Ana səhifə BAŞ YAZI FƏXRİ MÜSLÜM – 65!

FƏXRİ MÜSLÜM – 65!

Müəllif: Bizim Yazı
1. 150 baxış

Bugün şair Fəxri MÜSLÜMün anadan olmasının 65-ci ildönümüdür.

Şairi qutlayır, can sağlığı, ədəbi və elmi yaradıcılığında yeni uğurlar diləyir,

onun bu il yazdığı şeirlərdən örnəkləri BizimYAZI oxucusuna sunuruq:

 

Məni çəkdi

Daldığım ruha bax, – yaşıl bir ağac,
Neçə açılmamış sirr məni çəkdi.
Alnımda keçmişin qırışı çarpaz,
Göylər məni çəkdi, yer məni çəkdi.

İllərə boy verib boyum boy oldu,
Belədən beləyə oyum oy oldu,
Doğdu, bədirləndi Ayım Ay oldu,
Ucqar məni çəkdi, dör məni çəkdi.

Kədərə, sevincə kəsə can atdım
Ulu qaynaqlara, səsə can atdım,
Nədənsə tərs gəldi, nəsə, can atdım,
Zülüm məni çəkdi, zor məni çəkdi.

Silahın namərdi, mərdi bilinməz,
Tanrı bəndəsinin dərdi bilinməz,
Nə var dolaşıqdı, şərdi, bilinməz,
Xəta məni çəkdi, xar məni çəkdi.

Yenə buludlanıb səma da, yer də,
Yağışı, yağmuru qar, girdə-girdə,
Cana bax pəjmürdə, ruhum pəjmürdə,
Həsrət məni çəkdi, sar məni çəkdi.
13.01.2013

Yaşadım

Mən giley-güzarı boğdum yaşadım,
Ağrımı, acımı yığdım yaşadım,
Hirsimi, sovumu sıxdım, yaşadım,
Qəmim də dönübdü göləmi görən?

Xəyal sarmaşıq tək çəkib apardı,
Məni məndən edib biçib apardı,
Ruh idi canımdan köçüb, apardı,
Dönübdü ocağa, küləmi görən?

Gözümü payızın sarısı tutdu,
Gülə bax, solmuşu, yarası tutdu,
Güllə qaraltmışı, qarası tutdu,
Gəldimmi hər gözə, diləmi görən?

Zaman da vədəyə, vaxta biçimli,
Taleyə biçimli, baxta biçimli,
Ömür var, olmuş da, yox da biçimli,
Ölçüsü-mizanı beləmi görən?

Fəxriyəm, hər nə var oyuna düşdü,
Ömür kök altında sayına düşdü,
Eşqə bax, dan üzün payına düşdü,
Aldandı çiçəyə, güləmi görən?
11.01.2013

Bilmirəm

Bu ah da, nalə də, dərd də üzüstə,
Yıxşıra bilmirəm, yığa bilmirəm.
Əllərim tutulub şeir yazmağa,
Mən özüm özümə sığa bilmirəm.

Dan üzü çağırır, şehi çağırır,
Doğudan Batıya mehi çağırır,
Canımım yurd olmuş heyi çağırır,
İşə bax, vuruşmaq, qovğa bilmirəm.

Zaman güzgü kimi hər nöqtə bəlli,
Yorub-yormalayan hər diqtə bəlli,
Səmanın meh üstə nitqi də bəlli,
Hikkəyə, hirsə bax, boğa bilmirəm.

Tarix yaradanlar qıraqda qalıb,
Elə müzeyləşib yaraqda qalıb,
Naib də, nökər də ayaqda qalıb,
Bəy olmaq istəyir, ağa, bilmirəm.

Bu dünya köpəyə, itə qalıbdı,
Yalan inanclara, bütə qalıbdı,
Soxulur hər yerə ütə qalıbdı,
Can alanmı deyim, dığa, bilmirəm.
13.01.2013

Görünür

Yenə cilovlandım izə, cığıra,
Nə ucqar görünür, nə yön görünür.
İmansız dayanıb dünya çağında,
Nə Tanrı görünür, nə din görünür.

Şeytan çiçəklərə, gülə yeriyib,
Gizlin qasırğaya, selə yeriyib,
Əkinə, biçinə elə yeriyib,
Dini-bərəkəti, nə dən görünür.

