Ana səhifə YAZILAR Xəyal kirpiklərdən asılı qalıb… – ŞEİRLƏR

Xəyal kirpiklərdən asılı qalıb… – ŞEİRLƏR

Müəllif: Bizim Yazı
964 baxış

U DenizÜLKƏR DƏNİZ
(Ülkər Söhbət qızı PİRİYEVA)
1987-ci ildə Masallıda doğulub. AZƏRBAYCAN Universitetinin məzunudur. BSUnun Yaradıcılıq fakültəsinin dinləyicisi olub. DGTYB üzvüdür.

DÜNYAMI GÜNAHKAR,
BİZMİ GÜNAHKAR?

Alışıb içimdə hey yanır ömür,
elə bil başıma fırlanır ömür.
Hələ, tikə-tikə doğranır ömür,
dünyamı günahkar, bizmi günahkar..?

Sıxılır can dağa-daşa düşəndə,
gec olur taleyi başa düşəndə.
Yolumuz bahardan qışa düşəndə,
dünyamı günahkar, bizmi günahkar..?

Qismətin taxt-tacı uçulan zaman,
arzular can verib köç olan zaman,
Sevgimiz ürəkdə puç olan zaman,
dünyamı günahkar, bizmi günahkar..?

Ömür ya payızdan, ya qışdan keçir,
İslana-islana yağışdan keçir…
Hər addım enişdən, yoxuşdan keçir,
dünyamı günahkar, bizmi günahkar..?

Nə bu gün, nə dünən, nə sabah bilir,
nə sevinc, nə həsrət nə də ah bilir;
Bilirsə, bilirsə, bir Allah bilir,
dünyamı günahkar, bizmi günahkar..?

ƏGƏR AYRILDIQSA…

Dünya dərdimizdən dayazdı, zalım..!
Gör, Tanrı qismətə nə yazdı, zalım.!?
Ayrılıq gözümdə Arazdı, zalım,
Əgər ayrıldıqsaq, necə barışaq..?

İçimi göynədən sevgi dağıdı,
pıçıltım – bayatı, nəğməm – ağıdı…
Ürəyim arzular məzarlığıdı,
əgər ayrıldıqsaq, necə barışaq..?

Qopdu ömrümüzdən işıqlı dünən,
daha indən blə kimdi sevinən..?
Yolunu tapmıram, yol varsa, denən,
əgər, ayrıldıqsaq, necə barışaq..?

Oçağı kül edib, köz itirmişik,
nə qədər şip-şirin söz itirmişik;
Hicran yollarında göz itirmişik,
əgər ayrıldıqsaq, necə barışaq..?

Söndü bəxtimizdə söndü ağ işıq,
bütün xatirələr qatmaqarışıq…
Gəlib yaman yerdə axşamlamışıq,
əgər ayrıldıqsaq, necə barışaq..?

Gözlərim hey dolub, boşalıb bitib,
ürəyim havalı baş alıb gedib.
Bizi kimlər tapıb , kimlər itirib,
əgər ayrıldıqsaq, necə barışaq..?

HƏYAT

Ağacdan, insandan, daşdan, qayadan,
hamıdan, hər şeydən keçirsən, həyat.
Beləmi tapşırıb Ulu Yaradan,
canı şərab kimi içirsən, həyat..!

Dərdimi bölüşdüm dənizlə, çayla,
hönkürə-hönkürə səslə, harayla…
Məqamla, fəsillə, saatla, ayla,
hər kəsin vaxtını ölçürsən, həyat.

Səninlə gah küsər, gah barışarıq,
sənli fikirlərim qatmaqarışıq…
Hər kəsin qəlbində bir cürə işıq,
boyadan-boyaya köçürsən həyat.

Hərarət duyulmaz qəmli çıraqdan,
sevgim kül bağlayıb qaçır ocaqdan.
Gah gözdən salırsan, gah ucalıqdan,
əzirsən, döyürsən, biçirsən həyat..!

Hər ömrün öz yası, toyu, büsatı,
qırılan lələyi, sınmış qanadı…
Mən haqqı gəzirdim, dərd qabaqladı,
kaş, erkən biləydim, nə cürsən həyat..!

YOXSAN

Gözlərim hər yeri gəzib axtarır,
cığırlar ot basdı, yollarda yoxsan.
Güllər qönçə tutur, daşlar qabarır,
şəbnəmlər gətirmir, kollarda yoxsan.

Səni xatırladan çiçəklər harda,
bəlkə, tapdalanıb ayaqlar altda..?
Dumanda, çiskində, günəşdə qarda,
nəğmələr gəzdirmir, dillərdə yoxsan.

Xəyal kirpiklərdən asılı qalıb,
kölgən “Əlvida”nda qısılı qalıb;
Qismətin kimlərə yazılı qalıb,
mənə bəxş olunan illərdə yoxsan.

Sənsiz ürəyimi kədər qırsa da,
bəxtimə yazılan qədər yorsa da,
Məni həsrətlərdə dərd qovursa da,
elə düşünmə ki, qəlbimdə yoxsan.

Gedərdim səninlə – hara aparsan,
sağalmaz yaramda kövrək qabarsan.
Bəlkə, durnalarla bir qatardasan,
bir Ülkər kimi də, göylərdə yoxsan…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.