Ana səhifə BAŞ YAZI XATİRƏ FƏRƏCLİ. ŞEİRLƏR

XATİRƏ FƏRƏCLİ. ŞEİRLƏR

Müəllif: Bizim Yazı
1. 526 baxış

AĞ ÇİÇƏK

Ay ağ çiçək, ağ çiçək,
allar düşüb gözümdən.
İçimdə bir qallıq var,
gəl, al məni özümdən.

Ürəyim ağ kəlağay,
yer tapammıram sərim.
Belə ürəklə bəlkə
çiçək olub əzəlim.

 

Götür, hara istəsən
apar məni, at məni.
O Bəy bəyazlığına
bələ məni, qat məni.

Gedim bir ağ yuxuya,
gedim ağ mələk kimi.
Qayıdıb bu dünyaya
gəlim ağ çiçək kimi.

BU NƏDİ?

Sən niyə baxırsan yollara, niyə
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta
Yoxsa tükənibdi dözüm, bu nədi?

Nədir bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?

Köçüm uzaqlarda … ömür də yarı,
Yağır, çalın-çarpaz taleyin qarı.
Yeriyir üstümə qəm karvanları,
Bəs hanı təpərin, dizim, bu nədi?

***
Bu darıxmaq, aman tanrım,
Buraxmır yaxamı nədən?
Darıxıram, darıxıram
Dar gəlir ruhuma bədən.

Qara qarışqalar kimi
Yol gedirik yön fələyin
Yolumuz bir mənzilədir
Kimi asta, kimi yeyin.

İçimizdən alışırıq
Kül olub sönənə qədər
Heçdən gələn darıxacaq
Heçliyə dönənə qədər.

QATAR GÖZLƏYİRƏM

Bu qatar da ötüb getdi
Ünüm yetmədi, yetmədi.
Gedib, gedib gözdən itdi
Güman itmədi, itmədi.

Bir dəli inada qulam,
Könlümdə dağıntı, savaş.
Nagüman qatar gözləyib,
Nə çəkirəm biləydin kaş.

Söykənib tənha söyüdə
Budaqdan bar gözləyirəm.
Qatarlanıb illər gedir
Mənsə qatar gözləyirəm.

QALDI

Gözümdən oxundu qəlbimin qəmi
Bəxtəvər görünmək üzümə qaldı.
Qismət deyə-deyə, bəxt deyə-deyə
Gəzib dolanmağım özümə qaldı.

Sığındım payıza, qışa gözlədim,
Baxmadım ömürə, yaşa gözlədim
Gözlədim hədərə, boşa gözlədim
Yollara dikilmək gözümə qaldı.

Həsrətin özüymüş sapsarı dünya,
Qıymadı könlümə baharı dünya,
Gülmədi üzümə bu qarı dünya
Mənimki yenə də dözümə qaldı.

YENƏ

Alar xatirələr öz ağuşuna,
Bir kövrək bayatı olaram yenə.
Dönərəm bir dəli yaz yağışına,
Axıb dəryalara dolaram yenə.

Yoxuşlar adlayıb, enişlər gəzib,
Tikanlar tapdayıb, qanqallar əzib,
Payız çiçəyi tək sazağa dözüb
Bahar həsrətiylə solaram yenə.

Demirəm küskünəm doğmadan, yaddan,
Ancaq təkbaşına çıxmışam oddan
Döndərib üzümü bu məxluqatdan
Dörd divar içində qalaram yenə.

SƏNİN SƏADƏTİN MƏNƏM

Qəmə məhkum bu ömrümü
Kəsmə, ay Allah bəndəsi,
Yolum üstə külək olub
Əsmə, ay Allah bəndəsi.

Bu dünya bir uçuq kaha,
Ümid yox gələn sabaha
Küssən barışmaram daha
Küsmə, ay Allah bəndəsi.

Bir yollardır, bir pəncərəm
Gözləyirəm gözləri nəm.
Sənin səadətin mənəm
Gəzmə, ay Allah bəndəsi.

NİYƏ GƏLMƏDİN?

Gözüm uzaqlara dikildi, gülüm,
Yolumda tikanlar əkildi, gülüm.
Gecələr yuxum da çəkildi, gülüm,
Sən niyə gəlmədin, niyə gəlmədin?

Mənim ki, yükümü başdan əyiblər,
Eşqimi bəxtimə qul eləyiblər,
Hamının gedəni gəlsin deyiblər,
Sən niyə gəlmədin, niyə gəlmədin?

NEYNİRƏM SƏNİ

Döymədin qapımı, küləklər döydü
Şirin yalanlardan vaxt-vədə doydu
Gözlərim nurunu yollarda qoydu
Neynirəm səni?!

Ümid bəsləmişəm  vüsala əbəs
Getdi o məhəbbət, getdi o həvəs
Daha varsan, yoxsan heç nəyə dəyməz
Neynirəm səni?!

Sənsiz keçdi ömür, keçdi yazım da
Getdi xanımlığım, getdi nazım da
Neynirəm gələsən sən payızımda
Neynirəm səni?!

