Ana səhifə BAŞ YAZI Kənan Hacı – 50

Kənan Hacı – 50

Müəllif: Bizim Yazı
42 baxış

Çağdaş ədəbiyyatımızın tanınan imzası – şair, nasir, publisist Kənan Hacının 50 illik yubileyidir.

Bizimyazı.az bu münasibətilə şairi təbrik edir, şeirlərindən oxuculara təqdim edir.

Öldürücü məhəbbət
ekspressiyası

Sən dözülməz adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
nazına dözmək çətin.

Sən dilini bilirsən
hüznün, qəmin, məlalın.
Səndən vəfalı imiş
bu ərköyün xəyalın.

Sən sevgini öldürüb
üstümə atıb getdin.
Mən ki İsa deyiləm,
nəfəs verib dirildim.

Ayrılıqla oynama,
qəlbi külə döndərir.
Rüzgar da nə ki dərd var,
yığıb bizə göndərir.

Sən ki payız deyilsən,
ürəyimi saraltma.
Ağ günlərin xətrinə
get, qanımı qaraltma.

Sən dözülməz adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
öldürür məhəbbətin.

Güzgü

Tək baxsaq da güzgüyə,
bizi qoşa göstərir.
Mən onun güzgüsüyəm,
gözümdə güzgülənir.

Üzümə toxunanda
yuxulu barmaqları,
işıqlandı bir anda
ömrümün çıraqları.

Ürək uçuq komaydı,
uçuq evdə can qızmaz.
Sevgi mahir ustaydı,
ev qurduq – topdağıtmaz!

Təzə evə köçəndə
dedim bir güzgü alaq.
O, baxdı gözlərimə
güzgüyə baxansayaq.

Gözümdə cilvələndi
işvəsiylə-nazıyla.
Güzgü nə lazım? -dedi
ürkək pıçıltısıyla.

Güzgü məni dəyişir,
qüssə, kədər gətirir.
Amma sənin gözlərin
məni gözəl göstərir.

İtmiş xatirə

Bu dənizin sahilində
xatirəmi itirmişəm.
Axıb gedib ləpələrdə,
Günəş deyir görməmişəm,
Ay susur…

Başmağımın bir tayıtək
haradasa düşüb itib.
Vurnuxuram ağ ayıtək,
mən qalmışam, o qız gedib.
Çay susur…

Sakit axan çaya dönüb,
balıqlara yem olubdu.
Qışa dönüb, yaya dönüb,
çiçəkləyən qəm olubdu.
Yay susur…

O ağacı tapmadı yaz,
gördü ki, kötüyü qalıb.
Daha nə din, nə də ki, yaz,
kötük də elə qaralıb…
Hey susur…

İkimiz

Ötən ömrə bəraətdi bu sevgi,
gəl, bu hissə təslim olaq ikimiz.
Kim desə ki, cinayətdi bu sevgi,
sevgimizə vəkil olaq ikimiz.

Bax gözümə, özünü gör gözümdə,
gözəlliyə mat qalarsan özün də.
Bir söz deyim, amma çıxma sözümdən,
bir kadrda şəkil olaq ikimiz.

Qaçıb yenə gözlərimin yuxusu,
nəfəsimdə saçlarının qoxusu.
İslanmışın yağışdan nə qorxusu?!
Bir günaha şərik olaq ikimiz…

Sənsizlik

Sənsiz qaldım, sənsizlik
məni üzdü yenə də.
Sənsizlik sızan yerə
şərab süzdüm yenə də.

Balıncım daşa dönüb,
narahatdı yatağım.
Yuxuda da adını
pıçıldayır dodağım.

Daha məni ovutmur
nə siqaret, nə şərab.
Yazmadığın məktuba
cavab yazıram, cavab…

Düyünlənib əllərim
ümidin boş cibində.
Məni təklik gözləyir
butulkanın dibində.

Buludla dost olmuşam,
Çətirim yaddan çıxıb.
Rahatlığım, dincliyim,
hövsələm yaddan çıxıb.

Sənsiz qaldım, sənsizlik
məni üzdü yenə də.
Sənsizlik sızan yerə
şərab süzdüm yenə də…

Səni gətirən külək

Yenə səni gətirdi
üzlü Bakı küləyi.
Köhnə evin dənizə
söykənibdi kürəyi.

Tüstü çıxmır sobadan
uzun qış gecələri.
Yoxdu səni ovudan
tənha qalandan bəri.

Bu cığırı ot basıb,
döyən yoxdu qapını.
Nə vaxtdır ki, toz basıb
nimdaş ayaqqabını.

Pəncərənin şüşəsin
nə vaxtdır yağış döyür.
Dərdini kimə desin,
Nə səs gəlir, nə səmir.

Hörümçək tor toxuyub
sən gəlib çıxanacan.
Kitabları “oxuyub”
burda ac qalmış siçan.

Yenə də yolun düşdü
meyxanələr küncünə.
Yenə ağlın sürüşdü,
düşdün yenə pis günə.

Köhnə evin dənizə
söykənibdi kürəyi.
Yenə səni gətirdi
üzlü Bakı küləyi…

Əllərim

Mən həyat yollarını əllərimlə yeridim,
ayaqlarımla deyil,
taleyimin üzünü
əllərimlə köçürdüm ağ kağıza,
gözlərim şahiddir
başıma gələnlərə…
indi hər kəs məni
əllərimdən tanıyır,
çox vaxt ayaqlarım gedə bilməyən yerlərə
əllərim gedib çatıb,
ayaqlarım şahiddir…
Nə yaxşı əllərim varmış,
bir az zirək, bir az ürək əllərim,
yıxılmayan ömrümə
ürək-dirək əllərim…
19.04.2023

* * *
Pulqabım həmişə ümidlə dolu oldu,
ümidlə isindi ciblərim,
ürəyimi üşüdən pulsuzluq
xroniki xəstəliyə çevrildi,
döş cibimdə yuva qurdu təzyiq dərmanı,
arzular naziri postundan
istefa verdim,
taleyə təslim etdim bu canı,
keçdikcə günlər, azaldıqca ömür
böyüdü çarəsizliyim…
Artıq buralarda ömrü ələ keçirmiş
əbədi bir qış var,
bəlkə
yanlışda da bir naxış var…
10 may, 2023

Tural Adışirinin təqdimatında..

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.