşəyə yolladılar ki, uşaq tapılıb atasının qarşısında cavab verməlidir ki, bu Milad axşamını ömrü boyu unutmasın… Ancaq hamı əliboş dönürdü. İki nökəri qonşu malikanəyə yolladılar. Anam dedi ki, mən qonşulara getmək üçün tarladan və meşənin içindən keçməliyəm, donaram, mənimsə papağım və gödəkçəm otaqda qalmışdı. – “Bu uşaqlar da başa bəladırlar!”
Hamı dağılışdı, ev boşaldı, otağın qaranlığında ancaq pəncərənin boz qıraqlarını sezmək olurdu. Mən saat qutusunun icindən hər şeyi görürdüm. Saatın kiçik qapısından içəri soxulub, ayaq ustə da-yanmışdım.
Mən burda qorxudan nələr çəkdim!? Bunun sonunun heç də yaxşı olmayacağını öncədən bilirdim. Həyəcanım da saatbasaat artırdı, getdikcə də daha qorxulu olacağı aydın idi. Məni başdan bəri ələ verən tikiş səbətinə, xaça həvəsim öldü. Yelbeyinliyimdən bezməksə heç ağlıma gəlmədi. Saatlar ötürdü, mənsə öz “tabut”umun içində ayaqüstə qalmışdım. Saatın dəmir əqrəbi kəlləmi deşir, məni bir az aşağı çökməyə məcbur edirdi. Saatda vaxt dayanarsa, duyuq düşüb, məni tapa bilərdilər.
Axır kı, valideynlərim otağa qayıtdılar, işığı yandırıb, mənim üstümdə dalaşmağa başladılar.
“Bilmirəm daha harda axtarım?!” – deyən atam sarsılmış halda stula çökdü.
“Birdən meşəyə getmiş olar ya da qarın altında qalar.!?” – anam qışqırdı, ağlamaq səsi gəldi.
“Sakit ol!” – atam dedi. – “Heç nə eşitmək istəmirəm”.
“Eşitmək istəmirsən..? – öz sərtliyinlə onu sən qaçırtdın.”
“Bu budaqla mən onun ayaqlarını qırmayacaqdım ki.” – deyərək atam armud çubuğunu masanın üstünə tulladı. – “Amma indi onu tapsam çəpər taxtasını belində qıracam”.
“Elə də, elə. Bundan sonra onsuz da onu daha heç nə ağrıtmaz” – anam belə dedi və yenə ağladı. “Elə bilirsən bu uşaqlar ancaq qəzəb püskürtmək üçündür? Belədirsə, Tanrı bilir niyə onları vaxtından qabaq öz yanına aparır! Nə etmiş olsalar belə, uşaqları sevmək lazımdır.”
Bunun cavabında – “Kim deyir ki, mən oğlumu sevmirəm? Ürəyimdə sevirəm. Tanrı bilir bunu. Ancaq bunu ona deməyi xoşlamıram. Xoşlamıram, bacarmıram da. Mən onu cəzalandırmalı olanda ondan çox öz canım ağrayır. Bilirəm də.”
“Gedim bir az da axtarım!” – anam dedi.
“Mən də burda qalmaq istəmirəm!” – atam dedi.
Anam “Bir-iki qaşıq isti şorba iç! Şam yeməyinin vaxtıdır” deyə dilləndi.
Atam isə cavabında, “İndi ürəyim heç nə istəmir! Əlacım hər yerdən kəsilib” dedi və stola dirsəklənib sakitcə dua etməyə başladı.
Anam məni axtarmağa gedənlərə isti paltarlarımı vermək üçün mətbəxə keçdi. – Birdən kimsə məni donmuş halda tapa bilər…
Otağa yenə sakitlik çökdü. Öz saat qutumda utanc və təəssüf hissindən ürəyim parçalanırdı. Birdən dua edən atam titrəyib, hönkürməyə başladı. Başı qollarının üstünə düşdü və bütün bədəni ilə coşdu.
Məndən bir fəryad qopdu. Bir neçə saniyədən sonra anam və atam məni öz “yuvam”dan çıxardılar və mən atamın ayaqlarına döşənib, zarıyaraq dizlərinə sarıldım.
“Atacan, atacan!!!” – yalnız bu sözləri deyə bilirdim. Atam məni qaldırıb, sinəsinə sıxdı. Mənim saçlarım onun göz yaşlarından nəmlənmişdi.
Həmin anda hər şeyi anladım.
Anladım ki, belə atanı hirsləndirmək, incitmək nə qədər alçaq hərəkət imiş… amma bir şeyi də anladım ki, bütün bu hoqqaları nə üçün edirmişəm. Bu, atamla üz-üzə durmaq, onun gözlərinə baxa bilmək, mənimlə danışan səsini duymaq həsrətindən irəli gəlirmiş. Başqaları kimi qayğılarla yüklənmiş atam, mənimlə ciddi davranmağa məcbur olmasaydı belə, mən heç olmasa qəzəbli gözlərini görmək, acı sözlərini eşitmək istəyirdim. Bu mənə güc verirdi, məni atama yaxınlaşdırırdı. Bu atamın sözü idi, atamın gözləri idi..! O müqəddəs Milad gecəsi bir daha acı söz duyulmadı. Həmin gündən etibarən hər şey dəyişdi. Atam məni çox istəyirdi, məni özü ilə oyuna, işə, istirahətə aparırdı. Onun doğma üzünü görmək, haqlı sözlərini eşitmək üçün mənim dəcəllik etməyimə daha ehtiyac qalmamışdı.
Alman dilindən DGTYB Məsləhət Şurasının üzvü, filoloq Talehə ƏLİ(YEVA) çevirb. 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.