Özbəkistanın tanınmış şairəsinin yubileyi qeyd olundu

Özbəkistanın tanınmış yazarı,  “Kitab dünyası” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş virtual konfrans keçirilib.
Virtual tədbirin təşkilatçıları Dünya Gənc Türk Yazarlar Birliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İR, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi  və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-dir.
Azərbaycan sevdalısı tanınmış şairə ilə görüşün baş tutmasında  həmçinin media qurumları və mədəni-ictimai profilli təşkilatlar da dəstək nümayiş etdiriblər. Onların arasında Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, Yeni Müsavat Media Qrupu, “525-ci qəzet”,  “Zirvə Tədris Mərkəzi” və Gənc Şairlər Birliyini göstərmək olar.     Özbəkistan mədəni-ictimai həyatının əsas simalarından  olan Xasiyət Rüstəmin 50 illik yubileyi ilə bağlı virtual konfransı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva giriş sözü ilə açıq elan edib.
Qənirə xanım Xasiyət Rüstəm yaradıcılığının türk dünyası, Turan coğrafiyası üçün xüsusi önəm kəsb etdiyini qeyd etməklə yanaşı,  onun Azərbaycana ürəkdən bağlılığına da toxunub. Xasiyyət Rüstəmin Azərbaycanın haqq davasında daim yanında olduğunu, bunu rəhbəri olduğu mətbu orqanda, qələmə aldığı əsərlərdə, çıxış etdiyi bütün yerli və beynəlxalq platformalarda nümayiş etdirdiyini vurğulayıb.       Gənc yazar, Dünya Gənc Türk Yazarları Birliyinin başqanı İntiqam Yaşarın moderatorluğu ilə keçirilən virtual görüşün əsas leymotivini də özbək şairənin Azərbaycana olan tükənməz sevdası və bu bağlılığın onun ictimai-ədəbi yaradıcılığına yansıtması olub.
Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyar haqqında xoş söz deməklə yanaşı, Xasiyət xanımın böyük arzularından birinə – Şuşaya səfər istəyindən də söz açıb və şairənin bu xəyalının tezliklə gerçəkləşməsini diləyib. Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Xasiyət xanımın bəzi bilinməyən müsbət tərəflərini də sadalayıb. Mərkəz rəhbəri bizi Qarabağa qovuşduran Vətən Müharibəsi dönəmində Xasiyət xanımın Azərbaycana nə dərəcədə bağlı olduğundan ürəkdolusu söz açıb. Yubilyarın 44 günlük Vətən müharibəsi dövründə Nobel mükafatçılarını təşviq edərək Azərbaycan mənafeyi üçün məktublar yazdırması hadisəsindən məmnunluqla bəhs edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid Xasiyyət Rüstəmi tezliklə  Şuşada keçiriləcək Vaqif Poeziya Günlərində görmək istədiyini vurğulayıb.
Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı  Əkbər Qoşalı şairin Azərbaycanın sevincli və kədərli günlərində daim yanında olduğunu, bütün varlığı ilə ölkəmizə sevgisini nümayiş etdirdiyini vurğulayıb.
Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, Yeni çap olunmuş kitabından şeirlər səsləndirib.
Daha sonra şair-tərcüməçi Rəsmiyyə Sabir,  Regional Hüquqi və maarifləndirmə İB-nin sədri Arzu Bağırova, şair Elşən Əzim, Təbrizli şair Çalğın Məhəmməd, gənc yazar-tərcüməçi Şahistə Kamranlı və qardaş türk dövlətlərindən dəvət olunan qonaqların yubilyar haqqında xoş sözləri dinlənilib.

Elmin Nuri
(Dünya Gənc Türk Yazarlar Birliyinin mətbuat xidmətinin rəhbəri)

 

 

 

Oxunma sayı: 518

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.