İÇİNDƏ

Soruşma halımı gendən-yaxından
Günlərim bombozdur duman içində
Ürəyin deyəni dilin demədi
Mən səni itirdim yalan içində.

Dağ qoyub getdiyin indi təpədir
Sellər, sular yuyur, yellər tərpədir.
Qəlbim oyuq-oyuq, qəlpə-qəlpədir
Boşuna gözlədim güman içində.

Dönmüşəm bir gizli nisgilə, aha
Mənə yazı yazan batıb günaha
Köçümü dünyadan çəkmişəm daha
Kim qalar bu boyda talan içində.

QORU BU SEVGİDƏN MƏNİ, İLAHİ

Dəvətsiz qonağ tək döydü qapımı,
Arzu tək, fərağ tək döydü qapımı,
Tə’nə tək, qınağ tək döydü qapımı
Qoru bu sevgidən məni, ilahi.

Mələkmi, şeytanmı göylərdən enib,
Dönüb xoş nəğməyə könlümdə dinib,
Könül oğrusudur, qəlbimə girib
Qoru bu sevgidən məni, ilahi.

Qoydun sevgimə də qoruq-qadağa,
Baxdım ki, sığışmır yola-yolağa,
Olsun qınaqlara sevgim sadağa,
Qoru bu sevgidən məni, ilahi.

SƏNİ GÖZLƏDİM

Kölgələnmiş aya döndüm,
Sıralandım, saya döndüm,
Toy – büsatdım, vaya döndüm,
Səni gözlədim.

Gəzən səda-soraq olub,
Gözü itmiş bulaq olub,
Yaxınlara uzaq olub
Səni gözlədim.

Ucalardan enmədin sən,
Daşa döndün dinmədin sən,
Nələr çəkdim… bilmədin sən…
Səni gözlədim.

BU BAĞ

Bu bağ, bu səbətin, bu arıların
Nə vaxtdan məskəni, yurd yeri olub?
Neçə xatirəyə məkan bu bağda
Neçə yol bu səbət boşalıb, dolub?

Canını qoymağa yer gəzir yenə
Neçənci küləkdir üstündən əsən?
Dartılıb kəmər tək belini sıxan
Barını kim belə hörüb görəsən?

Hər gələn özüylə xatirə payın
Yığıb yığışdırıb aparıb bəlkə?!
Qalıb ağı deyir külək diliylə
Bu bağın dərdi var özündən yekə.

Ürəyim uçunur yaşıllıq deyə
Laylam, rahatlığım bir odur ancaq.
Ruhuma sığala təbiət gəzib
Görməyə bir parça gümandı bu bağ.

Götürüb gəlmişəm çəkdiklərimi,
Yüküm bu dünyanın qəmi olsa da.
Gələndən-gedənə hey fırlanırıq
Arı səbətində, mən bu dünyada.

* * *
Fikir yelkənsiz gəmi,
bir mövzu tutub məni
yazımmı yazmayımmı?

Hisslər ağlı hərləyir,
məni şeytan girləyir
azımmı azmayımmı?

Hər baxışda bir məna,
hər kəlmədə bir tənə

Bu nə eşq, bu nə istək
qovğada ağıl, ürək
dözümmü dözməyimmi?

Hər istək ayrı adda,
dünya ayağım altda
əzimmi əzməyimmi?

MƏNİ ARA

Hər allanıb güləndə dan,
Hər yadına düşdüyüm an,
Ürəyin istəyən zaman
məni ara.

Bircə qəfil zəng səsiylə,
Bir “necəsən” kəlməsiylə,
Ürək ilə, həvəs ilə
məni ara.

Həzin meh tək əsim-əsim
Titrəməsin kəlmən, səsin,
Təkcə sayğı, diqqət bəsim
məni ara.

Bu ömürdür, elə-belə,
Ya sevin-gül, ya dərd elə,
Aldanaq bu sevinc ilə
məni ara.

AY OLANLAR, KEÇƏNLƏR

Çəkimmi başa sizi,
Gözüm üstə saxlayım?
Yoxsa gömüb dərinə
Ağı deyim, ağlayım?

Baxış kimi toqquşub,
İstək kimi keçdiniz.
Gəlib sığınacaq yer
Xatirəmi seçdiniz

Nələr çəkdim sizlərdən,
Nələrə qatlandım mən,
Nələrdə batıb qaldım,
Nələri atladım mən.

Ələk-ələk ələnib,
Xəlbir-xəlbir daşındım.
Siznən ölüb  dirildim,
Sizin ilə yaşadım.

* * *
Gedir
payız ilə dərdləşə-dərdləşə
ömrünü payızlara
paylayan qoca.
Bu dünyanın
günəşində isinib,
yağışında islanıb,
sevinc görüb,
qəm yeyib doyunca.
Sinəsi xatirələr məskəni
bəlli edir görünüşü,
görkəmi.
Daha
ayağı altda yer titrəmir,
əli titrəyir
bu qocanın,
birtəhər hərləyir canın.
Gedir,
dəstələyib əllərində illəri,
kim bilir nə düşünür ?!
bir ömür yola verib
bəllimi görən ona
ömür adlı
bu nəsnənin sirləri?
Sönükən gözlərində
bu dünyaya etiraz,
bəkləntisi
bəllidir
geci-tezi var bir az.
Durub gözünə yollar
enin-uzunun ölçür,
tapdalamır xəzəli,
dönüb yanından keçir
uzanır yolu.
Gedir,
gedir qüruba doğru…

***
Ürəyim bal səbəti,
duyğularım şan.
Bal arısı kimi
gündüz
harda gəzib dolansam da
ürəyimə çəkilirəm
günün axırı
axşam.

