Ana səhifə TÜRK DÜNYASI Yaz bayramı. Nərimanovun Atatürkə məktubu…

Yaz bayramı. Nərimanovun Atatürkə məktubu…

Müəllif: Bizim Yazı
123 baxış

Dilqəm Əhməd

Yaz bayramının bilinən ən qədim qeyd olunma tarixi Ön Asiya xalqlarından qutilər və lulubilərin dönəminə aiddir. Mesopotomiyanın sirli xalqı şumerlər bu bayramı Akitil (“til” yaşamaq, yenidən doğmaq anlamını ifadə edir) adı altında qeyd edib. Eyni zamanda miladdan öncə XVIII yüzillikdən etibarən Babildə arpa əkinindən əvvəl Akitu adlı şənliklərin keçirilməsi mənbələrdən məlumdur. Qədim Babildə bahar bayramında Tanrının simvolik təsviri yaradılaraq çay kənarında yerləşən Akitu məbədlərinin içərisinə qoyulur ki, bu ənənə Tanrının yenidən Yer üzünə qayıtmasını, daha doğrusu ölən təbiətin yenidən dirilməsi prosesini özündə əks etdirir. Şumerlərin “Bilqamus” abidəsində bahar şənliklərinin keçirilməsi qeyd olunur.

Amerika qitəsində Kaliforniya ətrafında yaşayan hindu tayfalarından Yurok, Karuk, Hupa, Yuki, Pomo, Modoç və Maidu tayfaları şaman öndərliyində mart ayında yeni il bayramı keçirirlər. “Diriliş” şənlikləri adlanan bu bayramda hindular yaşadıqları ərazinin tam ortasına uzun və düz şəkildə bir dirək basdırır, bunun dünyanın mərkəzinin və tanrının simvolikası olması bildirilir. Burada daha maraqlı hadisə şamanın həmin dirəyə çıxaraq mənsub olduğu qəbiləni şər ruhlardan, xəstəliklərdən, hər cür bəladan qurtararaq, onlara bol məhsul verməsi məqsədilə Ulu Ruha dua etməsidir. Bu adət daha çox Kaliforniyada yaşayan Kamella qəbiləsinə xasdır. Bu qəbilələrlə yanaşı hazırda Boliviyada yaşayan Aravak və Manası, Meksikada yaşayan Arıkara qəbilələri də Gök Tanrı inançına uyğun şəkildə martda bahar şənlikləri keçirirlər. Qədim keltlərin də bahar bayramı keçirmələri bəllidir və hazırda İrlandiyada qeyd olunan Belteyn törəni Novruzun analoqlarındandır.

Patidan bağlayan zərdüştilərin etmədikləri

Zərdüştilərin inancına görə müqəddəs mələk Vohuman Novruz günündə Zərdüştə Tanrının sözlərini çatdırıb. Zərdüştün həyatından bəhs edən “Mövludnameyi-Zərdüşt” və “Zərdüştnamə” adlı salnamələrdə yazılır ki, Zərdüşt Novruz günündə Dərcaçayın sahilində olarkən müqəddəs mələklərdən Vohuman ona görsənir və onu Ulu Hörmüzdün yanına aparır. Burada Tanrı ona Yerdə görməli olduğu missiyasını izah edir və ona bir çox sirlər agah edilir. Salnaməyə görə, Tanrı ilə olan bu görüş Xara dağının başında yerləşən və Homa ağacının bitdiyi Qerozemanda-yəni cənnətdə baş verir. Salnamədə Zərdüşt peyğəmbər bu barədə deyir: “Elə ki, Ulu Tanrını öz gözlərimlə gördüm, həmin an dərk etdim ki, dünyada baş vermiş bütün əməllərə ən doğru, ən ədalətli hökm çıxaran hakim təkcə Odur”.

Novruz bayramında edilən, bayramın mahiyyətinə aidiyyatı olmayan yanlış hərəkətlərdən biri odun üzərində atlanmaqdır. Mifik inanclarda od günahları yandıran deyil, günahlardan arındırandır. Odun ən müqəddəs hesab edildiyi din olan zərdüştilikdə kahinlər atəş qarşısında dayanarkən nəfəsləri odu çirkləndirməsin deyə patidan adlanan geyim geyinirdilər. Əski türklərdə atəşin üzərinə su tökmək, tüpürmək, atəşlə oynamaq günah sayılırdı. Odun nəfəslə belə çirkləndirilməsi qadağan olduğu halda, üzərindən tullanaraq ritual keçirilməsi gələnəklərə uyğun deyildir.

Yusif Vəzir nə düşünürdü?

