Ana səhifə YAZILAR Ürəyə batmış tikan

Ürəyə batmış tikan

Müəllif: Bizim Yazı
683 baxış

Aşabel Məmmədova
Nizami adına Ədəbiyyat institutu elmi işçi

Onun sevgi məktubları” romanının müəllifi Qənirə Paşayevaya açıq məktub

“Aşka dair nə söyləsəm içi yanmayanlar, aşık olmayanlar anlamazslar ki” (Hz. Movlana)
Cəmiyyətimizdəki xidmətlərinin sayı- hesabı olmayan, zərif çiyinlərini türk dünyasının dərdinin, ələminin altına verməyə çəkinməyən, gözəl-göyçək Azəri qızı Qənirəyə birinci növbədə qəlbinin dərinliyində gizlətməyi bacardığı ümmanlar qədər dərin sevgisinə, bu sevgidən qəfildən cəsarətlə söz açdığı, mən deyərdim ki, “sevgi antologiyası” olacaq qədər maraqlı romanı üçün çox-çox təşəkkürlər.
Təsadüfən müəllifin özünün sitat gətirdiyi Mövlanə sətirləri ilə yazını başlamadım. Bəli, gözəl xanım, aşiq olmayanlar anlamazlar ki, sevgi acısını. Sizdə kəşf elədiyim bu incə ürəyə görə çox sağ olun. Tüstüsüz, alovsuz yanan közə bənzədərdim siyasətin çətin yollarında addımlamağı bacaran, hər çətinliyə şəstlə sinə gərən, vətənpərvər qəlbinizi.
Sevgiyə aid oxuduğum axırıncı roman “Əli və Nino” əsəridir. Kitabın sərlövhəsi məni əvvəlcə çaş-baş saldı. Fikirləşdim ki, sevgi romanı oxuyan yaşım deyil ki. Birinci səhifəni oxumaq kifayət elədi. Mübaliğə olmasın, bir də ayıldım ki, artıq romanı bitirmişəm.
Epistolyar janrında yazılmış Azərbaycan ədəbiyyatında heç bir nümunəyə rast gəlməmişəm. Bu sahədə də birinci oldunuz, Qənirə xanım.
Epistolyar roman bir və ya bir neçə qəhrəmanın yazışmasında onların iç dünyasını, qəlb iztirab və sevinclərinin təzahürünü oxucuya çatdırır. Avropa ədəbiyyatında ilk epistolyar janrın müəllifi “Portuqaliya məktubları” əsəri ilə tanınan  Qabriel Qiyeraqdır. XVIII yüzildə Fransa yazıçısı Jan Jak Russo, alman ədəbiyyatında isə dahi Hote bu üsluba müraciət etmişlər.
Epistolyar  janrın gündəlik yazılardan fərqi odur ki, ikinci janr heç bir dəqiq ünvan tələb etmir. Epistolyar üslubun mövcudluğuna baxmayaraq, dahilərin məktubları, xatirə və gündəlikəri heç də hər zaman kütləvi oxucu üçün açıq olmayıb. Buna görə də onların həyatı barədə çoxlu uydurmalar əmələ gəlib. Müxtəlif dövrlərdə yaşamış dahi şəxsiyyətlərin epistolyar irsini geniş auditoriyaya çatdırmaqla, görkəmli insanların həyat barədəki təsəvvürlərinin gerçəkdə olduğundan uzaqlaşmamasında kömək etmək ənənəsindən nümunə götürməyi ancaq təqdir etmək olar. İstedadlı yazıçı Viktor Hüqonun aktirisa Julyetaya yazdığı məktublar onların 50 illik münasibətinin şahidi kimi epistolyar janrın klassikasına çevrilmiş, bəzən çox ehtiraslı, bəzən isə həddən artıq intellektual olan 15.000 məktub qalıb.
Q.Paşayevanın “Onun sevgi məktubları” romanında istinad etdiyi məktubların müəlliflərindən ikincisi Cəmaləddin Rumi kimi tanıdığımız Həzrəti Mövlanadır. Mövlananın Rumi kimi tanınması Rum diyarında uzun müddət yaşaması və nəhayət, türbəsinin orda olmasıdır. Epistolyar məktublar əsasında yazılmış bu sevgi romanında hər şeyi sevgi dili ilə izah edən mistik şəxsiyyət olan Mövlananın ünvanı Şəms Təbriziyə olan məhəbbət məktubları ilə tanışlıq insanı sanki paklaşdırır.
