Ana səhifə YAZILAR Yusif GÜNAYDINdan yeni “Mozaikalar”

Yusif GÜNAYDINdan yeni “Mozaikalar”

Müəllif: Bizim Yazı
61 baxış

Köpük kölgəsi

1.Nur damlası

Yağış yığışandan az sonra göy üzü açılır, yarpaqları yuyulmuş ağacların ucları payız günəşinin şəfəqlərinə bürünməyə başlayır. Qəsəbə kənarında, üstüörtülü avtobus dayanacağının qarşısındakı qoca küknarın dayanacağın az qala damına qədər uzanan köndələn budağından damcılar süzülür, səki qırağındakı gölməçəyə dəyib, yuxarı sıçrayır, sonradan yenə aşağı enir, üzərində şüalar oynayan gölməçənin sularına qarışır. Bir müddət sonra yuxarıdan suya düşən damla səsləri arasındakı pauza böyüyür, daha sonra bu səslər tamam itir. Yel əsməyə başlayır, səhər yağmuru altında bol-bol çimib təmizlənən ağacın iynə yarpaqarından, budaqlarından, gövdəsindən axışan damcılar yenə  üzüaşağı sürüşüb, onu tərk edir. Çox çəkmir ki, su üzərinə düşən damla səsləri yenidən eşidilir. Nəzərlərimi yuxarı qaldırıb, başım üstündəki kələkötür budağın gah tünd yaşıl, gah da açıq qonur rəngə çalan iynə yarpaqlarına baxıram, bu budağın ucu torpağa tərəf əyilmiş son iynələrindən əvvəl-əvvəl sırğa kimi kiçik bir damla asılır, sonra şişib, böyüyür, ağırlığı lazımi həddə çatanda, yarpağın ucundan qopub, aşağı uçur, gölməçəyə çataraq, onun səthinə düşəndə az əvvəl tez-tez eşidilən bir səs yenidən qulağa dəyir-kapp…
Diqqət yetirib görürəm ki dolub, böyüyən damla, yarpaqdan üzülüşən saniyədə ani olaraq göz oxşayan bir parıltı ilə bərq vurub, üzü aşağı uçur. Mənə elə gəlir ki bu işıq daşıyan damla budaqdan ayrılan kimi, hansı bir ilahi qüvvə isə onu bir anlıq, yox, daha qısa bir məqam havada saxlayır, işiğa bələyib, aşağı göndərir. Damlanın dola-dola ağırlaşması, sonra işildayaraq, aşağı axıb səslənməsi səhər çağı insanın qəlbində xoş bir əks-səda verib,bu tənha dayanacaqda onu çuğlamış neqativ təsirləri damcı-damcı çıxarır. Avtobusdan hələ də əsər-əlamət yoxdur…
Bir neçə gündən sonra yenə də o dayanacaqda nəqliyyat gözləməli oldum. Yağış yenicə kəsmişdi, dayanacaqda məndən başqa yenə də heç kəs yox idi. Durğun suyun səthinə düşən damlaların qaldırdığı xəfif  dalğalrının sədası altında başımı yuxarı qaldırdım, dayanacağın yarımdairəvi plastik damına doğru uzanan küknar budağına baxdım.
Bu dəfə heç nə görə bilmədim Qəribədir, səs effektləri var, amma onu doğuran görüntü yoxdur. Müəyyən səylərdən sonra damlanın görünməməsinin səbəbini anladım-damla işıqlanmırdı . Yerimi dəyişdim,  gah azca sağdan, gah da bir qədər soldan köndələn budağa nəzər saldım, yox, göy üzü işıqlı olsa da, damla parıldamır, buna görə də güclə sezilirdi.
Dünyanın işığı bir damla da azalmışdı…
Təəssüratlarımı bir çoxbilmiş dostumla bölüşəndən sonra, o mənə izah etdi ki, nur daşıyan damlanı hər dəfə görmək mümkün deyil, bunun üçün bir neçə mühüm amilin harmonik şəkildə biri-birinə ilmələnməsi vacibdir-yağışın intensivliyinin, küləyin səmtinin və gücünün, çəpəki şüaların kəsişmə bucağının, zaman kəsiyinin, uyğun rakurs seçiminin və sairə və ilaxır.
Bir damlanın bircə anlıq parlayıb, gözə görünməsi üçün çox şərtləri lazım imiş!..

