Ana səhifə BAŞ YAZI Adımı pıçılda göylərə sarı – İbrahim İlyaslının şeirləri

Adımı pıçılda göylərə sarı – İbrahim İlyaslının şeirləri

Müəllif: Bizim Yazı
80 baxış

Tanınmış şair, AYB-nin poeziya seksiyasının rəhbəri İbrahim İlyaslının doğum günüdür.

Bizimyazı.az şairi təbrik edir, seçmə şeirlərini oxuculara təqdim edir.

Sizin də məhləyə yağış yağırmı?

Sizin də məhləyə yağış yağırmı,-
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?

Evinə torpağın ətri dolurmu,-
Açıb pəncərəni çölə baxanda?
Yenəmi ürkəksən həminki kimi,-
Yenəmi qorxursan şimşək çaxanda?

Kəndə dönürsənmi xəyallarında,-
Yadına düşürmü o payız günü?..
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı körpü”nü.

…Və qəfil başladı leysan tökməyə,
Sel ağzına aldı bərəni-bəndi.
Bir anın içində çay aşıb-daşdı,
İki yerə böldü “İncəsu” kəndi.

Başqa yermi vardı daldalanmağa?-
Qaçıb akasyanın altında durduq.
Birdən çəpərində Osman dayının
İşıq dirəyini ildırım vurdu…

Titrəyib əsirdin həyəcanından,
Tutub əllərindən,- qorxma söylədim.
Qorxulu nağıllar düşdü yadıma,-
Sənin qəhrəmanın olmaq istədim.

Xəyalən özümü çaya vururdum,
Ağaclar axırdı pərli-budaqlı…
Guya köhlənlər də yara bilməyən
Seli yaracaqdım… Eh, uşaq ağlı…

Yadındamı o nur, o ipək qarı?-
Sənəm nənə… Qaşdan bizə baxırdı.
-Ay bala, sətəlcəm olarsınız ki!-
Deyib, əl elədi, evə çağırdı…

Sonrası… Nə deyim, sonrası heç nə,
Buludlar dağıldı, yağış da kəsdi…
Ancaq, ürəyimdə şırım açmağa
Mənə bu xatirə bir ömür bəsdi.

Sizin də məhləyə yağış yağırmı?-
Sular sevişirmi navalçalarda?
Qırx ildi həmincə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?!
20.02.2020

NECƏSƏN

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

TORUNU SUDAN ÇƏK, BALIQÇI BABA

Torunu sudan çək, balıqçı baba
Mənim nə ölümüm torunda sənin?
Məni yem etdiyin harınlar ki, var –
Çıraq tutmayacaq gorunda sənin.

Açıb qucağını bu dünya üzü,
Dağlar da dərəymiş, dərə, bir cürə.
Ümmana bənzəyir bu dünya özü,
Hamı avar çəkir, hərə bir cürə.

Heç nə görməyəndə heçə göz baxır,
Heçliyə varmağın yüz qanunu var.
Bir saman çöpünə neçə göz baxır –
Dəryada davanın öz qanunu var!

Ömrə qayıdırmış ömürdən gedən,
Ölümdən qorxuruq ölənə kimi.
Kimdi Tanrısına bəndəlik edən,
Özüylə üz-üzə gələnə kimi?

Bədən qayığıma əllərim avar,
Qolum qoltaq oldu sənə çatınca.
Mənə bir tədbir tök, balıqçı baba,
Sualtı qayıqlar düşüb dalımca.

BİR SƏNSƏN KÖNLÜMDƏ…

Qəlbində yerim yox, köksündə necə?…

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi.
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

Payız yarpağıtək saralıb-sollam,
Üstümü almağa qarlı qış gələr.
Qanlı qismətimin qurbanı ollam,-
Bəlalı sevdalar mənə tuş gələr.

Sən də xoş gəlibsən, buyur başa keç,
Könül ovçusunun yeri başdadı.
Mənim kimi şikar görübsənmi heç?-
Mənim tək şikarın yeri başqadı.

Aman ver, söküldü canımın tabı,
Ruhumun qalası baxışlarında.
Mələk “günah”ı var, şeytan “savab”ı
Zalımın balası, baxışlarında.

Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi..
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

O SEVDALI ÇAĞLAR YADINDADIRMI?

O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?…
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adıyla başımı qatdım…
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb –
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl!

MƏKTUB

Çəkildim qınıma, elə çəkildim,
Daha yollarında duman deyiləm.
Nə məndən mərhəmət gözləmə daha,
Nə səndən mərhəmət uman deyiləm.

Yığışdır yolumdan baxışlarını,
Bu yollar sənsiz də udacaq məni.
Mən sənin adını tuta bilmirəm,
Hardasa qarğışın tutacaq məni.

Çiçək ətri kimi uçub gedənmiş,
Bir çiçək ömrünü yaşayan sevgi.
Məni qıyma-qıyma doğradı keçdi,
Məni misra-misra daşıyan sevgi.

Demirəm bağışla, keç günahımdan,
Kim kimə bağışlar günahı bunca?
Özüm də keçmərəm heç günahımdan;–
Ya keçilən günah – ya alınan can.

Bir ulduz gözləyir göydə hərəni,
Hər adı bir ulduz çəkib aparır.
Bu gecə son dəfə aç pəncərəni,
Adımı pıçılda göylərə sarı.

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.