Ana səhifə YAZILAR «XAN QIZI…»

«XAN QIZI…»

Müəllif: Bizim Yazı
529 baxış

Vasif SÜLEYMAN

Xan qızı eyni zamanda «Natamam»  təxəllüsü ilə qəzəllər yazarmış

Bu günlərdə «Şur» nəşriyyatında Cəmil Tağıyevin işıq üzü görən yeni kitabı belə adlanır. Kitabda XIX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına bir daha nəzər salınır.
Məlumat üçün bildirək ki, kitabın müəllifi Cəmil Tağıyev 1931-ci ildə Zəngilan rayonunun Aşağı Gəyəli kəndində anadan olub. Orta təhsilini rayon mərkəzindəki 1 saylı məktəbdə tamamlayıb. 1948-50-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, sonra Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (qiyabi) bitirib.
Müəllimlik fəaliyyətinə rayonun Şayıflı kənd məktəbində başlayıb. 58 illik pedaqoji fəaliyyətinin xeyli hissəsini direktor müavini və direktor vəzifəsində çalışıb.
1993-cü ildə Zəngilan erməni-rus silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Bakı şəhərinin Nəsimi rayonunda məskunlaşıb. Bu rayondakı 46 saylı orta ümumtəhsil məktəbinin rus bölmələrində Azərbaycan dili müəllimi işləyir.
“Təlimi rus dilində olan orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri” adlı dərs vəsaitinin və on doqquzuncu əsrin ikinci yarısında Cəbrayıl qəzasının Şərikan kəndində (indiki Zəngilan rayonu) yaşayıb-yaradan aşıq Məhəmməd Bağbanın həyat və yaradıcığından bəhs edən «Yaddaşlardan yığılan kitab»dan sonra bu, Cəmil Tağıyevin oxucularla üçüncü görüşüdür.
Kitabın «Giriş»ində müəllif yazır: «Azərbaycan ədəbiyyatı insanlığa böyük dahilər bəxş etmişdir. Digər dünya xalqlarının yaratdığı ədəbiyyatla, yetirdiyi sənətkarlarla müqayisədə Azərbaycan ədəbiyyatının hamımızın öyünə biləcəyimiz bir nöqtədə dayandığını görür və bununla fəxr edirik. Sadəcə, bir faktı ürək ağrısı ilə qeyd etmək lazımdır ki, bizim ədəbi irsimizə, ədəbi korifeylərimizin yaradıcılığına, yaşantısına və düşüncələrinə, deyək ki, Şekspir, Puşkin, Düma, Balzak və başqaları qədər işıq salınmayıb. Hansı səbəbdən olmasından asılı olmayaraq, bu biganəliyin içində biz öz mənəvi təpərimizi layiq olduğu ucalığa daşıya bilməmişik. Bunun da bir səbəbi, bəlkə də, həmin sənətkarların həyat və yaradıcılığını özümüzün tam araşdıra bilməməyimizdir. Çox vaxt haqqında ağızdolusu danışdıqlarımızın adlarını icmallarda çəkməklə kifayətlənmişik. Kimisə günahlandırmaq fikrindən uzağıq. Amma ədəbiyyat tarixi ilə bağlı mənbələrdə haqqı özünə qaytarılmayan, adları ümumi sıralanmalarda çəkilən o qədər böyük sənətkarlarımız var ki…   Görünür zaman-zaman yazılanlar bizim mədəni sərvətlərimizin bolluğu fonunda hələ çox azdır.
Örnəyi, XIX yüzilin ikinci yarısında Qarabağın böyük Cavanşirlər nəslindən olan Xurşidbanu Natəvan yaşayıb-yaradıb və həm insanlığı, həm düşüncələri, həm də özünəməxsus dərdləri ilə xalqın yaddaşında əbədiləşib. İnsan qəlbinin zərif və mürəkkəb hisslərini qəzəllərində dolğunluqla əks etdirən Natəvanı olduğu kimi tədqiq edə bilməsək də, keçən yüzilliklərdən gözəl Natəvanın səsi, nəfəsi duyulur. O, ən çox sevilən, ən çox mübahisələrə səbəb olan, lakin həyat və yaradıcılığının öyrənilməsi vacib sayılan sənətkarlardan biridir. Xurşidbanu Natəvan XIX yüzildə öz adı, soyadı, yaxın qohumları ilə fəxr edən bir şairə xanım olmuşdur və onun həm şəxsiyyəti, həm poetik irsi  öyrənilməlidir. Bütün yaradıcılığı küll halında gəlib zəmanəmizə çatmasa da, əlimizdə olanlar onun böyük yaradıcılıq yolu keçdiyini göstərir».