Azərbaycan ədəbiyyatında Novruza və zərdüştiliyə verdiyi önəm baxımından Y.V. Çəmənzəminli mühüm yer tutur. Onun “Azərbaycanda zərdüşti adətləri” adlı məqaləsinin ilk başlığı Novruza həsr olunub. Çəmənzəminli yazır ki, Novruz adətinə Avestada rast gəlmiriksə də, fəlsəfəsi tamamilə oradan alınıb: “Novruzun Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm..İran mədəniyyətini Midiya və bilxassə Azərbaycan yaradıb, Midiya səltənəti yarandıqda bu mədəniyyət zərdüştiliklə bərabər İrana keçib və əsrlərcə azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləyiblər. Novruz və başqa adətlərimiz də o vaxtdan qalmadır”.
Yenidən doğuluş-Ergenekon

Hunların miladdan öncə III yüzillikdən, uyğur türklərinin isə miladi IX əsrdən etibarən “yanqı kün” şənlikləri keçirmələri qeyd olunur. Əski uyğurların insanlara xoşbəxtlik bəxş edən “Akkuza” ulduzunun adına uyğun olaraq verdikləri Akkuza ayının başlanğıç gününü (miladi 21 mart) bayram kimi keçirmələri bildirilir. X əsrə aid olan “Maytrısimit” əsərində “yanqı kün”də uyğurların teatrda müxtəlif pyesləri oynamaları, güləş keçirmələri haqqında məlumatlar vardır. Tsi-Ma-Çianın əsərinin “Hun adətləri” adlı bölməsində hunların müxtəlif şənliklər keçirmələri, atalarının ruhlarını yada salmaları, ibadət etmələri və Gök Tanrıya qurban kəsmələri qeyd olunur. Digər bir Çin tarixçisi Fenyenin “Son Xan sülaləsi” adlı əsərinin “Güney hunları” adlı bölməsində hunların başda 21 mart olmaqla ildə 3 dəfə toplanıb (milad təqvimi ilə 3-cü, 8-ci, 12-ci ayda) qurban kəsdikləri bildirilir.

Novruzun türk dünyasında geniş yayılan digər adı olan Ergenekon eyniadlı əfsanədən götürülüb. Əfsanəyə görə türklər çinlilər tərəfindən məğlub edildiklərində xaqan oğlulları Nüküz və Qıyan və iki qız xilas olur. Onlar bir maralın arxasınca düşərək yaşıllığın olduğu bir yerə çatırlar. Gənclər evləndikdən sonra 400 il burada yaşayırlar, bir gün bozqurdun yol göstəriciliyi ilə ərazidən çıxmağa yer tapırlar və yenidən öz yurdlarına qayıdırlar.
Bu günün özündə də uyğur, qazan, ufa  türklərində Ergenekon dastanı Novruzda, həmçinin digər dini bayramlarda Qurani Kərimin oxunması bitdikdən sonra da söylənir:

Ərgənəkon! Ərgənəkon!
Davarlar yox oldu,
Kişilər qocaldı,
Yenidən balalar doğdu,
Bizim yolumuz hələ bitmədi
Əcəba dənizə daha çoxmu var?
Ağaclar yaşıllaşdı, quzular doğdu,
Çiçəklər açdı, indi yaz gəldi.
Bu gün bizim bayramdır
Ərgənəkoma dönmək istəyirəm.

Nərimanovun Atatürkü təbrik etdiyi bayram

TBMM açıldıqdan sonra ilk Novruz 21 Mart 1921 ildə keçirilir. İstiqlal savaşı dönəmində ən möhtəşəm Novruz törəni 22 Mart 1922-ci ildə Ankarada Taşhan meydanında qeyd olunur. Bu törəndə Mustafa Kamalın Azərbaycan, Özbəkistan, Əfqanıstan və Rusiyadan gələn nümayəndələrlə birlikdə bir çadırdan bayramı seyr etdiyi bildirilir. Bir il qabaqkı törənlə əlaqədar olaraq Atatürk 24 Mart 1921-ci ildə N.Nərimanovdan teleqraf alır: “Cənubi Qafqaz komissarı, Azərbaycan Sərbəst Hərbi Məktəb tələbələri, iki bölüklü Süvari əsgərləri, Şuşa Mühafizə Taboru əsgərləri Türk millətinin böyük Novruz bayramını təbrik edir və biz ümid edirik ki, Azərbaycan İnqilab Ordusu qəhrəman Türk ordusu ilə bərabər bu yaxınlarda Şərq millətlərini Qərb imperializminin təzyiqindən qurtararlar. Yaşasın Şərq inqilab başçılarından Mustafa Kamal” (Nəriman Nərimanov, Azərbaycan Hökumətinin başçısı).
Nə qəribədir ki, Nərimanovun özü də Novruz gününün axşamı zəhərlədilərək öldürülür.

Novruz XX yüzildə

1920-ci ildə Özbəkistanda qadağan edilən Novruz törənlərinin keçirilməsinə 1960-cı ildən etibarən yenidən başlanılır. 1988-ci ildə Qazaxıstanda, 1990-cı ildə Özbəkistanda Novruzun rəsmi şəkildə qeyd olunmasına icazə verilir. Azərbaycanda isə basqılaara rəğmən Şıxəli Qurbanovun fədakarlığı nəticəsində tədricən qeyd olunmağa başlanılır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova 1990‐cı il martın 13‐də  Novruz bayramının rəsmən qeyd edilməsi haqqında fərmanı imzalayır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilir, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” kimi elan edilir.

Qaynaq:
1. Prof.Dr. Abdulhaluk M.Çay “Türk Ergenekon bayramı Nevruz”, Ankara, 1991
2. Y.V. Çəmənzəminli “Əsərləri-3-cü cild”, Bakı, 1977

//publika.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.