2.Günah

İftara hələ bir xeyli qalsa da,cariyələr Sultanın sevimli hərəminin süfrəsini açıb, hələlik ora növbənöv meyvəcat düzmüşdülər. Sultan sarayının eyvanından öz füsünkarlığı, təravəti ilə cənnət güşəsini xatırladan bağ-bağatı, seyr edə-edə sakit-sakit dua edən gözəllər-gözəli baş hərəm son duasını zikr edərək, “amin” deyəndən sonra enli, mərmər eyvanı aramla tərk edib, otağına keçdi. Süfrənin bir qədər vaxtından əvvəl açıldığını görüb, təəccübləndi, amma incə naxışlı gümüş qablara  düzülən dəymiş meyvələri görəndə gül dodaqlarına bir təbəssüm qondu. Doğrudan da bu qablarda  müxtəlif rənglərə çalan səylə yuyulmuş nemətlər çox gözəl görünür, göz oxşayır, könül açırdı. Bu torpağın yetirdiyi hər bəhrədən bir-iki nümunə vardı süfrədə. Onların arasında kiçik siniyə  uzunlamasına düzülmüş, iki-üç giləsi qabın qırağından sallanan böyük bir üzüm salxımı gənc hərəmin diqqətini dərhal özünə çəkdi. Salxımın böyük, dolu, azca uzunsov gilələri kəhrəba rənginə çalır, yarıdan yuxarı, yəqin ki, salxımın üzü günəşə düşən tərəfi xəfif çəhrayı çalara keçirdi. Gilələrin cəhrayı üzündə xınayı xallar da var idi. Salxım o qədər gözoxşayan, o qədər cazibədar idi ki, təbiətin yetirdiyi nemətə deyil, mahir bir zərgərin əli ilə illər uzunu qiymətli daşlardan yonulub, cilalanmış nadir sənət əsərinə bənzəyirdi. Bu gözəllik onu  görənə olduqca xoş təsir bağışlayır, insanın qəlbində özünə yurd eləmiş qüssəni sıxışdırıb, çıxarır yaşamağın gözəl  və şirin olduğunu təlqin edirdi!
Mükəmməl qadın gözəlliyinin canlı mücəssəməsi olan gənc hərəm öz-özünü unutmuş kimi süfrədəki gözəlliyi qaldırıb, üzünə yaxınlaşdırdı. Üzümdən elə bir xoş, iştah oyadan rayihə gəlirdi ki, qadın xəfifcə başgicəllənməsi duydu. Qeyri-ixtiyarı o bir gilə qoparıb, ağzına apardı, inci kimi saf dişləri ilə giləni xəfifcə əzdi, gilə şaqqıldayıb şirəsini qadının dilinin üstünə yaydı. Onun ağzı dada gəldi, gözləri nurlandı sanki.  O hələ ömründə belə nəfis meyvə dadmamışdı. Bu nemət bu yerlərin səxavətli torpağının dərin qatlarında gizlənən şəhdi, şirəni damla-damla canına çəkib, bol günəş şüaları altında səbrlə bəsləmişdi. İndi damcı-damcı yığdıqlarını səxavətlə paylayırdı. Bu dadın,  bu zövqün qarşısında duruş gətirmək qeyri-mümkün idi. Gercəklik hissini itirmiş gənc gözəl daha bir gilə daddı, sonra bu zövqü itirməmək üçün daha bir gilə qoparıb dilinin üstünə qoydu  və … üzümün xoş şirinliyi hələ damağından getməmiş, acı-acı anladı ki, ağır günaha batıb! Axı hələ  süfrə duası oxunmayıb, iftar açılmayıb, deməli o şeytana uyaraq, orucunu pozub, bir aya yaxın səbr və ehtiramla etdiklərinin hamısı batil olub. Elə bil onu ildırım vurdu, ayaq üstə davam gətirə bilməyib sofaya əyləşdi. Bütün əzaları həyəcandan əsir, damağına çökmuş ləziz tam ağuya dönürdü. Gecə namazına, allahın hüzuruna o necə gedəcək, axı indi o ulu yaradanın qarşısında üzü qaradır! Özünü güclə ələ aldı. “ Allahın mərhəməti böyükdür, tövbə qapısı da həmişə açıq! Qorxma, namaza ürəklə get, rəbbimizin hüzurunda günahını səmimi etiraf elə, ona yalvar ki  səni əvf etsin.”
Bu fikirlər qəlbindən keçəndən sonra, azca sakitləşdi. Allah-Təalanın hüzurunda diz çöküb, ona yalvardı, dönə-dönə günahının bağışlanmasını dilədi. Amma bundan sonra da qəlbinə çökmüş ağırlıq onu tərk etmir, rahat buraxmırdı. Üç gün artıq oruc tutdu, fəqir-fuqəraya bir xeyli sədəqə payladı, yenədə ürəyi yüngülləşmədi. Birdən ağlına gözlənilməz bir fikir gəldi. Sarayın zərgərini yanına çağırıb, bütün qızıl-zinət əşyalarını ona verdi, tapşırdı ki, bu qızılları əridib, üç böyük kürə düzəltsin, onları inşaatı başa çatmaqda olan yeni, möhtəşəm məscidin uca minarəsinə düzsün. Zərgər əmrə riayət etdi. Məscid açılandan sonra hamı onun minarəsində üzüm gilələrinə bənzər üç qızıl kürəni heyrətlə seyr etdi…
Bu əhvalat təxminən min il bundan əvvəl baş verib. Mərakeşdəki Əl-Kutubiyyə məscidinin minarəsində bu üç qızıl gilə indi də bərq vurmaqdadır. Belə deyirlər ki, ramazan bayramında orucdan üzü ağ çıxan hər bir kəs təzə ay görünən zaman minarənin altında üzü Şərqə tərəf dursa, ayın üzündə bu gilələrin əksini görür.
Onu da deyirlər ki, bu müqəddəs gecə məscidin həndəvərindən aya baxaraq, salavat çevirib, niyyət edənlərin bütün diləkləri hasil olur…