Od-ocaq şəklənib, tüstü şəklənib,
Canda da hənirti, isti şəklənib,
Bu yerin alt qatı, üstü şəklənib,
Aya, ulduza bax, gendən görünür.

Qurdu nağıl döyür, neçə mif döyür,
Qalıbdı çaqqala elə çək- çöyür,
Yığıb çərdəyinə kim gəldi, deyir,
Ağıl da başında dən-dən görünür.

İşə bax, saqqala, bığa dirənib,
Kamana dirənib, oxa dirənib
Deyəsən kəfənə, ağa dirənib,.
Cana bax, təzə-tər, nədən, görünür?
14.01.2013

Buluda bax

Buluda bax, qəsdə durub eləbil,
Altında nələrdi, üstdə nələrdi.
Görünməz oyunlar qurub eləbil,
Çənində nələrdi, sisdə nələrdi.

Köç edir, görünmür ucu, bucağı,
Hansı xoş ovqata köklənib gedir.
Duman alaçığı, çən alaçığı
Bu dağa, dərəyə yüklənib gedir.

Açılmır nə gədik, nə daş, nə qaya,
Üzündə, gözündə şər gilələnib.
Tutub sinəmizi kamana, yaya,
Bozarmış, göyərmiş tər gilələnib.

Durnası yol azıb pərən düşübdür,
Quzğunu dolaşır, qarğa dolaşır.
Qara, borana bax, erkən düşübdür,
Qasırğa dolaşır, qovğa dolaşır.

Qalmır əməlindən doluya tutub,
Gecəsi, gündüzü şəri yaşadır,
Üzünü Toqata, Boluya tutub,
Acığa, kinə bax, diri yaşadır.

Buluda bax, qəsdə durub eləbil,
Altında nələrdi, üstdə nələrdi.
Görünməz oyunlar qurub eləbil,
Çənində nələrdi, sisdə nələrdi.
15.01.2013

Qaranlıqlar altında

Qaranlıqlar altında
Yovşan ətrinə tutulmuş,
Hələ qaranlıqda çaları gözümü almayan
Ayağımın altında tir düşmüş bir səhranın
Tən ortasındayam.
Qulaqlarım səslər alır çatıq-çatıq, qırıq-qırıq
Zindan səsi, çəkic səsi, körük səsi,
İçimdə qalalanmış, örgülənmiş örgü-örük səsi.
Bir səhranın tən ortasındayam
Qulaqlarımda karvanların qovhaqov səsi,
Zəncir səsi, zınqrov səsi, cınq səsi,
Kəhər atların tövşüməsi, nəfəsi, dəli-dolu kişnərtisi,
Çəkisinə dirəndiymiz yüyənlərin cingiltisi,
Hələ şehi tökülməmiş,
Təkəmseyrək çöl otlarının üstubca, mehə tutulmuş hənirtisi.
Qaranlıqlar altında yovşan ətrinə tutulmuş
Bir səhranın tən ortasındayam
Doğusu, batısı bəlli.
Zaman-zaman piyadası, atlısı bəlli.
Metesi, Bilgəsi, Əmir Teymur, xan Batısı bəlli.
Yolum uzanıb gedir,
İşə bax, canımın havası alınıb
Qollarımı kim yanıma saldı mənim
Halım-əhvalım usanıb gedir.
Qulağımda səslənən bu qılınc, qalxan, cəng səsindən
adam abrından utanıb gedir Allahım.
Şeşpər olub kürəyimə saplanmış,
Qılınc əyri, kürəyimə sancılmış.
Söz yarasına, göz yarasına ürəyim, əlim yatammır Allahım
Zaman mərdliyimi dəfn edib çoxdan,
Zaman mənə öc düşüb çoxdan Allahım.
Cilovlaya bilmədiyim və tarım çəkilmiş
Sinirlərimə güc düşüb çoxdan Allahım
Yadlara ayaq verdin,
onlar qudurdu
mənə haqqım qədərində
mərhəmət ver Allahım.
Qaranlıqlar altında
yovşan ətrinə tutulmuş bir səhranın
tən ortasındayam,
başımın üstündə Aysız, ulduzsuz
Zimzinriklə dopdolu bir səma,
Teylənmiş, təklənmiş bir tənha ömür boşluğu,
Bir də qulaqlarımı batıran
zülmət, sükut boşluğu…
18.01.2013

Dünyanın təzadları

Dünya təzadlara bağlı kimiymiş,
Oxuya bilmirik, görə bilmirik.
Seçib nakəsini, bədxahı bir-bir,
Dənnəyə bilmirik, dərə bilmirik

Başımız üstündə yalan dolaşır,
Başımız üstündə ilan dolaşır,
Şəri, qaramatı bulan dolaşır,
Güdaza, ölümə verə bilmirik.

