Ana səhifə YAZILAR UZAQLARDAN VARIB GƏLƏN ŞAİR

UZAQLARDAN VARIB GƏLƏN ŞAİR

Müəllif: Bizim Yazı
647 baxış

Fəxri MÜSLÜM

Çok uzaklardan geliyoruz
Çok uzaklardan…
Kulaklarımızda hala
Şimşekli sesi var sapan taşlarının.
Ormanlarda yabanı aygırlar kişneyen dağ başlarının
Kanlı hayvan kemikleriyle çevrilen sınırları
geldiyimiz yolun ucudur…
N.Hikmet

Adil Mirseyid öz yaradıcılığı (materiyası və ruhu) çevrəsində elə bir izə malikdi ki, bu çevrənin əhatə dairəsi neçə yüzillikləri, minillikləri özündə ehtva edir. Və düşünürəm ki, nəinki mən, hətta onun yaradıcılığına bələd olan çoxsaylı oxucu kütləsi də Adilin bu günün çərçivəsindən çox-çox uzaqlarda, həm keçmişin, həm də gələcəyin qovşağında bir məğrib ulduzu kimi əbədi parladığını görə bilərik. Parlaq rənglərin açıq, hamıya bəlli tərəfləri olduğu kimi, həm də tədqiqatata, təhlilə ehtiyacı olduğundan, görünməyən tərəfləri də mövcuddur. Bu fəlsəfi(-praqmatik) dünya görüşün formalaşaması təkcə onun özü ilə bağlı proses olmayıb, həm də onu yetirən mühitlə bağlı bir prosesdir.
İstedadlı şair və rəssam Adil Mirseyidin istər uşaqlıq və gəncliyi, 60 yaş dövrünün yaşantıları səyyari və kirəkeş yaşam tərzi ilə bağlı bir mühiti əhatə edir. Bu macəra xarakteri daşıyaan mühit öz başlanğıcını Ağdaşın Ləki qəsəbəsindən (stasiyonundan) alsa da, Daşkəsənin Quşçu stasiyonunda, Gəncənin Gəncə stasiyonunda gerçəkləşməsiylə (A.Mirseyidin atası dəmiryol sferasının sayılıb seçilən işçilərindən olub) ona şərəfli bir həyat vəsiqəsi qazandırmışdı.
A. Mirseyidin şairliyini önə çəkməklə onu qeyd etmək istəyirəm ki, o, bu səyyari gəzintilərdə anasından eşitdikləri bayatıları, ana laylalrını əzəmətli Qoşqar dağının ətəyindən axan çayların zümzüməsində, ustad aşıq Ələsgərin diliylə desək  Xaçbulağın sirli-sovlu pıçıltısında, başı qarlı Kəpəzin qoynunda qıvrılıb yatan mələklər mələyi Göygölün əsrarəngiz gözəlliyində görmüş,eşitmiş və duyğusal dünyasına,   taleyinə, yığvalına iç edə bildiyini, bəlkə onda heç ağlına da gətirmirdi.  A. Mirseyidin həyat tərzi aranlı-dağlı olduğu üçün, elə ovqatı da aran-dağ üstdə köklənmiş şairlərmizdəndir. Yaşadığı mühitdən asılı olaraq, şair əgər dəli Qoşqarın ətəyində yaşıllığın, əl-əlvan çəmənzarın gözəlliyinə valeh olub feyziyab olursa, lalələşirsə, kol dibindəki boynubükük mor bənövşəni görüb bənöşələşirsə, aranın qruba enən Günəşinin mis rəngli çalarında Sənan dağında qərib düşmüş Qərib ömrünü yaşamasıyla qürur duyan bir qərib şair təsiri bağışlayır. O, rənglərnən yaşadığı kimi, səslərnən də yaşamağı özünə örnək edə bilmişdi. Onun üçün rənglərin dili olduğu kimi, səslərin də dili olmuş və bu rənglərin də, səslərin də dili tale yükünün, dərd yükünün  dilinə çevrilmiş  və özündə  neçə qatı ehtiva edə bilmişdi.
Son illərin təcrübəsində bu qənaətə gəldim ki, durna köçü ona görə hamı tərəfindən qəbul edilir ki, orda payız  həsrəti var, yaylaq -aran köçü var və hamı bir anlıq öz içinin dərd yükünü görə bilir,  təmizlənə bilir, düşünə bilir. Qılınc ona görə ağır və zəhmlidir ki, onun kəsəri var,  şər qüvvələrin rədd edilməsində qeyrətnən, namusnan, arnan üst-üstə düşür və bu şeytanların, xəbis doğulmuşların  deyil, içində qeyrəti olan dəliqanlıların qələbəsi kimi səslənə bilir. Və, ümumən hər ikisi də şeiri yox, məhz küll halında ümumi poeziyanı təmsil edir  Acısıyla, ağrısıyla dünya sevildiyi kimi, daşıdığı yükdən asılı olaraq istedadların çiynindən yerə qoyulmuş və özgələşmiş poeziya adlandırdığımız bu əsrlərin qasırğasından çıxmış xəzinə də hər kəs tərəfindən sevilən və qəbulediləndir.  Yaxşıki, hər şeydə seçim olduğu kimi, poeziyada da nəyin pis və nəyin güclü və yaxşı olduğu anlamı və seçimi var və bu, təkcə intellektual səviyyənin üzərinə düşməmiş, həm də bu poeziyanı yaradıb ərsəyə gətirənlərin  məsuliyyət   meyyarları kimi də dəyərləndirilə  bilmişdir.
A.Mirseyid dünyasının və onun poeziyasının fərqi ondadır ki, dağın əzəmətindən qürur duyduğu kimi, Ləki stasiyonunda yerləşən binanın çılpaq divarlarının bəyazlığından  canına və qanına çəkdiyi qılınc ağızlı  soyuğa dözə-dözə tənha və yalnızlığını poetik bir dillə için-için, yanıqlı-yanıqlı oxumasiylə məni də kövrəldə bilmişdi.