3. Məşədi Salman əmi

Əvvəlcə ulağın yalnız qulaqları görünür. Yoxuş arxada qalandan sonra, boz ulağın üstündə əyləşib,yol gedə-gedə sanki mürgü vuran Məşədi Salman əminin özü də peyda olur. O gözümüzə dəyən kimi biz, kəndin girəcəyində “xaraba dəyirman” adlanan boş, kol-kos basmış sahənin yalnız cənub tərəfdən duruş gətirib uçulmamış, illər ötdükcə daşları daha çox bozarıb, qaralan hasarının dibində gah   “ Şumaqədər”,  gah “ Naqqulu”, gah “Turna-turna”, hərdən də “Ənzəli” oynayan uşaqlar, səsimizi kəsib, əlimizdə olanları yerə atır, biri-birimizi qabaqlamağa çalışaraq, tələsik boz ulağın aramla irəlilədiyi torpaq yolun qırağına düzülür və hər dəfə günorta çağı eyni vaxtda baş verən bir səhnə əhəmiyyətli mərasim kimi yenidən təkrarlanır. Boz ulaq bizə yaxınlaşanda generalı qarşılayan əsgərlər kimi biz xorla Məşədi Salman əmini salamlayırıq. Salamımızı eşitcək, o başını qaldırıb, enli qara qaşlarının altından şəvə kimi qara gözlərini bizə tərəf yönəldir, cilovu sol əlinə ötürüb, sağ əlini aramla sinəsinə aparır, dodaqlarına xəfif bir təbəssüm gətirərək, yaxşı məktəb görmüş təcrübəli bir aktyor kimi ağ araqçınlı başını ağır-ağır sinəsinə tərəf əyib, təzim edir, bununla da bizim ucadan səslənmiş salamımızı səssiz-səmirsiz alır. Sonra göz qapaqları yenə də yarıya qədər örtülür, dodaqları hərəkətə gəlir, öz-özünə nəsə danışa-danışa yoluna davam edir. Onun qaşları qap-qara olsa da, saqqal düm ağdır. Bu saqqal nəfis naxışlarla işlənmiş araqçının altından çıxıb, gicgahlarından tutmuş çənəsinə qədər hər iki tərəfdən onun enli sifətini haşıyələyir.
Məşədinin simasında nəsə qeyri-adi, hətta mistik bir əlamət var, bunun nə olduğunu biz, yeniyetmələr ayırd edə bilmrik. Hər dəfə bu yaşı ötmüş insan şuxluqla ona unvanladığımız salamı çox ciddi tərzdə, yüngül bir təzimlə qəbul edərkən, qəlbimizə xoş bir əhval-ruhiyyə gəlir, elə bil dünyanı bizə verirlər. Boz ulaq yavaş-yavaş uzaqlaşıb, gözdən itənə qədər qapaz-qapazı, hoydu-hoydunu unudub onun arxasınca baxırıq. Qaş qaralan kimi valideynimizin təkidi ilə evə qayıtdığımızdan, onun geri dönməsini görə bilmirik, bununla belə sabah həmişəki vaxtda yenə boz ulağın belində görünəcəyinə əminik. Bəzən o bizim salamımızı özünə məxsus tərzdə alandan sonra, biz iki qrupa bölünüb, ulağın sağına-soluna keçər, onu şəst ilə bir xeyli müşayət edərdik. Məşədi Salman əmi buna qətiyyən fikir verməz,  halını pozmadan həmişəki kimi dodaqaltı nəsə mırtdana-mırtdana yoluna davam edərdi. Ağsaqqalın hər gün haraya getməsi, onun personası kimi bizlər üçün müəmma idi. Bir gün yaşıdlarımla birgə ulağın arxasınca bir xeyli yeriyəndən sonra, uşaqlar geri dönmək istəyəndə mən onlara qoşulmadım. Hansı bir cazibəsə məni hey irəli aparır, ulaqdan, onun sahibindən ayrılmağa qoymurdu. Heyvan quyruğunu yellədərək, sağrılarına qonan çibinləri qova-qova yaxşı bələd olduğu yolla itaətkarcasına irəliləyirdi. İndi fikir verib gördüm ki, Məşədi Salman əminin boynunda iki paralel qırış var, alt qırış üstəkindən bir qədər qısadır, onun dabanı sürtülmüş ayaqqabları toza bulaşaraq, rəngini dəyişib, ayaqlarını yerdən çox yox, üç barmaqlıq ara ayırırdı. Mənə elə gəlirdi ki, kişi belini dikəldib, ayaqlarını azca uzatsa, dabanları mütləq yerə dirənəcək.