Hiyləsi köynəkdən keçib, ilişib,
Bu içə, bu çölə köçüb ilişib,
Bizi bizdən qabaq biçib ilişib,
Dərdə bax daş kimi, hörə bilmirik.

Ağıl küləyini, mehini tutdu,
Aldanıb dan üzə, şehini tutdu,
Hər nə bəlaydısa, zehini tutdu,
Varıb məkanına girə bilmirik.

Dərədə qalmışıq, düzdə qalmışıq,
Elə astarında, üzdə qalmışıq,
Nağılda qalmışıq, sözdə qalmışıq,
Nəfəs dara düşüb dərə bilmirik.

Dünya təzadlara bağlı kimiymiş,
Oxuya bilmirik, görə bilmirik.
Seçib nakəsini, bədxahı bir-bir,
Dənnəyə bilmirik, dərə bilmirik
20.01.2013

Dünya bir alaçıq

Dünya bir alaçıq yaylaq kimicə
Tavanı görünmür, damı görünmür.
Tüstü çəkən yeri çəkib aparır,
Bacası görünmür, camı görünmür.

Buludu dolanır, çəni dolanır,
Şeytanı dolanır, cini dolanır,
Canda da sevgisi, kini dolanır,
Altı da, üstü də,
Bir sirri xüdaymış, hamı, görünmür.

İntizar içində göz ölüb gedir,
Cahil məclisində söz ölüb gedir,
Ömür öz içində gizlənib gedir,
Bütövü görünmür, tamı görünmür.

Hər kəs də axtarır, gəzir qul kimi,
Hər sual önündə bezir qul kimi,
Xaqanı qul kimi, gizir qul kimi,
Çəkir boyunduruq,
Ah bu nə qoşqudu, samı görünmür?

Havası aldadır, suyu aldadır,
Cana təpər olmuş oyu aldadır,
Cana təpər olmuş yayı aldadır,
Elə xəlq olub ki,
Xalında gül vuran xamı görünmür.

Dünya bir alaçıq yaylaq kimicə
Tavanı görünmür, damı görünmür.
Tüstü çəkən yeri çəkib aparır,
Bacası görünmür, camı görünmür
27.01.2013

Yurd ağrısı

Qalıb qəriblikdə, qalıb ayaqda
Elə, yuxularda çinə dönübdü.
Gedənin gözündə sığanıb qalır,
Gələnin gözündə kinə dönübdü.

Qoca da, cavan da əli üzündə,
Yara gözənməyib qolda, dizində,
Ot-alaq izində, alsın izində,
Dərdi dənələnib dənə dönübdü.

Təpər ağırlaşıb, təpər kal düşüb,
Elə heyi gedib, dinməz, lal düşüb,
Neçə xətalardan, haldan ötüşüb,
Arzusu dumana, çənə dönübdü.

Gecəsi, gündüzü çəkib aparır,
Ağrıya, acıya büküb aparır,
Özünü özündən söküb aparır,
Elə, havalanıb cinə dönübdü.

Açılmır toranı, danı gecikir,
Hər şeyə ömürü, canı gecikir,
Qıl üstə zamanı, anı gecikir,
Baxta bax, bir qara günə dönübdü

Qalıb qəriblikdə, qalıb ayaqda
Elə, yuxularda çinə dönübdü.
Gedənin gözündə sığanıb qalır,
Gələnin gözündə kinə dönübdü.
29.01.2013

 

You may also like

2 şərh

Fəxri Müslüm şair, publisist. 2013-04-10 - 02:23

Çox-çox təşəkkürlər Əkbər bəy! Siz həmişə dayağımızsan ki, varsınız. Tanrı sizləri həmişə var eləsin.

Cavab
Elsever Aliyev 2013-04-29 - 03:15

eşq olsun fəxri müəllim! Ağzınıza sağlıq!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.