Qatarlar gəlir gedir
…vağzal tənhalığı qəlbimi sıxır
Vağzalların qərib gecə yalnızlığı
…çıxıb gedək uzaqlara uzaqlara uzaqlara…
Bu dünyanın sonundan
Sonra başlayan dağlara
Ordan da uzaqlara…
Yayın bir xoşbəxt günündə könül qardaşım A.Mirseyid dünya poeziyasının örnəyi olan N.Hikmətin iki cildlik orjinal toplumunu mənə verərək, qeydlər etməklə oxumağımı və bu barədə bir şey yazmağımı tövsiyyə etdi. Həmin dövrdə redaktoru və ön sözün müəllifi A.Mirseyid olmaqla mənim “Mən dağdağan ağacıyam” kitabım təzəcə işıq üzü görmüşdü və biz hər ikimiz bu  sevinci birgə bölüşdürə-bölüşdürə, eyni zamanda Adilin “ Ay suvarsi” kitabının çapdan çıxacağıının maraqlarını müzakirə edirdik.  Çox çəkmədi ki, kitab çapdan çıxdı və könül qardaşım ilk aldığı on nüsxədən birini mənə hədiyyə etdi. Yayda Bilgəhdə A.Mirseyidin “Ay suvarisi” kitabından etdiyim və bu günədək, müəyyən səbəbdən gecikdirdiyim qeydlər qarşımdadı.
Bizim könül tanışlığımız min illəri əhatə etsə də, fiziki və cismani tanışlığımız 40 il bundan öncə M.Ə.Sabir adına kitabxanada dərin hafizəsi, ədəbi təhlildə əvəzsiz xidməti olan şair-publisist A.Əlizadənin rəhbərlik etdiyi ədəbi birlikdən başlamışdı. Onda Adil həmin birliyə Gəncəli və şərqşünas, istedadlı şair Şaiq Rəsulla gəlmişdi, seminardan sonra bir çay süfrəsində vaxtımızı sözün dəyirmanında  üyüdə-üyüdə xüdahfizləşmişdik. Dostum Adillə bir də 1996-97-ci illərin müstəqilliyimizin bir sevincli günündə görüşdük və bir-birimizdən Şaiq Rəsulu soruşduq, sonralar məlum oldu ki, o, dünyasını dəyişib. Və o da məlum oldu ki, A.Mirseyid bu illər ərəfəsində keçmiş ittifaqın müxtəlif şəhərlərində həm güzəran dalınca və həm də şairliyinin və rəssamlığının formalaşması axtarışına çıxıbmış. Gəncliyinin bu axtarış acılarının mahiyyətini şair  aşağıdakı şeir parçasıyla necə də ağrıya-ağrıya ifadə edir:
Gözüm görə-görə ötüb keçir gəncliyim
Nə rahatlığım var nə də dincliyim
Neçə yol qırıldı qolum qanadım
Neçə yol yaramı açdım qanatdım
Su kimi hər qaba axıb dolmadım
Xainlər gördüm xain olmadım
Neçə yol dünyadan küsdüm barışdım
Yalnız qadınlara yalan danışdım
Və yaxud
Akvariumda yaşayıram eləbil
Akvariumda yaşamaq səadət deyil