C.Tağıyev kitabda Cavanşirlər nəslinin yadigarlarından olan, ötən əsrin ortalarında dünyasını dəyişən Xan qızı Natəvanın ata tərəfdən əmisi nəticəsi Geysu xanım Cavadbəy qızı ilə zamanında apardığı söhbətlərdən, Geysu xanımın Xan qızı haqqında dediklərindən bəhs edir. Geysu xanımın  Natəvan haqqında söylədikləri arasında araşdırılması vacib olan   məqamlar  da var. Müəllif yazır: «Geysu xanım Cavadbəy qızı Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında çox danışardı. O vaxtlar yazılı qeydlər aparmadığımdan, sadəcə yaddaşımın saxlaya bildiklərini oxucularla bölüşmək istəyirəm. Onun danışdıqları arasında  elm aləmində mübahisə yarada biləcək məqamlar da var idi. Amma indi hər hansı mübahisə açmadan bir şeyi xatırlatmaq istəyirəm.
Geysu xanım danışırdı ki, Xan qızı eyni zamanda «Natamam»  təxəllüsü ilə qəzəllər yazarmış və bu təxəllüs onun həm yaşadığı üzüntülərə, həm də bu üzüntüləri özündə əks etdirən  yaradıcılığına çox uyğun idi. Bir oğlunun vaxtsız dünyadan köçməsi, digərinin ondan ayrı düşməsi, ana bir ata ayrı övladların mal, mülk üstündə bir-birinə düşmən kəsilməsi, həyata keçirmək istədiklərini başa çatdıra bilməməsi Xan qızının taleyində bir natamamlıq çevrəsi yaratmışdı.  Bu çevrədə ürəyi yaratmaq eşqi ilə döyünən bir qadının bütün arzularının yarımçıq qalması nəticəsində «Natamam» təxəllüsü  ilə qəzəllər yazması mümkün idi».
Daha sonra müəllif yazır: «Natəvan» sözünün evsiz, köməksiz, çarəsiz, taqətsiz, mənalarında işləndiyini də nəzərə alsaq, Xan qızının zamanında həm «Natəvan», həm də «Natamam» imzası ilə yazdığının mümkünlüyü ilə razılaşmamaq olmur. Göründüyü kimi, Xan qızının təxəllüsünün müxtəlif ifadə formalı izahları olsa da, nəticə etibarı ilə arzuları yarımçıq qalan, yaşantıları tamamlanmayan anlamına gəlir. Bu yerdə Geysu xanımın «Natamam» təxəllüsü ilə bağlı dedikləri yada düşür. Belə məlum olur ki, atası Mehdiqulu xandan aldığı qızılla dolu sandığın ağzını açaraq, qayaları yardırıb 7 kilometrlikdən Şuşaya içməli su çəkdirmiş, çarhovuz tikdirmiş, hətta oradan su içənlərə hədiyyələr də vermişdir».
«Xan qızı…» kitabının «Cavanşir nəslinin söz adamları» bölmələrində X.Natəvanın şair qohumları haqqında danışılır və X.Natəvanın böyük tədqiqatçılarından olan Bəylər Məmmədovun kitablarından mənbə kimi istifadə olunur. Cəmil Tağıyev bu haqda yazır: «Latın qrafikalı Azərbaycan əlifbfsına keçəndən sonra dövlət səviyyəsində mədəniyyət tariximizə öz möhürünü vuran sənətkarların əsərləri yenidən nəşr olunmağa başlandı. Ancaq bunlar hələ çox azdır. Yeni nəslin tariximizin və ədəbiyyatımızın bu məqamları ilə bağlı bilgilərini daha da artırmaq üçün dühalarımızın həyat və yaradıcılığına bacardığımız qədər yenidən ayna tutmalıyıq. Bir çox şair və yazıçılarımız kimi X.Natəvanın həyatına yenidən nəzər salmağa da çox ehtiyac var. Bu baxımdan hörmətli Bəylər Məmmədova dərin hörmət və ehtiramımı bildirməklə, onun araşdırmalarından bir sıra örnəkləri yenidən oxucuların diqqətinə çatdırmaqda heç bir qəbahət görmürəm».
«Son söz əvəzi»ndə isə Xurşidbanu Natəvanın əmisi nəticəsi Geysu xanımın həyatı haqqında geniş məlumat, onun əmisi oğlu Vahid Cavanşirovun və nəvəsi Azər Tağıyevin xatirələri yer alıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.