Ana səhifə YAZILAR Yazarlar arasında postmodernizm konusunda sorğu

Yazarlar arasında postmodernizm konusunda sorğu

Müəllif: Bizim Yazı
54 baxış

“Modern” sözü özünün işlək və adi mənasında “müasir” anlamını verdiyi üçün “postmodernizm” istilahı lap əvvəldən elmi-fantastik hekayələrin kəlmələri kimi xəyali təsir bağışlayır.
Bir kəsin “Mən postmodernəm” deməsi eynən kiminsə “Mən yuxuyam” söyləməsinə bənzəyir. Şübhəsiz, “modernizm” sözünü “modern” kəlməsinin yerinə qoyub, izah etsək ki, “postmodernizm” dedikdə, biz daha çox incəsənət sahəsində mövcud olan xüsusi bir cərəyanı və tarixi bir prosesi nəzərdə tuturuq, onda bu anlaşılmazlıq aradan qalxar.
Bəzi yazarlar postmodernizmin dəbdə olmadığı fikrindədir. Bəs bu fikrə gəlmək üçün arqumentlər nə qədər tutarlıdır?  Mərkəz” bu dəfə də bu konunu araşdırdı.Yazarlar arasında keçirdiyimiz sorğunu təqdim edirik:

Sayman Aruz, yazar: “Mən özüm şəxsən postmodernizmə nə inanmıram, nə də ehtiyac duymuram. Mən günün şeiri və günün hekayəsinə inanıram. Avropanın çeynənmiş ədəbi janrının daşını sinəmizə döymək nə qədər lazımdır? Biz 15 il qabaq postmodern ədəbiyyatı müzakirə edirdik. Avropa isə bizdən 15 il qabaq bu söhbəti qapatmışdı. Siz isə indi-indi başlayıbsız. Maraqlıdır! Bu qədər gecikmə olub. Avropa modernizm prosesini keçirib, daha sonra isə postmodernin yardımı ilə modernizmin səhvlərini doldurmağa çalışdı. Nə qədər bu istəyinə nail ola bilib ya yox hələ bir tərəfə, amma bir sual ortaya çıxır: ondan bizə nə? Biz modernizm görmüşük, yoxsa? Postmodernizmin yalnız ədəbiyyatda deyil, bütün sahələrdə mənası var. Həm iqtisadi, həm də siyası cəhətdən də bu ideologiya öz əksini tapıb. Məncə bu kəlmələrdən uzaq durmaq, amma onunla dostluq etmək və öz ictimaiyyətimizin yaratdığı günün ədəbiyyatı ilə məşğul olmalıyıq”.

Aydın Xan (Əbilli), yazar:“ Ədəbiyyat – mədəniyyət tarixində müxtəlif estetik-kulturoloji mərhələlər, cərəyanlar hər zaman mövcud olub və bundan sonra da yaranacaq. Saysız-hesabsız bu düşüncə texnologiyaları arasında elələri mədəniyyət tarixinə çevrilir ki, insan cəmiyyətinin dəyişməsinə səbəb olan proseslərə ideoloji təsiri olur. Ən son estetik düşüncə texnologiyalarından sayılan postmodernizm də belələrindən idi. Digər cərəyanlara rəğmən postmodernizim həm düşüncə, həm yaşam, həm də ictimai-siyasi, fəlsəfi-kulturoloji texnologiyasına çevrilərək nəinki mədəniyyət və ədəbiyyatı, həm də həyatın müxtəlif sahələrini, elm və fəlsəfəni, formatları, iqtisadiyyat, siyasi, mədəni elmi və sosial fikri dəyişdirdi və qabaqcıl proseslərin əsasını qoydu.Amma hər bütün hadisənin doğuluşu və tarixə qovuşduğu kimi, postmodernizm də böyük proseslərin mərkəzi idealogiyası və mərkəzində dursa da, həyat və mədəniyyətin inkişafı yeniliklər, növbəti mərhələ tələb etdiyinə görə, artıq çağdaş dünyada da ən yeni cərəyanlar yaranmaqdadır ki, yaxın gələcəkdə biz onlar barədə də danışmalı olacağıq. İnternet və İKT-nin inkişafı, mediatiklik, açıq cəmiyyət, demokratiya, qloballaşma, multimədəniyyət, virtuallaşma kimi proseslər qarşıda postmodernizmi tarixə təmiz qovuşduracaq yeni düşüncə-kulturoloji cərəyanlar bizim qarşımıza qoyacaq ki, onun da ilkin işartıları görsənməkdədir. Məsələn mən bir neçə ildir ki, bu hadisəni virtuallaşma adlandırıram…”

Aynur Ağdamlı, şairə: “Postmodernizm ölməyib, əksinə, təzə doğulub və inkişafdadı. Keçmişin geri dönüşünə daha çox bənzəyir.Mən biləni səhv də edə bilərəm”.