A.Mirseyidin rəssamlığı geniş və başqa bir mövzunun söhbətidi. Dünyanın bu keçməkeşli vaxtında qardaşım Adilin kövrək hisslərinin dayağı kimi, millət vəkili Qənirə xanım Paşayevanın qayğıkeşliyi və köməkdarlığı ilə bu günlərdə İncəsənət Qaleriyasında dostumuzun rəsm əsərlərinin sərgisi keçirilirdi, Orda mənim diqqətimi “Nar” əsəri çəkdi. Mənə elə gəldi ki, ünlü xalq rəssamı Toğrul Nərimanbəyovun “Nar” rəsm əsəri öz parlaqlığı ilə Göyçayın Bığır bağlarına məxsus nar ağacı idi, ancaq A.Mirseyidin “Nar”ı isə Ləki bağlarının yol qırağı və bir qədər üstünü toz dənələri örtmüş “Nar” əsəri idi. Çünki A.Mirseyid həm rəssamlığında və həm də şairliyində bir-birini dərdə yüklü tamamlayan şair və rəssamlardandı. Ona görə də izahata ehtiyac duymadan aşağıdakı şeir parçasına köklənməyi üstün tutdum.
…vağzallarından
Bir də vitrinlərindən tanınır şəhərlər
Vitrinlər göstərdi mənə insanların içini
…insanların içini gördüyüm gündən
Calairvətən bir şairəm mən

