Günay Əfəndiyeva Azərbaycanın türkmənistandakı səfiri ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Türkmənistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovla görüşüb.
Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu yeni vəzifə təyinatı münasibətilə təbrik edib. Türk dövlətlərinin bütün sahələrdə çoxcəhətli əməkdaşlıq əlaqələrinin ildən-ilə güclənməsi vurğulanıb. Türk xalqları arasında mədəni-mənəvi sərvətlər mübadiləsinin intensivləşdirilməsinin əhəmiyyətinə diqqət çəkilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin Türk dövlətlərinin mədəni inteqrasiya prosesinin inkişafına töhfəsi qeyd olunub. Qismət Gözəlov Fond ilə qarşılıqlı münasibətlərin yeni çərçivədə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş əməkdaşlığın gələcək prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində fikir mübadilələri ilə davam edib.