Ana səhifə BAŞ YAZI Yazarlarımız yazmaqdan əlavə daha nəyi bacarırlar?

Yazarlarımız yazmaqdan əlavə daha nəyi bacarırlar?

Müəllif: Bizim Yazı
125 baxış

Yazarlarımız hansı peşənin sahibidirlər? Ümumiyyətlə, yarqdıcılıqla yanaşı, hansısa sahədə çalışırlarmı? Yaxud hansısa peşəni onlara həvalə etsələr, öhdəsindən gələ bilərlərmi? Dönüb geriyə – tarixə nəzər salsaq, görərik ki, elə dahilərimiz var ki, yaradıcılıqla yanaşı, başqa sahənin də aparıcısı olublar. Klassiklərimiz – Şah İsmayıl Xətainin ölkə başçısı olması, Abbasqulu Ağa Bakıxanovun və Mirzə Fətəli Axundovun çar Rusiyasının Qafqazdakı canişinliyindəki qulluqçuları, dilmancları olması, Mirzə Ələkbər Sabirin, müasir dillə desək, sabun biznesi ilə məşğul olması heç də yaradıcılıqlarına mane olmayıb. Yazıb-yaradıb, seviliblər, təbliğ və eyni zamanda, təhdid olunublar. Rus ədəbiyyatının tanınmış simaları olan A. S. Puşkinin, Dostoyevskinin, Çexovun və digərlərinin də ədəbi yaradıcılıqla yanaşı, digər peşələrlə məşğul olduqları məlumdur.
Bəs görəsən, bizim bugünkü yazarlarımız hansı sahədə özlərini sınaya və təsdiq edə bilərlər? Nisbətən gənc və orta nəsil yazarlarımıza üz tutduq.

Tanınmış şair Paşa Qəlbinur: “Bildiyiniz kimi, mən həkiməm və müəlliməm. Xəstələrim üçün həkim, tələblərim üçün müəlliməm. Hər dəfə demişəm və deyəcəm, ümummilli liderimiz cənab Heydər Əliyev hər bir sahəyə önəm verirdi. Müəllimlərin qeydinə daha çox qalırdı. Həmişə ümummilli liderimiz cənab Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”.

Şair Afaq Şıxlı: “Hər zaman məni maraqlandıran və özünə cəlb edən iki dünya olub – ədəbiyyat dünyası və təbabət. Əmim, rəhmətlik İsmayıl Şıxlı mənə belə bir məsləhət verdi: “əgər həkim olmaq istəyirsənsə yolundan dönmə, çünki ədəbiyyat hər zaman səninlədir!”Mən indi də bu sözləri onun bu dahiyanə uzaqgörənliyi hesab edirəm. İnsanlara sağlamlıq bəxş edə bilmək və onların könüllərini şeirlərlə oxşaya bilmək məncə səadətdir!” deməklə şairliyini həkimliyinə, həkimliyinin isə şairliyinə “dəstək” olduğunu dedi.

Satirik şair Əvəz Qurbanlı: “Düzü, indiki halda bu suala cavab vermək çətindir. Çünki mənim taleyim, xasiyyətim, düşüncə tərzim hamısı yaradıcılıq üstündə köklənib. Dünyaya yaradıcılıq üçün təyinat alıb gəlmişəm.
Ancaq düşünürəm ki, ümumilikdə yaradıcı adamda istedad olduğu üçün istənilən sahə ilə məşğul olsa, o sahədə özünü göstərə bilər”.

İstedadlı yazar Kənan Hacı isə: “Sözün düzü, başqa sahədə özümü təsəvvür edə bilmirəm. Özümü ən yaxşı ifadə etdiyim sahə elə yazarlıqdır”, – deyib yaxasını başqa peşənin əlinə vermək istəmədi.

Şair Əkbər Qoşalı mövzu ilə bağlı sualımı belə cavablandırdı: “Mənə ali məktəbdə dərs keçmiş professor Havar Məmmədov AzTU-nun rektoru olandan sonra təklif etdi ki, gəl dərs de. Mən də minnətdarlıq edərək bildirdim ki, məktəb mühitindən, ixtisasımdan xeyli uzaq düşmüşəm, etimadınızı layiqincə doğrultmayacağımdan ehtiyat edirəm. Söhbət elə də qaldı. Ancaq sonralar Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, Ədliyyə Nazirliyinin Təlim-Tədris Mərkəzində ictimai əsaslarla məruzəçi kimi çıxışlarım oldu və gördüm ki, qaliba, müəllimlik damarım hələ qüvvədəymiş…”

Şair Faiq Balabəyli isə sualımızı cavablandıraraq bildirdi ki, onun ilk ixtisası dənizçilikdir. Dəniz Akademiyasında təhsil alıb, uzun müddət X. D. N. Dononmasında müxtəlif vəzifələrdə çalışıb, gəmi kapitanı olub: “Mən ümumiyyətlə özümü dənizdən kənarda hiss edə bilmirəm. indi bu sahədən bir qədər uzaq olsam da, əslində özümü yenə də gəminin şturvalı arxasında görürəm və gənclik illərimdə olduğu kimi, uzaq sularda üzüb, macəra dolu bir həyat yaşayıram. Təsadüfi deyil ki, dəniz mövzusu mənim yaradıcılığımın əsas xəttini təşkil etdiyini deyənlər daha çoxdur. Baxmayaraq ki, yaradıcılığımda başqa mövzular daha çox əks olunur. Mən bundan darılmıram. Görünür, mənim dənizə bağlılığım özünü yaradıcılığımda da göstərə bilib. Mən bu gün də uzaq səfərlər kapitanı kimi səfərə çıxmağa hazıram”. Bundan əlavə, müsahibimiz gənclik illərində yaxşı at sürməyi və futbol oynamağı ilə də yaşıdlarının içində fərqləndiyini bildirdi.

Tural Türk/“Mərkəz”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.