Burda söhbət rənglərin yaranmasından və yaxud da səslərin boğaz tellərində incələnməsindən getmir, həm də onların insan taleyində oynadığı roldan gedir. Səs həm də ağrıdan törəyir və səsin rəngi olduğu kimi, ağrının da, acının da və dərdin də çaları və rəngi var və  bu rəngin səsi incə və zərif notlara sığmır, daha qabarıq notların incələnməsini tələb edir “vağzal havasında” olduğu kimi:
Daha vağzallarda gecələmirəm
Hələ də başımda vağzal havası var amma
Özünü asmış adamın evində yaşayıram indi
A.Mirseyidin poetik axtarışlarının sərhəddi genişdi, belə ki, o, Bakıda otura-otura… Eyfel qülləsindən Parisi seyr edə-edə İstanbullu Hasan abinin şabalıdlı dünyasını, şabalıdlı dərdini yaşayır:
Parisdə şabalıd ağaclarının
Yarpaqları saralanda
İstanbullu Hasan abi
Küçədə qovrulmuş şabalıd satanda
Polis bir insan meyiti tapacaq
Parisi bürümüş qara buludların arasından şairin  gözlərindəki yumşaq gülüşlərin parıltısı inandırıcı bir xəyalın çevrəsində var-gəl etməkdə bulunacaq:
Bir bəyaz mələyin əlindən tutub
Şəhərin üstündən uçmaq sevdası keçir
Tanrısını əfv etmiş bir şairin könlündən
Və, eləcə də Parisin bir dar küncündə, bir dar kafesində bir müsyonu bir badə al şəraba qonaq edə-edə məmləkət qəribliyindən darılacaq, darılacaq və gücü gözlərinin dolmağına çatacaq şairin:
Şabalıd mövsümündə Parisdə
Mənsə yenə qəribəm məmləkətdə
Məmləkət dedim gözlərim doldu ana
Qədərim buymuş ana-
Məmləkət qərib oldu
Bakıda yağmur içində ruzgar
Parisdə gün çıxıb
…axıb gedən buludlara baxıram pəncərədən
Dərd o vaxt böyükdür və doğmadır ki, onun sevgiyə, sevincə işıq ucu ola bilsin. Dərd o vaxt böyükdür ki, onun kənardan, əlavə yamağa ehtiyacı olmasın  və kiçik dərdi böyük dərdin içində əritməyə imkan versin,  xırda məişət qayğılarıyla sənin yaratmaq da olduğun  böyük əsərlərin yaranmasına əngəl olmasın. Dərdin böyüklüyü özünü və gücünü elə məqamlara verməlidir ki, köləlik səni yox, sən köləliyini canından azad edə biləsən. Və sən qara buludun gətirdiyi fəlakətə, dənizin hayqırdığı qorxulu dalğalara, dan üzünə ağlayan çəmənin, çiçəyin şehinə, Günəşin gülüşlərinin arxasında sirr olmuş qaranlıqlara, bədrlənmiş Ayın bəyaz baxışlarındakı soyuqluğa və nəhayyət öz içində gizlənib qalmış kölgəliklərə vaxt tapa bilsən və təhtəlşüur dərdin müsbət formada ictimailəşməsini təmin etmək də, istədiyinə nail ola biləsən.  Onda A.Mirseyidin özü demişkən  “payız şeirlərinin qafiyələri gecələr ağrımazdı”, “gecə yarı Ləki vağzalında vağzal uşaqları Van qoqun sarısı” olmazdı və o, öz “salam və dualarını Tanrı dağlarında açan çiçəklərə və uçan quşlara” nəfəsi darılmadan, boğulmadan rahat göndərə bilərdi.
O, naşükür də deyil:
Tanrım sənə çox şükür
Hələ gülümsəyir gözlərim
Oğlumun təbəssümünə…
A.Mirseyid köklü-köməcli bir tut ağacıdı və həzin pıçıltılarıyla dünyanın dərdlərini özünəməxsus ifadə tərziylə yeniləşdirə bilir, təzələyə bilir:Və  bu tut ağacının kökü ulu Şərqin susuz səhralarının dərinliyində öz ovqatını min illərdi qoruyub saxlaya bilmişdi:
…min ildi yağmurlar söndürə bilmir
Şərq şairlərinin misraları arasında
Yanan ağ şamı…
…mən bir tut ağacıyam torpağa kök atıram…

