Ana səhifə BAŞ YAZI Yusif GÜNAYDIN. TAZİYANƏLƏR

Yusif GÜNAYDIN. TAZİYANƏLƏR

Müəllif: Bizim Yazı
371 baxış

1. Epidemiya
Bəxtim mənə üz vermədi, tutsam da ipindən,
Şahlıq quşu da dad eləyir quş qripindən.

2. Şərq təqvimi
İlin axır gecəsi, həftənin cüt günüdür,
Yeni il donquz ili, yeni gün it günüdür.

3. “Bursaspor” – “Valensiya” – 0:4
Cumacaq şövq ilə top qovmaq üçün “Bursa” əgər,
Lovğanın heç də pis olmaz qulağın bursa əgər.
Qol yeməkdən “daha doydum” desə, çox yaxşı olar,
Yaman olmaz, arabir “Bursa” da qol vursa əgər.

4. Top model – 2010
Gözəllik ondur,
Doqquzu silikondur.

5. Rəssam xanımın “Abort” adlı əsərinə rəy
Əsərin adını mən qoyum, əfv et,
“Abort” əvəzinə “Avtoportret”.

6. “Teatrşünas”a
Yerin tövlədədir desəm, can-ciyər,
Şəksiz ki, danalar məndən inciyər.

***
Hər səba qənşərimə bir sürü naqqal gəlir,
Gah topal, gah təpəgöz, gah topasaqqal gəlir.

Ülamanın güzəri hər dəfə baqqala düşür,
Elmü ürfan evinə şəst ilə baqqal gəlir.

Yolunu düz gedənə it hürəcəkmiş, nə əcəb,
Mənim əhvalıma bax, hürməyə çaqqal gəlir…
***
Yenə də cahilü nadan mənə meydan oxuyur,
Mərifət əhli susur, cahilü nadan oxuyur.

Bərəkallah, açıb ağzın da, yumub gözlərini,
Aparıb baş-qulağım, çünki obaşdan oxuyur.

Meyli meyxanəyədir, çıxsa da məscid yoluna,
Şəngülüm yerbəyer olmur, görüm hardan oxuyur.

Duymayan varsa, deyin, böylədir əsrin mərəzi –
Mərifət əhli susur, cahili nadan oxuyur.
***
Bura yarmarkadı, bax, hər şey o başdan alınır,
Satılır gör neçə qurban, neçə qurban alınır.

Ən ucuz mal belə yarmarkada insan qanıdır,
Ol səbəbdən bu qədər qan tökülüb can alınır.

Pul yığan darğaya bax, yoxmu şərəf-şanı onun?
Yox! Şərəf çoxdan itib, şan da ki çoxdan alınır.

Canı hərraca qoyan canlılar insanmı görən?
Sanma ki, hər səhər-axşam pula insan alınır.

***
Kim deyir qabyalayanlar o qədər çox da deyil,
Dur, bir ətrafa nəzər sal, demərəm yox da deyil.

Yol üçün çömbələnin ömrü diz üstünə keçir,
Ac deyil qabyalayanlar, nə yazıq, tox da deyil.

Qanmayır qabyalayan hansı yük altında yatır,
Gəl sübut eylə ki, boynundakı ip noxta deyil…

***
Sən demirdinmi müxənnət bura gəlməz, gəlir a!
Tas qurub, fal oxuyub, sirrimi bilməz, bilir a!

– Mənə qəsd eyləmiş olsa, onu ağlar qoyuram,
Zalımın, bir də deyirdin, üzü gülməz, gülür a!

– O girən kol deyil elm aləmi, bizdən xəbər al,
Siz tərəflərdə dəxi qalmadı kol-kos, girir a!

Yatasan fil qulağında, alasan zövqü səfa,
Amma fil, ey dili qafil, oyanıb yüksəlir a!

***
Əslin hardandı, sorursan yenə, ey əhli-qələm,
Belə yüz, bakuviyəm, leyk bakinets deyiləm!..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.