Əkbər Qoşalı, yazar: “Məncə, heç bir ədəbi axın, ədəbi tür ölmür, sadəcə öz mövqeyini itirir. Bu anlamda, postmodernizmi də ölmüş yox, belə deyək, populyarlığını itirmiş saymaq olar. Sizə deyim, bizdə posmodernizm sanıldığı qədər də populyar olmayıb, parıltılı olub. Doğrudur, bu ədəbi axının mahiyyətini idrak edən azsaylı qələm adamları da olmamış deyil, ancaq əsasən “mən posmodernistəm” deyənlərin çoxu parıltı dalınca gedənlər idi. Parıltı isə əbədi deyil, sönməyə məhkumdur. Sizin kimi bir populyar qəzetin bu gün mövcud sualla çıxış etməsinə gətirib çıxaran da həmin amildir… Ümumən qələm adamı yazdığını hansısa ədəbi axına, türə uyğunlaşdırıb yazmamalıdır, onun yazısı özü nişan verməlidir ki, bu hansı ədəbi axının (yaxud türün) hadisəsidir…”.

Vahid Əziz, şair: “Əslində bizlər yəni orta və yaşlı nəsil yazarları bu üslubda zamanında yazmışıq, amma özümüzdən ad qoymamışıq. Əsas ortaya əsər qoymaq lazımdır, qalmaqal, boş şeylərlə gündəm də olmaq lazım deyil. Şeiri üçbucaq şəklinə salmaq lazım deyil. Şeirin yazılma qaydası var”.

Nərmin Kamal, yazar: “Mən və digər həmkarlarım ədəbiyyata yeni ruh gətirdik postmodernizmi təbliğ etməklə. Postmodernizm artıq çoxdan ölüb və qırxıda çıxıb. Allah rəhmət eləsin. ”

İbrahim Sel, yazar: “Postmodernizm ölüb, fatihəsi də verilib. Çox təəssüf ki, bizim AYO-dakı cənablar bunu hələ də başa düşmürlər. Qınına çəkiliblər, dünyadan xəbərləri yoxdur. 2000-ci ildə öyrəndikləri züyü hələ də püfləyirlər. Aqşin kimilər içir, Seymur kimilər isə Markesi, Koelyonu oxumağı ilə fəxr edir. Bu yoldaşların hamısını kvalifikasiyalarını artırmaq üçün maşınlara doldurub oxumağa göndərmək lazımdır, amma mən bilmirəm hara, belə bir yer varmı? Hörmətli yoldaşlar, dünyanın bir nömrəli intellektualı sizə sırıdığı kimi Umberto Eko deyil, qulaqlarınızı açın eşidin, zarubezhom.com saytının yaradıcısı professor Stoleşnikovdur. Nə yaxşı ki, posmodernizmin yerini konspirologiyanın tutması barədə məlumatı olan və cəmiyyəti düzgün istiqamətləndirən Həmid Herisçi kimi tək-tük yazarlarımız var. Mən belə adamları görəndə hiss edirəm ki, boğulmayacayıq, nəfəscik var. Yaşasın!”

Aqşin Yenisey, şair: ““Postmodernizm” anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli informasiya əldə etmək olar: söz özü haqqında çox şey deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə (“post”) aid edir. İkincisi, postmodernizm modernizmlə münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir: bir tərəfdən postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki “modernizm” sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundamental müddəalarından imtina edir, yoxsa yenə də elə həmin “post” sözü vasitəsilə özü ilə modernizm arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çapdırmazdı. “Postmodernizm” anlayışı eyni zamanda birbaşa ifadə etməsə də, dolayısı ilə modernizmdən əvvəl mövcud olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu ifadə edir. Yeri gəlmişkən, bəşər nəslinin bütün tarixi boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rab edən keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların aparıcı xüsusiyyəti kimi özünü büruzə verir. Lakin anlayışda “modernizm” sözünün xüsusi olaraq vurğulanması hər halda onun klassik ənənələrə nisbətən modernizmə daha yaxın olmasına, onunla daha sıx əlaqədə olmasına dəlalət edir.

Tural BALABƏYLİ

/merkez.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.