Qələm adamları hər hansı mövzuya müraciət etsələr də, bu bir həqiqətdir ki, hər bir şair, yazıçı özünü yazır. Yaxın rəfiqəsinin bir türk sevgilisi və Mövlananın Şəms Təbrizi ilə yazışması əsasında qələmə alınmış romanda, əslində, Qənirə xanımın daxili dünyası, öz ovqatı, öz hisslərinin hakim kəsildiyini, hətta ən naşı oxucu da duya bilər. “Onun sevgi məktubları”nda bir özünəməxsusluq, bir “Qənirə xarakteri” sezilir. Dahi şəxsiyyətlərin sevgi haqqında söylədiklərini yerli-yerində işlətmək bacarığı adamı heyran edir. Romanı oxuduqca Mövlana və rəfiqəsinin timsalında yazıçının içindən gələn kədərin özünü dinlədim.
Qənirə xanım müasir insana məktub yazmaq, məktub almaq həzzinin nə qədər gözəl bir duyğu olduğunu bir daha xatırladır. Görəsən bu günkü gənclik məktub yazmağı, duyğu və hisslərini bir qələmə sarılaraq ağ vərəqə boşaltmağı bacarırmı? Elektron poçtun hökmranlıq etdiyi bir dönəmdə inanmıram bu üsluba müraciət edən olsun. Deməli, hisslərimiz əslində korşalır, şablonlaşır. Mənə etirazı olan sevən gənclər, ömrünüzdə heç olmasa bir dəfə çox sevdiyinizdən intizarla məktub gözləyib, alandan sonra titrək əllərlə açaraq öncə qoxlayıb sonra bir nəfəsə oxumusunuzmu? Məktubun üstündəki xəttə baxıb “ bu mənim sevgilimin xəttidir ” demisinizmi? Bax “Onun sevgi məktubları” romanı bizdə bu gözəl hissləri aşılayır.
Bir anlıq uşaqlığıma dönmək istədim. Yadıma epistolyar janrın ibtidai nümunəsi sayıla biləcək “ parta yazıları ” düşdü. Nə qədər intizamsızlığın nümunəsi olsa da, bunu çoxlarımız gizlicə bir günah kimi işlədirdik. Sinfə girən kimi birinci növbədə hər birimiz oturduğumuz partanın üzərində müasir terminlə ifadə etsək “ mesaj ” axtarırdıq. “ Mən səni sevirəm ”, yaxud “R+F” və s. Bir az irəli gedənlər isə partanın çanta qoyulan hissəsində bir parça şagird vərəqinə yazılmış məktub gizlədirdilər. O, bir balaca kağız parçası orfoqrafik səhvlərdən xali olmasa da, təmiz uşaq qəlbinin ilk eşqinin müjdəçisi olurdu. Müasir zəmanəmizdə isə “ epistolyar, elektron ” janr “ yaranıb ” desəm, səhv etmərəm.
Hər kəsə məlumdur ki, sevgi müsbət bir emosiyanın ifadəsidir. Lakin həmişə böyük sevgilər özündən sonra böyük kədər qoyaraq, yavaş-yavaş qeyb olur.
Sonda “Onun sevgi məktubları” romanının qəhrəmanı Könül xanımın sevgilisi adından bir cavab məktubu yazmaq dəli bir sevda kimi keçdi könlümdən. Ünvanı çox əfsuslar olsun ki, məzarlıq olan bu gecikmiş və başqasının adından (yəni saxta) məktubu yazmasam sakitləşə bilmərəm.
Səssizcə gedirsən. Mənəsə üşüyən əllərini, həsrət dolu gözlərini, bir dünyalıq məhəbbətini yadigar qoyaraq gedirsən. Bir ruzigar idin, əsdin, keçdin həyatımdan. Sən sevməyi bildin, mən isə sevməməyi. Əsməyi qadağan olunmuş bir külək idin sən. Ümidlərinin boynu isə həmişəlik bükük. Qəlbin qırıq şüşə kimi yerlərdə. Əyilib qəlbinin parçalarını toplamaq istəyirəm, ayağıma ilişsə, qorxuram incidər. Mən hər şeyi əzib keçməyi adət etmişəm axı. Sevmə mənim kimi duyğusuz bir insanı. Gəl indi sən məni səndən qurtar.
Mənə elə gəlir, həmin məktubların müəllifinin sevdiyi insan bu gözəl eşq romanını oxusa, məhz belə fikirləşər.
Qənirə xanımın gözəl qələminin və gözəl qəlbinin bir daha şahidi olmaq istəyirsinizsə, alın, bu romanı oxuyun.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.