Yeriyə-yeriyə onu əvvəl sağdan, sonra sudan süzdüm-gözlər adəti üzrə yarımqapalı, baş azca sinəyə tərəf əyilib, dodaqlar yenə də tərpənir, amma səs eşidilmir. Bir də geriyə baxıb gördüm ki, xaraba dəyirmanın qədim hasarı da, uşaqlar da gözdən itib, sakitlikdir.Yalnız yaxın kolluqlardakı cırcıramaların səsi arabi bu sükutu pozur . İçimə vahimə qarışıq bir həyəcan doldu. Geri götürülmək istəyirdim ki, qulağıma qəribə bir səs gəldi. İlk anlar bu səsin Məşədi Salman əmiyə məxsus olduğunu anlamadım da. Marağım artan həyəcanıma üstün gəldi, geriyə dönüb boz ulağı haqladım. Məşədinin ağzından çıxan sözləri tələsik hafizəmə yığmağa başladım. Motivi güclə sezilən aramlı bir avazla o yanıqlı-yanıqlı bu sözləri oxuyurdu:
Qoydun ananı getdin,
Meydanda , Əliəkbər!
Zeynəb necə tab etsin
Hicranda, Əliəkbər?
Ardını eşidə bilmədim, avaz qəfil gəldiyi kimi qəfil də kəsildi, dodaqlar yenə də səssiz tərpənməyə başladı. Geri dönə-dönə indicə eşitdiklərimi özümdən asılı olmayaraq təkrar edirdim. O gün uşaqlara qoşulub oynamağa həvəsim qalmamışdı. Məşədinin yanıqlı avazı ürəyimi qüssə ilə doldurmuş, məni fikir götürmüşdü. Kimdi görəsən adı çəkilən Zeynəb? Kənddə bu adda nə qarı var idi, nə də qız, gəlin! Bəs Əliəkbər deyəndə kimi nəzərdə tuturdu o, bəlkə yuxarı məhəllədəki malakeş Ələkbərə xitab edirdi, niyə məhz ona, axı Ələkbər yekə kişidir, anası da çoxdan ölüb. Hə düşünürdümsə, baş aça bilmirdim.
Yalnız yaşa dolandan sonra oxuyub, soruşub, öyrənərək bildim ki, Məşədi Salman əminin könlünü göynədən nələr imiş…
Xatırlayıram ki, o il ağır gəlmişdi, bütün Sovet İttifaqında qıtlıq idi. Ağ çörək qəhətə çıxmışdı. Qara çörək əldə etmək üçün gərək səhər alaqaranlıqdan qalxıb, hələ qapısı açılmamış mağaza qarşısında növbə tuta idin.
Bununla belə Kremlinin o dövrkü sahibləri Amerikanı lap bu yaxın vaxtlarda ötüb keçəcəyimizi təkrar-təkrar vəd edirdi. Şəhərdə keçirilən ictimai tədbirlərin hamısında Bakının dünyanın ən beynəlmiləl şəhəri olduğu xüsusi vurğulanır, bundan hamının böyük qürur duyduğu dönə-dönə dilə gətirilirdi. O dövrün mətbuatı bunu səylə nüsxələndirərək, ardıcıl şəkildə şüurlara sırıyırdı. Ana dilində danışanlar az qala ictimai qınağa, ən yaxşı halda kinayəyə məruz qalırdılar. Diğər millətlərin nümayəndələri ilə ailə quranlar rəsmi səviyyədə hər vasitə ilə rəğbətləndirilir, iki Azərbaycanlının bir-biri ilə rusca danışması müsbət bir hal kimi qəbul olunurdu. Belə bir zəmanədə hər gün ulağı minib, öz-özü ilə danışa-danışa yola çıxan, çolma-cocuğun lağlağı salamını ehtiramla alan ağsaqqal Məşədi Salman əmini tamam ayrı mətləblər düşündürür, tamam ayrı məsələlər narahat edirmiş…