Düz onbir il əvvəl Buzovnada Adilin qonağı oldum, qarısı və iki cocuqları ilə dar bir zirzəmidə kirədə qalırdı və o, bu dar otaqda Buzovna meynələrinin mehə tutulmuş nəğmələrini köçürürdü ürəyinin başına. Nasaz olanda isə Əhmədlidə qonağı oldum. Adil hələ də kirədə qalmaqdan yaxa qurtara bilməmişdi və onun  kirəkeş şeiri yadıma düşdü, mən o şeiri bir “El havası” üstdə könül tellərimdən ələyib, isidib  keçirdim:
…bu şəhərdə çox evdə yaşadım illər uzunu
Yaşadığım evlərin heç birinin pəncərəsindən
Dəniz görmədim ay işığında
Məni də ovsunladı bu şəhər
Amma bəxtiyar olmadım…
Bütün bunlara baxmayaraq o, bir şair ömrünü şərəflə yaşaya bilmişdi və bu şair ömrünün civarlarında bahar təbiətiylə seçilən şair elə beləcə də deyir:
…bir ömür yaşadım bir şair ömrü
Bir ömür yaşadım qaralı ağlı
Hər bahar hər bahar…
A.Mirseyidin sabahın dan üzünə açılmış baxışlarını gələcəyin ümid astanasında “şeir misrasında yaşanan və qar altından yenicə çıxmış bir dəstə novruzgülünün” xoş əhvalı üstdə köklənmiş və şair inadının uzun illərin sınağından çıxmış təcrübəsi kimi dəyərləndirə bilərik. Onun şeirlə rəsm çəkməyi, təkcə rəssamlığı ilə bağlı deyildi, həm də hər yanaşdığı mövzuda rənglərin səsi də, səslərin rəngi də onun baş alıb gəldiyi və gedəcəyi uzaq yolların damarlarından  qan yaddaşına köçüb qalmış qürbət türküləridi və bu türkülər gözlərdə çiçəkləyən yasəmən ətri kimidi…
…bu gün içdən sevdiyim qürbət türküləridi
Bu gün sənin gözlərində yasəmənlər çiçəkləyir…
Ustad şair N.Hikmətdən sərlöhvə etdiyim şeir parçası burda necə də yerinə düşür, dostumuz isə yanıqlı-yanıqlı oxuduğu öz misraları ilə üzünü Tanrı dağlarına tutaraq ”mən bir qərib yolçuyam başı bəlalı uzaqlardan gəlirəm sən görmədiyin eşitmədiyin dağlar var ha o dağlardan gəlirəm”  deyərək,- burda şair daha qədimlərdən üzü bu yana addımladığı enişli-yoxuşlu bu yolun üstündə bir əfsanəvi şamanın  nəğmələrinə özü özünə kölgəlik edərək xəfif-xəfif pıçıldadığının şahidi olarıq::
…mən şeir yazırdım
Rəsm çəkirdim yuxu yozurdum
Asiyadan çapıb gəlmiş ağ atlı babalarım
Üçüncü romanı yandırıb yaxanda…
…geri dönmədilər igid atlılar
Atları yel qanadlılar
Onlar əsgər idilər mən dəli şaman…
Şairlər ağac kimidi yaza çalır, payıza çalır, boran görür, qış görür, bir sapanddan atılan daş görür. Şairlər ağac kimidi qolu-budağı ilə, yamyaşıl yarpaqları və bahara açılmış çiçəkləriylə…
…bir yurd savaşında ölsəm
Heykəlimi sən yap dostum
Içimdə bir ağac çiçəkləyir
Içimdə çiçəkləyən o ağaca oxşat məni…

A. Mirseyidin poeziya dünyası bəşəri poeziyanı birləşdirən alt qata məxsus bir poeziyadır. O, bu alt qatda rənglər dünyasından o qədər incəliklə istifadə edə bilmişdi ki, bu rənklərin hər birinin ayrı-ayrılıqda öz yeri və mənası vardı. Bu rənglərdən biri qara rəngdir. Şair bu rəng altında ulu bir tarixə, mədəniyyətə malik olan Türk dünyasının ya öz içindən, ya da dışarıdan zaman-zaman başına gətirilən fəlakətləri  hicran notu üstə incələyə-incələyə ölümün özündən belə küsülü dolanır:

…mən könlümü girov qoydum hicrana
Bəxtim gətirmədi ölümdən küsdüm…

Bu rənglərin içində qırmızı rəng çaları   xüsusi yer tutur və şair bilir ki, Türklüyün əzəli və əbədi bayrağı qan rəngli bayraqdı, ulduz guşəli bayraqdı və bu bayrağın dalğası dünya var olduqca o da var olacaq, əbədi olacaq.
Hüzn ruzgarları əsir dənizdən
Ümid sərxoş nəğmələri oxuyur
Minarələrin kölgəsində
Qanlı köynək yellənir
Təzəcə çiçəkləyən nar ağacında…
Və, beləliklə gəlcəyə ümidlə baxan ruh və könül qardaşım A.Mirseyid bir Türk süvarisi kimi öz kəhər atını minib  aylana-aylana üzü Tanrı dağlarına tərəf çapmağındadır.  Atının nalları möhkəm olsun qardaşım!
“mən ay suvarisiyəm” şeirinə üç nöqtə qoyaraq bu silsilənin daha uğurlu bir formada tamamlaması ümidləriylə…
Mən tanrı dağlarından
Sonuncu dənizə doğru at çapıram
Ulu türkün varisiyəm
Min ildi aya baxıb salavat çevirirəm
Mən ay suvarisiyəm…

28.12.2011.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.