* * *
Havada nə soyuq var,
nə şaxta, nə qar
İsti ocaq qırağında
üstümə gəlir
buz kimi soyuq dar-divar.
Üşüyürəm,
tənhalığın soyuğudur
üşüdən məni.
Üşütməsin belə soyuq,
belə sazaq
bir kimsəni.

* * *
Pəncərədən
asılıb qalan
baxıb-baxıb
yorulan baxışlarım…
keçdi günlər boz, sarı
keçdi illər…
keçdi ömrün qatarı
gəlmədi
bu dünyanın
mən gözləyən baharı.

* * *
Asta-asta
çökür  qaranlıq…
İxtiyar-ixtiyar
nəfəs alır təbiət,
qarışır şər.
Darıxıram
olmayan qədər.

* * *
Axar hara aparırsa
o tərəfə axanda
sərbəstliyim,
taxtım-tacım.
Huyuxub adamlardan
içimə sığınanda
ehtiyacım,
əlacım.
Gündüzlər düzü-dünyanı,
gecələr soyuq divarları
üstümə yeridən,
məni didən
ağrım-acım,
Tənhalığım…
özüm asdığım
dar ağacım.

* * *
Bu dünyanın üzümə
asta-asta qımışıb
xoş gələn
vaxtlarıydı.
Nə istəsəm,
nə desəm
nazımı çəkə-çəkə
verirdin
vaxt var idi.
İndi də nəzərimdə
sən ucasan,     sən Pirsən.
bir ildir anasızam
anamı istəyirəm,
ATA,
verə bilmirsən.

* * *
Bura təbiətin əl boyda
bir bucağı,
balalarımın ata ocağı.
Bu ocağın
varı-yoxu xatirələr…
Bu ocaqda
sevgi dolu günlərimin
sevinci var.
Sevdiyimin gözü ilə baxır mənə
bu dər-divar.
Burda sağdır
gözlərimdə ölən eşqim.
İllərin o üzündən
qulağıma gəlir birdən
şaqraq səsim.
Bura mənim
sığınacağım
daş qəfəsim.

* * *
Qəbir üstə bitən ağac
o baş daşı dərdimdi
durmusan dərdimlə qoşa
sənə can verən
torpağa qarışıb
canım qədər sevdiyim insan
ruhum payız görkəmin
sapsarı, pərişan.
Nə hüznlü pıçıldayır
yarpaqların
yaxın bir kəsim kimi
oxşayımmı,
sığınımmı sənə
əzizimin kölgəsi kimi.

OVUTDUN MƏNİ, OVUTDUN

Ələnir quşbaşı qar…
Göylərin ağ yuxusu,
dərdli ürəyin
ağrısı.
Qərib axşamda,
Qərib bir taledən
baxıram.
Yağan qarın üzünə
tənha, bəyaz
bir ürəklə çıxıram.
Ay yağan qar,
könlümə çıraq tutdun.
Unutdum özümü,
dərdlərimi
Ovutdun məni, ovutdun.

***
düşüb ağ yollara
gedirik
ağ diləklərə
ağ çıraq yandırmağa
ağ daşlar
ayağımızı döyə-döyə
ovcumuzda ürəyimiz
ürəyimizi yeyə-yeyə
saya-saya gedirik
qara, ağ
məni alır cərgədən
gələndə AĞ QONAQ
ağ nəğmə yağır göylərdən
hər yer olur ağappaq
yaxınlaşır yer göyə
atlanıb ürəyim gedir
yer ilə göyün
birləşdiyi yerə
yüngülləşir
ağ göyərçin kimi
öləziyir bütün “rənglər”
bütün ağrılar
itirir rəngini.

* * *
Bu  bahar  anamsızam
Yer,  göy canlandı  bu  bahar
mən  cansızam.
Bu  bahar  bənzəmədi  əvvəlkilərə
Girmədi  ürəyimə  bu  bahar
Qarışıb  sularına
göz  yaşım  axdı…
Qarışmadım  bu  bahara
uzaqdan  baxdım…

You may also like

1 şərh

hafiz rüstəm 2015-04-06 - 10:35

İlahi, təsadüfən səhifəsinə daxil olduğum, gözəl şeirlərini oxuduğum bu el qızı nə qədər zərif, yüksək reytinqli şeirlərin müəllifi imiş! .İmkanım olsaydı, bu əsl şairənin bütün misralarını qızıl hərflərlə yazardım. Tam səmimiyyətlə bildirirəm ki, bu səhər əbədiyyət çiçəklərinin rayihəsinə qərq oldum, feyzyab oldum.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.