4. Köpük kölgəsi
Uğultu ilə sahilə çatan dalğa dərhal geri çəkilir, özündən sonra sular üzərində köpük topalarından ibarət bəyaz çiçəkli çəmənə bənzər anbaan dəyişən bir mənzərə qoyub gedir. Köpük parçaları bölünüb, kiçildikcə naxış düzümü də sürətlə dəyişir, ağ naxışların tam qeyb olmasına az qalmış, arxadan yeni daha böyük bir dalğa gəlir, göz önündə bərq vuran görüntünü pozur, sahil qumlarını sığallayıb geri çəkilərkən, yeni, daha geniş miqyaslı dinamik bir mənzərə açır. Gün zərrəciklərin daşıya-daşıya işildayan köpük ləçəkləri biri-birinə dəyib, bölünür, içindəki qovuqcuqlardan hava çıxdıqca ləçəyin biçimi dəyişir, sonra kiçilib yox olur. Yeni dalğa gəlir, yenə də özündən sonra naxışları şəfaf açıq yaşıl fonda bəyaz güllərdən ibarət geniş bir qobelen sərir ləpədöyənə, bu nadir qobelen aram-aram yırğalandıqca üstündəki güllər də hərəkətə gəlib göz oxşayır…
Ləpədöyənin dalğalar arası fasilədəki sakitləşdiyi qısa müddətdə oraya dayaz suların içindəki qayanın üstündən, hündürlükdən nəzər salanda köpük topalarının dənizin sahilə yaxın zəmininə, su altına oynaq kölgələr saldığını sezirsən. Köpüyün biçimi dəyişdikcə, dənizin dibindəki dilik-dilik qumların üstündə oynaşan əcaib kölgələrin də forması dəyişir, köpük itən kimi, kölgə də qaçır. Mənzərə təkrarlananda dənizin dayazlığındakı köpük kölgəsinin içindən yun topasının arasından keçən qara sap kimi qısa, nazik bir milin keçdiyinə fikir verirəm. Sonradan ayırd edirəm ki, bu “millər” sahilə yaxın sularda ora-bura şütüyən körpə balıqlardır, köpük kölgəsinin içindən keçən onların kölgəsidir…
Köpük kölgəsi də, onun içindən şürüşən xırda balıqlar da çevik, dəyişkən bir görüntüdür, qaçan anlardır, onları duyub, sezmək üçün müəyyən səylər vacibdir. Məyər həyatın özü bütövlükdə qaçan anlardan ibarət deyilmi? Bu anlar da gözə görünmür, bizdən qaçıb, uzaqlaşır, özləri ilə gözümüzün nurunun bir zərrəsini, nəbzimizin bir vurğusunu həmişəlik alıb, aparır. Əks istiqamətdən bizə tərəf həyatın ən yaxın qonşusu-ölüm irəliləyir, onun qədəmləri pişik addımları tək səssizdir!
Onu da duyub, görmək asan məsələ deyil!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.